“Neft pullarının böyük bir hissəsi abadlığa getdi” Siyasət

“Neft pullarının böyük bir hissəsi abadlığa getdi”

Qüdrət Həsənquliyev: "Bir neçə ildən sonra həmin obyektlərin təmirinə külli miqdarda pul lazım olanda hökumət çətin duruma düşəcək"

"Neftimizi emal edib özümüzə 10 qat bahsına satırlar"

Milli Məclisin martın 17-də keçiriləcək iclasında hökumət üzvlərinin hesabatı dinləniləcək. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev iclasda iştirak edə bilməyəcəyi üçün hökumət üzvləri qarşısında qaldırmaq istədiyi məsələlərdən danışıb. BAXCP sədri deyib:
"Ola bilsin ailə vəziyyəti ilə əlaqədar parlamentin martın 17-də keçiriləcək iclasında iştirak edə bilməyim. Amma hesab edirəm ki, hazırda ən ciddi və önəmli məsələ beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi şəxslərin azad olunmasıdır ki, Azərbaycana qarşı təzyiqlər aradan qaldırılsın. Bundan əlavə, sözsüz ki, ölkədəki iqtisadi durumla bağlı fikir bildirəcəkdim. Düşünürəm ki, iqtisadi vəziyyətin köklü şəkildə yaxşılaşdırılması üçün ölkədə ciddi özəlləşdirməyə gedilməlidir. Dövlətin çiynində ağır yükə çevrilmiş iri müəssisələr, səhmdar cəmiyyətlər özəlləşdirilməlidir. Nəhayət ki, neft pullarından ən azı 2 milyard manat gətirilərək banklarda yerləşdirilməlidir ki, həm son devalvasiyadan sonra ağır vəziyyətə düşən banklar gərginlikdən qurtulsun, həm də sahibkarlar ucuz kreditlər əldə etsinlər ki, vəziyyətdən çıxa bilsinlər. Özəlləşdirməyə çıxarılacaq iri müəssisələrə də güzəştli qiymətlərlə kreditlər verilsin ki, onlar da yeni texnologiyalar alıb gətirsinlər. Ölkədə xarici bazara çıxarıla biləcək, rəqabətə davamlı kütləvi istehsal müəssisələrinin yaradılmasına başlanılmasının da vaxtı çoxdan çatıb. Xatırlayırsınızsa, vaxitlə bölgələrdə - Zaqatala, Qəbələ, Lənkəran və Yevlaxda hava limanları tikiləndə mən söyləmişdim ki, Azərbaycan kimi balaca ölkənin bu qədər aeroporta nə ehtiyacı var? Demişdim ki, Lənkəranda aeroport tikmək əvəzinə həmin vəsitilə orada bir velosiped zavodu tikmək lazımdır. Təsəvvür edin, ildə Azərbaycana 100 minlərlə keyfiyyətsiz velosiped idxal edilir. Uşaqlar iki həftə sürdükdən sonra isə bi velisopedlər tamamalilə yararsız hala düşür. Hər il Azərbaycanda 100 mindən artıq uşaq məktəbə gedir. Uşaqlarının sağlamlığı üçün də imkanlı olub-olmamasından asılı olmayaraq valideynlər çalışırlar ki, onlara velosiped alsınlar. Yaxud biz xaricə qoz-fındıq satırıq. Zaqatala aeroportunun əvəzinə "Snikers", "Mars" kimi fındıqlı şokaladlar istehsal edən qənnadı fabriki tikmək olardı. Bu günsə biz o məhsulları baha qiymətə xaricdən idxal edirik. Yəni daha çox insanın işləyəcəyi böyük bir fabrik tikmək olardı, bölgə sakinləri də işləyib ailələrini dolandırardı. Görürsünüz ki, istehlak mallarının böyük bir hissəsi xaricdən gətirilir. Xaricdə yatırılan sərmayələrimizlə bağlı vəziyyət də ürəkaçan deyil. Təbii, mən də bilirəm ki, biz məcburiyyətdən gedib Türkiyədə o boyda xərc hesabına nəhəng neft-kimya kompleksi yaratdıq. Mən də dəfələrlə məsələ qaldırmışdım ki, bu kompleks İzmirdə deyil, Səngəçalda tikilməliydi. Baxın, biz mühərrik yağlarını nə qədər baha qiymətə alırıq? Neftimizi emal edib özümüzə 10 qat bahasına satırlar. Hansı ki, bizdə bu sahə üzrə peşəkar mütəxəssislər ordusu var.
Azərbaycanın kənd təsərrüfatı ölkəsi olduğunu deyirlər. Amma gəlin razılaşaq ki, nə qədər sərmayə qoyulsa da Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək çətindir və bu torpaqlar heç vaxt ölkəni dolandıra bilməz. Çünki ölkə əhalisini təmin edə biləcək qədər münbit torpağımız yoxdur. İqlim şəraiti də buna imkan vermir və nəticədə kənd təsərrüfatı məhsulları çox baha başa gəlir. Bu məhsulları xaricdən idxal etmək daha sərfəlidir, nəinki burda yetişdirmək. Amma kimya sənayesini inkişaf etdirmək çox asandır. Biz maşınqayırma sənayesini də inkişaf etdirə bilərdik ki, heç olmasa ölkənin kənd təsərrüfatı texnikasını özümüz təmin edə bilək. Biz minik maşınları istehsal edə bilərdik və hələ də gec deyil. Bunların hamısını mən dəfələrlə hökumətin qarşısında və parlamentin tribunasından səsləndirmişəm ki, bizim neft pulları təkcə abadlıq işlərinə sərf olunmamalıdır. Amma neft pullarının böyük bir hissəsi abadlığa, infrastrukturun qurulmasına getdi. Axı bir neçə ildən sonra həmin obyektlərin təmirinə külli miqdarda pul lazım olanda hökumət çətin duruma düşəcək. Vaxtilə Lənkərana gedəndə oradakı olimpiya kompleksinin acınacaqlı durumuna baxıb heyrətlənmişdim. Hər tərəf uçub-tökülmüşdü. Hətta ötən prezident seçkiləri ərəfəsində televiziyadakı çıxışımda da bu barədə danışdım. Mən o vaxt da deyirdim ki, bu olimpiya və ya müalicə-diaqnostika komplekslərini dövlətin deyil, sahibkarların tikməsinə imkan yaradılmalıydı. Sahibkar da əziyyət və xərc hesabına tikdiyi kompleksləri göz bəbəyi kimi qoruyardı. Sahibkar tiksəydi bundan 5 qat ucuz başa gələcəkdi. Yəni dövlət neft pullarını investisiya kimi qoymaq əvəzinə həmin pulları banklara qoyaraq kredit kimi sahibkarlara verməliydi, nəticədə dövlət də qazanardı, sahibkar da. Yenə də gec deyil və bu gün də bu işlərə başlamaq olar."