Qoşulmama Hərəkatı daxilində qazandığımız nüfuz Azərbaycan Prezidentinə olan böyük inamın nəticəsidir - Sevil Mikayılova Siyasət

Qoşulmama Hərəkatı daxilində qazandığımız nüfuz Azərbaycan Prezidentinə olan böyük inamın nəticəsidir - Sevil Mikayılova

Qoşulmama Hərəkatı daxilində qazandığımız nüfuz Azərbaycan Prezidentinə olan böyük inamın nəticəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və faydalı bir sədrlik ortaya qoya bildi. 2019-cu ildə başlayan və bütün dünyada vüsət alan COVİD-19 pandemiyası dönəmində Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri olaraq irəli sürdüyü təşəbbüslərə nəzər saldıqda Qoşulmama Hərəkatının prosesə hətta dünyanın ən böyük təsisatı olan BMT-dən də çevik reaksiyasını görmək mümkündür: “Azərbaycan Prezidenti tərəfindən Qoşulmama Hərəkatının videoformatda iclası çağırıldı və orada qlobal təhdidlərin birgə həlli yollarının tapılması təşəbbüsü səsləndirildi. Eyni zamanda, sonrakı dövrdə Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində atdığı addımlar, o cümlədən, vaksinlərin ədalətli bölgüsü, COVİD-lə mübarizədə birgə əməkdaşlıq istiqamətində qaldırdığı təşəbbüslər bütün üzv ölkələrin əməkdaşlıqdan bərabər faydalanmasına imkan yaradırdı.

Ümumilikdə, Qoşulmama Hərəkatının siyasi mahiyyətinə baxsaq, görərik ki, üzvlərinin sayına, yəni 120-dən artıq ölkəni özündə birləşdirdiyinə görə BMT-dən sonra dünyanın ikinci ən böyük və nüfuzlu bir təşkilatıdır. Azərbaycan Prezidentinin sədrliyi dövründə təşkilata marağın artdığının şahidi olduq. Hazırda Qoşulmama Hərəkatına üzv ölkələrin həmrəy bir mövqedə olduğunu və ədaləti dəstəklədiyini görürük. 44 günlük Vətən müharibəsi dövründə də məhz Qoşulmama Hərəkatına üzv ölkələrin BMT-də göstərdiyi fəallıq və Azərbaycana verdikləri dəstəyi xüsusi qeyd etmək istərdim".

S.Mikayılova vurğulayıb ki, şübhəsiz, Qoşulmama Hərəkatı daxilində qazandığımız nüfuz, Azərbaycan Prezidentinə olan böyük inamın nəticəsidir: "Prezident İlham Əliyev iyunun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında geniş nitqlə çıxışı zamanı mühüm məsələlərə toxundu. Burada vaksinlərin ədalətli bölgüsünü qeyd etmək istərdim. Bu gün bir sıra dövlətlərin vaksinlərə çox asan əlçatanlığı olduğu halda, digər ölkələr çox təəssüf ki, vaksin çatışmazlığından əziyyət çəkirlər. Məlumdur ki, bu, təhlükəsizlik baxımından, qlobal çağırışlara birgə cavab vermək, qlobal təhdidləri birgə dəf etmək baxımından çətinliklər yaradır. Ona görə də Azərbaycan Prezidenti öz cıxışında məhz bu məsələnin həllinin vacibliyinə fokuslandı".

Deputat əlavə edib ki, həmçinin cənab Prezident çıxışında işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi haqqında danışdı: "Düşünürəm ki, Qoşulmama Hərəkatına üzv olan bütün ölkələrin həmrəy mövqeyi, həmrəy çağırışı və təkidi nəticəsində Ermənistanın mina xəritələri məsələsində qeyri-konstruktiv mövqeyinə qalib gəlmək olar. Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməsi bəşəriyyətə qarşı bir cinayətdir. Ermənistandan humanitar qanunları pozduğuna görə hesab sorulmasını istəyirik. Çünki bu gün Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməklə bölgədə vəziyyəti gərginləşdirir, çox böyük təhdidlər yaradır, həmin ərazilərdə bərpa və quruculuq işlərini, insanların öz doğma torpaqlarına qayıtmasını ləngidir.

Qoşulmama Hərəkatına üzv ölkələr bu məsələyə susqun qala bilməz. Ona görə də biz dəstək gördüyümüz, ədalətli mövqeni hər zaman təqdir edən Qoşulmama Təşkilatına üzv olan ölkələrin də öz sözünü deyəcəyinə əminik".