“Bizim enerji siyasətimiz bölünməyə və qütbləşməyə deyil” Siyasət

“Bizim enerji siyasətimiz bölünməyə və qütbləşməyə deyil”

Turab Rzayev: “Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi bunu bir daha təsdiq edir”

“Azərbaycan hələ uzun illər Avropanın alternativ enerji mənbələri ilə təmin edilməsində aparıcı rol oynayacaq. Bizim enerji siyasətimiz bölünməyə və qütbləşməyə deyil, sinerji və əmkdaşlığa xoş niyyətə əsaslanır. Bunu ölkə rəhbərinin Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi də bir daha təsdiq elədi”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında analitik Turab Rzayev deyib. Onun sözlərinə görə, Azərbaycan çoxunun iddia etdiyi kimi Avropa qaz bazarında kiçik və mənasız oyunçu deyil: “Əksinə alternativ enerji mənbəyi və Avropalı partnyorlarının enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan tərəfdaşdır. Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları ən az 2.6 trilyon kubmetrdir. Hələ bundan sonra kəşf ediləcək yataqları saymasaq belə, bu həcm özü həm daxili istehlakımız, həm də və ixrac üçün ən azı 100 davamlı şəkildə bizi təbii qazla təmin edəcək.
Dövlət başçısının bu məsələni sırf EFE agentliyi ilə qabartması heç də təsadüf görünmür. Belə ki, İspaniyanın bu agentliyi yazılı mətbuatın Avronyusu sayılır. Prezident Avropaya açıq mesj verib ki, biz indiyə qədər olduğu kimi, bundan sonra da Avropa enerji təhlükəsizliyində rol oynamağa davam edəcəyik: "Biz təbii qazımızı Avropaya ixrac etməyə ötən ilin son günü - dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır. Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq". Bundan əlavə olaraq ölkə rəhbəri Azərbaycanın yeni investisiyalara açıq olduğunu, əgər Avropa ölkələri ödəniş edərsə, biz onları qaz ilə vaxtında təin edəcəyimizi də deyib”.
T.Rzayev diqqətə çatdırıb ki, ölkə rəhbərinin Azərbaycanın etibarlı tədarükçü olmasını qeyd etməsi, bizim qaz qiymətlərinin daha ucuz olduğunu, eyni vaxtda qaz ticarətində ödəniş şərtlərini xatırlatması boş yerə deyil: “Bununla potensial Avropa alıcılarına, investisiyanı Azərbaycana qoyun, öncədən ödəmələri bizə edin mesajı verilir. Güman edirəm ki, təbii qazın kubmetrinin 1000 dolları keçdiyi, hər siyasi krizdə, və hər qış qaz kəsilməsi sınağı ilə üzləşən Avropa üçün bu təkliflər maraqlı olacaq. Necə də olsa, əgər öncədən ödəniş edirsənsə, niyə daha ucuz və daha etibarlı tərəfdaşla bunu etməyəsən. Ölkə rəhbəri eyni zamanda yeni qaz yataqlarının kəşfinə də toxunub, qeyd edib ki, hazırda, yeni yataqların kəşf edilməsi mərhələsindəyik və Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır.
Prezidentin Azərbaycanın neft və təbii qazın ixrac həcmini və hasilatını artıra bilərik mesajı, yüksək enerji qiymətlərindən əziyyət çəkə Avropa qitəsini bir an öncə danışıqlar msasına dəvət edib, yeni danışıqlara başlamaq və yeni müqavilələr imzalamaq məqsədi güdür. Əgər belə olarsa, həm Azərbaycan hasilata daha çox sərmayə yatıracağıq, daha çox təbii qaz hasil edəcək. Düşünürəm ki, burda da ölkə rəhbəri iki strateji maraq güdür. Birincisi, müqavilə imzalamış, hətta ilkin ödəniş etmiş Avropa şirkətləri, hasil ediləcək qazı almağa məcburdur. Bununla, Azərbaycan tərəfi edəcəyi yatırımları, cəlb edəcəyi investisiyanı qarantiyaya alır. Digər məqsəd isə Qarabağ müharibəsini bəhanə edərək, bizdən uzaqlaşmış və ya soyuq münasibətlər yaratmağa çalışan Avropa ölkələrini, onların ermənipərəst siyasi elitasını Azərbaycan ilə masaya oturmağa məcbur etməkdir. Soyuqdan donan, qazın kubmetrinə min dollardan çox pul ödəyən Avropa əhalisi, hətta Avropa enerji şirkətləri çətin ki ucuz və etibarlı qaz tədarükçüsü ilə işbirliyindən hansısa erməni lobbisinə, zəif və gücsüz Ermənistana və yaxud da dişsiz siyasətçilərə görə imtina etsin”.

Əli Zülfüqaroğlu