Uorlikin tələbi... Siyasət

Uorlikin tələbi...

Akif Nağı: "Bu, Azərbaycan diplomatiyasının uğurudur"

Elşən Musayev: "Beynəlxalq təşkilatlar "blef" edir"

"Biz aidiyyəti səlahiyyətli şəxsləri iki məhbusun Azərbaycan hökumətinə qaytarılmasına çağırırıq". Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevun Xankəndidə keçirilmiş "məhkəmə"si barədə açıqlamasında deyib. Onun sözlərinə görə, bu kimi humanist addım tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər: "Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan Bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəliblər və biz ümid edirik ki, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atıla bilər".
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm" çıxarıb.
Ceyms Uorlikin çağırışına münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib:"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı çağırışı Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir". Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının apardığı işin nəticəsidir ki, girovların azad olunması məsələsinə həm Rusiya, həm də ABŞ reaksiya verir: "Rusiya və ABŞ-ın girovların azad olunması məsələsinə reaksiya verməsi ermənilərin haqsız mövqedə olduğunu göstərir. Ona görə də Azərbaycanın qaldırdığı məsələ qarşısında ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar bir söz deyə bilmirlər. Eyni zamanda, bu məsələnin danışıqlar prosesində hər hansı bir nailiyyətin əldə olunmamasına maneə ola biləcəyini ATƏT-in Minsk qrupunda da başa düşürlər. Buna görə də məcburiyyət qarşısında girovların azad olunması məsələsini qabardırlar. Hesab edirəm ki, amerikalı həmsədrin girovların azad olunması ilə bağlı çağırışı ciddi göstəricidir. Yəqin ki, buna məsələnin tezliklə həllinin əlamətləri kimi baxmaq olar".
Politoloq Elşən Musayev isə deyib ki, "beynəlxalq təşkilatların bu gün əsas missiyası heç özlərinə də bəlli deyil". Onun sözlərinə görə, beynəlxalq təşkilatlar beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq konvensiyaların müddəalarına əsaslanaraq fəaliyyət göstərməlidirlər: "Amma bu gün bizim gördüyümüz tamam fərqli bir mənzərədir. Hazırda demək olar ki, bütün beynəlxalq təşkilatlar ikili, hətta üçlü, dördlü standartlardan çıxış edirlər. Bu qurumlar yalnız öz maraqlarını güdürlər və yalnız özlərinə sərf edən məqamda demokratiyanı, insan hüquqlarını xatırlayırlar. Həm də qlobal məsələləri qoyub çox lokal məsələlər ətrafında "blef" etməyi özlərinəməxsus şəkildə bacarırlar. Bunun da bir çox səbəbləri var. Əvvəla, beynəlxalq təşkilatların böyük əksəriyyəti hazırda fövqəl dövlətlərin əlində bir oyuncaqdır. Yəni bu qurumlar hansı formada yönəldilirsə, o formada da fəaliyyət göstərirlər. İkincisi, beynəlxalq təşkilatların bugünkü missiyası format ziddiyəti ilə yadda qalır. BMT-nin özündə belə bu hal mövcuddur. Azərbaycanın itirilmiş torpaqları ilə bağlı qəbul edilmiş qətnamələrin heç biri icra edilməyib. Əgər bu qətnamələr icra olunmursa, onların qəbuluna heç ehtiyac da yox idi. Əgər bu qətnamələr havada qalacaqsa, onlardan yüzünü, hətta milyonunu qəbul etmək olar. Bu təşkilatların heç biri qlobal məsələlərdə prinsipial mövqe nümayiş etdirmirlər.
Ancaq buna baxmayaraq, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində yenilənmələr var. Artıq problemin həlli üçün Azərbaycan qeyri-adi cəhdlər göstərir. Mən əminəm ki, bu proses tezliklə müsbət axın üzrə gedəcək və Azərbaycan öz torpaqlarını geri qaytaracaq. Bu gün Rusiyanın özü də mövqeyində neytrallıq nümayiş etdirir. Çünki Rusiya da sərhəd qonşusu kimi anlayır ki, Azərbaycan bu məsələdə haqlı tərəfdir. Tam əminliklə söyləmək olar ki, Azərbaycan qısa müddətdə işğal altında olan torpaqlarını azad edəcək. Çünki hazırda Azərbaycan rəhbərliyi bu məsələ üzərində çox ciddi düşünür".

Əli