“Nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər” Siyasət

“Nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər”

Zahid Oruc: “Dövlət başçısının tənqidi hamı üçün bir siqnaldır”

Milli məclisin növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 15 məsələ daxil edilib.

Millət vəkilləri öncə cari məsələləri müzakirə diblər.

Deputat Zahid Oruc bildirib ki, Prezidentin yüksək vəzifə tutan bir neçə hökümət üzvünü tənqid etməsi cəmiyyətdə böyük əks-səda doğurdu: “Halbuki, ötən illər ərzində üç nazirin və yeddi İcra hakimiyyəti rəhbərinin cəzalandırılması, 2015-ci ildə MTN-in ləğvi, iqtisadiyyat, sosial və nəqliyyat sahələrində, o cümlədən 2019-cu ildə hər üç hakimiyyət qolunda əsaslı dəyişikliklərin aparılması dövlət başçısının kadrlara münasibətdə həmişə sərt tələblərlə yanaşdığını sübut edir”. Zahid Orucun sözlərinə görə, indi Şuşa və bütün Qarabağ hər bir hakmiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirmək üçün bir barometrə çevrilib: “Lakin bir qism siyasət, media və şəbəkə adamlarının dövlət başçısının məqsədlərini təhrif edərək “bütün məmurlara nifrət” yağdırması, ölkəmizi məğlub Ermənistanın hakimiyyəti ilə az qala bir sırada göstərməsi yolverilməzdir. Əlbəttə, kimsə külli miqdarda dövlət vəsaitini mənimsəyibsə, o, əməllərinə görə cavab verəcək. Lakin yüksək çinli şəxsləri tənqid edərkən on illər ərzində əldə olunan bütün ugurları inkar etmək, xüsusilə də Vətən müharibəsində qələbəmizə zərbə vurmaq qəbuledilməzdir. Üç-beş nazir dövlət demək deyil. Dünyada belə analogiya yoxdur. Bir nazir ucbatından on minlərlə dövlət qulluqçusunu oğru, quldur, talançı adlandıranlar Qarabağ məsələsi həll olunduğu üçün son silaha əl atıblar: məmur məsələsi!

Prezident tarixi Qələbədən sonra Yeni Hakimiyyət quruculuğunu davam etdirir. Bu qətiyyən parçalanma, qütbləşmə, iqtisadi maraqlar mübarizəsi deyil. Prezidentin xarakteri və idarəçilik siyasətini izləyənlər bilir ki, o, millətin iradəsini, ictimai fikri öz siyasətində nəzərə alır, lakin dövlət vəzifələrinə təyinatları, yaxud çıxarılmalar küçə və meydanların, virtual aləmin təzyiqi altında həyata keçirmir.

Müqayisə üçün, Mixail Saakaşvili bir neçə il ərzində hökuməti 4 dəfə dəyişmişdi və hamı onu sovet mirasını ləğv edib xalq hakimiyyətini quran lider adlandırırdı. İndi informasiya məkanımızda tüğyan edən “köhnələr və yenilər", "xaricdə təhsil alanlar və yerli diplom daşıyıcıları", "rusofillər", yaxud "qərbpərəstlər", "5-ci", yoxsa "6-cı kolon təmsilçiləri” bölgülərini dövriyyəyə çıxaranların iki məqsədi var:

Birincisi, 30 il əvvəl partiya-sovet rəhbərlərini və dövlət aparatını iflic etdikləri kimi, müharibəni qazanan bir hakimiyyətin resurslarını xarici hədəflərdən çəkindirib daxildə artan gərginliyə və süni qarşıdurmalara yönəltmək.

İkincisi, Prezidentin Yeni Hakimiyyət quruculuğunun qarşısını almaq!".

Deputat dövlət başçısının tənqidinin hamı üçün bir siqnal olduğunu xatırladıb: "Ona görə də təklif edirəm ki, Amerikanın dövlətiçilik ənənəsində əsrlərdir davam edən, bizdə də siyasi vəzifə tutan nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər. Eyni zamanda, Dövlət Qulluğuna dair Yeni Məcəllə qəbul edilsin. Əslində “Dəmir yumruq” yalnız 44 gün üçün deyil. O, “Qalib əl” həmişə qüvvədə olacaq: Qarabağa “Böyük qayıdış”da da, təmiz-şəffaf idarəçilyin və ictimai ədalətin bərqərar olunmasında da!".

Deputatı Əli Məsimli isə kommunal xidmətlərin qiymətinin qalxmasına münasibət bildirib. Deputat digər sahələrdə də qiymət artımının qaçılmaz olduğunu deyib: "Bu hələ son deyil, digər kommunal xidmətlərin də qiyməti qalxacaq. Təklif edirəm ki, qiymətlər qalxdığına görə aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilsin".

Deputat Fazil Mustafa diqqətə çatdırıb ki, sahibkara arzuolunan səviyyədə yardım etmək mümkün deyil: “Dünyanın hər yerində idman kompleksləri açıqdır. Ancaq ölkəmizdə idman zalları bağlıdır. Halbuki, idman zallarında o qədər də çox adam olmur”.

O, ölkədəki qiymət artımının iş yerləri bağlı olan insanların həyatına mənfi təsir etdiyini vurğulayıb: "Ərzaqlarin qiyməti qalxıb. Bahalaşma hər sahədə müşahidə olunur. Aydın məsələdir ki, hamımız koronavirusa yoluxaraq prosesə getdik. Yüzlərlə insanın taleyini işin axarına buraxa bilmərik. Hər halda bağlı yerləri açmaq lazımdır".

Deputat Azay Quliyev diqqətə çatdırıb ki, qaz sayğacları ilə bağlı yaranan problem haqqında çoxlu şikayətlər daxil olur. Onun sözlərinə görə, “Azəriqaz” QSC-nin rəhbərliyi bununla bağlı açıqlama versə də, problem olduğu kimi qalır: "Şikayətlərin məzmunu budur ki, mexaniki-elektron sayğacların yazdığı vəsait faktiki sərfiyyatdan fərqlənir və nəticədə vətəndaşlar istifadə etmədikləri təbii qaza görə əlavə vəsait ödəməli olurlar. Düzdü, bu məsələ ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi müəyyən açıqlama verdi, əlbəttə, verilən izahatı qəbul etmək olar, ancaq bundan sonra da eyni məzmunlu şikayətlərin sayı azalmadı.

Bir məsələnidə xüsusi qeyd etmək istəyirəm ki, mənzil-tikinti kooperativləri tərəfindən qanunsuz olaraq sayğaclar sakinlərə pulla satılır. Ona görə də yaxşı olar ki, “Azərqaz”ın və QHT-lərin nümayəndələrindən ibarət bir komissiya yaradılsın və məsələ şəffaf şəkildə birgə araşdırılsın, komissiyanın gəldiyi nəticə ictimaiyyətə elan edilsin. Bundan başqa şəffaflığı artırmaq və ictimai nəzarəti təmin etmək üçün kommunal xidmətlər göstərən bütün qurumlarda, xüsusilə təbii inhisar subyektlərində İctimai şuralar yaradılsın. “İctimai iştirakçılıq haqqında” qanunda İctimai şuraların yaradılması imperativ qaydada yalnız mərkəzi, yerli və özünüidarəetmə orqanlarının üzərinə vəzifə kimi qoyulur, lakin ehtiyac olarsa, qanunvericiliyə müvafiq dəyişiklik etmək olar ki, bu qurumlarda da ictimai nəzarət mexanizmi təmin edilsin. Məncə biz qanunvericilikdə bu dəyişikliyə getməliyik”.

Deputat Musa Quliyev deyib ki, şəhid ailələrinin və qazilərin sosial təminatının yaxşılaşdırılması Prezidentin diqqət mərkəzindədir. Onun sözlərinə görə, “Dövlət rüsumu haqqında” qanunda şəhid ailələri və qazi ailələrinə güzəştlər nəzərdə tutulsa da, Qarabağ müharibəsi əlilləri bu rüsumlardan azad deyil: “Bu, uyğunsuzluq yaradır. Qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Əlaqədar hökumət orqanları ilə bu məsələni araşdıraq və uyğunsuzluğu aradan qaldıraq”.

Musa Quliyev həmkarı Naqif Həmzəyevin təklifini də dəstəkləyib:

“Gəncə aeroportuna Nizami Gəncəvinin adının verilməsi çox mühüm hadisə olar. Ölkənin tanınması, gələn turistlərin daha çox məlumat alması baxımından bu çox yaxşı addım olar”.

Deputat Elman Nəsirov isə Qarabağda infrastruktur bərpa edildikdən sonra məcburi köçkünlərə ödənilən pulun müharibə veteranlarına verilməsini təklif edib. Milli Məclisin komitə sədri Musa Quliyev Elman Nəsirovun təklifinə münasibət bildirib: “Bu məsələ ilə bağlı suallar var. Onlar evlərinə qayıdana qədər məcburi köçkün statusu götürülməyəcək. Eyni zamanda, digər statuslar da qalacaq. Övladlarının təhsil haqqı məsələsi də olduğu kimi qalacaq”.

Milli Məclisin iclasında Birinci vitse-spiker Əli Hüseynli deyib ki, 19 yanvar tarixli fərmanla prezidentin xüsusi nümayəndəlikləri təsis olundu, qısa müddətdə əsasnamə təsdiq edildi. O, xüsusi nümayəndələrin Prezident Administrasiyasının əməkdaşları olduğunu xatırladıb: “Bu status onların dövlət qulluqçusu olması statusu ilə eynilik təşkil edir. Buna görə də “Dövlət qulluğu haqqında” qanuna da dəyişiklik təklif edilir. Bu institut hələ ki sadəcə, işğaldan azad edilmiş yerlərdə yaradılır. Özünü doğruldarsa, ola bilsin ki, gələcəkdə Azərbaycanın digər ərazilərində də xüsusi nümayəndəlik institutu yaradılsın".

Deputat Aydın Mirzəzadə deyib ki, həqiqətən də bu məsələnin müzakirə edilməsinə, aydınlıq gətirilməsinə ehtiyac var idi: “Bəzən çoxları düşünürdü ki, Prezidentin xüsusi nümayəndəsi idarəetmədə paralel dövlət strukturu olacaq. O qeyd edib ki, Prezidentin xüsusi nümayəndəsi ilə icra hakimiyyəti orqanları paralel struktur kimi qiymətləndirilməməlidir: “Əvvəla nəzərə almaq lazımdır ki, Prezidentin xüsusi nümayəndələri işğaldan azad olunan ərazilərlə əlaqəli olaraq təyin olunurlar. Nəzərə almaq lazımdır ki, azad edilən tarixi torpaqlarımızda işlər tam başdan başlayacaq. Orada müxtəlif nazirliklər, idarələr, şirkətlər olacaq. Xüsusi nümayəndə bu qurumların fəaliyyətini koordinasiya edəcək, quruculuq, abadlıq işlərini əlaqələndirəcək, Prezidentdən aldığı tapşırıqları həyata keçirəcək. Yerli icra qurumları isə əsasən əhalinin problemləri ilə məşğul olacaq”.

Deputat Aqil Abbas isə “elə olur ki, birdən yolumuz həbsxanaya düşür, orada görüşlər olur”, - deyə bildirib: “Bu zaman şahidi oluruq ki, ətrafımıza toplaşan adamların çoxu İrandan narkotik keçirən vətəndaşlardır. Həbsxana rəisi deyir ki, bu qədər iş vermişik. Ölkəsinə qaytarırıq. Üstündən 6 ay keçəndən sonra yenidən həmin adam ölkəmizə narkotik keçirir”. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti sərhəddə bu məsələylə bağlı mübarizə aparır: "Təklif edirəm ki, ikinci dəfə həbs olunanları İrana qaytarmasınlar. Cəzalarını elə burda çəksinlər”.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli Zülfüqaroğlu