“Türkiyəyə qarşı oynanılan çirkin oyun pozuldu”-Samir Hümbətov Siyasət

“Türkiyəyə qarşı oynanılan çirkin oyun pozuldu”-Samir Hümbətov

“24 noyabr 2021-ci ildə Yaxın Şərq siyasi tarixində önəmli hesab ediləcək hadisə baş verdi. 9 ildən sonra Birləşmiş Ərəb Əmirliyinin vəlihəd şahzadəsi Məhəmməd bin Zayed əl Nahyan Türkiyə səfər etdi və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla öncə təkbətək, sonra isə nümayəndə heyətlərinin də iştirakı ilə görüş baş tutdu”. Bunu xalqcəbhəsi.az-a politoloq Samir Hümbətov deyib. S.Hümbətov diqqətə çatdırıb ki, bu görüş çərçivəsində iki ölkə arasında əsasən iqtisadi sahəni əhatə edən 10 müqavilə imzalandı: “Əbu Dabi İnkişaf Holdinqinin İdarə Heyətinin sədri Məhəmməd Həsən əl Suvaidinin verdiyi açıqlamaya görə ilk mərhələdə BƏƏ tərəfi Türkiyə iqtisadiyyatına 10 milyard dollarlıq bir sərmayə qoyacaq.
Baş tutmuş bu səfərin 2012-ci ilin fevralından sonra əl Nahyan və Ərdoğan arasında baş tutan ilk təkbətək görüş olması baxımından da əhəmiyyətli hadisə hesab edilə bilər.
Təbii ki, bu səfərin digər önəmli tərəfləri də var ki, onları da xüsusilə qeyd etmək lazımdır.
1. Bu səfərin Türkiyədə lirənin dollar qarşısında süni şəkildə sürətlə ucuzlaşması fonunda baş turması və tərəflər arasında imzalanmış 10 milyard dollarlıq sərmayə qoyuluşunun türk lirəsini yenidən dəyər qazanmasına səbəb oldu. Bu da o deməkdir ki, Türkiyəyə qarşı oynanılan çirkin oyun pozulmuş oldu.
2. "Ərəb Baharı"ndan sonra tərəflər arasında korlanan münasibətlərin belə vaxtda yenidən canlanmasının özündə də xüsusi səbəblər var. BƏƏ Türkiyə ilə davam edən gərgin münasibətlərin ona xeyir gətirmədiyini, əksinə Türkiyənin regionda artan rolunun onun milli maraqlarını kölgədə qoyduğunu yaxşı başa düşür. Çünki həm Liviyada, həm Suriyada, həm də Aralıq dənizində Türkiyənin sərgilədiyi mövqe hər kəs tərəfindən göründü.
3. Uzun illər ittifaqda olduğu Səudiyyə Ərəbistanı və Misir Türkiyə ilə yaxınlaşmağa başladı ki, bu da ittifaqın dağılması deməkdir.
4. Donald Trampın dövründə ABŞ-dan ciddi dəstək alan Birləşmiş Ərəb Əmirlikləri Cozef Bayden dövründə bu dəstəyi görə bilmədi. Əksinə Bayden avtoritar dövlətləri demokratiya ilə hədələdi.
5. Türkiyənin Qətərdə sərgilədiyi mövqe alan Birləşmiş Ərəb Əmirlikləri üçün ciddi siqnal oldu və görünür əmirlik də bu mövqedən faydalanmaq niyyətindədir.
6. Türkiyə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımında regionun ən qüdrətli dövlətidir və İranla qarşılaşa biləcək tək dövlətdir. Bu və digər səbəblərə görə də alan Birləşmiş Ərəb Əmirlikləri Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu sərgiləməyə başladı.
Təbii ki, Türkiyə üçün də Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdırmaq vacibdir. Burada həm maliyyə vəsaitlərinin çoxluğu, iqtisadi sahədə əməkdaşlıq, Aralıq dənizi məsələsində Türkiyənin qarşısında dayanan dövlətlərin sayının azalması və s. məsələlər baxımından önəmlidir.
Burada diqqəti çəkən digər önəmli məsələ bir neçə gün öncə İsrail baş naziri və İsrail prezidentinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zənf etməsi və tərəfər arasında normallaşma mərhələsinə keçən münasibətləridir.
Hesab edirəm ki, bundan sonrakı mərhələdə tərəflər arasında mövcud olan münasibətlər daha da inkişaf etdirilə bilər. Hətta alan Birləşmiş Ərəb Əmirlikləri ərəfindən Türkiyəyə qoyulacaq sərmayənin həcmi bir neçə dəfə də arta bilər”.