Rəsmi Bakıdan ATƏT-in Minsk qrupuna etiraz Siyasət

Rəsmi Bakıdan ATƏT-in Minsk qrupuna etiraz

Hovruz Məmmədov: "Həmsədr dövlətlər, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir"
Araz Əzimov: "Beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayının artırılmasına ehtiyac duyulur"

Dünən Bakıda beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı keçirilib. Tədbirdə BMT sisteminə daxil olan təşkilatlarda, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və digər qurumların müxtəlif ölkələrdə yerləşən ofislərində işləyən 50-yə yaxın Azərbaycan vətəndaşı iştirak edib.
Tədbirin məqsədi beynəlxalq səviyyədə iş təcrübəsinə malik olan Azərbaycan vətəndaşlarının ölkənin inkişafı prosesində daha da fəal iştirakını təmin etmək məqsədilə onları birləşdirəcək vahid mərkəzin yaradılması və sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir.
Tədbirdə beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşları haqqında müfəssəl məlumatların toplanılması yolu ilə onlar haqqında vahid məlumat bazasının yaradılması; vətəndaşların bu qrupu arasında daimi əlaqələndirmə mexanizmlərinin hazırlanması və tətbiqi və digər məsələlər müzakirə olunub.
Toplantıda "Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlı kadrlarla bağlı mövcud vəziyyət və gələcək inkişaf perspektivləri" mövzusuna həsr olunan plenar iclasda Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov çıxış edib. O çıxışında beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların rolundan, beynəlxalq aləmdə baş verən geosiyasi proseslərdən, Azərbaycanın müstəqil dövlət kimi bu sistemdəki yerindən danışıb və dövlət başçısının bu cür təşəbbüslərə hər zaman dəstək verdiyini deyib.
Hovruz Məmmədov çıxışında Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində beynəlxalq vasitəçilərin nəticəsiz səylərini tənqid edib: "Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir".
N.Məmmədov bildirib ki, Azərbaycan sülh, sabitlik və əməkdaşlığın tərəfdarıdır: "Azərbaycan işğalçılıq siyasətini davam etdirən Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlər qurub".
PA rəsmisi qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırıb. Azərbaycanın, eləcə də regionun inkişafında əsas maneə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: "Münaqişənin həllinin hüquqi əsasları BMT-nin nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində göstərilib. Bunlar beynəlxalq hüquqi norma daxilindədir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir".
PA rəsmisi deyib ki, Azərbaycan beynəlxalq aləmdə öz nüfuzu ilə tanınan ölkəyə çevrilib: "Azərbaycanın 23 illik müstəqillik, inkişaf yolu var. Bu inkişafı hər kəs çox yaxşı bilir. Lakin həm daxildə, həm də xaricdə bəzi qüvvələr bu nailiyyətləri görmək istəmir, bəzi insanlar şişirdərək qarışqadan fil düzəltməyə çalışırlar".
O bildirib ki, dünyada Azərbaycana qarşı erməni lobbisi fəaliyyət göstərir: "Onların təsir dairəsində olan bəzi siyasətçilər, mətbu orqanlar, ictimai qurumlar Azərbaycana qarşı kampaniyalar aparırlar. Azərbaycanla bağlı uydurmalar, düzgün olmayan məlumatlar yayırlar, yalanlar, böhtanlar yazırlar. Beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı "qara piar"la məşğul olurlar. Azərbaycanın haqlı mübarizəsində bir övlad kimi sizin üzərinizə mühüm vəzifə düşür".
N.Məmmədovun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların sayı günü-gündən artır: "Hazırda bu say 100-ə yaxındır. Həmvətənlərimiz keyfiyyət baxımından da güclənirlər. Təşkilatlar daxilində daha yüksək vəzifələrə irəli çəkilirlər. Bu gün beynəlxalq təşkilatlarda çalışanların ilk toplantısı keçirilir. Yaxşı olardı ki, beynəlxalq təşkilatlarda çalışanların toplantısı ənənəvi hal alsın. Həm bir-birinizlə, həm də Azərbaycandakı təsisat və qurumlarla əlaqələr, əməkdaşlıq daha da genişlənsin. Bunun üçün hər hansı bir forma yaradıla bilər. Hər biriniz olduğunuz ölkədə, işlədiyiniz təşkilatda Azərbaycan xalqının bir nümayəndəsi, səfirisiniz. Bu nöqteyi-nəzərdən bir azərbaycanlı kimi sizin də üzərinizə məsuliyyətli iş düşür".
PA rəsmisi deyib ki, bu gün Azərbaycanın 57 ölkədə səfirliyi, 10 ölkədə baş konsulluğu fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 50-dən çox dövlətin səfirliyi, 3 ölkənin baş konsulluğu var. Dünyada 20-dən çox Azərbaycan təşkilatı, eyni zamanda, Azərbaycanda 20-dən çox təşkilatın nümayəndəliyi fəaliyyət göstərir.
Xarici işlər nazirinin müavini Araz Əzimov isə çıxışında qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi beynəlxalq prinsiplərdən irəli gəlir və əksər ölkələr, təşkilatlar tərəfindən dəstəklənir. A.Əzimov bildirib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqdan irəli gəlir və bu, ərazi bütövlüyünün toxunulmazlığıdır.
Nazir müavini qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərindən olan insanların öz doğma torpaqlarına qayıtması ilə bağlı "Böyük qayıdış" layihəsi beynəlxalq təşkilatlarda təbliğ edilməlidir: "Azərbaycanda öz yerlərini məcburi dəyişən qaçqın və məcburi köçkünlər var, onlar unudulmamalıdır. Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri həll olunur, amma onların yeni yaşayış yerlərinə köçürülməsi müvəqqətidir və buna məsələnin həlli kimi baxılmamalıdır, çünki onların probleminin həlli yalnız öz torpaqlarına qayıtmaları ilə olacaq".
Hazir müavinin sözlərinə görə, beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayının artırılmasına ehtiyac duyulur: "Beynəlxalq təşkilatlarda çalışan Aərbaycan vətəndaşları bir-biriləri ilə əlaqə saxlamalıdırlar. Bunun üçün çevik şəbəkənin yaradılması zəruridir. Məlumat mübadiləsi və əlaqələndirmə birinci məqsəd ola bilər. Bunun davamı kimi isə, Azərbaycanın marağına uyğun regional və transregional layihə təşəbbüslərini irəli sürmək və Azərbaycanda reallaşdırılmasına imkan yaratmaq lazımdır. Eyni zamanda, Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda sayının artırılması üçün orada çalışan vətəndaşlarımızın bir-birinə yardım etməsi, təcrübə mübadiləsi, vakansiyalara namizədlərin təqdim edilməsi üçün hansı vasitələrin effektiv olması məsələlərinə diqqət yetirilməlidir".
A.Əzimovun sözlərinə görə, bu, Azərbaycana ona görə lazımdır ki, Azərbaycan ölkə, dövlət, millət olaraq güclənir, inkişaf edir, beynəlxalq nüfuzu artır. Nazir müavini Azərbaycana qarşı müəyyən qüvvələrin mövcudluğunu, bunlardan birinin erməni təbliğatı olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan buna qarşı güclü təzyiq göstərir və bütün imkanlardan istifadə edib öz mövqeyini dünyaya düzgün çatdırır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Azərbaycanda uzun illər ərzində diaspora hərəkatı nostalji hisslərdən indi daha konkret tələblər qoyulma dövrünə kimi inkişaf edib. Onun sözlərinə görə, bu gün dünyanın 70-dən artıq ölkəsində azərbaycanlılar təşkilatlanıb Azərbaycan həqiqətlərini dünyaya, yaşadıqları ölkələrin cəmiyyətinə çatdırmaq üçün geniş istiqamətli fəaliyyətlər göstərirlər. Azərbaycanın nəinki regionda, dünya siyasətində də öz yerini tutduğunu deyən N.İbrahimov qeyd edib ki, bu qədər qlobal sarsıntılar dövründə Azərbaycan çox stabil, dinamik, düşünülmüş bir siyasət nəticəsində möhkəm tərəfdaş kimi mühüm yerə çatıb: "Lakin gələcəkdə xarici təşkilatlarda çalışan azərbaycanlıların fəaliyyətinə, diaspora təşkilatlarına olan yardımınıza, diaspor təşkilatlarının daha yüksək səviyyəyə çatmasında təcrübənizə, biliyinizə, aldığınız təcrübəyə böyük ehtiyac var".