Müsavatda bitməyən qovğa Siyasət

Müsavatda bitməyən qovğa

Məclisin sədri: "Düşünmürəm ki, Müsavatın qurultayında Qubad İbadoğluna səs verən 200 nəfər indi də onu dəstəkləyir"

"Düşünmürəm ki, məni cəmiyyətdə dağıdıcı adam kimi tanıyırlar". Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun fikirlərinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, Q. İbadoğlu N. Sadıqlının Məclis sədri seçilməsinə münasibət bildirərkən qeyd edib ki, Məclis sədri partiya daxilində barışdırıcı mövqe tutmalı, heç bir tərəfi təmsil etməməlidir. "Bu baxımdan gözləntilərimiz özünü doğrultmadı", - deyə Q. İbadoğlu vurğulayıb .
N. Sadıqlı isə barışdırıcı biri olduğunu qeyd edərək, Q. İbadoğlunun söylədiklərini onun şəxsi fikri kimi qiymətləndirib: "Düşünmürəm ki, məni cəmiyyətdə dağıdıcı adam kimi tanıyırlar. Mən barışdırdırıcı mövqe tuturam, hazırda Müsavat Partiyasının rəhbərliyində olan hər bir şəxs bu istiqamətdə addım atır".
Məclis sədri Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) partiyaya çevriləcəyi ehtimalına da toxunub. O qeyd edib ki, müsavatçıların bazasında partiya yaratmaq real deyil: "Mən düşünmürəm ki, Müsavatın qurultayında Qubad İbadoğluna səs verən 200 nəfər indi də onu dəstəkləyir. Hazırda Qubad İbadoğlunun tərəfində çox az qisim müsavatçı qalıb. Yəni, zaman-zaman bu proseslərin gedişinda müsavatçılar özləri də başa düşdülər ki, yanlış addım atıblar. Hərəkatın hələ partiyaya çevrilib-çevrilməyəcəyi məlum deyil. Partiya yaratmaq üçün böyük tələblər var və bunu zaman göstərəcək. Mənim fikrimcə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının partiyaya çevriləcəyi real görünmür. Yəni, ən azı müsavatçıların bazasında o partiyanı yaratmaq mümkün deyil".