“Prezidentin imzaladığı növbəti əfv sərəncamı Azərbaycan cəmiyyəti  tərəfindən müsbət qarşılanıb” Siyasət

“Prezidentin imzaladığı növbəti əfv sərəncamı Azərbaycan cəmiyyəti  tərəfindən müsbət qarşılanıb”

Nəsib Məhəməliyev: “Bu da dövlətin apardığı humanist siyasətin, öz vətəndaşına qayğısının bariz nümunəsidir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb. Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub. Onlardan cəzasının çəkilməmiş hissəsindən azad olunan 475 nəfər azadlığa buraxılıb.
Millət vəkili Nəsib Məhəməliyev “Xalq Cəbhəsi”nə açıqlamasında diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin “məhkum edilmiş bir sıra şəxslərin əhv olunması haqqında” imzaladığı növbəti sərəncam Azərbaycan cəmiyyəti tərəfindən müsbət qarşılandı. Onun sözlərinə görə, sərəncamın hər bir azərbaycanlının sevimli bayramı, Novruz bayramı ərəfəsində verilməsi yüzlərlə ailənin sevincinə səbəb olmaqla bərabər ölkə başçısının hər zaman humanizm dəyərlərinə sadiqliyinin göstəricisidir: “Bundan əvvəl də dövlət başçısı tərəfindən əfv sərəncamları verilib. Əfv sərəncamlarından başqa Birinci vise-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə amnistiya qanunları qəbul olunub. Nəticədə bir dəfə qanunları pozmuş minlərlə vətəndaş azadlığa qovuşub. Yəni, Azərbaycan hakimiyyəti cinayət törətmiş insanları qanuna müvafiq şəkildə cəzalandırmaqla bərabər, islah olunmağa meylli, cəzasının müəyyən hissəsini çəkmiş vətəndaşlara normal həyata qayıtmaq şansı verir. Bu da dövlətin apardığı humanist siyasətin, öz vətəndaşına qayğısının bariz nümunəsidir. Nəticə etibarilə dövlət başçısı tərəfindən əfv sərəncamlarının verilməsi, Azərbaycan cəmiyyətində milli birliyin, həmrəyliyin daha da möhkəmlənməsinə istiqamətlənmiş addım kimi qiymətləndirilir”.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Azərbaycanda məhkum olunmuş şəxslərin Prezident İlham Əliyev tərəfindən əfv edilməsi artıq bir ənənə halını alıb. 2003-cü ildən bu günə qədər Prezident tərəfindən 36 əfv sərəncamı imzalanıb ki, bu da hər ildə ən azı iki əvf sərəncamının imzalanması deməkdir: “Bu humanitar akt sayəsində indiyədək ümumilikdə minlərlə məhkum edilmiş vətəndaşımız bu və ya digər səviyyədə əfv aktının əhatə dairəsinə düşüb və azadlığına qovuşub. 18 mart 2021-ci il tarixində imzalanan sərəncam isə 625 məhkuma şamil edilib ki, bu da yalnız 2018-ci ildə əfv edilənlərlə müqayisədə bir qədər azdır. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar imzalanan əfv sərəncamı 634 məhkuma şamil edilib. Yəni, indiki əfv məhkumları əhatə etmə miqyasına görə ikinci ən böyük humanitar aktdır”. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, əfv edilənlərin böyük əksəriyyətinin, yəni 475 məhkumun cəzasının çəkilməmiş hissəsinə xitam verilib və onlar birbaşa azadlığa çıxıblar: “İkinci ən mühüm məsələ ondan ibarətdir ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Bu, özlüyündə ayrıca bir humanist aktdır. Digər məsələlərə gəldikdə isə əfv olunan məhkumların sırasında 2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar məhkum edilmiş 30 nəfər şəxsin, İslam Partiyasının sədr müavininin, AXCP-dən olan 5 siyasi fəalın və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı məhkum edilmiş 3 nəfərin də adının olması xüsusi qeyd edilməlidir. Onların hər birinin törətdiyi cinayət əməlləri qanunla sübuta yetirilmiş hal sayılmaqla cəza tədbirləri görülsə də, indi əfv edilmələri yenə də cinayət törədənlərə qarşı dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir”.
H.Babaoğlu vurğulayıb ki, məhkum olunmuş şəxslərin əfv edilməsi onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq həyata keçirilir: “Burada məqsəd təkcə dövlətin humanizm siyasətini nümayiş etdirmək deyil, eyni zamanda, məhkumların öz törətdikləri əməllərindən peşiman olaraq onu bir daha təkrar etməməsi üçün məhkumlara verilən şansın onlar tərəfindən düzgün qiymətləndirilməsidir. Azadlıq çox qiymətli nemətdir və hər hansı səbəbə yaxud hər hansı emosional davranışa görə onun qanun tərəfindən məhdudlaşdırılmasına səbəbiyyət verən hərəkətləri əsla etmək olmaz”.
Deputat Cavid Osmanov bildirib ki, Novruz Bayramı öncəsi cənab Prezident tərəfindən imzalanan növbəti əfv sərəncamı hümanizm, prinsiplərə və insan faktoruna ən yüksək dəyərin göstəricisidir: “Bu addım bir daha ölkəmizdə insan hüquq və azadlıqlarına, hümanizm prinsiplərinə olan yanaşmanı nümayiş etdirir. Bayram öncəsi məhkum edilmiş şəxslərin azadlığa buraxılması, onların bu xoş günləri öz ailələri ilə birlikdə keçirməsi, bunun verdiyi müsbət ruh cəmiyyətin ümumi əhvalına təsir edən amillərdəndir. Hər bir vətəndaşımız bir daha əmin olur ki, ölkədə onun hüquqlarını qoruyan, təmin edən, yenidən cəmiyyətə adaptasiyasına çalışan bir dövlət var.
Onun sözlərinə görə, ölkəmizdə artıq ənənə halını almış, əlamətdar günlərdə dövlətin əfv sərəncamı, vətəndaş və insan faktoruna əsaslanır: “Sərəncam dövlət başçısının hümanizm siyasətinin, vətəndaş amilinin hər zaman öndə dayanmasının növbəti təzahürüdür. Zamanla görürük ki, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və digər əlamətdar tarixlər ərəfəsində cənab Prezident tərəfindən əfv sərəncamları imzalanır. Eyni zamanda birinci vitse-prezident Mehriban xanım Əliyevanın amnistiya təşəbbüsü də xalqımız tərəfindən yüksək qiymətləndirilib”.
Deputat qeyd edib ki, bu gün imzalanan sərəncama uyğun olaraq xeyli sayda insan azadlığa buraxılıb, məhbusların müəyyən hissəsinin cəzası azaldılıb: "Cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam yüzlərlə ailəyə bayram sevinci bəxş edib. Siyasi mənsubiyyətindən asılı olmayaraq qanun pozuntusuna görə məhkum olunan şəxslər də əfv edilib. Müstəqillik dövründə ölkəmizdə 67 əfv sərəncamı imzalanıb. 11 amnistiya aktı qəbul edilib. Sonuncu sərəncama əsasən məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük məhkum edilmiş üç nəfərin cəzası 25 illik cəza ilə əvəzlənib. Şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad olunub. Cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib. O cümlədən məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, 23 nəfər isə cərimə cəzasından azad olunub".
Cavid Osmanov əfv olunan şəxslərin dövlət başçısının humanist addımından düzgün nəticə çıxaracağına da əminliyini ifadə edib: “Əfv sərəncamı hər zaman olduğu kimi indi də cəmiyyətdə boyük rəğbətlə qarşılanıb. Xalqımızın milli dəyərlərindən biri də odur ki, insanlar əfv olunsun, həmrəylik nümayiş olunsun. Bu sərəncam humanizm siyasətinin əyani sübutudur”.
Millət vəkili İltizam Yusifov isə deyib ki, əfv Sərəncamı Azərbaycan Prezidentinin humanizm ənənlərinə sadiqliyin və milli həmrəyliyə istiqamətlənmiş növbəti atdığı konkret addımdır. Millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 17 il ərzində mütəmadi olaraq humanizm və mərhəmət prinsiplərinin əsas götürülməsi istiqamətində müxtəlif qərarlar qəbul edib. "Cənab Prezident fəaliyyətinfə hər zaman ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənib. Dövlət başçısının 2003-cü ildən bu günədək qəbul etdiyi hər bir qərarda, imzaladığı sənədlərdə onun siyasi iradəsinin şahidi oluruq. Bu istər cəzaların humanistləşdiirlməsi, istərsə də törətdiyi əmələ görə cəza alan şəxslərin əfv olunaraq azad olunması bunun bariz nümunəsidir. Cənab Prezident hər il, bəzən elə olub ki, ildə bir neçə dəfə belə humanist addımlar ataraq cinayət törədən insanları əfv edib. Martın 18-də imzalanın Əfv sərəncamı da bunun növbəti göstəricisidir"- millət vəkili qeyd edib.
O əlavə edib ki, Novruz bayramı ərəfəsində imzaladığı sonuncu sərəncamla 625 nəfərə əfv şamil edilib: "Bu əfv sərəncamı təkcə cəzasından azad olunan məhkumlara deyil, onların ailələrinə, yaxınlarına və ümumiyyətlə, minlərlə insana sevinci bəxş etdi.
Əfv sərəncamına uyğun olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 98 məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.
Azad edilmiş şəxslərin siyahısına baxdıqda cəmiyyətin ayrı-ayrı təbəqələrinə aid şəxslərin olduğunu görə bilərik. Bu da humanizmin, mərhəmətin təzahürüdür. Bu onu göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının qayğısına qalır. Sənəddə müxtəlif siyahılarda adları hallanan 39 nəfərdən otuzu Nardaran, üçü isə Gəncə hadisələrində iştirak ediblər. Eyni zamanda, beş nəfər Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvü olanlardır. Eləcə də bir jurnalist azad edilib".
Millət vəkili bildirib ki, belə humanist addımlar Prezident İlham Əliyevin milli həmrəyliyə istiqamətində atdığı real addımların bariz nümunəsidir. "İndiyədək cənab Prezident İlham Əliyev tərəfindən 36-cı Əfv sərəncamıdır. Ümumilikdə isə 67 Əfv sərəncamı imzalanıb və bu humanist addımlar 9 minə yaxın şəxsi əhatə edib. Bu əfv sərəncamları hətta , ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə də şamil edilib. Belə ki, indiyədək bir neçə ömürlük məhkum olanların cəzası dəyidiirlib. Elə sonuncu Əfv sərəncamı bu kateqoriyadan olan üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Əfv sərəncamı eyni zamanda məhkum olunmuş 28 qadına da şamil edilib".
Millət vəkili hesab edir ki, ölkə başçısı böyüklük və humanist atmaqla insanlara özlərini islah etmək şansı yaradır: "Ona görə də məhkumluqdan azad olunan insanlar da bunu dəyərləndirməli və gələcəkdə belə səhvlərə yol verməməlidirlər. Onlar bu imkandan faydalanacaqlar və ölkə başçısının bu lütfünü dəyərləndirəcəklər. Azərbycanın inkişafına, rifahına töhfələrini verəcək, ailələrinin qayğılarına qalacaqlar. Bu baxımdan Sərəncamın siyasi, hüquqi, iqtisadi, sosial, mənəvi və humanitar əhəmiyyəti böyükdür".

Əli