Avstraliyanın “The Canberra Times” qəzeti Azərbaycanın tarixi Qələbəsindən yazır Siyasət

Avstraliyanın “The Canberra Times” qəzeti Azərbaycanın tarixi Qələbəsindən yazır

Avstraliyanın “The Canberra Times” qəzetində “Ermənistanda etirazçılar baş nazir Paşinyanın istefasını tələb edir” adlı məqalə dərc edilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məqalədə on minlərlə müxalifət tərəfdarının Yerevan şəhərində keçirilən mitinqində Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan hərbi əməliyyatlara görə baş nazir Nikol Paşinyanın istefasının tələb edildiyi qeyd olunur. Bildirilir ki, altı həftə davam edən müharibə Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da imzalanmış üçtərəfli sənədə əsasən Ermənistanın məğlubiyyəti ilə başa çatıb. Azərbaycan Ermənistan ordusunun təqribən 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı torpaqları azad edib.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən də bəhs olunur. Qeyd edilir ki, ötən əsrin 90-cı illərində Ermənistanın əsassız ərazi iddiaları nəticəsində başlanan döyüşlər Azərbaycanın Dağlıq Qarabağ regionunun və yeddi rayonunun işğal edilməsi ilə başa çatmışdı.

Son olaraq cari il sentyabrın 27-də Ermənistan ordusunun mülki əhaliyə qarşı təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığı qeyd edilir. Cəmi 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi böyük uğur nəticəsində Ermənistanın məğlubiyyətlə bağlı sənədi imzalamağa məcbur edildiyi vurğulanır.

Diqqətə çatdırılır ki, döyüş əməliyyatlarının başa çatması Azərbaycanda böyük qələbə kimi qeyd edilib və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni milli bayram - Qələbə Günü təsis edilib.