İnternet şəbəkəsindən istifadə mədəniyyətinin formalaşdırılması problemləri Layihə

İnternet şəbəkəsindən istifadə mədəniyyətinin formalaşdırılması problemləri

Tərlan

Məlumdur ki, qlobal informasiya cəmiyyətində informasiya iqtisadiyyatın, elmin, təhsilin, siyasi və ictimai fəaliyyətin digər sahələrinin aparıcı amilinə çevrilir. Bu baxımdan, informasiya cəmiyyəti çox mürəkkəb formada qarşılıqlı münasibətdə olan korporativ və açıq informasiya fəzalarının toplusundan ibarətdir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun alimləri R.M.Əliquliyev, Y.N.İmamverdiyev və F.F.Yusifov qeyd edirlər ki, informasiya cəmiyyətinin formalaşması mərhələləri beş səviyyədən ibarətdir: kommunikasiyalaşma, kompyuterləşmə, şəbəkələşmə, informasiyalaşma və virtuallaşma. Cəmiyyətin informasiya təhlükəsizliyinə olan təhlükələrin hədəfləri də məhz bu səviyyələrdir. İnformasiya təhlükəsizliyinə olan təhlükələrin meydana çıxmasının əsas səbəblərindən biri kimi isə beynəlxalq səviyyədə İnternetin fəaliyyətini tənzimləyən mexanizmlərin olmamasını göstərmək olar. İnternetin sürətli inkişafı və istifadəçilərinin sayının kütləvi şəkildə artması ilə kompyuter və kommunikasiya sistemlərinə olan təhdidlər daha ehtimallı olur və onların realizəsi nəticəsində yaranan fəsadlar daha geniş miqyas alır. Müxtəlif səviyyələrdə təhlükələrin olmasına baxmayaraq, istənilən halda təhlükələrin mənbəyi insandır. Hər bir insanın daxili dünyası, yaşadığı mühit, psixoloji
durumundan asılı olaraq cəmiyyət qarşısında məsuliyyətini itirməsi başqalarının hüququnun pozulması ilə nəticələnir. Statistik hesabatlara görə, sistemin öz istifadəçilərinin hərəkətləri nəticəsində vurulan ziyanın həcmi artıq virusların vurduğu ziyanı üstələyir. Təhlükəsizlik sahəsində bir çox problemlər istifadəçilərin, sistem administratorlarının və digər mütəxəssislərin
informasiya təhlükəsizliyi sahəsində biliklərinin lazımi səviyyədə olmaması nəticəsində yaranır. Təbii ki, insan amilinə bağlı olan bu problemlərin aradan qaldırılması informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşmasını zəruri edir.
Vətəndaşlarda informasiya mədəniyyətinin vacib hissəsi olan informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması istiqamətində davamlı və məqsədyönlü tədbirlərin görülməsi də müasir dövrdə mühüm məsələyə çevrilir. Belə ki, istifadəçilərə informasiya-kommunikasiya sistemlərində iş zamanı gözlənilən təhlükələr və onlarla mübarizə mexanizmləri haqqında zəruri biliklər verilməlidir. İnternet şəbəkəsindən istifadə mədəniyyətini formalaşdırmaq, neqativ təsirlərə qarşı "immunitet"in möhkəmləndirilməsi üçün bu mədəniyyət normalarını aşılamaq lazımdır.
Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasına məsuliyyət bölgüsü də qeyd olunan bütün səviyyələr üzrə aparılmalıdır. Hər bir korporativ informasiya fəzasının təhlükəsizlik siyasəti işlənilməli və həyata keçirilməlidir. Xüsusən, cəmiyyətin informasiya təhlükəsizliyinin əsas komponenti sayılan enerji təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, enerji təhlükəsizliyi hər hansı bir dövlətin daxili məsələsi olmadığı üçün istənilən ölkədə olan serverin sıradan çıxması mövcud informasiya resurslarına digər ölkələrdən də çıxış imkanının məhdudlaşdırılmasına gətirib çıxarır.
İnformasiya təhlükəsizliyinin mühüm vəzifələrindən biri də informasiya azadlığının təmin olunmasıdır. İnformasiya azadlığının təmin olunmasının mühüm göstəricisi kimi fasiləsiz, məhdudiyyətsiz informasiya resurslarına çıxış imkanının (əlyetərliliyin) olmasıdır. İnsanların İnternetə çıxış sürətinə tələbatının çox yüksək templə artması bəzi ölkələrdə informasiya azadlığının təmin olunması üçün vətəndaşların İnternetə çıxış sürətinin minimum həddi haqqında qanunlar qəbul olunmasını zəruri etmişdir. Qeyd etmək lazımdır ki, 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" qanunu qəbul edilmişdir. Bu qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə AMEA İnformasiya Texnologiyaları İnstitutu gov.az domen zonasında fəaliyyət göstərən vebsaytların yaradılması və istismarına dair qaydaları işləyib hazırlamışdır.
Mühüm məsələlərdən biri də vətəndaşların şəxsi və ailə həyatı ilə bağlı toplanan, emal olunan və ötürülən məlumatların mühafizə olunması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bir sıra ölkələrdə İnsan Hüquqları Haqqında Bəyənnamənin 19-cu və 21-ci maddələrinin Həyata keçirilmə vəziyyətinin monitorinqi məqsədi ilə "informasiya ombudsmanı", "informasiya telekommunikasiya ombudsmanı" kimi institutlar fəaliyyət göstərir. Başqa sözlə, informasiya ombudsmanları, bir tərəfdən, informasiya azadlığının (19-cu maddə), digər tərəfdən isə, fərdi məlumatların mühafizə vəziyyətinin (21-ci maddə) monitorinqini həyata keçirir. İnformasiya cəmiyyəti quruculuğu prosesində ölkədə formalaşan fərdi məlumatlar infrastrukturu ən önəmli məsələlərdən birini təşkil edir. Ölkəmizdə 2010-cu ildə "Fərdi məlumatlar haqqında" qanun qəbul olunmuşdur və hazırda qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə müvafiq işlər aparılır. Bu sahədə dünyada olan mövcud təcrübəni nəzərə alaraq ölkəmiz Avropa Şurasının 1981-ci il tarixli "Fərdi məlumatların avtomatlaşdırılmış sistemlərdə emalı vaxtı fiziki şəxslərin qorunması haqqında" Konvensiyasına (108 saylı Konvensiya) qoşulmuşdur .
Cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında biometrik informasiya texnologiyaları böyük imkanlara malikdir. Təcrübədən məlumdur ki, informasiya-kommunikasiya sistemlərində, xüsusən də, İnternet mühitində baş verən cinayətlərin, qeyri-etik davranışın əsas səbəblərindən biri istifadəçilərin zəruri hallarda identifikasiyası mexanizmlərinin mükəmməl olmamasıdır. 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror hadisəsindən sonra BMT-nin Təhlükəsizlik Şurası insanların onlara məxsus biometrik məlumatlara əsasən identifikasiyasının həyata keçirilməsi, yeni nəsil sənədlərin tətbiqi haqqında qətnamə qəbul etmişdir. 2007-ci ildə Azərbaycanda da "Biometrik eyniləşdirmə sisteminin yaradılması haqqında" Dövlət Proqramı qəbul olunmuşdur. Hesab etmək olar ki, yaxın gələcəkdə on-layn biometrik servislərin tətbiqi cəmiyyətin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması üçün geniş imkanlar yaradacaqdır.
Alimlərimizin fikrincə, milli eyniləşdirmə sisteminin iki vacib elementinin - biometrik eyniləşdirmə sisteminin və elektron imza infrastrukturunun yaradılması, onların imkanlarının səmərəli şəkildə birləşdirilməsi və istifadəsi təkcə bu problemin həllində deyil, ümumiyyətlə, informasiya məkanının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasında İnternet provayderlərinin də rolu böyükdür və onların üzərinə mühüm vəzifələr qoyulur. Bu gün ölkə üzrə təxminən 40-a yaxın provayder tərəfindən İnternet xidmətləri göstərilir. Cəmiyyətin informasiya təhlükəsizliyi, əsasən, bu provayderlərdən və onların administratorlarından asılıdır. Ona görə də İnternet provayderlərin
və administratorların cəmiyyət qarşısında məsuliyyəti hüquqi mexanizmlərlə təsbit olunmalıdır. İnformasiya cəmiyyəti məsələlərinə həsr olunmuş Ümumdünya Sammitinin yekun Bəyannaməsində, beynəlxalq qurumların, Avropa Birliyinin və inkişaf etmiş ölkələrin qəbul etdiyi hüquqi sənədlərdə spamlarla, viruslarla, ziyanlı kontentlərin yayılmasına qarşı mübarizə məqsədi ilə şəbəkə operatorları və İnternet-provayderlərin qarşısında mühüm vəzifələr qoyulur. Spamlarla, viruslarla, ziyanlı kontentlərlə mübarizə şəbəkə operatoru və provayderlər səviyyəsində aparılarsa, çox az vəsait hesabına kompyuterləri viruslardan mühafizə etmək olar. Bununla yanaşı, beynəlxalq təcrübəyə əsaslanaraq şəbəkə operatorlarının və provayderlərinin maliyyələşdirməsi mexanizmlərinin işlənilməsinə də xüsusi diqqət yetirilməlidir. Mühüm məsələlərdən biri də elektron dövlət proqramlarının reallaşdırılması zamanı təhlükəsizlik məsələlərinin təmin edilməsidir. Həyata keçirilən elektron dövlət proqramlarının məqsədlərinə hakimiyyət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, səmərəliliyin yüksəldilməsi, informasiya azadlığının, demokratiyanın inkişafı və insan hüquqlarının təmin olunması, vətəndaşların (fiziki imkanlarından asılı olmadan) dövlətin idarə edilməsində yaxından iştirakı, onlayn mühitdə dövlət xidmətlərinin göstərilməsi, təhlükəsizliyinin təmin olunması və s. aid etmək olar.
Ölkəmizdə formalaşan informasiya cəmiyyətinin bir seqmenti də e-elmdir. E-elmin şəbəkə platforması AzScienceNet elm kompyuter şəbəkəsi UNESCO-nun xüsusi komissiyasının tövsiyəsi ilə AMEA-nın üzvlüyü çərçivəsində TERENA-da (Trans-Avropa Elmi-tədqiqat və Təhsil Şəbəkə Assosiasiyası) qeydiyyata alınmışdır. Bunun nəticəsində Azərbaycan elmi qurumlarının Avropa və beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır. AzScienceNet şəbəkəsinin infrasturkturunun genişlənməsi, təhlükəsizlik və monitorinq sisteminin etibarlı şəkildə qurulması, DATA mərkəzinin yaradılması, açıq qrid, cloud comruting və eduroam servislərinin tətbiqi, videokonfrans sisteminin təşkili, beynəlxalq səviyyədə və digər ölkələrdə fəaliyyət göstərən müvafiq elmi şəbəkə qurumları ilə inteqrasiya istiqamətində kompleks işlərin həyata keçirilməsinə kömək edir. Bu baxımdan, AzScienceNet-in informasiya təhlükəsizliyinin təmin olunması da mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet-in "İstifadə siyasəti" və "İnformasiya təhlükəsizliyi siyasəti" işlənmiş və şəbəkənin təhlükəsizliyinin təmin olunması üçün kompleks tədbirlər həyata keçirilir.
Hazırda informasiya resurslarından və texnologiyalarından cinayət və terror məqsədləri ilə istifadə etməyin qarşısının alınması, insan hüquqlarının qorunması, o cümlədən, fərdi məlumatların toxunulmazlığı və söz azadlığının təmin olunması da aktuallıq kəsb edir. İnsan haqlarının qorunması ilə yanaşı, İnternetdə terrorizmin bütün formaları və təzahürlərinə qarşı mübarizə aparılmalı, rəqəmsal bərabərsizliyin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir.