Silahlı münaqişələr dövründə qadın və uşaqların hüquqlarının müdafiəsi Layihə

Silahlı münaqişələr dövründə qadın və uşaqların hüquqlarının müdafiəsi

Beynəlxalq hüquq silahlı münaqişələr dövründə mülki əhalinin müdafiəsinin xüsusi üsullarını nəzərdə tutur

I yazı

Yaxşı cəmiyyətin özülü yaxşı insanlardır. Uşağa insani münasibət ilk sırada ailədən başlayır. Yüzillərdir ki, incəsənətin müxtəlif sahələri sirli-sehrli qadın dünyasının əsrarəngizliyi, özünəməxsusluğu barədə yazır, mövzu bitmək bilmir ki, bilmir. İndi dünyanın bir tərəfində baş verən hadisə az sonra o biri tərəfində insanda reaksiya doğurur. Bunun zərbəsi isə ilk növbədə ailələrə, ailələrdə böyüyən uşaqlara dəyir. Zamanın bütün dəyişkənliyinə, ziqzaqlarına davam gətirmək, ailəni qorumaq, son dərəcə çətin məsələdir. Ancaq bu, həm də olduqca vacibdir. Əgər dünyada qan-qada, müharibə gerçəkliyi qalırsa, uşaqların hansı beynəlxalq müdafiəsindən danışıla bilər? Dünyada insan alveri tüğyan etməkdədir ki, bunun da qurbanı daha çox uşaqlar və qadınlar olur.
Araşdırmaçı Zamiq Aslanovun fikrincə, bu gün bütün dünya dövlətlərində, xüsusən də silahlı münaqişə şəraitində olan ölkələrdə qadın və uşaq hüquqlarının müdafiəsi müxtəlif formalar, mexanizmlər, orqan və təşkilatlar çərçivəsində həyata keçirilməlidir. Tərəflərin hərbi münaqişədə əsas humanitar öhdəliklərinə əməl olunduğu şəraitdə daha ədalətli və humanist dünya düzəninə nail olmaq olar. Humanitar hüquq normalarına bütün hallarda əməl olunmalıdır. Çünki bu, bəşəriyyətin həyatının və ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır: "Uşaqlar dövlətin və cəmiyyətin gələcəyidir. Ona görə də onların hüquqlarının müdafiəsi və problemlərinin həlli günümüzün ən aktual məsələlərindən birini təşkil edir. Müasir qloballaşma şəraitində uşaqların hüquqlarının dolğun şəkildə təmini konkret bir dövlətin imkanları xaricində olmaqla, bütün dünya birliyinin səylərinin birləşdirilməsini tələb edir. Müasir silahlı münaqişələri xarakterizə edən təhlükəli tendensiyalardan biri onların iştirakçılarının gəncləşməsidir. Bir çox silahlı münaqişələrdə məhz gənc insanlar, çox zaman isə uşaqlar həm birbaşa kombatant (silahlı qüvvələrin tərkibinə daxil olan şəxs) kimi, həm də dolayı şəxslər kimi fəal rol oynayırlar. Bu baxımdan uşaqlar silahlı münaqişədə silahlı əsgər kimi də çıxış edə bilərlər. Ona görə də silahlı münaqişə dövründə uşaqların hüquqi statusu əhəmiyyətli dəyişikliyə məruz qalır. Belə ki, silahlı münaqişə zamanı onlar həm zorakılıq subyekti, həm də obyekti ola bilərlər. Statusuna görə subyekt olan uşaqlara silahlı münaqişə dövründə müəyyən hallarda silah tətbiq edilə bilər, obyekt uşaqlara isə heç bir halda silah tətbiq edilə bilməz. Çünki subyekt uşaqlar silahlı münaqişənin bilavasitə iştirakçısı kimi, obyekt uşaqlar isə mülki əhalinin bir kateqoriyası kimi nəzərdən keçirilir. 1998-ci ildən etibarən BMT Baş Katibinin uşaqlar və silahlı münaqişələr üzrə ilk xüsusi nümayəndəsi öz işinə başlamış və BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı ilk açıq müzakirələrini keçirib. Lakin bütün bunlara baxmayaraq bu gün yenə də silahlı münaqişələr dövründə uşaqların qarşılaşdığı və öz həllini gözləyən çoxsaylı problemlər mövcuddur. Bu məqsədlə BMT Təhlükəsizlik Şurası beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq münaqişə şəraitində uşaqlara qarşı kobud rəftarın aşağıdakı altı növünü ön plana çəkib:
- öldürmək və şikəst etmək;
- oğurlamaq;
- uşaqlardan əsgər kimi istifadə etmək;
- seksual zorakılıq etmək;
- məktəb və xəstəxanalara hücum etmək;
- humanitar imkandan imtina etmək".
Həmçinin BMT Təhlükəsizlik Şurası müşahidə və hesabat mexanizminin yaradılması təklifini irəli sürüb: "Hazırda bu mexanizm fəaliyyət göstərir və BMT-nin uşaqlar və silahlı münaqişələr məsələsi üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi Məqsədli Qrupa məlumatlar verir. Bu məlumatlar BMT Baş Katibinin uşaqlar və silahlı münaqişələr məsələsi üzrə BMT TŞ-nın işçi qrupuna təqdim etdiyi məruzənin hazırlanması və uşaq hüquqlarını pozan tərəfə qarşı məqsədyönlü tədbirlərin görülməsi üçün əsas kimi çıxış edir. Bu tədbirlər nəticəsində münaqişə tərəfləri uşaq hüquqlarına əməl olunmasının təmin edilməsi məqsədilə konkret hərəkətlər planı hazırlamağa razılıq verirlər.
Qeyd etmək lazımdır ki, uşaqlarla yanaşı qadınlar da müharibədə daha çox əziyyət çəkən, iztirab və məhrumiyyətlərə məruz qalan əhali kateqoriyasına aiddir. Bu baxımdan müasir dövrdə onların beynəlxalq müdafiəsi məsələsi beynəlxalq birliyin diqqət mərkəzində olmaqla xüsusi aktuallıq kəsb edir. Qadınların beynəlxalq müdafiəsi ictimai həyatın bütün sahələrində qadın hüquqlarına hörmət və əməl olunmasının təmin edilməsi, həmin hüquqların təminat səviyyəsinin və mexanizmlərinin artırılması məqsədi ilə dövlətlərin və müvafiq beynəlxalq təşkilatların əməkdaşlığını tənzim edən beynəlxalq hüquq normalarının məcmusundan ibarət hüquq institutudur".
Araşdırmaçı hesab edir ki, qadınlar müharibənin gedişində və sülhün qorunmasında mühüm rol oynayırlar (xüsusən, də tibbi və inzibati işçilər kimi). Lakin buna baxmayaraq onlar sülh danışıqlarında və silahlı münaqişə ilə bağlı siyasi qərarların qəbul edilməsi prosesində demək olar ki, iştirak etmirlər: "Adətən qadınlar silahlı qüvvələrdə xidmət etmirlər. Son dövrlər isə bir sıra ölkələrdə qadın hərbi qulluqçularının sayının artırılması üzrə tədbirlər görülüb. Bu, qadınların öz ölkələrinin silahlı qüvvələrində xidmət etmək hüququnun tanınmasından irəli gəlir. İnsan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi qadın hüquqları əksər dünya dövlətlərində tam şəkildə reallaşdırılmır. Bu isə qadınların cəmiyyətdə rolu ilə bağlı ənənəvi yanaşma ilə bağlıdır.
Silahlı münaqişələr hüququ (jus in bello) silahllı münaqişələr şəraitində fəaliyyət göstərən beynəlxalq hüququn xüsusi bölməsi olub, müharibələr, beynəlxalq və qeyri-beynəlxalq silahlı münaqişələr zamanı tətbiq olunan, silahlı münaqişə tərəfləri arasında yaranan müxtəlif münasibətləri tənzim edən, müharibənin aparılmasının bir sıra metod və vasitələrini qadağan edən və ya məhdudlaşdıran, silahlı münaqişələr zamanı fərdin hüquqlarını təmin edən normaların məcmusunu özündə əks etdirir.
Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq beynəlxalq silahlı münaqişə beynəlxalq hüquq subyektliyinə malik olan iki və daha çox dövlət və ya digər silahlı qüvvələr arasında yaranan və mövcud olan silahlı qarşıdurmanı ifadə edir.
Göstərmək lazımdır ki, silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq iki qoldan – Cenevrə hüququ və Haaqa hüququndan ibarətdir. Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəldiyi halda, Haaqa hüququ hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır".
1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilib: "Birincisi, "Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", ikincisi, "Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında", üçüncüsü, "Hərbi əsirlərlə rəftar haqqında" və dördüncüsü, "Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında" konvensiyalar. 1977-ci və 2005-ci ildə Konvensiyaya üç əlavə protokol qəbul edilmişdir. I Əlavə Protokol beynəlxalq silahlı münaqişələr zamanı, II Əlavə Protokol qeyri-beynəlxalq silahlı münaqişələr zamanı tətbiq edilir. III Əlavə Protokol isə Qızıl Kristal embleminin qəbulu ilə bağlıdır.
Silahlı münaqişələr dövründə mülki əhalinin müdafiəsinin ümumi məsələləri də mühümdür. Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi 1899-cu və 1907-ci illər Haaqa konvensiyaları, "Müharibə qurbanlarının müdafiəsi haqqında" Cenevrə Konvensiyası (1949) və ona I və II Əlavə protokollar (1977) və digər beynəlxalq hüquqi sənədlərlə tənzimlənir. Beynəlxalq hüquq silahlı münaqişələr dövründə mülki əhalinin müdafiəsinin xüsusi üsullarını nəzərdə tutur. Qeyd etmək lazımdır ki, silahlı münaqişələr dövründə həm insan hüquqları sahəsində normalar, həm də beynəlxalq humanitar hüquq sahəsində normalar tətbiq olunur. Silahlı münaqişələr dövründə beynəlxalq humanitar hüquq çox vaxt daha səmərəli olur. Belə ki, beynəlxalq humanitar hüquq normaları konkret olaraq silahlı münaqişə dövründə bilavasitə yaralılara və digər şəkildə hərbi əməliyyatlardan kənarda qalan hərbi qulluqçulara və mülki əhaliyə münasibətdə insan hüquqlarının pozulması hallarının məhdudlaşdırılmasına və qarşısının alınmasına yönəlib. "Müharibə qurbanlarının müdafiəsi haqqında" Cenevrə Konvensiyası (1949) və ona əlavə protokollar (1977) hərbi əsirlərə, orduda iştirak edən yaralı və xəstələrə, dənizdə silahlı qüvvələrin tərkibinə daxil olan yaralılara, xəstələrə və gəmi qəzası nəticəsində zərər çəkən şəxslərə, mülki əhaliyə müdafiə təqdim edir.
Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq silahlı münaqişələr dövründə mülki əhali dedikdə münaqişə və ya işğal şəraitində münaqişədə iştirak edən və ya işğal edən vətəndaşı olmadığı tərəfin (dövlətin) hakimiyyətində olan şəxslər başa düşülür. Göstərmək lazımdır ki, ikinci dünya müharibəsində və ondan sonrakı dövrdə müharibə nəticəsində mülki əhali arasında itkilər əhəmiyyətli dərəcədə artıb. Əgər Birinci dünya müharibəsində 10 milyon insan ölmüşdüsə, İkinci dünya müharibəsində ölənlərin sayı 55 milyon olub. XXI əsrdə də silahlı münaqişələrin və bu münaqişələrdə ölən dinc və köməksiz insanların sayı getdikcə artır. Silahlı münaqişələr dövründə mülki əhaliyə qarşı aşağıdakılar qadağandır:
- əsas məqsədi terror olan zorakılıq aktları və təhdidi;
- siyasi təzyiq tədbirləri qaydasında mülki əhaliyə hücum;
- yaşayış məntəqələrinin və ya obyektlərin hərbi əməliyyatlardan müdafiəsi məqsədi ilə mülki şəxslərdən istifadə və s."

Uğur