“ABŞ rəsmiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını humanitar jest hesab edirlər” Siyasət

“ABŞ rəsmiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını humanitar jest hesab edirlər”

Mübariz Əhmədoğlu: "Onların fikrincə, azərbaycanlı girovlar valideynlərinin məzarını ziyarət etməklə cinayət ediblər"

"Dağlıq Qarabağ münaqişəsi SSRİ dövründə yarandı və nəticədə SSRİ-nin dağılmasına gətirib çıxardı. Bu, Dağlıq Qarabağ münaqişəsində kimin - ABŞ-ın, yoxsa Rusiyanın- daha çox maraqlı olduğunu sübut edən ən əsas məntiqi dəlildir". Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.
Politoloq qeyd edib ki, rus xalqı özünün qurduğu SSRİ imperiyasını dağıda bilməzdi: "İndinin özündə də bir sıra məntiqi mühakimələr ABŞ-ın açıq-aşkar erməniləri müdafiə etdiyini göstərir. Bu, Dağlıq Qarabağ məsələsinə də aiddir. Viktoria Nuland və digər ABŞ rəsmiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını humanitar jest hesab edirlər. Başqa sözlə, ABŞ rəsmilərinin fikrincə, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altında qalmış öz rayonlarına getməklə, valideynlərinin məzarını ziyarət etməklə cinayət ediblər. "Dağlıq Qarabağın məhkəmə"si bu cinayəti sübut edib. Sadəcə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün inam yaradan addımlar lazımdır. Ona görə böyük cinayət törətməklərinə baxmayaraq, bu iki azərbaycanlı həbsdən azad edilməlidir. Belə məntiqi mühakimələrdən hədsiz çox gətirmək olar".
Politoloqun fikrincə, sənədlər bütün hallarda məntiqi mühakiməyə heç bir yer qoymur: "ABŞ-ın ermənipərəst mövqeyini amansız şəkildə ifşa edir. Əlimizdə olan sənədləri 3 qrupa bölmək olar: Birinci qrupa Dağlıq Qarabağ münaqişəsinin ilk illərinə, SSRİ-nin son illərinə təsadüf edən sənədlərdir. Bu sənədlərdə ermənilərə ümumi dəstəklə yanaşı, o cümlədən sovet ermənilərinə də dəstəyin vacibliyi vurğulanır. Həmin sənədlərdə "erməni soyqırımı"nın tanınması mövzusu aktuallaşdırıldığı kimi Azərbaycandakı ermənilərə də xüsusi diqqət aşılanır. Bu sənədlərdə açıq şəkildə ermənilərin hüquqları digər xalqların, o cümlədən azərbaycanlıların hüquqlarından üstün tutulur. 20 yanvar ərəfəsində ABŞ konqresmenlərinin Moskvaya səfərləri və rəsmi müraciətləri də bu kateqoriyaya aiddir. İkinci qrup sənədlərə birbaşa Dağlıq Qarabağ münaqişəsində erməni separatizminə dəstək verən sənədlər daxildir".
M.Əhmədoğlu vurğulayıb ki, ABŞ konqresinin 1989-cu ilin iyul və noyabr aylarında qəbul etdiyi 2 qətnamə var:
"İyul ayında qəbul edilmiş qətnamə erməniləri qane etmədiyi üçün noyabr ayında ikinci dəfə yeni qətnamə qəbul edildi. Qətnamədə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmini ilə yanaşı, həm də onların dövlət qurmaq niyyətlərinə dəstək vardı. Dağlıq Qarabağ erməniləri və SSRİ bərabər tərəf hesab edilirdi. SSRİ rəhbərliyini erməni separatçıları ilə bərabərhüquqlu danışığa getməyə təhrik edirdilər. ABŞ konqresmenləri rəsmən bildirirdilər ki, Dağlıq Qarabağda təkcə erməniləri deyil, o cümlədən yahudiləri də qırırlar. Azərbaycanla Türkiyənin təkcə Ermənistanı və Dağlıq Qarabağı deyil, həm də Gürcüstanı blokadaya aldığı iddia edilirdi. ABŞ konqresmenlərinin 6 ay ərzində 2 qətnamə qəbul etməsi onların ermənipərəstliyinin nə qədər güclü olduğunun göstəricisidir. Üçüncü qrup sənədlərə, Azərbaycan və Ermənistan müstəqil dövlətlər olduqdan sonra ABŞ-da qəbul edilmiş sənədlərdir. Bunlardan ən birincisi, "Azadlığa Yardım aktı"na 907-ci düzəlişdir. ABŞ 907-ci düzəlişi qəbul edəndə işğalçı ilə işğala məruz qalanın yerini dəyişik saldı. Bu qrupda 2-ci qisim sənədlər isə hər il ənənəvi qəbul edilən sənədlərdir. Bu sənədlərin sayı 20-ni ötüb və sənədlərin hüquqi baxımdan statusu çox yüksəkdir. Söhbət Dağlıq Qarabağa ayrılan yardımların büdcə vəsaiti kimi sənədləşməsindən gedir. Hər il ABŞkonqresi dövlət büdcəsindən Dağlıq Qarabağa yardım ayırır. Bu yardım ayrıca qrafa ilə ABŞ-ın dövlət büdcəsində sənədləşdirilir. Sonra isə bu büdcə sənədini ABŞ prezidenti təsdiqləyir. ABŞ dövlətinin Dağlıq Qarabağa ayırdığı yardımın miqdarı dəyişkən olur- 2 milyon, 5 milyon, 10 milyon sonra yenə 2 milyon dollar. Amma burada daha çox ABŞ dövlətinin Dağlıq Qarabağa dövlət olaraq pul ayırmasından gedir".
Politoloqun fikrincə, yalnız bir sənəddə ABŞ-ın mövqeyini ədalətli, beləliklə azərbaycanpərəst hesab etmək olar: "ABŞ Dövlət Departamenti Dağlıq Qarabağı və ətraf rayonları Ermənistanın nəzarətində olan Azərbaycan əraziləri adlandırır. ABŞ DövlətDepartamenti dünyada insan hüquqlarının vəziyyətinə dair ənənəvi illik hesabatında son 7-8 ildə bu mövqeni təsbit edir. Dünyanın heç bir dövlətinin Dağlıq Qarabağ münaqişəsi barədə ABŞ qədər rəsmiləşmiş ermənipərəst mövqeyi yoxdur. Azərbaycan cəmiyyətinin bir qrupu Qərbə, xüsusən ABŞ-a kor-koranə inanır. Özünü guya ədalətli hesab edənlər Dağlıq Qarabağ münaqişəsində ABŞ-la Rusiyanın mövqeyində balans yaradırlar. Amma Rusiya tərəfdən Dağlıq Qarabağ məsələsində ermənipərəstliyə bağlı bir dənə də olsun sənəd yoxdur. Həmin dövrdə regionda olan Rusiya hərbçiləri "atan kazaklardır" prinsipini reallaşdırıblar. Bir gün azərbaycanlılara, digər gün isə ermənilərə kömək ediblər. Azərbaycan olaraq biz Dağlıq Qarabağ tənzimlənməsində beynəlxalq aləmin ikili standartlarından və ədalətsizliklərindən narazıyıq. Beynəlxalqictimaiyyət Rusiya, Hindistan, Paraqvay deyil. İndi beynəlxalq ictimaiyyət dedikdə, ABŞ və Avropa nəzərdə tutulur. Yəni beynəlxalq ictimaiyyətin ikili standartı və ədalətsizliyi dedikdə, ABŞ və Avropanın ikili standartı və ədalətsizliyi başa düşülür".
Politoloq vurğulayıb ki, Ermənipərəstliyi sənədlərlə sübut olunan ABŞ-la Dağlıq Qarabağ münaqişəsində SSRİ boyda imperiyasını itirmiş Rusiyanı bərabər tutmaqla biz özümüz də həmin ikili standartın və ədalətsizliyin yaradıcısına çevrilmiş oluruq: "Dağlıq Qarabağ münaqişəsinin müharibəsiz, ədalətli həllini istəyiriksə, ABŞ başda olmaqla Qərbin ermənipərəst mövqeyini neytrallaşdırmağı bacarmalıyıq".

Əli