“Koronavirusla bağlı məsələlər birinci plana keçib” Siyasət

“Koronavirusla bağlı məsələlər birinci plana keçib”

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 13 məsələ daxil edilib.
Millət vəkilləri əvvəlcə cari məsələləri müzakirə ediblər.
Deputat Fazil Mustafa bildirib ki, aprel döyüşlərindən sonra orduda bir sıra neqativ halların baş verməsi, bir neçə insanın qanunsuz olaraq istintaqa cəlb edilməsi sosial şəbəkələrdə müzakirə olunur: “Dövləti sevməyən insanlar indi bunu dövlətə qarşı ittiham kimi səsləndirirlər”.
O bu məsələlərə dövlət orqanlarının nəzarət etməli olduğunu deyib: “Aidiyyəti qurumlar bunu araşdırmalıdır. Dövləti ittiham etmək olmaz. Ordu müqəddəsdir. Bu müqəddəsliyi qoruyub saxlamaq və sağlam mühit yaratmaq lazımdır. Dünən ölkə başçısı Səlcuk Bayraktarı qəbul edib. Anasının südü ona halaldır”.
Fazil Mustafa Türk Şurasının Zirvə görüşünün yüksək qiymətləndirdiyini də qeyd edib: “Hesab edirəm ki, ortaq əlifba modelini yaratmağa çalışmalıyıq. Ən azından Özbəkistan kimi bunu etmək olar”.
Deputat Aqil Abbas qazilərin problemlərindən danışıb. O, parlamentin qazilərdən tez-tez ciddi və düzgün şikayətlər eşitdiyini deyib: “Məsələ belədir. Hərbi hospitalın işi ürəkaçan deyil. Bir resept yazırlar və deyirlər ki, "get, dərmanı özün al". Hansı pulla alsınlar?! Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bil bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Sual olunur: niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsini təşkil etmir? Məsələn, DİN-nin hospitalında nəinki polislər, onların ata-anası da oradan istifadə edə bilirlər. Ancaq bizim Hərbi Hospital deyir ki, "get özün müalicə al". Niyə Müdafiə Nazirliyinin hospitalı bu işlə ciddi məşğul olmur? İnsanlar rayondan gəlir. Həkimə getməkdirsə, rayondakı həkim də eyni diaqnozu qoyur. YASAT Fondu sağ olsun, hər şey edir. Niyə bu boyda Hərbi Hospital bunları etmir? Xahiş edirəm, müdafiə naziri, arada bir özünüz hospitala gedin və orada müalicə olunun". Aqil Abbas deyib ki, qazilərin şikayətləri qələbəmizə kölgə salır.
Daha sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinlənilib. Hesabatı Omudsman Səbinə Əliyeva təqdim edib. Hesabatda Ombudsmanın fəaliyyəti, insan hüquqları ilə bağlı vəziyyət və bir sıra təkliflər öz əksini tapıb.
Deputatlar çıxış edərək hesabatla bağlı təklif və rəylərini bildiriblər.
Deputat Zahid Oruc bildirib ki, Suriyaya gedən şəxslərlə bağlı görülən işlər haqqında məruzədə əksini tapan məlumatlara millət vəkillərinin də qiymət verəcəklərinə ümidvarıq. Zahid Oruc qeyd edib ki, pandemiyadan qabaq Azərbaycan cəmiyyətində aparılmış bir tədqiqatın nəticəsinə görə, cihad adıyla Suriya və İraqa gedənlərə haqq qazandıranlar arasında gənclər üstünlük təşkil edir: “Hər 100 gəncdən (18-29 yaş) 30-u dindarların siyasi partiyalarda birləşməsini məqbul hesab edir. Bu rəqəmlərdən çıxış edərək məruzədə Suriyada münaqişənin girovuna çevrilən vətəndaşların ölkəmizə qaytarılması ilə əlaqədar çağırışa ehtiyatlı yanaşma, hərətərəfli araşdırılma ilə qərar verilməsini zəruri hesab edirik”.
Deputat Zahid Oruc parlametin iclasında diqqətə çatdırıb ki, illi Məclis Vətən Müharibəsindəki Qələbədən sonra bütün Azərbaycan xalqının bütövlük, suverenlik, öz doğma torpaqlarında yaşamaq və qurub-yaratmaq hüququnun gerçəkləşdiyi bir vaxtda İnsan hüquqları üzrə Müvəkkilin məruzəsinə qiymət verir: “Bu müstəsna tarixi hadisədir"
Deputat qeyd edib ki, insan haqlarının və azadlqılarının vəziyyətinə dair Ombudsmanın Məruzəsi Konstitusiya qanununda nəzərdə tutulan tələblərə uyğun olaraq, ölkə Prezidentinə təqdim olunmaqla yanaşı, parlamentdə dinləmədən keçir və insan hüquq və azadlıqlarının təminatı sahəsində görülən işlərin barometri sayılır: "Qeyd edək ki, Ombudsmanın Məruzəsi Azərbaycan Respublikası Konstitusiyasının 3-cü fəslində əks olunan və 5 qrup hüquq və azadlıqları (mülki, siyasi, iqtisadi, sosial və mədəni) tam əhatə etməlidir və konkret struktura malik olmalıdır.
Bildiyimiz kimi, Ombudsman 2002-ci ildə seçilsə də, faktiki olaraq, 2003-cü ildən məruzələrini təqdim edir. Bu dövr Prezident İlham Əliyevin ali siyasi rəhbərliyə gəldiyi ildir. Dövlət başçısının da qeyd etdiyi kimi, son 17 il-dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malikdir.Ona görə də Ombusdmanın təqdim etdiyi sənəd ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı sahəsindəki on illər ərzində gerçəkləşən köklü dəyişiklikləri qiymətləndirmək üçün mühüm əhəmiyyət daşıyır.
Məruzəyə keçməzdən əvvəl pandemiyanın qlobal miqyasda “insan haqları və azadlıqları”nın durumuna vurduğu zərbələrə dair BMT-nin 1 yanvar 2021-ci tarixində yaydığı hesabatdan kiçik bir misalı göstərməyi vacib sayırıq. Sənəddə deyilir ki,1 yanvar tarixinə olan statistika üzrə yoluxan 81 milyon (bu gün 130 milyona yaxın) şəxsdən ölən 1.8 milyon( bu gün 2.8 milyondan çox) insan içərisində yaşlı adamlar üstünlük təşkil edir, 67 ölkədə 90 faizə yaxın insanın vaksinə əlçatanlığı yox vəziyyətdədir və “vaksin müharibələri” adını alan savaş insanların fundamental “yaşamaq” hüququ uğrunda mübarizəsini göstərir, üstəlik, pandemiya dünyada mövcud olan yoxsul adamların sayını 115 artırıb, dünya miqyasında 495 milyon iş yeri ya bağlanıb, ya da potensial risq altına düşüb, hər altıda bir gənc öz iş yeri ilə vidalaşmalı olub, təhsildə qapanma dünyada 1.6 milyard insanın davamlı və dayanıqlı öyrənmə imkanlarına mənfi təsir edib, demokratik-qeyri demokratik sayılmasından asılı olmayaraq əksər ölkələrdə toplaşmaq, hərəkət, söz və digər siyasi azadlıqları məhdudlaşdırılıb.Siyahını davam etdirmədən də görmək olar ki, koronavirus pandemiyası dünyada insan hüquq və azadlıqlarının vəziyyətinə görə yüzlərlə ölkənin göstəricilərini pisləşdirib.
Hörmətli Müvəkkil Səbinə Əliyeva Məruzəni ətraflı təqdim etdi. Bildiyimiz kimi, gələn 2022-ci il Ombudsmanın 20 illik yubileyidir.Ona görə də ötən Məruzələrdə illər üzrə müxtəlif sahələrdə baş verən dəyişikliklərin qiymətləndirilməsi vacibdir...”
Deputat Fazil Mustafa deyib ki, Ombudsmana müraciətlərin sayı həddindən artıq çoxdur: “Ayrı-ayrı məmurlar vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə onlar bu quruma müraciət etmək qərarına gəlirlər”. O bildirib ki, əlilliyin təyin olunması müəyyən problemlərin ortaya çıxmasına rəvac verib: “Yerlərdən xeyli narazılıqlar var. Bu narazılıqlar aradan qaldırılmalıdır”.
Deputat Tahir Kərimli isə təkliflə çıxış edib. O, Ombudsman haqqında Konstitusiya qanunun yenidən qəbul edilməsinə və dəyişdirilməsinə ehtiyac olduğunu bildirib. Daha sonra deputat təklif edib ki, bu məsələyə baxılsın.
Deputat Elman Nəsirov deyib ki, dövlətin ali məqsədi vətəndaşlarımızın ləyaqətli həyat səviyyəsinin təşkilidir: “Bu məqsədin necə həyata keçirilməsinin qiymətləndirilməsi ilə bağlı ən önəmli vəzifə Ombudsman təsisatının üzərinə düşür”.
Deputat bildirib ki, 2020-ci ilə iki prizmadan yanaşır: “Koronavirusla bağlı məsələlər birinci plana keçib. İstənilən qurumun fəaliyyətinə qiymət verərkən bu prizma nəzərə alınmalıdır. Ən əsası 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. Demokratiya bir prosesdir, burada son nöqtə yoxdur. Həmin prosesdə Azərbaycan inamla irəliləyir”.
Deputat təklif edib ki, Ombudsman vaksinasiya prosesi çərçivəsində şəhid ailələrinin, qazilərin, qazi ailələrinin növbədənkənar peyvənd olunmasını diqqətdə saxlasın.
Deputat Erkin Qədirli vurğulayıb ki, Azərbaycanda Ombudsman təsisatının institisional səlahiyyəti çox deyil: “Mən ümumiyyətlə bütün sahələrin bir Ombudsmana həvalə edilməsini düzgün saymıram”. O qeyd edib ki, xarici ölkələrdə sahəvi ombudsmanlar var: “Bizdə isə bir nəfər bütün bu yükəri daşımalı olur. Bir dəfə informasiya ombudsmanı yaradılması təklifi var idi. Amma olmadı. Biz sahəvi ombudsmanların yaradılmasına çalışmalıyıq. Eyni zamanda Ombudsmanın qanunvericilik təşəbbüsü hüququ olmalıdır. Çox güman ki, bu hesabatdakı təkliflər havada qalacaq. Qanunveicilik təşəbbüsü hüququ olmasa, kimliyindən asılı olmayaraq bu məsələ təsirsiz olacaq”.
Ombudsmanın hesabatı qəbul edildikdən sonra digər qanun layihələrinin müzakirəsinə başlanılıb. Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli Zülfüqaroğlu