Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Layihə

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti

Onun tarixinin öyrənilməsi hüquqi dövlət quruculuğu baxımından önəmli məsələlərdəndir

II yazı

Ötən sayımızda 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Respublikasının parlamenti yaradılması haqqında yazı təqdim etmişdik. Mövzunu davam etdiririk. Parlamentin ilk iclasında "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev birinci müavin seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.
Parlamentdə ermənilərin iştirakına gəlincə, Azərbaycan parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayrılmasına baxmayaraq onlar parlamentin açılışında iştirak etmədilər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsilə "Vahid və bölünməz Rusiya"nın parçalanmasına yol açdığı üçün "Azərbaycanın Rusiyadan ayrılması faktını" tanımadı və Azərbaycan parlamentini boykot etmək barədə qərar qəbul etdi. Ancaq Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu. Həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və iki aydan çox müddət ərzində parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etdilər.
Ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş, sayı 100 nəfərə çatmayan parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi altında müntəzəm olaraq Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.
Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: I dövr 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam edib. 6 ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən, 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan parlamenti mühüm tarixi qərarlar qəbul etdi. Azəərbaycanın ilk parlamenti 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdi.
Tarixçilərin qənaətincə, Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici tarixi məqamda Tiflisdə-Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.
Milli Şura dövründə Azərbaycan parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilib. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas - 1918-ci il noyabrın 19-da Bakıda keçirilib. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunub, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti müvəqqəti hökumətə verib. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa edib. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin (geniş tərkibli Azərbaycan Parlamentinin) çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan parlamenti fəaliyyətinin bu dövründə - Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində II dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək cəmi 17 ay davam edib. İlk iclas - 1918-ci il dekabrın 7-də, son iclas 1920-ci il aprelin 27-də keçirilmişdi. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdu. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Professor Qüdrət Əbdülsəlimzadə qeyd edir ki, belə bir çətin şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət siyasətinin cari və perspektiv konturları, onun lideri Məhəmməd Əmin Rəsulzadənin "Fikri, milli və siyasi istiqlalın kökü - İstiqlaldır" ideyası əsasında formalaşmışdı: "Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin cəmiyyətdə iqtisadi əsasını təşkil edən mülkiyyət - əmlak münasibətlərinin dəyişdirilməsi prosesindəki təmkinli mövqeyi, aqrar-torpaq islahatlarına dair müxtəlif variantların hazırlanaraq parlamentdə geniş müzakirəsi, sənaye sahələrinin inkişafına dair xətti, maliyyə-pul-alyuta siyasəti, inflyasiya prosesləri ilə bağlı tədbirləri, ölkənin xarici iqtisadi-ticarət əlaqələrini genişləndirməsi səyləri, iqisadiyyatın dövlət tənzimlənməsi istiqamətindəki addımları, əhalinin güzəranını yaxşılaşdırmaq, təhsil, səhiyyə, habelə digər sahələrdəki fədakar və düşünülmüş fəaliyyəti əsil Milli Hökumət qayğılarının danılmaz ifadəsi idi. Milli Hökumətin konkret Azərbaycan reallıqlarını, eyni zamanda daxili-xarici təsir qüvvələrini nəzərə almağa çalışan iqtisadi tədbirlərinin həyata keçirilməsi gedişində təkamül yolunun seçilməsi şübhəsiz, uzaqgörənlik və müdriklik kimi qiymətləndirilməlidir. Məhəmməd Əmin Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində hər bir yeni hakimiyyyət üçün aktual əhəmiyyət daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər yolu ilə irəliləmək siyasətini aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi: "Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə varlı, nə də yoxsulluğuna görə haqsız sayılırdı... Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən bəri insanların yaşayış və iqtisadiyyatında qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan götürmək mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və iç qarışıqlıqlardan başqa ayrı bir nəticə alına bilməzdi". Torpaq və ondan istifadə məsələlərinə gəlincə, M.Ə.Rəsulzadə bu qənaətdə idi ki, hər bir əkinçi özü əkib-becərdiyi torpağa sahibliyini qəbul etməklə yanaşı "Azərbaycan islahatları geniş torpaqları "ölü halında" (istifadəsiz) saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd edirdi". Belə bir yol, konkret reallıqları nəzərə alan uzaqgörən iqtisadi siyasətin nəticəsi idi".
I Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində parlament üzvləri həmrəylik və yekdillik nümayiş etdirirdilər.
Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyaları idi. Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət yaratmaq üçün hakimiyyətin qanunvericilik, icraedicilik və məhkəmə orqanlarına bölünməsi prinsipini də nəzərdə tuturdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin bütövlükdə fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə yaxın qonşuları ilə siyasi, iqtisadi və ticarət əlaqələrini yaratmağa yönəlmişdi. Eyni zamanda bu dövr ərzində vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı Dövlət Universitetinin yaradılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və s. sənədlər də parlamentdə müzakirə edilib və qəbul edilmişdi.

Uğur