“Minalanmış sahələrin xəritələri ilə bağlı məsələ beynəlxalq müstəviyə daşınır” Siyasət

“Minalanmış sahələrin xəritələri ilə bağlı məsələ beynəlxalq müstəviyə daşınır”

Ermənistanın işğaldan azad olunan ərazilərə dair mina xəritələrini təqdim etməməsi məsələsi aktiv şəkildə beynəlxalq müstəviyə daşınır.
Xarici İşlər Nazirliyi ilə yanaşı ayrı-ayrı ictimai təşkilatlar da bu istiqamətdə müəyyən işlər həyata keçirirlər. Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı dünyaca məşhur change.org saytında Ermənistana qarşı petisiya ilə çıxış edib.
Petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının otuz illik işğalı, habelə münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır.
Qeyd edək ki, petisiyaya qoşulan vətəndaş cəmiyyəti qurumları Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İB-nin sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov 25 mart 2021-ci il tarixdə erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib.
“Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İB-nin sədri Hafiz Səfixanovun qənaətinə görə, belə bir petisiyanın yaradılmasında məqsəd beynəlxalq ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir:
“Bu təşəbbüsün kökündə xəritələrin təqdim edilməsi dayanır. Artıq neçə vaxtdır ki, xəritələrin əldə edilməsi üçün müəyyən cəhdlər, çağırışlar olub. Təəssüf ki, işğaldan azad edilmiş torpaqlardakı minalı ərazilərə dair xəritələr hələ də Bakıya verilməyib. Ermənistan baş naziri bu günlərdə Rusiya prezidenti ilə görüşərkən problemə toxunulmadı, müzakirələrdə digər məsələlər qaldırıldı. Ona görə də, bizim petisiyamız yalnız daxili auditoriyaya bağlı deyil, həm də beynəlxalq ictimaiyyətə yönəlib ki, qarşı tərəfə təzyiq artırılsın, Ermənistan minalanmış ərazilərin xəritələrini verməyə məcbur olsun”.
Hafiz Səfixanovun sözlərinə görə, demək olar ki, hər gün Azərbaycan torpaqlarında təhlükəli mina partlayışları baş verir. Son aylarda minaya düşənlərlə bağlı məlumatlar daha çox artıb. Bu isə təəssüf doğuran haldır ki, ortada xəritə olduğu halda belə sənəd təqdim edilmir və sonda mina partlamaları müəyyən faciələrə yol açır:
“Biz petisiyada XİN-in rəsmi rəqəmlərini yaysaq da, oradakı statistika son statistika sayılmır. Məsələn, bu gün kimsə minaya düşə bilər. Gələcəkdə Azərbaycan beynəlxalq müstəvidə Ermənistana qarşı bəzi iddiaları qaldıracaq. O zaman bu petisiyanın müəyyən rolu olacaq. Mina xəritələrinin təqdim edilməsi prinsipcə çətin və problemli məsələ olmamalı idi. Çünki beynəlxalq təcrübədə buna dair bir sıra presedentlər mövcuddur.
Məsələn, Balkan müharibəsi sonrası müəyyən ərazilərdə xəritələr gizlədilmədi. O bölgədə heç də Qarabağ müharibəsindən zəif olmayan döyüşlər getmişdi. Amma sonda xəritə indiki kimi problem yaratmadı. Bosniya, Serbiya, Xorvatiyadan olan dostlarımızdan aldığımız məlumatlar da təsdiqləyir ki, onlarda belə hallar yaşanıb və xəritələrin verilməsi prosesləri həyata keçirilib. Sadəcə müəyyən siyasi cəhətdən həsas bölgələrdə konfliktdə iştirak etmiş ölkələrin minatəmizləyənləri eyni vaxtda torpaqların təmizlənməsində iştirak ediblər. Bundan başqa Kiprdə belə bir presedent olub. Yunan tərəfi Türkiyəyə xəritələri verib.
Ermənistandan fərqli olaraq hamı humanist davranmağa çalışır. Amma problem aktiv şəkildə beynəlxalq müstəviyə daşınır. Petisiyanı imzalamış təşkilatlar əməkdaşlıq etdiyi bütün beynəlxalq qurumlarla mütəmadi olaraq əlaqədə olurlar və demək olar ki, bu məsələni hər gün onların diqqətinə çatdırıb gündəmdə saxlayırlar”.