Demokratiyanın mühüm atributlarından biri: ifadə azadlığı Layihə

Demokratiyanın mühüm atributlarından biri: ifadə azadlığı

Müxtəlif informasiya mənbələrinin olması da mühüm amildir

Cəmiyyətinin inkişafı demokratik idarəetmə ilə birbaşa bağlı olan mühüm məsələdir. Hər bir ölkə daha demokratik idarəetməyə can atmalıdır ki, cəmiyyət də demokratikləşsin, vətəndaş azadlıqları bərqərar olsun, vətəndaş cəmiyyəti institutları formalaşsın və s. Ümumi hüquqda hüquqi dövlət prinsipi idarə olunanların azadlıqlarının təminatı vasitəsi kimi qəbul edilir. Bu məqsəd üçün demokratik idarəetmə hüquqi dövlətin reallaşması şərtidir.
Siyasət və ümumi hüquq tarixi göstərir ki, idarə olunanların dövlət idarəsində iştirak etmədikləri şəraitdə liberal rejimin qurulması mümkün olmayıb. Xalqın birbaşa və ya dolayı qərar vermə prosesinə qatılması, yəni demokratikləşmə mühüm amildir. Bu baxımdan əvvəlcə "Demokratiya" anlayışının nəyi ifadə etdiyini müəyyən etmək lazımdır. Demokratiyanın qəti və dəqiq tərifi verilməyib. Bir tərifə görə müasir siyasi demokratiya idarə olunanların (vətəndaşların) elə bir idarəetmə formasıdır ki, burada vətəndaşların seçilmiş nümayəndələri, rəqabət və işbirliyi yolu ilə dolayı olaraq ictimai sahədə iştirak edirlər. Demokratiyanın tərifi mövzusunda bir çox rəy və fikir irəli sürülüb. Bunlar demokratiya barədə əsas fikir və düşüncələrin təhrif olunmasına səbəb olan fikir axımları olub. Tərifi və ya üsulundan asılı olmayaraq, demokratiyanın məqsədi təkdir, o da azadlığın təmin olunmasıdır. Bunun əksini iddia etmək çətindir. Sartorinin də ifadə etdiyi kimi, demokratiya termininin təkcə açıqlayıcı deyil, normativ və inandırıcı funksiyası da var.
Demokratiyanı reallaşdırma vasitələri dəyişdikcə və inkişaf etdikcə demokratiyanın tərifi də dəyişəcək. Bu idarə formasının birbaşa xalq tərəfindən olmasa da, "xalq üçün" olması şərtdir. Bunu reallaşdıracaq dövlət həm qanunlarla, həm adətlə, həm də nəzarət mexanizmi ilə azadlıqlara təminat verməlidir. Digər tərəfdən, təmin edilməli olan azadlıq çoxluğun deyil, maksimum sayda şəxsin azadlığıdır. Yəni siyasi cəmiyyətin bütün təbəqələrinin könüllü şəkildə uzlaşdırılmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi azlıqların hüquqlarını qoruduğu kimi, ölkənin çoxluq təşkil edən əhalisinin bu azlıqlara, onların narahatedici istəklərinə dözməli olduğunu göstərib və bunu da (dözümlülük və tolerantlıq) demokratiyanın ayrılmaz xüsusiyyəti sayıb. Avropa Məhkəməsi azlıqlar olaraq əsasən irqi, siyasi və dini azlıqları nəzərdə tutur. Lakin bunlarla da məhdudlaşdırmır.
Demokratik adətlərə gəldikdə isə, onların olmadığı cəmiyyətdə qanunların təkbaşına təsirli olmayacağını qeyd etməliyik. Bu adətlərin necə bərqərar olacağı isə cəmiyyətin böyük və ya təsirli qisminin demokratiyaya olan inancına bağlıdır. Nəzarət mexanizmi də, sadəcə, idarəçi şəxslər üzərində deyil, idarə edən çoxluğun nəzarətini də əhatə etməlidir. Burada, sadəcə, inzibati hüquqi aktların qanunlara uyğunluğu deyil, eyni zamanda "çoxluğun" çıxardığı qanunlar üzərində konstitusional nəzarət də önəmlidir.
Robert Dahlın irəli sürdüyü fikrə görə, dövlətdə minimum standartlarla demokratiya ən az bu səkkiz təminatın olması ilə mümkündür:
1) təşkilat qurma və onlarda iştirak etmə azaldığı;
2) ifadə azadlığı;
3) səsvermə hüququ;
4) rəsmi vəzifələrə təyin olunma, seçilmək hüququ;
5) siyasi liderlərin seçici səsini qazanmaq üçün yarışa bilmə imkanı;
6) müxtəlif informasiya mənbələrinin olması;
7) azad və ədalətli seçkilər;
8) hökumətin öz siyasətini seçici səsləri və ictimai rəyə əsaslanaraq həyata keçirməsi üçün lazımi qurumlarının olması.
Bununla belə, hüquqi dövlət institutu demokratik rejimlərə də məhdudiyyətlər gətirir. Çoxluğa dayanan iqtidarın məhdudlaşdırılmasının əhəmiyyəti, cəmiyyət üzvlərinin əsas azadlıqlarına təminat vermək, çoxluğun hegemonluğunun qarşısını almaq və azlıqda olanların qorunmasıdır. Bu, eyni zamanda consensus demokratiyasının tələbidir. Müasir demokratik idarəetmə formalarında hüquqi dövlət prinsipi onu tələb edir ki, idarə olunanların istəkləri nəzərə alınsın. Bu zərurət də qərarvermə prosesinə məhdudlaşdırma gətirməlidir. Bu məhdudlaşdırma da, azlıqların hüquq və mənafelerinin qorunmasında əsas hüquqlara və qazanılmış (əldə olunmuş, verilmiş) hüquqlara hörmətlə yanaşmaqdan ibarətdir.
Bəs demokratiya özü nədir? Demokratiya (yunanca demos - xalq və kratos - hakimiyyət) cəmiyyətin siyasi təşkili forması olmaqla xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratik azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməsi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır.
Demokratiya ilk növbədə insan şəxsiyyətinə hörmətdir. Dmokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "... bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir".
Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz hər şeydən əvvəl insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq.
Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik. Bir tərəfdən bu inam insanın azad olması fikrinə əsaslanır, digər tərəfdən isə, yaddan çıxarmaq olmaz ki, bir nəfərin azadlığı başqalarının da azad olmasına mane olmamalıdır. Bu fikri sübut etmək üçün Karl Popper belə bir misal gətirir. Məhkəmədə qonşusunu döymüş bir xuliqanın işinə baxılır. Xuliqan deyir: "Mən azad vətəndaşam və öz yumruğumu istənilən istiqamətdə hərəkət etdirə bilərəm". Hakim bu sözlərə müdrik bir cavab verir: "Sizin yumruğunuzun sərbəst hərəkəti qonşunuzun burnunun vəziyyəti ilə məhdudlaşır." Başqa sözlə desək, siz öz hərəkətlərinizdə yalnız o dərəcədə azadsınız ki, bu hərəkətlər başqasına mane olmur. Axı onun da sizin kimi hüquqları var.
Özünə rəhbər seçməkdə bərabər iştirak da elə bununla izah edilir. Demokratiyada hər kəs bir səsə malikdir və bu səs hamıda bərabərdir. Əlbəttə, həyatda bu bərabərlik idealının öz çatışmazlıqları var. Ciddi tədqiqatlar aparmağa ehtiyac yoxdur. Elə onsuz da məlumdur ki, çox yüksək inkişaf etmiş demokratiyaya malik dövlətlərdə belə heç də bütün vətəndaşların öz azadlıqlarından istifadə etmək hüquqları bərabər deyil.
Vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Burada əxlaq və humanizim prinsiplrinə, qanunlara, və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur.
Vətəndaş cəmiyyəti - cəmiyyətin inkşafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və b. münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.
Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştrakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətcisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür. İnkşaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi; sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması vacib amildir. Vətəndaş cəmiyyətində dövlət strukturlarından fərqli olaraq vertikal (tabeçilik) əlaqələr yox, horizontal əlaqələr üstünlük təşkil edir. Horizontal əlqələr - hüquqca azad və bərabərhüquqlu fərdlərin rəqabət və əməkdaşlıq münasibətləridir.

Uğur