Milli Məclis bu həftə 2021-ci il üzrə dövlət büdcəsini təsdiqləməlidir Siyasət
2021-ci il üzrə dövlət büdcəsi bu həftə ərzində Milli Məclisdə müzakirə edərək təsdiqlənməlidir.
“Büdcə sistemi haqqında” qanunun 15.3-cü maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi Milli Məclisdə dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilməlidir.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Milli Məclisin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir. Büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Milli Məclisə məlumat verir.
“Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:
- növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;
- Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;
- büdcə-vergi siyasətinin əsas istiqamətləri;
- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar;
- büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;
- dövlət borcları və dövlət zәmanәti ilə digər öhdəliklərə dair məlumat;
- növbəti il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində layihəsi;
- növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi;
- Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;
- qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri və qanun layihələrinə dair izahat;
- növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin funksional, iqtisadi və təşkilati təsnifatının paraqrafları səviyyəsində) müqayisəsi;
- cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;
- büdcədənkənar əməliyyatlara dair icmal hesabat;
- dövlət büdcəsi kəsirinin keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.
Milli Məclisin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən, Milli Məclisin xərclər smetası Milli Məclisdə növbəti ilin büdcəsinə baxılarkən təsdiq edilir.