“AXCP və Müsavat bir-birinə potoloji nifrət edir” Siyasət

“AXCP və Müsavat bir-birinə potoloji nifrət edir”

Elşən Musayev: "Onların ambisiyaları heç bir zaman imkan verməz ki, razılaşma, ümumi fikir birliyi əldə olunsun"
Tural Abbaslı: "AXCP ölkədə müxalifətin əməkdaşlığını istəmir"
Arif Hacılı: "Əgər kimlərsə özünütəcrid siyasəti aparacaqlarsa, bu da onların seçimidir"
Əli Kərimli ilə Müsavat Partiyasının başqanı Arif Hacılı arasında görüş keçirilib başa çatsa da, qarşılıqlı ittihamlar hələ də davam edir. Arif Hacılı öncədən də söylədiyi kimi, AXCP ilə münasibətləri düzəltmək üçün ilkin addımı atdı. Lakin sosial şəbəkələrdə cəbhəçilər tərəfindən yazılan fikirlərdə bildirildi ki, Əli Kərimli sadəcə olaraq etika xatirinə bu görüşə razılıq verib. Səslənən fikirlərə qarşı tərəfin funksioneri Səxavət Soltanlının isə cavabında bildirilib ki, cəbhəçilər görüşü "etika xatirinə" adlandırmaqla, söylədikləri "xatirə"nin etikasını pozublar.
Razi Nurullayev ittihamları dolayısı ilə təsdiqləyib. Onun sözlərinən görə, AXCP ictimai rəyi nəzərə alaraq addım atıb: "Partiyalar arasında görüşün keçirilməsi problemli məsələ deyil. Məsələ nəticəyə hasil olunmasıdır. Əli Kərimli ilə Arif Hacılı arasında görüş nəticəsiz bitib. Bu gözlənilən idi. Çünki AXCP-nin gündəmində Milli Şuradan kənar bloklara girmək və ikitərəfli əməkdaşlıq etmək yoxdur. Müsavat Partiyasının Milli Şuranı tərk etməsi hələ də yaddaşları narahat edir ".
Beləliklə də, münasibətlərin yaxşılaşdırılması üçün nəzərdə tutulan görüş əksinə yeni qalmaqala səbəb olub.
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev dyib ki, AXCP və Müsavat bir-birinə potoloji nifrət edən iki siyasi partiyadır: "Onların ambisiyaları heç bir zaman imkan verməz ki, hər hansı bir məsələdə konsensus, razılaşma, ümumi fikir birliyi əldə olunsun. Nəzərə alsaq ki, AXCP-nin Əli Kərimli kimi cığal, təkəbbürlü, konfliktə meylli sədri var, o zaman bu heç mümkün olmaz. Eyni adlı partiyalar öncəki illərdə imitasiya xətrinə də olsa birlik görüntüsü yarada bilirdilər. İndi heç o da yoxdur. "Milli Şura"nın iflasından sonra isə ümumən mövzuya qayıdılmır. Əksinə, meydanda qarşılıqlı ittihamlar, təhqirlər və söz atışmaları yer almaqdadır. Düzdür bu yaxınlarda "Müsavat"ın yeni başqanı Arif Hacılı AXCP-yə yönəlik barışıq missiyasında bulundu. Amma nəticə? Nəticə o oldu ki, Əli Kərimlinin özünə vurğunluğu bir az da artdı, bu addım qarşı tərəfin sınması kimi qələmə verildi, Müsavat ən pis formada aşağılandı. Bütün bu nüansları nəzərə alıb təkrar edirəm ki, Müsavat və AXCP arasında bundan sonra heç bir yaxınlaşmadan, müttəfiqlikdən, birlikdən söhbət gedə bilməz. Onlar ilan və yarpız qədər bir-birinə yaddırlar".
Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslının fikrincə, Müsavatın təklifinin bugünkü qiymətləndirilməsi isə ondan ibarətdir ki, AXCP ölkədə müxalifətin əməkdaşlığını istəmir, əməkdaşlıq mühitinin yaranmasını istəmir, əksinə, bir sıra AXCP funksionerləri əməkdaşlıq ehtimalını sıfıra endirmək üçün addımlar atırlar. Məsuliyyət artıq AXCP-nin üzərinə düşür. Sabah seçkidə ümumi müxalifətin uğursuzluğu olanda və bu uğursuzluq müxalifət partiyalarının pərakəndə fəaliyyəti ilə əlaqələndiriləndə AXCP rəhbərliyi xalqa, öz partiya üzvlərinə bunun hesabını verməli olacaq. Müsavat başqanı addımı atdı. Bundan sonra Müsavatın atacağı hər hansı addım qalmır. Çünki siyasi prosedurlar onu diktə edir ki, bir təklifi bir dəfə verərlər və buna da konkret cavab alarlar. Burdan AXCP rəhbərliyinə məsləhət bilərdim ki, şəxsi eqoları kənara qoymaq zamanıdır. Ümumi maraqlar nəyi tələb edirsə, onu etmək lazımdır. Kimlərsə ümumi maraqlar naminə şəxsi eqosunu kənara qoymaq cəsarətində deyilsə, gələcəkdə xalqa hesab verməli olacaqlar". Tural Abbaslı Müsavat başqanı ilə AXCP sədrinin görüşündən sonra bəzi Cəbhə funksionerlərinin işlətdiyi fikirləri siyasi etikadan kənar hesab edir: "Onların həmin fikirləri çox bəsit, xalqın, demokratiyanın indiki ağır durumunda korporativ maraqları güdən fikirlərdir. Yaranmış situasiyada guya kiçik üstünlüyünü nümayiş elətdirmək cəhdidir. Bu, kənardan çirkin görünür. Adama deyərlər, harda üstünsən, nədə üstünsən? Bizim məqsədimiz hakimiyyətə qalib gəlməkdir, məqsədimiz müxalifətə qalib gəlmək deyil. "Bizim lider əlçatmazdır, hamıdan üstündür" kimi fikirlərdən əl çəkmək lazımdır. Təəssüf edirəm ki, AXCP kimi təşkilatın funksionerləri siyasi etikaya, siyasi mədəniyyətə yaraşmayan bəyanatlar verirlər. Bu, nə onların özünə, nə də partiyalarına üstünlük gətirməyəcək. Bu, həm də gələcəkdə ola biləcək əməkdaşlıqları da kölgə altına alır".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov Müsavat Partiyasının AXCP ilə əməkdaşlıq əlaqələri yaratmasında israrlı olmasına münasibət bildirərkən "ümumiyyətlə hər bir partiyanın öz seçim hüququ var", -deyə bildirib. AMİP funksionerinin sözlərinə görə, hər iki partiyanın elektoratı təxminən eynidir: "Bu mənada ola bilsin ki, onlar əməkdaşlıqda maraqlıdırlar. Heç kimə sirr deyil ki, hər iki partiyanın arasında müəyyən problemlər yaşanıb və qarşıdurmalar olub. Amma hər halda siyasətdə ortaq maraqlar kəsişir və üst-üstə düşürsə, fərqli yanaşmalar, meyarlar üzə çıxır. Bu mənada düşünmürəm ki, hansısa bir qüvvənin digəri ilə müəyyən zamanlarda münasibətləri korlanıbsa, bu düşmənçilik davam etməlidir. Təbii ki, onlar gələcəkdə müttəfiq ola da bilərlər, olmaya da. Amma hər halda görünən odur ki, AXCP bunda o qədər də maraqlı deyil".
"Müsavat Partiyasının parlament seçkilərində iştirak forması barədə danışmaq hələlik tezdir. Biz demokratik qüvvələrin bir arada olmasında maraqlıyıq. Çalışırıq ki, müxalifət qüvvələri arasında qarşıdurmaya son qoyulsun. Biz əlimizdən gələni edirik və bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Ancaq əgər ciddi siyasi qüvvələrin koalisiyasına, seçki blokunun yaranmasına nail ola bilməsək, Müsavat Partiyası parlament seçkilərində ayrıca - öz namizədləri ilə iştirak edəcək",- deyən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Müsavat Partiyası Məclisinin sonuncu toplantısında partiyanın 2015-ci il üçün fəaliyyət istiqamətlərinə dair qəbul edilən sənəddə həm də partiyanın parlament seçkiləri ilə bağlı fəaliyyət istiqaməti öz əksini tapıb.
Müsavat başqanı AXCP sədri Əli Kərimli ilə görüşünün başqa istiqamətlərə yönəldilməsi, Müsavatla əməkdaşlığın lazımsızlığı barədə qarşı tərəfdən səslənən ittihamlara da cavab verib: "Biz öz məramımızı həyata keçirmək üçün səylərimizi davam etdiririk. Hesab edirəm ki, bütün bunlara Azərbaycan cəmiyyəti obyektiv qiymət verəcək. Əgər kimlərsə bu prosesdə Müsavat Partiyası ilə birlikdə olmaq istəməyəcəklərsə, özünütəcrid siyasəti aparacaqlarsa, bu da onların seçimidir və biz bunu dəyişdirə bilmərik".

Əli