ABŞ-dan məxməri kapitulyasia çağırışı Siyasət

ABŞ-dan məxməri kapitulyasia çağırışı

Vaşinqton işala son qoyulmadan əlaqə və kommunikasiyaların bərpası üçün hərəkətə keçib

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi yenidən "0" nöqtəsinə qayıdır.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Ermənistan mediasına açıqlamasında səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir.
Amerikalı həmsədrin iddiasına görə, onlar real danışıqlar aparılmasında, prosesin intensivləşməsində maraqlıdırlar: "Qərar tək prezidentlərdən asılı deyil. Gəlin tərəfləri müzakirə üçün bir araya gətirək. Biz asan məsələlərdən başlaya bilərik. Ola bilər ki, ilk olaraq yüksək səviyyədə həlli tələb olunan status, dəhliz və ya digər çətin mövzulardan başlamayaq. Lakin digər məsələləri müzakirə edə bilərik. Bunlar telekommunikasiya, infrastruktur və s. ola bilər".
Diplomat bildirib ki, yaxın gələcəkdə yüksək səviyyədə görüş keçirilə bilər: "Azərbaycan prezidenti buna hazırdır. Ancaq bizə görüş naminə görüş lazım deyil. Biz buna hazırlaşmalıyıq. Vasitəçilərin rolu ondan ibarətdir ki, prezidentlərin müzakirə edə biləcəyi məsələlər paketini hazırlasınlar. Tərəflər bir-birinə çox yaxındır. Hər iki tərəf münaqişənin həlli üçün 3 prinsip və 6 elementin tətbiqini əsas hesab edir. Təbii ki, bəzi detallar var ki, biz onların üzərində işimizi davam etdiririk. Ancaq reallıqda heç bir fikir ayrılığı yoxdur".
Ceyms Uorlikin sözlərinə görə, davamlı sülhə nail olmaq üçün hər iki ölkənin vətəndaşları arasında etimad mühitinin yaradılmasına nail olmaq lazımdır: "Biz Azərbaycan və Ermənistan xalqları arasında əlaqələri dəstəkləyirik. Ümid edirik ki, erməni idmançılar Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirak edəcəklər. Bu cür ünsiyyət faydalıdır".
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərə toxunan Ceyms Uorlik separatçı rejimlə mütəmadi danışıqları dəstəklədiklərini bildirib: "Biz Dağlıq Qarabağa səfərlər edirik və bunu gələcəkdə də edəcəyik. Biz onların fikirlərini, yanaşmalarını eşitmək istəyirik. Tək de-fakto rəhbərliklə görüşlər vacib deyil. Mən əvvəlki səfərlərimdə orada gənc insanlarla, ailələrlə görüşdüm. İnsanlar, xüsusilə münaqişənin həllinin birbaşa əlaqəsi olduğu qruplar nizamlanmanın əsas elementləri ilə tanış olmalıdır".
Amerikalı həmsədrin qənaətinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə İlham Əliyev və Serj Sarkisyandan asılı deyil: "Hesab edirik ki, münaqişəyə baxışı bir qədər dəyişək. Yəni status, koridor kimi çətin sualları hələlik bir kənara qoyaq. Əlaqələrin bərpası, kommunikasiya vasitələrinin formalaşması kimi daha asan proseslərdən başlayaq və nəticədə bu gün çətin hesab olunan məsələlərdə ortaq mövqe tapılacaq. Bu məsələni hər iki prezidentin dəstəkləməsinə nail olmağa çalışacağıq. Çünki kommunikasiyalar münaqişələrin həllində daha etibarlı variant kimi özünü göstərir".
Uorlikin açıqlamasında yer alan əsaslandırılmamış ümidverivi notlar çox güman ki, son zamanlar ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı ən yüksək səviyyələrdə səsləndirilmiş ittihamların zərərsizləşdirilməsinə xidmət edir. ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə də ABŞ nəyin bahasına olursa olsun prosesin davam etdirilməsində maraqlıdır. Ağ Ev mövcud beynəlxalq şəraitdə münaqişənin alovlanmasını və prosesə yeni oyunçuların cəlb olunmasını arzulamır. Görünür ATƏT-in Minsk qrupunun üzvləri olan Almaniya və Finlandiya rəsmilərinin münaqişənin tənzimlənməsi prosesində fəal iştirak etmək istəklərini dilə gətirmələri rəsmi Vaşinqtonu narahat edir.
Ceyms Uorlikin Amerika diplomatiyasına xas olan və ilk baxışda səmimi, barışçı təsiri bağışlayan açıqlaması əslində yumşaq təhdidedici xarakter daşıyır. Amerikalı həmsədrin açıqlaması ümumi ictimai rəyin təklif olunan yeni prosesin mahiyyətindən yayındırılmasına xidmət edən boşboğaz ifadələrdən və xüsusi olaraq vurğulanan məqamlardan ibarətdir.
Beləliklə, Uorlikin boşboğaz mülahizələrini bir kənara qoyub əsas məqamlara diqqət yetirək. Amerkalı həmsədr bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə İlham Əliyev və Serj Sarkisyandan asılı deyil. Uorlikin bu fikirlərindən çıxarıla biləcək ilk nəticə, şübhəsiz ki Rusiya faktoru ilə bağlıdır. Lakin Amerikalı həmsədrin ardıcıl olaraq "münaqişənin həlli ilə birbaşa əlaqəsi olan qruplar" barədə dilə gətirdiyi mülahizələrini və xalq diplomatiyasının yeni mərhələsinin anonusunu verməsini nəzərə alsaq, Uorlikin bu prosesin siyasi hakimiyyətlərin iradəsindən kənar aparıla biləcəklərinə işarə etdiyi qənaətinə də gəlmək olar. Əgər münaqişənin həlli həmsədrlərin daha öncə və həm də tez-tez vurğuladıqları kimi liderlərin siyasi iradəsindən asılı deyilsə, o zaman kimdən və nədən asılıdır? Rusiyadan? O zaman sual oluna bilər: Nə üçün danışıqlar Rusiya ilə aparılmır? Uorlik bu fikirləri səsləndirəndə çox güman ki, təkcə Rusiya amilini nəzərdə tutmayıb. Əks halda bu, ABŞ-ın gücsüzlüyünün etirafı kimi dəyərləndirilə bilər. Amerikalılar isə belə etirafları heç sevmirlər.
Ceyms Uorlikin münaqişəyə baxışın dəyişdirilməsinin vacibliyi barədə söylədikləri isə olduqca maraqlıdır. Amerikalı həmsədr bütün fundamental məsələlərin bir kənara qoyulmasından, əlaqələrin bərpasından, kommunikasiyaların formalaşmasından danışır. Bu, yeni baxış deyil. Həmsədrlər, xususilə də ABŞ və Fransa Minsk prosesinin başlandığı ilk gündən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələlərin həllindən öncə əlaqələrin qurulmasından, kommunikasiyaların bərpasından danışıblar və buna çoxsaylı cəhdlər ediblər. Ceyms Uorlik vasitəsilə ictimailəşdirilən bu indiki yanaşmanının daha öncəkilərdən fərqi bütün fundamental məsələlərin bir kənara qoyulması ilə bağlıdır. Həmsədrlər daha öncə bu prosesin parallel aparılmasına üstünlük verirdilər.
İşğala son qoyulmadan əlaqələrin bərpası, kommunikasiyaların qurulması isə birmənalı olaraq Ermənistanın maraqlarına xidmət edir. Məqsəd isə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq deyil, Azərbaycanın və Türkiyənin hesabına Ermənistanı Rusiyanın caynağından qoparmaqdır…
ABŞ çox güman ki, qondarma soyqırımın 100 illiyi ərəfəsində bu yolla ermənilərin könlünü almaq istəyir. Son bir neçə ay ərzində Birləşmiş Ştatların rəsmiləri tərəfindən səslənən bəyanatlar, verilən açıqlamalar, keçirilən dinləmələr də məhz Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün prosesin müharibənin yenidən alovlanmasına yol vermədən məxməri şəkildə uzadılmasına xidmət edir. Əlaqələrin və kommunikasiyaların bərpasından sonra isə müharibə ehtimalı maksimum həddə azalacaq və işğal faktının aradan qaldırılmasına xidmət edən, işğalçını təzyiq altında saxlayan mexanizmlər öz əhəmiyyətini itirəcək. Yeni vəziyyət münaqişə haqqında tamamilə fərqli bir beynəlxalq ictimai rəyin yaradılmasına səbəb olacaq. Geriyə qayıdış isə mümkün olmayacaq.

Elçin Mirzəbəyli