XİN-dən “Beeline” açıqlaması Siyasət

XİN-dən  “Beeline” açıqlaması

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın "Beeline" şirkətinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərməsinə münasibət bildirib.
Hikmət Hacıyev APA-ya açıqlamasında deyib ki, "Beeline" şirkətinin artıq uzun müddət ərzində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "Artsakh Telecom" ilə əməkdaşlığı ciddi narahatlıq doğurur: "Rəsmi diplomatik kanallar vasitəsilə "Beeline" şirkətinə dəfələrlə müraciətlər olunsa da, "Beeline" bu fəaliyyətini dayandırmayıb. Bu yaxınlarda "Beeline" tərəfindən təqdim edilən "Ryadom" proqramı isə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə daha da asanlaşdırılmış və ucuz formada zənglərin edilməsini nəzərdə tutur".
XİN sözçüsü bildirib ki, "Beeline" tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "Artsakh Telecom" ilə əməkdaşlığı Azərbaycan Respublikasının telekommunikasiya məkanına qanunsuz müdaxilə və nəticə etibarilə, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasıdır: ""Beeline" şirkəti bu fəaliyyəti ilə Beynəlxalq Telekommunikasiya İttifaqının qayda və təlimatlarını ciddi şəkildə pozur.
"Beeline"nın bu kimi fəaliyyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyən və hörmət edən Rusiya Federasiyasının rəsmi mövqeyinə də ziddir.
Biznes etikası və korporativ sosial məsuliyyət baxımdan isə "Beeline"nın bu kimi fəaliyyəti onun mobil rabitə xidmətlərindən istifadə edən azərbaycanlı müştərilərə münasibətdə hörmətsizlikdir.
Ermənistanın mobil operatoru olan "Armen Tel"-in təqdim etdiyi yalan məlumatlar əsasında "Artsakh Telecom" ilə rouminq əlaqəsi qurmuş bir çox mobil operatorlar Azərbaycan tərəfinin müraciətindən sonra bu təmasları dayandırıb və Azərbaycan tərəfdən üzr istəyiblər.
"Beeline" ilə əlaqədar olan məsələ Beynəlxalq Telekommunikasiya İttifaqı və digər müvafiq beynəlxalq təşkilatlar çərçivəsində də müzakirəyə çıxarılacaq".