Fazil Mustafanın fikirləri etiraz doğurdu Siyasət

Fazil Mustafanın fikirləri etiraz doğurdu

Elçin Mirzəbəyli: "O zaman endirilmiş islam dininin mövcud olduğu, inkişaf etmiş, sivil və tolerant bir məkanın ünvanını göstərin..."

Rəsul Mirhəşimli: "Bütün xalqların tarixində dinə adət və ənənələrin qatılması, təhrif olunması baş verib"

Fuad Hüseynzadə: "Azərbaycanda din əsrlərin sınağından keçib"

Millət vəkili Fazil Mustafa Facebook səhifəsində din haqqında öz təəssüratlarını bölüşüb: "İngilis satirik yazar Samuel Batlerin (1835-1902) "Reyçehə qayıdış" ("Heç yer" ifadəsinin tərsinə yazılışı) adlı əsəri var. Hiqqs adlanan bir adam Reyçeh adlanan uzaq, tanınmaz, qapalı bir ölkəyə düşür, o burada bir müddət yaşayır, xeyli əziyyətdən sonra hava şarı ilə bu ölkədən qaçıb qurtula bilir. 20 ildən sonra təkrar bu ölkəyə qayıdan Hiqqs reyçehlilərin yeni bir dinə tapındıqlarını görür. Reyçehlilər bu dinin yaradıcısının Günəş Oğlu adı verdikləri Hiqqs olduğunu deyir, onun bu dini gətirdikdən sonra yaşamaq üçün göylərə çəkilib getdiyinə inanırdılar.
Hiqqs bura çatanda, yerli adamlar onun göyə yüksəlməsi ilə bağlı olan bayramı qeyd etməyə hazırlaşırdılar. O, gizlincə iki yerli professorun danışığına qulaq asır, bu professorlar bir-birinə yerli adamların dedikləri Hiqqs deyilən kimsəni heç vaxt görmədiklərini, heç görə bilməyəcəklərini də danışırlar; ancaq onların hər ikisi də Günəş Oğlu dininin ən başlıca ruhaniləri sayılırlar. Hiqqs eşitdiklərindən bərk sarsılır, onlara yaxınlaşıb deyir: "Mən indi hər şeyi açıb xalqa danışacaq, sizin bu fırıldağınızın üstünü açacağam, Günəş Oğlunun mənim özüm, yəni bir insan olduğunu da, buradan hava şarında uçub getdiyimi də onlara başa salacağam."
Ancaq Henki və Penki adlanan bu ruhani-professorlar onu inandırmağa çalışırlar: " Siz gərək bunu etməyəsiniz, bu ölkənin bütün əxlaqı Günəş Oğlu mifinə bağlıdır, birdən bu Reyçehlilər sizin göylər yüksəldiyinizi bilsələr, onlar ucdantutma yaramazlıqlara qurşanacaqlar." Onların dedikləri Hiqqsin ağlına batır və o səssizcə bu ölkədən çıxıb gedir.
Endirilmiş dinlə uydurulmuş dinin fərqini izah edən bu qədər mükəmməl bir əsərə rast gəlmədim. Batlerin yaşadığı dövrdə Azərbaycanı tanıdığı barədə faktım olsaydı, hətta bizim məmləkəti nəzərdə tutduğunu da ehtimal edərdim. Çünki Vətənim Azərbaycandakı əsrlərcə formalaşmış inanc dəyərlərinə xeyli dərəcədə uyğun gələn bir təsvirdir. Biz əsrlər boyu mahiyyətinə varmadan uydurulmuş bir din yaşadıq və bu gün də nəyinsə mahiyyətə uyğun gəlmədiyini söylədiyində dərhal çıxıb dedilər ki, üstünü vurmayın, artıq bu ənənəmiz pozulsa, qafamız qarışacaq, əxlaqımız alt-üst olacaq".
Fazil Mustafanın bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "açıq fikirliliyinə sayğı duyduğum, intellektual səviyyəsinə güvəndiyim millət vəkili Fazil Mustafa Samuel Batlerin "Reyçehə qayıdış" əsərindən nümunə gətirərək Azərbaycan xalqının əsrlər boyu endirilmiş din deyil, uydurulmuş din yaşadığına işarə edib. Fazil bəyin cəsarətini alqışlayıram",- deyə bildirib. Onun qənaətinə görə, özünə güvənən ilahiyyatçılar və sosioloqlar gündəmi zəbt edən ucuz şou xarakterli mövzuları bir kənara qoyub bu məsələ ətrafında müzakirə açmalıdırlar. E.Mirzəbəyli düşünür ki, elə Fazil Mustafanın özü də öz fikirlərinə ən incə detallarına qədər aydınlıq gətirməlidir. Bununla bağlı E.Mirzəbəyli F.Mustafaya bir neçə sual da ünvanlayıb:
1. Əgər biz azərbaycanlılar uydurulmuş islam dini yaşayırıqsa o zaman endirilmiş islam dininin mövcud olduğu, inkişaf etmiş, sivil və tolerant bir məkanın ünvanını göstərin...
2. Əgər endirilmiş islam dini Türkiyədə təşəkkül tapıbsa, o zaman bu ölkədə təriqət və məzhəblərarası ziddiyyətlər, ifrat qəbuledilməzlik haradan qaynaqlanır? Qardaş ölkədə (endirilmiş) dinin siyasi mübarizədə əsas amillərdən biri kimi istifadə olunmasından sonra nəzərə çarpan intellektual və mədəni geriləmənin səbəbləri nədir?
3. Əgər endirilmiş islam dini ərəb ölkələrində təşəkkül tapıbsa, o zaman bu ölkələrdə hökm sürən cəhalətin, geriliyin, zülmün, sosial qeyri-bərabərliyin və fanatizmin qaynağını harada axtarmaq lazımdır? Nədən "endirilmiş din" bu ölkələrdə normal vətəndaş cəmiyyətinin formalaşmasına gətirib çıxarmayıb?
4. Bəşəriyyət öz inkişafının çox əhəmiyyətli bir mərhələsinə gəlib çatıb. Ortalıqda insan əxlaqını, yaşam tərzini, dünyagörüşünü, birgəyaşayış qaydalarını tənzimləyən çoxsaylı fəlsəfi traktatlar, ədəbiyyat və mədəniyyət nümunələri var. Qənaətimə görə, bu nümunələr sivil dünyaya dinlərdən daha çox xeyir gətirib. Necə düşünürsünüz, özünü təsdiq edən çoxsaylı dünyəvi yaşam nümunələrinin mövcud olduğu bir zamanda cəmiyyətin nağıllarla, hədislərlə yönləndirilməsinə ehtiyac varmı? Varlının, imkanlının səxavətindən, yəni fərdlərin mərhəmətindən asılı olan xums, zəkat anlayışları qanunlarla tənzimlənən sosial dövlət anlayışından nə dərəcədə üstündür?
5. Hesab edirəm ki, bu gün cəmiyyətimizdə mövcud olan problemlərin əhəmiyyətli hissəsi əhalinin təhsil və mədəni səviyyəsinin aşağı olmasından, bu sahədəki vəziyyətin gündən günə pisləşməsindən qaynaqlanır. Endirilmiş, yaxud uydurulmuş dini təlimlərin təbliği isə bi sahədəki vəziyyəti daha da pisləşdirir. Siz necə hesab edirsiniz, biz "uydurulmuş" dini dünyagörüşündən "endirilmiş" dini dünyagörüşünə keçid haqqında düşünməli, yaxud dünyəvi inkişafın mövcud modellərindən istifadə edərək daha modern, qanunun aliliyinin tam təmin olunduğu sivil bir cəmiyyət qurmalıyıq?"
İlahiyyatı Rəsul Mirhəşimli isə deyib ki, bütün xalqların tarixində dinə adət və ənənələrin qatılması, təhrif olunması baş verib: "Xristanlıq mənsublarının dinə etdikləri təhriflər bu məsələni daha əhatəli sübuta yetirir. Mən bilmirəm, Fazil Mustafa bu fikirləri hansı kontekstdə söyləyib. Uzun illər dini inanclar yasaqların qoyulduğu bir cəmiyyətdə dinə müxtəlif baxışların olması da anlaşılandı. Dini ənənələrin qırıldığı cəmiyyət bu inancı öz düşündüyü şəkildə anlaması başa düşüləndi. Bu qədər basqılar üzərində Azərbaycan xalqının öz dinini qoruyub saxlaması da təqdir olunmalıdır. Bütün neqativlər arasında mütləq müsbət olanları da araşdırmaq, onları da görmək cəmiyyətin inkişafı üçün müsbət təkan ola bilər".
Araşdırmaçı jurnalist Fuad Hüseynzadə deyib ki, Azərbaycanda din əsrlərin sınağından keçib: "Əsrlərdir Azərbaycanda müxtəlif siyasi hakimiyyətlər mövcud olub. Bu dövrlərdə dinə qarşı müxtəlif təzyiqlər baş verib. Yəni bir çox hallarda Azərbaycan xalıq dini təzyiq altında belə yaşadıb, öz inancına sadiq qalıb. Bu çətin anlarda xalqımızın dini gətirib bu günə çıxarmağında hər halda ilahi hikmət də var.
Çox qəribədir ki, bəzi tarixçilər bir çox hallarda bizdə dinə dindara görə qiymət veriblər. Əslində tarixçilərin dinə alim olmaqla yanaşı, dindar baxışına ehtiyac var. Bu gün bizdə dinin elmi-fəlsəfi tərəfləri ictimailəşməlidir. Belə olduqda insanlar müti, kortəbii şəkildə deyil, dinin tələb etdiyi şəkildə ibadət edərdilər".

Əli