Ermənistanı qorxudacaq hərbi xərclərimiz Siyasət

Ermənistanı qorxudacaq hərbi xərclərimiz

Azərbaycan hərbi xərclərini sürətlə artıran ölkələrin cərgəsindədir

Cavid

Azərbaycanın adı hərbi xərclərini ümumdaxili məhsulun 4 faizindən çox artırmış ölkələr sırasındadır. SIPRI - Stokholm Beynəlxaq Sülh Araşdırma İnstitutunun hazırladığı 2014-cü il dünya üzrə hərbi xərclərin hesabatında belə deyilir.
Qarabağ münaqişəsinə görə Ermənistan müharibə şəraitində olduğu Azərbaycana ayaq uydurmağa çalışsa da bacarmayıb. Əslində Ermənistan da ÜDM-nin 4 faizdən çoxunu hərbiyə yönəldən ölkələrin cərgəsindədir. Lakin, Azərbaycan ÜDM-nin Ermənistandan ən azı 7 dəfə çox olduğunu nəzərə alsaq bu rəqəm Ermənistanı qorxutmaya bilməz.
2014-cü ildə hərb sahəsinə ən çox pul xərcləyənlər isə Birləşmiş Ştatlar, Çin, Rusiya, Səudiyyə Ərəbistan və Fransadır.
Ötən il dünya üzrə hərbi xərclər 1,8 trillion dollar olub. Hesabatda o da qeyd olunur ki, bu göstərici 2013-cü illə müqayisədə 0,4 faiz azdır.
Artıq ardıcıl olaraq üçüncü ildir ki, bu xərclərdə azalma müşahidə olunur. Asiya, Okeaniya, Yaxın Şərq, Şərqi Avropa və Afrikada artım olduğu halda, Birləşmiş Ştatlar və Qərbi Avropanın hərbi xərclərində azalma var. Dünya üzrə azalma da məhz bununla bağlıdır.
Büdcə kəsirinin azaldılması çərçivəsində ABŞ-ın hərbi xərcləri 6,5 faiz aşağı salınıb. Ümumən isə 2010-cu il ən yüksək həddindən bu yana bu ölkənin sözügedən xərclərində 20 faiz azalma var. Amma bununla belə 2001-ci illə müqayisədə ABŞ-ın hərbi xərcləri hələ də 45 faiz çoxdur.
Hərbi xərclərinin yüksəkliyinə görə sonrakı sıralamada Çin, Rusiya və Səudiyyə Ərəbistanı gəlir. Bu ölkələrin hər biri hərbi xərclərini artırıb. Təkcə Səudiyyə Ərəbistanında artım 17 faizdir ki, bu da top 15 ölkə arasında ən böyük artım göstəricisidir.
"Ukrayna münaqişəsi Rusiya ilə yaxınlıqda olan əksər Avropa ölkələrini – Mərkəzi Avropa, Baltikyanı və Skandinaviya ölkələrini hərbi xərclərini artırmağa, əvvəlki planlarını yenidən nəzərdən keçirməyə və azalma meyllərini dəyişdirməyə vadar edib. Qərbi Avropada oxşar meyllərin çox az əlamətləri var. Qərbi Avropa hərbi xərclər üzrə beş lider ölkə Fransa, Birləşmiş Krallıq, Almaniya, İtaliya və İspaniyadır – 2015-ci ildə büdcələrində az olsa bu xərcləri aşağı salmağı planlaşdırıblar" - deyə hesabatda qeyd edilir.
Lakin Almaniya ortamüddətli perspektivdə xərclərin artırılması niyyətini də elan edib. Ukrayna 2014-cü ildə hərbi xərclərini 20 faiz artırıb, 2015-ci ildə isə silahlı qüvvələrə iki dəfədən çox pul ayırmağı planlaşdırır.
Rusiyanın büdcəsində də 2015-ci ildə hələ Ukrayna münaqişəsindən öncə də hərbi xərclərin artırılması nəzərdə tutulub, Amma 2015-ci il real Rusiya hərbi büdcəsində 5 faiz azalma müşahidə olunur, bu da 2014-cü ilin sonundan neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Bununla belə, yenidən baxılmış büdcədə 2014-cü illə müqayisədə hiss olunan artım var.
Hesabatdakı mühüm faktlar belədir:
- Qlobal hərbi xərclər 2014-ci ildə 1776 milyard dollar olub.
- Xərclərin ümumi həcmi 2013-2014-cü illər arasında 0,4 faiz azalıb, artıq 3-cü ildir ki, bütün dünya üzrə hərbi xərclərdə azalma var.
- Hərbi xərclər Şimali Amerikada, Qərb və Mərkəzi Avropada, Latın Amerikası və Karib ölkələrində azalıb, Asiya və Okeaniyada, Yaxın Şərqdə, Şərqi Avropa və Afrikada artıb.
- 2014-cü ildə hərb sahəsinə nə çox pul xərcləyənlər – Birləşmiş Ştatlar, Çin, Rusiya, Səudiyyə Ərəbistan və Fransadır.
- 2014-cü ildə ABŞ-da hərbi xərclər 6,5 faiz azalıb, 610 milyard dollar olub.
- Çin, Rusiya və Səudiyyə Ərəbistan hərbi xərclərini arıtıb. Ən böyük artım Səudiyyə Ərəbistandadır – 17 faiz
- Ümumilikdə 20 ölkədə (o cümlədən Azərbaycanda) 2014-cü ildə ÜDM-nin 4 faizdən çoxu hərbi xərclərə sərf olunub.