Milli Məclisdən Avropa Parlamentinə etiraz Siyasət

Milli Məclisdən Avropa Parlamentinə etiraz

Oqtay Əsədov: "Avropa Parlamenti Azərbaycana qərəzli, qeyri-obyektiv və ikili standartla yanaşır"
Bahar Muradova: "Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, biz onu bağışlamayacağıq"
Azərbaycan Milli Məclisinin sədri Avropa Parlamentinin sədrini sərt tənqid edib.
Milli Məclisin iclasında çıxış edən Oqtay Əsədov bildirib ki, Avropa Parlamentinin sədri Martin Şults Azərbaycanla bağlı qeyri-etik və qeyri-obyektiv danışıb. O. Əsədov qeyd edib ki, Avropa Parlamenti Azərbaycana qərəzli, qeyri-obyektiv və ikili standartla yanaşır: "Bizim deputatlar dəfələrlə fərdi şəkildə cəhd ediblər ki, müzakirələr aparıb həqiqətləri onlara çatdırsınlar və bu qərəzin səbəbini soruşsunlar. Amma təəssüf ki, nəticəsi olmayıb. Nəhayət, mən özüm Şulsta məktub yazdım, amma o, məktubuma cavab vermədi. İndi də Avropa Parlamentinin iclası başlayan kimi Azərbaycanla bağlı həqiqətə uyğun olmayan fikirlər və bəyanatlar səsləndirirlər. Şults yenə də qərəzli çıxış edib. Belə açıq yalan danışmaq heç bir siyasətçiyə hörmət gətirmir". MM sədri Avropa Parlamenti rəhbərliyinə tövsiyə edib ki, birinci özlərinə baxsınlar və Avropada baş verən polis özbaşınalıqlarına, qanunsuzluqlara, antsemitizmə və diskriminasiyaya diqqət yetirsinlər: "Amma bunların hamısı qalıb bir kənarda, Avropada bir-iki müsəlman ölkəsi var, düşüblər onların üstünə. Bizə necə münasibət göstərsələr, artıqlaması ilə cavabını alacaqlar".
Millət vəkili Çingiz Qənizadə öz çıxışında bildirib ki, Avropa Parlamentinin sədri Martin Şultsun açıqlamaları və bundan əvvəlki açıqlamalar göstərir ki, bunlar bir mərkəzdən idarə olunur və eyni xətdir". Onun sözlərinə görə, belə açıqlamaların verilməsində məqsəd Azərbaycandakı bugünkü sabitliyin, iqtisadi və siyasi uğurların qəbul olunmamasına nail olmaqdır: "Təəssüf hissi ilə qeyd edirəm ki, bu açıqlamaların içərisində konkret 5-6 adamın adını çəkməklə, yenə də o insanlarla bağlı dövləti məcbur etməyə çağırırlar ki, hansısa addımlar atılsın. Birincisi, bütün dünyada qəbul olunmuş bir qayda var - qanun hamı üçün qanundur və heç kəs qanunun tətbiqində ayrı seçkiliyə məruz qala bilməz. Baxsaq ki, bu gün ictimai-siyasi həyatda fəaliyyət göstərib, hansısa cinayət əməlinə görə saxlanılmış və tutulmuş, barəsində hökm çıxarılmış şəxslərin sayı 10-15 nəfər civarındadır. Məhz 1-2 adamın üzərində bunlar fikirlərini formalaşdırmaqla, sanki vaxtilə bunlar onlara xidmət etdiyi kimi, indi də bunlar onlara xidmət edir".
Millət vəkili Siyavuş Novruzov isə Azərbaycanın inkişafının bir çox insanları, Avropanın müxtəlif qurumlarını narahat etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycana qarşı yönələn çıxış və bəyanatlar Azərbaycanda gedən inkişafın və ictimai-siyasi sabitliyin bir çox insanları narahat etməsindən qaynaqlanır:
"Bunun nəticəsi olaraq da dəfələrlə ədalətsiz şəkildə, demokratiya və insan haqlarına zidd şəkildə Azərbaycana qarşı müxtəlif qərarlar qəbul edirlər. Bu qərarlara səs verənlər arasında elə adamlar var ki, soruşsan kimləri müdafiə edirsən, bu adamlar kimdir, onların ad-familiyasını doğru-düzgün qeyd edə bilməyəcəklər. Amma təəssüflər olsun ki, erməni lobbisinin təhriki nəticəsində biz bunu ardıcıl olaraq hiss edirik. Bundan öncə ABŞ prezidenti, heç bilmir ki, Azərbaycanda hansı QHT-lər var, oradan bir çıxış edir. Çexiyada bir Emin Milli var. Əslində adını qeyri-milli yazmalıdır, milli yazıb. Bir qrup erməni lobbisini gətirib, özünü qəfəsə salıb, tədbir keçirir. Daha sonra Gürcüstana gələrək, mətbuat nümayəndələrini yığır, nə Ermənistan, nə də Gürcüstan haqqında çıxışlar olmur, sırf Azərbaycana yönəlmiş bir tədbir keçirir. Aydındır ki, burda da erməni lobbisinin, ermənilərin və Avropanın müxtəlif fondlarının təsiri göz qarşısındadır. Biz çox ciddi şəkildə bunlara qarşı mübarizə aparmalıyıq. Bunların təhrik etdiyi heç bir məsələyə biz getməməliyik. Biz hər dəfə bunlara qarşı addım atdıqca, bunlar bir az da bəyanatları sərtləşdirirlər. Heç bir dövlətin başqa dövlətin daxili işinə qarışmağa ixtiyarı yoxdur, o cümlədən də qurumların".
Plenar iclasda çıxış edən vitse-spiker Bahar Muradovanın qənaətinə görə, Azərbaycana qarşı yönələn təzyiqlər müəyyən hədəflərə yönəlib: "Azərbaycan kimi müstəqil siyasi iradəsi, mövqeyi olan ölkələrin olması bəzi insanlar üçün məhdudiyyətlər yaradır. Avropa Parlamentinin rəhbəri Martin Şults və digərlərinin açıqlamalarında diqqət çəkən məqam odur ki, hər kəs təəssüflə bildirir ki, onların Azərbaycanda bir nəfər də azadlıqda tərəfdaşı qalmayıb. Onlara demək istəyirəm ki, sizin Azərbaycanda tərəfdaşlarınız yalnız Leyla Yunus və ya onun kimi digər məqsədlərə xidmət edən 3-5 nəfərdir? Yoxsa, bütövlükdə Azərbaycan? Biz tərəfdaş kimi Şultsu yox, Avropa İttifaqını, quruma daxil olan dövlətləri görürük. Biz öz tərəfdaşlıq öhdəliklərimizə sadiq qalırıq. Amma Azərbaycan deyəndə, onların marağına xidmət edən 3-5 nəfər göz önünə gəlirsə, biz bunu ədalətli tərəfdaşlıq hesab etmirik. Tövsiyəm və xahişim odur ki, onlar tərəfdaşlıq anlayışlarına nəzər yetirsinlər. Həqiqətən Azərbaycanı tərəfdaş qismində görürlərsə, ona uyğun hərəkət etsinlər. Əgər həbsdə olan 3-5 nəfərlə onların tərəfdaşlığı bitirsə, biz də öz işimizi bilməliyik. Həm onlara, həm də onların "tərəfdaş"larına mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq".
Bahar Muradova əlavə edib ki, Azərbaycanda heç kimə təzyiq olunmur: "Azərbaycanda hər kəs qanun qarşısında bərabər cavabdehlik daşıyır. Hər kəs də törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Ən böyük cinayəti törətmək dövlətə xəyanət, onun maraqlarını satmaqdır. Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, biz onu bağışlamayacağıq. Bunu Avropa dəyərlərinə xəyanət hesab edib, bizə belə münasibət bəsləyənlərin mövqeyi açıqdır və bizim də mövqeyimiz ona açıqdır".
Vitse-spiker qeyd edib ki, Azərbaycan parlamenti bu mövqeyində ardıcıl olmalıdır: "Avropa İttifaqı və onun müvafiq qurumları ilə əlaqələrimizə də dövlətin, millətin maraqları baxımından yanaşmalıyıq. Müstəqil siyasi iradə sahibi olan bir ölkə kimi sona qədər öz mövqeyimizi açıq şəkildə ifadə etməliyik. Bizdəki bəzi şəxslərin həbsi ilə bağlı manipulyasiyalara cavab olaraq deyirəm ki, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar, insan hüquqlarını qoruyan təşkilatlar və ayrı-ayrı şəxslər qanunun aliliyi, ədalət prinsipini rəhbər tutaraq öz mövqelərini bildirməlidirlər. Hesabatlar tərtib edərkən və münasibət bildirərkən dövlətin və xalqın maraqlarını nəzərə almalıdırlar. Həqiqətən də ağır bir dövrdə yaşayırıq. Hesab edirəm ki, gözü çıxan qardaşlarımızın vəziyyəti bizə dərs olmalıdır. Ona görə də heç bir məsələdə ölkə daxilində və xaricində mövqeyimizi, ayıq sayıqlığımızı zəiflədə bilmərik. Azərbaycan qanunları hər zaman üstün tutulub və Azərbaycanın qazandığı uğurlar da məhz qanunların hər kəsə eyni şəkildə, bərabər məsuliyyət şəklində tətbiqindən keçir və bu şəkildə də yaşamalıyıq. Kimlərinsə mənafeləri bizi tutduğumuz mövqedən yayındırmamalıdır".
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli də öz çıxışında beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyindən danışıb. Deputat bildirib ki, Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanla bağlı mövqeyində təhqir elementləri də var idi: "Onun bəyanatında Azərbaycan hökuməti deyil, "azəri hökuməti" adlı ifadə öz əksini tapıb. Bu, onun Azərbaycana olan münasibətinin göstəricisidir".
Əli Hüseynli onu da deyib ki, beynəlxalq təşkilatların islah olunması yolu onlarla əməkdaşlıqdan keçir. "Biz əməkdaşlığı davam etdirməliyik".
Deputat Yevda Abramov isə Azərbaycandakı tolerantlıqdan, polietnik mədəniyyətdən danışıb. Deputat Qərb dövlətlərini də Azərbaycandan bu sahədə nümunə götürməyə də çağırıb.
Yevda Abramov deyib ki, Qərb təsisatlarının Azərbaycanda milli azlıqların hüquqlarının pozulması ilə bağlı söylədikləri yalandır. Onun sözlərinə görə, Azərbaycan dövləti bütün milli, etnik və dini azlıqlara bərabər imkanlar yaradıb:
"Azərbaycan prezidenti milli azlıqların dini bayramlarında onlarla görüşür, onları təbrik edir. Prezident hər il Qırmızı Qəsəbəyə gəlib, orada yaşayanm yəhudilərlə görüşür. Obama və digərləri hansısa milli azlıqla görüşürmü?! Görünür ki, beynəlxalq təşkilatlar Azərbaycan prezidentinin liderlik keyfiyətlərindən qorxurlar. Onlar bizim prezidentin siyasəti qarşısında acizdirlər və bizim ölkənin inkişaf tempindən çəkinirlər".
Sonda Yevda Abramov zarafatyana bir fikir də səsləndirib: "Nə edim ki, Allah məni Abramov yaradıb, əgər Abramoviç yaratsaydı gedib Avropada onların ağzını tikib qayıdardım".

XC