Ombudsman parlamentdə hesabat verdi Siyasət

Ombudsman parlamentdə hesabat verdi

Vitse-spiker təmsil danışdı, deputatlar ABŞ-ın ikili standartlarından gileyləndilər
Sabir Rüstəmxanlı: "Küçədə kimi saxlayırlar cibindən narkotik çıxır, görünür bir narkotik əlli cibdən keçir"

Milli Məclisin dünənki plenar iclasında Ombudsman Elmira Süleymanova hesabat verib. O, məruzəsində bildirib ki, İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlıq doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapıb, pozulmuş hüquqlar bərpa olunub.

Hesabatdan sətirlər...

Hesabatda qeyd edilir ki, Ombudsmanın fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 101, 540, 2013-cü ildə isə 13,670 müraciət daxil olub: "Ötən il aparatda o cümlədən regional mərkəzlərdə ümumilikdə 2969 şəxs, o cümlədən, 525 şəxs təkrar olaraq qəbul edilib. Qeyd edilən müraciətlərin 75,8 %-i, şikayətlərdən 24,2%-i isə ərizələrdən ibarət olub. Konstitusiya qanunun tələblərinə müvafiq olaraq şikayətlərin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatların faktlar və sübutlar olmaması səbəbindən onların 52,4%-nin baxılmasından imtina edilib.
Hesabatda o da qeyd olunur ki, insan sağlamlığının təmin olunması, onların yaşadığı ərazilərin müayyinə və müalicə olunması üçün rayon və kəndlərə tibbi kadrların cəlb edilməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən həvəsləndirici tədbirlərin tibb işçiləri, xüsusilə gənc kadrlar arasında geniş təbliğinə ehtiyac var: "Əksər hallarda həyati göstəriş olmadan hamilə qadınlarda qeysəriyyə əməliyyatı aparılması nəticəsində baş verən uşaq və ana ölümlərini, onların əlil olmasını, körpələrin qüsurla doğulmasını nəzərə alaraq bu əməliyyatın qarşısı alınması üzrə ciddi tədbirlər görülməsi təklif olunur".

"Səlim Müslümov sübut etdi ki..."

Daha sonra millət vəkilləri hesabatla bağlı müzakirələrə keçiblər. Deputat Zahid Oruc ABŞ-ı və keçmiş nazirlər Füzuli Ələkbərovla Səfər Əbiyevi sərt tənqid edib. O bildirib ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan Ordusu ilə bağlı tənqidi məqamların olmasına baxmayaraq, bu ölkənin öz ordusunda da ciddi nöqsanlar, hətta vətəndaşın şəxsi həyatına müdaxilə ilə bağlı faktlar var.
Z.Oruc eyni zamanda Azərbaycanda sağlam mühitin yaradılmasına stimul verən əməllərin davam etdirilməsini zəruri sayıb: "Məsələn, Səlim Müslümovun fəaliyyəti sübut etdi ki, Füzuli Ələkbərov əslində cəfəngiyyatla məşğul olub. Yaxud Zakir Həsənovun fəaliyyəti göstərdi ki, kabinet naziri olmaq olmaz. Məncə bundan örnək götürmək, nəticə çıxarmaq lazımdır".
Millət vəkili Qənirə Paşayeva bölgələrdən xeyli şikayət daxil olduğunu nəzərə çatdırıb: "İnanırıq ki, yaxşılığa doğru dönüş yaranacaq. Çünki dövlət aztəminatlı ailələrə yardım verir. Bu yardımın onlara incidilmədən çatması vacibdir".
Bundan sonra deputat hepatit C-yə yoluxma hallarının artmasından narahatlığını dilə gətirib: "Hepatit C ilə bağlı dövlət proqramına ehtiyac var. Bundan başqa, psixiatriya xəstəxanalarında çox ciddi dəyişikliklərə ehtiyac duyulur. Bu istiqamətdə ciddi problemlər var. Məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin balansına keçməsi çox vacib məsələdir".

"MTH-ə müraciət etmişəm"

Qənirə Paşayeva çıxışının davamında onu nurçuluqla əlaqələndirənlərə sərt mesajlar verib: "Bəzi qüvvələr mətbuatdan çirkin məqsədləri üçün istifadə edirlər. Mən şəxsən Xocalı soyqırımı tədbirlərində iştirak etdiyim zaman özümə qarşı olan bu kampaniyalarla bağlı bu gün ölkənin Milli Təhlükəsizlik Nazirliyinə müraciət göndərmişəm. Müraciətdə də vurğulamışam ki, mən heç kimdən qorxmuram, çəkinmirəm və bütün fəaliyyətimin araşdırılmasına da hazıram. Amma mən kiminsə xoşuna gəlmirəmsə deyə, hansısa mətbuat orqanlarını arxasına alıb bu kampaniyanı aparanların xalqın önünə çıxarılmasını istəyirəm. Çünki bu kampaniyalar bu gün mənə, sabah başqasına qarşı ola bilər. Hər tədbirində Heydər Əliyevdən, Türkiyədə Atatürkdən sitatlar gətirən, həyatında bir dəfə də Nursidən sitatlar gətirməyən insana "sən niyə türk məktəblərinə dəstək veribsən" deyə nurçuluqda ittiham edən, sanki hansısa bir kölgəli işlərlə məşğul olan millət vəkilinə çamur atanların ciddi bir hesabat verməsi gərəkir. Digər millət vəkilləri özləri bilərlər. Amma mən öz adımdan müraciət etmişəm". Q.Paşayeva onu hədəfə alanlara səsləndi: "Nə etməliydik? Suriyada uşaqlarımızı döyüşlərə səsləndirənlərinmi yanında olmalıydıq? Yoxsa o güclərimi dəstəkləməliydik ki, uşaqlarımıza yaxşı təhsil versin? Mən Çağ Öyrətim Şirkətinin, Turan Yazqan hocanın okulları, ya bütün Anadolu okullarının hamısının fəaliyyətini dəstəkləmişəm ki, uşaqlarımız yaxşı təhsil alsınlar. Mən bütün o gözəl məktəblərin yanında olmuşam. Suriyada uşaqlarımızı döyüşə səsləyənlərinmi yanında olmalıydım?"
Spiker O.Əsədov isə millət vəkilinə bildirib ki, bu məsələni parlamentə çıxarmağa ehtiyac yox idi: "Müraciət edibsiniz, öz işinizdir".

"İki dələduz şuluq salır..."

Deputat Siyavuş Novruzov isə ABŞ-a etirazını bildirdi: "İki dələduz gedib hardasa şuluq salır, onun hüquqları əsas olur, amma Dağlıq Qarabağdan didərgin düşənlərin hüquqları əsas deyil. İnsan hüquqları ilə bağlı mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirilir. Bundan istifadə edərək Azərbaycana təhdidlər, müdaxilələr edilir və məqsəd təbii sərvətlərdən güzəştəli şəkildə bəhrələnməkdir. Necə ki, İraqda, Liviyada, Əfqanıstanda bundan bəhrələnirlər. Vaxtilə "Taliban" narkotik dövriyyəni 3 faizə endirmişdi, Amerika oranı işğal edəndən sonra isə bu dövriyyə 65 faiz oldu. Hətta narkotik plantasiyalarını ABŞ ordusu qoruyur".
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanla bağlı hesabatına da münasibət bildirən deputat deyib ki, ABŞ-da seçkilər zamanı bu təşkilat heç ölkə ərazisinə belə buraxılmayıb: "Eləcə də Rusiyada eyni hal təkrarlandı. Bu orqan öz seçkilərinə buraxılmadığı halda nəyə görə onun verdiyi hesabata əsasən Azərbaycanı tənqid edirlər. Bu hesabatda Azərbaycan insanı barədə, eləcə də Xocalıda hüquqları pozulan, Dağlıq Qarabağda didərgin düşərək bütün hüquqlarından mərhum olan insanlar barədə məlumat yoxdur".
Millət vəkili bəzi qüvvələrin ölkənin daxil işlərinə qarışmaq istədiklərini deyib: "Sən hakimsən, prokurorsan, məhkəməsən? Sənin nə hüququn var ki, istintaq qurtarmamış adamın azadlığa buraxılmasını tələb edirsən?! Bunların iğtişaş törətmək üçün hazırladığı adamlar bir-bir ortaya çıxır".

"Siyavuş, məsələ belədir..."

Belə hesabatların daxildən ötürülən "donos"lara əsasən hazırlandığını deyən Siyavuş Novruzovun fikrincə, ilk növbədə, ölkə daxilindəki düşmənlərlə məşğul olmaq lazımdır: "Hansı təşkilata qrantlar verirlərsə, o təşkilatlar da özlərinə lazım olan informasiyanı "donos" kimi hazırlayıb onlara ötürürlər. Bunlar ölkənin düşmənləridir".
Vitse-spiker Ziyafət Əsgərov isə həmkarının qaldırdığı bu məsələyə rus yazıçı Krılovun "Qurd və quzu" təmsilini misal çəkib: "Siyavuş müəllim, siz danışanda yadıma Krılovun "Qurd və quzu" təmsili düşdü. Yadınıza salım ki, həmin təmsildə qurd çay başına gəlir və görür ki, quzu ordadır. Qurd quzuya deyir ki, səni yemək istəyirəm, çünki çayı lilləndirirsən. Quzu isə deyir ki, axı mən səndən aşağıdayam. Buna görə də suyu necə lilləndirə bilərəm?! Qurd isə deyir ki, çox danışma, sənin günahın odur ki, mən səni yeməliyəm. Siyavuş, məsələ belədir, beynəlxalq hüquq belədir".

Bakının dilənçi problemi

Millət vəkili Fəzail Ağamalı isə ombudsman Elmira Süleymanovanın iclasda iştirak etməsini nəzərə alaraq, keçən iclasda səsləndirdiyi təklifi bir daha dilə gətirdi:
"Bir təkliflə çıxış etmək istəyirəm. Ötən iclasımızda Xocalı faciəsiylə bağlı müzakirələr zamanı bu təklifi səsləndirmişdim. Bu təklifi ilk dəfə Bahar xanımın rəhbərlyi ilə Xocalı faciəsinin ildönümü öncəsi Atatürk Mərkəzində keçirilən müzakirələrdə bir iştirakçı dilə gətirdi, mən də həmin təklifi Milli Məclisin tribunasından səsləndirdim. İndi hörmətli Elmira Süleymanovanın burada olmasından istifadə edərək bir daha həmin təklifi səsləndirirəm ki, Xocalı faciəsinin bütün dünyada tanınmasıyla bağlı dünya ölkələrinin ombudsmanlarının Bakıda bir konfransı keçirilsin və Xocalı faciəsi bu konfransda bir daha müzakirə olunaraq ermənilərin iç üçün dünyaya bəyan edilsin. Mən Elmira xanımdan xahiş edirəm ki, bu il, yəni 2014-cü ildə bu sahədə çalışmalarınızı sürətləndirəsniz. Vüşünürəm ki, Bakıda belə bir beynəlxalq tədbirin keçirilməsinə nail olsaq, Xocalı soyqırımının tanınmasına, eyni zamanda "Xocalıya ədalət" kampaniyasının daha geniş miqyas almasına nail olarıq".
Deputat Fərəc Quliyev isə çıxışında deyib ki, zabitlərin evlərində məskunlaşan məcburi köçkünlər oradan çıxarılmalıdır.
Daha sonra deputat dilənçilərlə də bağlı təklif verib: "Yaxşı olar ki, Elmira Süleymanova çıxışlarında bu məsələyə diqqət yetirsin. Dilənçilər üçün xüsusi düşərgələr hazırlanmalıdır. Ehtiyacı olanlar həmin düşərgələrdə yerləşdirilsin. Eyni zamanda uşaqlar və qocalar müvafiq evlərdə yerləşdirilməlidir. Dilənçilikdən sui-istifadə edənlər isə müvafiq qaydada cəzalandırılsınlar. Bu, Bakının simasının dəyişməsinə də müsbət təsir edəcək".

"Ay Sabir müəllim..."

Sabir Rüstəmxanlı isə çıxışında deyib ki, dünyada doğrudan da ikili standart var: "Bu, inkarolunmazdır. Amma biz ikili standart şəraitində yaşamağı və işləməyi öyrənməliyik. Bəzən biz çıxış yolları aramaq əvəzinə başqalarını ittiham etməyə başlayırıq. Nə edək ki, qüsurlarla bağlı növbəti ittihamlar deyilməsin".
Millət vəkili beynəlxalq səviyyədə qəbul olunan sənədlərdə Azərbaycanla bağlı əksini tapan tənqidlərə arqumentli cavab verməyi zəruri sayıb: "Biz nə vaxt mükəmməl bir sənəd hazırlayıb beynəlxalq təşkilatlara göndərmişik? Yoxsa öz aramızda "Amerika düz eləmir" deməyə ehtiyac yoxdur. Azərbaycan insan haqları məsələsində dünyaya nümunə ola bilər. Azərbaycanda irqçilik, milli, dini azlıqlara dözümsüzlük yoxdur. Ona görə də biz dünyanın aparıcı dövlətləri ilə də üz-üzə oturub sözümüzü deməliyik".
Sabir Rüstəmxanlı ölkədə olan problemləri həll etməyə çağırıb: "Öz içimizdəki problemləri həll etməliyik. İnsanlarin mülkiyyəti zorla əllərindən alınır. Hətta orta əsrlərdə şahların dövründə birinin mülkinə toxunmaq olmazdı, qazilər məsələni həll edərdi. Ölkədə söz azadlığı, sahibkarlıq fəaliyyəti, gənclərin iş hüququ qorunmalıdır. Xüsusilə də gənclərin məhkəməsi olmadan həbsi düzgün deyil. Küçədə uşaqları saxlayırlar, kimi saxlayırlar cibindən narkotik çıxır. Görünür bir narkotik 50 cibdən keçir. Bunlar bizim övladlarımızdır, onları qorumaq lazımdır".
Oqtay Əsədov onun dediklərinə belə reaksiya verdi: "Ay Sabir müəllim, elə dediniz ki, elə bil bu gəncləri Azərbaycan dövləti yetişdirmir, kənarda yetişdirilir, Azərbaycana gəlir".

Cavanşir Həsənli