Jirinovskinin növbəti sərsəmləməsi Siyasət

Jirinovskinin növbəti sərsəmləməsi

Çingiz Qənizadə: "Jirinovski Putinin təlxəyidir"

"Ermənistan və Azərbaycan heç vaxt Qarabağ probleminin həllində razılıq əldə edə bilməyəcək. Ona görə də təklif edirəm ki, Qarabağı Rusiyanın tərkibinə qataq".
Belə sərsəm açıqlama ilə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib. O bildirib ki, Rusiya belə bir addım atarsa, ermənilər Kremldən inciməz. Jirinovski hesab edir ki, azərbaycanlılar da bu addımla barışmaq məcburiyyətində qalacaqlar: "Çünki bu yer Ermənistanda qalmayacaq, Rusiyanın tərkibinə veriləcək. MDB məkanında yaşayan xalqlar istədikləri vaxt Rusiyanın tərkibinə qatıla bilərlər".
Millət vəkili Çingiz Qənizadə modern.az saytına açıqlamasında Jirinovskinin təklifinə sərt cavab verib: "Əvvəla Dağlıq Qarabağ məsələsinin həlli Jirinovskinin vətəndaşı olduğu ölkədən, Rusiyadan daha çox asılıdır. Elə məsələnin indiyə qədər həll edilməməsində də Rusiyanın marağı olmuşdur. Qarabağın Rusiyaya birləşdirilməsi kimi Jirinovskinin sərsəm təklifinə gəlincə isə qeyd etmək istəyirəm ki, bütün zamanlarda kralların, şahların, ümumiyyətlə birinci şəxslərin ətrafında təlxəklər olmuşdur. Ona görə də bu cür təlxəklərin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz".