Milli Məclisin yaz sessiyası işə başladı Siyasət

Milli Məclisin yaz sessiyası işə başladı

Oqtay Əsədov: "Mətbuat yazır ki, Azərbaycan AŞPA işğalçı dövləti dəstəklədi, bəs niyə sanksiyalar Ermənistana qarşı olmur?"

Fazil Mustafa: "Qarşıdan Xocalı soyqırımının 23-cü illiyi gəlir, bəlkə biz də Ollandı Bakıya dəvət edək..."

Zahid Oruc: "Tarif Şurasının statusu əslində qanunla müəyyənləşməlidir"

Dünən Milli Məclisin yaz sessiyası bu gün öz işinə başladı. Əvvəlcə Azərbaycanın dövlət himni oxundu.
Qeyd edək ki, yaz sessiyasının ilk iclasının gündəliyinə Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında qərar, Milli Məclisin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərar, Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi, "Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstanın Hökuməti arasında hava əlaqəsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi qanun layihəsi, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi, "Reklam haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin müzakirəsi və qəbul edilməsi daxil edilmişdi.
Cari məsələlərin müzakirəsi zamanı ilk çıxış edən millət vəkili Zahid Oruc xatırlatdı ki, parlament sessiyalararası tətildə olduğu dövrdə Tarif Şurası yanacağın artırılması ilə bağlı məlum qərarı verdi və sonra haqlı olaraq cənab Prezident İlham Əliyev tərəfindən bu qərar ləğv edildi: "Bu məsələ hökumət üzvləri qarşısında bir sıra suallar qaldırdı ki, həmin Şuranın statusu nədən ibarətdir, onlar əsasnamə prinsiplərinə uyğun olaraq verdikləri qərarda iqtisadiyyatın stimullaşdırılması, rəqabətqabiliyyətinin artırılması və s. prinsiplərə nə dərəcədə əməl edirlər". Deputatın sözlərinə görə, bəlli oldu ki, Aİ 92 və 95 markalı benzinlərin özünün qiymətinə yanaşmada çox səhv bir metodoloji sistemdən istifadə olunub: "Tarif Şurasının statusu əslində qanunla müəyyənləşməlidir, həmçinin onun tərkibinə müxtəlif qurumların müavin səlahiyyətlərini daşıyan insanlar cəlb olunublar. Halbuki orada cəmiyyətin maraqlarını ifadə edən, həm də dövlət və vətəndaş arasında bir institut olan QHT rəhbərlərindən bir nəfərin təmsil olunması, parlamentin bir nəfər nümayəndəsinin olması, həmçinin Mətbuat Şurasından bir nəfərin olması məqsədəuyğun olardı. Baxın, indi həmin qərar hesabına digər məhsulların qiymətində nisbi dəyişmələr baş verdi. Düşünürəm ki, ümumiyyətlə, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin qiymətlərinin özünə də yenidən baxmağa ehtiyac var".
Z.Oruc Tarif Şurasının statusunun və formalaşmasının qanunla aparılmasını təklif etdi.
Deputat həmçinin dünənki çıxışında qeyd etdi ki, Səhiyyə və Ədliyyə nazirliklərinin adları dəyişdirilməlidir: "İki nazirliyin adı dəyişdirilməlidir. Səhiyyə və Ədliyyə nazirliklərinin adları Azərbaycan dilinə uyğun gəlmir. Mən peşəkar dilçilərlə də müzakirə aparmışam. "Səhiyyə" və "ədliyyə" sözünü Azərbaycan vətəndaşına izah etmək mümkün deyil. Əgər "ədliyyə" sözü adillik, ədaləti təmin edən anlayışını verirsə, onda belə də olmalıdır. Bu, mənim nazirlərə münasibətimdən irəli gəlmir, sadəcə hesab edirəm ki, dövlət qurumlarının adları öz dilimizdə olmalıdır".
Deputat Fazil Mustafa çıxışında dedi ki, qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə qarşı Azərbaycan xalqının reaksiyası yetərincə deyil: "Axı, bu məsələ təkcə Türkiyəyə qarşı deyil, həm də Azərbaycana qarşı yönələn hadisədir. Ona görə də bu yalanın sındırılması Azərbaycanın da xeyrinədir".
Onun sözlərinə görə, bu yaxınlarda Fransa prezidenti Fransua Olland bəyan edib ki, aprelin 24-də saxta soyqırımı ilə bağlı Yerevana səfər edəcək və erməni xalqına həmrəyliyini nümayiş etdirəcək: "Qarşıdan Xocalı soyqırımının 23-cü illiyi gəlir. Bəlkə biz də bu gündən başlayaraq təbliğat işlərinə başlayaq. Olland da daxil olmaqla, digər ermənipərəst və soyqırımına həssas yanaşan deputatlara, siyasətçilərə müraciət ünvanlayıb onları Bakıya dəvət edək. Bununla da onlar tarixdən soyqırımı axtarmaq əvəzində, sivil dünyada baş verən gerçək soyqırımlarını görə bilərlər".
Spiker Oqtay Əsədov isə deputatın təklifinə cavab olaraq deyib ki, heç kim faciələrimizlə bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmağa mane olmur: "Xocalı soyqırımı haqqında biz də öz sözümüzü deyirik, mətbuat da yazır. Bu yaxınlarda İstanbulda İslam Ölkələri Parlament sədrlərinin konfransında bu məsələ qaldırıldı. Demək olmaz ki, bu istiqamətdə iş aparılmır. Biz bütün beynəlxalq tədbirlərdə soyqırımı ilə bağlı məsələni qaldırırıq. Ancaq dərinə gedəndə görürük ki, beynəlxalq təşkilatlar həqiqətən bütün məsələlərə birtərəfli baxırlar. Beynəlxalq təşkilatların nümayəndələri Ermənistana gedir, əmin ola bilərsiniz ki, onlar Azərbaycana gəlməyəcək. Gələndə nə ediblər ki, gəlməyəndə də nə etsinlər? Biz özümüz öz məsələmizi həll etməsək, heç bir beynəlxalq təşkilat Azərbaycan məsələlərinə biganə qalmayacaq. Mən buna əmin olmuşam".
Oqtay Əsədov beynəlxalq təşkilatların ikili standartlarından da danışdı. Onun sözlərinə görə, deputatlar bu qurumlarla işləyərkən ehtiyatlı olmalıdır. "Hamınız təcrübəli millət vəkillərisiniz. Biz hələ də beynəlxalq təşkilatların əksəriyyətinə inanırıq. İndiyə kimi görmüşük ki, onlar yalnız öz dirijorlarının göstərişi ilə işləyirlər. Bunu görmüşük, şikayət etməkdən yorulmuşuq".
O.Əsədov AŞPA-da Azərbaycan nümayəndə heyətinin Rusiyaya sanksiyalara qarşı qərar verilməsini də şərh edib: "Mətbuat yazır ki, Azərbaycan işğalçı dövləti dəstəklədi. Bəs niyə sanksiyalar Ermənistana qarşı olmur? Bu addımla Azərbaycan nümayəndə heyəti bir daha öz fikrini açıqladı ki, sanksiya hər kəsə qarşı qəbul edilməlidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, amma öz səsini eşitdirmək üçün sankiya təklifini dəstəkləmədi. Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin, bəs niyə onlara da dialoq təklif etmirlər? Azərbayca Ukraynanın ərazi bütövlüyün tam dəstəkləyir, amma ikili standartlara qarşıdır. Belə olanda isə bizə təsir edir. İstəyirik, səsimiz eşidilsin".
Mmillət vəkili Sabir Rüstəmxanlı isə bu ilin "kənd təsərrüfatı ili" elan olunduğunu xatırladaraq əlavə edib ki, bir sıra rayonlarda idarələri birləşdirib regional idarə yaradılır: "Əgər rayonlar üzrə regionlaşma aparılmayıbsa, necə regional idarə yaradıla bilər? Məncə, bu məsələyə baxmaq lazımdır. İkincisi, bizim ofisimiz Ağ Şəhərdədir. Burada Paris evləri tikilir. Bütün evlərin üzünə qara keramit vururlar. Yuxarıdan baxanda qara şəhərə oxşayır. Məncə, bu məsələyə də baxılmalıdır".
millət vəkili Azay Quliyev qeyd etdi ki, biz 20 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə öz iradımızı bildiririk: "Təəssüflər olsun ki, bu tərkib heç bir məsələnin həllinə müsbət təsir etməyib. Ona görə də hesab edirəm ki, Azərbaycanın rəsmi şəkildə Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsinin müzakirəyə çıxarmasının vaxtı gəlib çatıb".
Deputatın sözlərinə görə, yanvarın 21-də cənab Prezident İlham Əliyevin Almaniyaya çox uğurlu bir səfəri oldu və səfər zamanı Almaniya Kansleri xanım Angela Merkel də Dağlıq Qarabağ probleminin həllinə yaxından dəstək verəcəyini bildirdi: "Hesab edirəm ki, bu məqamdan istifadə edib Almaniyanın Minsk qrupunun həmsədrliyinə gətirilməsi məsələsini qaldırmaq lazımdır. İkinci bir təklif Türkiyənin bu formata daxil olunmasıdır. Bilirsiniz ki, Türkiyə regionda güclü dövlətdir, münaqişəyə cəlb olunan hər iki ölkədə müəyyən mənada maraqları var və xüsusilə, Ermənistan neçə müddətdir ki, Türkiyə ilə sərhədlərin açılmasına çalışır".
A.Quliyevin fikrincə, Türkiyənin müəyyən imkanları var ki, bu istiqamətdə təsir etsin, xüsusilə, Türkiyə Ermənistanla sərhədlərin açılmasının birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir: "Beləliklə, hesab edirəm ki, indiyə qədər fəaliyyət göstərən hər üç həmsədr ölkə birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Ona görə də bu balansı yaratmaq üçün, müəyyən formada ədalətli mövqeyi bərqərar etmək üçün Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır və mən bu məsələni ATƏT Parlament Assambleyasının qış sessiyasında qaldırmağı planlaşdırıram".
Deputat Fərəc Quliyev isə kommunal xidmətləri özəl sektora verməyi təklif etdi: "Əhalinin layiqli həyat səviyyəsinin təmin olunması, yoxsulluqla mübarizə siyasəti həyata keçirilməsi üçün, ehtiyac meyarı, yaşayış minimumuna yanaşma dəyişməlidir. Büdcənin sosiyalyönümlüyü əhalinin həyat tərzində görünməlidir".
Onun sözlərinə görə, ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq siyasəti əvəzinə , nisbi yoxsulluq siyasəti yürüdülməsi vacibdir. Bu siyasəti həyata keçirmək üçün müvafiq dəyişikliyə ehtiyac var: "Heç kimə sir deyil ki,Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün, bir çox amillərlə yanaşı Dövlət-Bazar- Mülki cəmiyyət münasibətlərində kölgə iqtisadiyyatına yer olmamalıdır. Kölgə iqtisadiyyatına yönəli siyasət hazırlanmayınca , bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznes aktivliyini saxlayacaq, vergidən yayınanları vergiyə cəlb etmək mümkün olmadıqca isə dövlət büdcəsi ağır itkilərə məruz qalacaqdır .Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir.Milli Məclis də öz növbəsində kölgə iqtisadiyyatına yönəli siyasət hazırlanması üçün müvafiq qanun qəbul etməlidir". "Kommunal sektorun idarəetməyə verilməsini təmin edən siyasət hazırlanmasına ehtiyac var. Söhbət istilik təchizatı, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət, mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl idarəetməyə verməlidir.
Deputat Siyavuş Novruzov dedi ki, Azərbaycanda olan inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb: "Onlar müxtəlif primitiv formada şərh verirlər. Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. nu Dünya Bankı da yüksək qiymətləndirib. Ölkədə pensiyalar artırılır, yeni iş yerləri açılır. Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Bunu Dünya Bankı yüksək qiymətləndirib".
S.Novruzov qeyd edib ki, məktəblərin, xəstəxanaların tikilməsinə, elektrik sisteminin yenidən təşkil edilməsinə, istehsal və emal müəssisələrinə xeyli vəsait qoyulub: "Lakin bəzi qüvvələr bu məsələlərə qara yaxırlar. İlk Avropa Oyunları yaxınlaşdıqca böhtanların sayı artmaqdadır. Lakin hər zaman olduğu kimi Azərbaycan öz haqq yolundadır. Təbii ki, bundan sonra da bu yolu davam etdirmək lazımdır".