Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: yeni dönəm və hədəflər Layihə

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: yeni dönəm və hədəflər

“Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq ikinci ildir ki, ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər”. Bu fikirləri Prezident İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciətində bildirib.

Xatırladaq ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi əsas tezisə çevrilib.

Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırkı Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırıb, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verib.

Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlət başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.

Daha sonra Dünya Azərbaycanlılarının III və IV quurltayları baş tutub.

Sonuncu qurultay isə Şuşada baş tutub və Zəfər Qurultayı adlanıb. Həmin qurultaya 65 ölkədən 400-ə yaxın soydaşımız qatılıb. Dövlət başçısı orada qalib dövlətin Ali Baş Komandanı olaraq xaricdə yaşayan soydaşlarımızın qarşısında etdiyi çıxışda bir sıra mühüm məsələlərə toxunub. Eyni zamanda onların qarşısında müharibədən sonrakı dönəm üçün həm də vəzifələr qoyub...

Millət vəkili Rəşad Mahmudov bildirib ki, milli birliyin, vətəndaş həmrəyliyinin gücü ölçüyəgəlməzdir: “Belə bir birliyə, həmrəyliyə yetişmiş xalq istədiyi ümummilli hədəfə çatmağa qadirdir. Müdriklik zirvəsi Nizami səadət günəşinin birlikdə doğulmasını mümkün saymışdı. Xalqımız isə bu həqiqəti sadə bir düsturla ifadə edib: el gücü – sel gücü.

Azərbaycan tarixinə nəzər salsaq bütün qələbə və uğurların əsasında xalqın birliyinin dayandığını görürük. Müasir dövrümüzdə də bütün qələbələrə birliyimizlə nail olmağımızın şahidiyik. Müstəqilliyimizin qazanılmasından tutmuş, onun itirilmək təhlükəsindən xilas edilməsinə qədər hər uğura birliyimizlə çatmışıq. Hər gün eyni amala doğru yönlənməyimiz bizi güclü edir. İlin bir günü də var ki, həmin gün bütün duyğu-düşüncələrimiz birlik və həmrəylik fəlsəfəsinin hikmətinə köklənir. Bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi şərəfinə elan edilmiş 31 Dekabrdır. Milli dövlətçiliyimizin digər rəmzləri kimi bu önəmli gün də tariximizə qədim yurdumuz Naxçıvandan yol alıb”.

R.Mahmudov əlavə edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qəbul edilən tarixi qərar gələcək həyatımızda yeni bir başlanğıc oldu: “Bu, milli birliyə, həmrəyliyə nail olmağa verilən start idi. Sonrakı illərdə milli birlik yolunda atılan bu addımlar məhz Ulu Öndər Heydər Əliyevin liderliyi ilə dövlət siyasəti səviyyəsində uğurla davam etdirildi. Dünya azərbaycanlılarının yeganə dövlətinin Prezidenti Heydər Əliyev azərbaycanlıların yaşadıqları bütün ölkələrdə təşkilatlanıb müstəqil Azərbaycan dövləti ətrafında birləşməsi prosesinə start, yön və məzmun verməyi dahiyanəliklə gerçəkləşdirdi.

Milli həmrəyliyimizin baş ideoloqu kimi, unudulmaz Heydər Əliyev səfərləri zamanı xarici ölkələrdə fəaliyyət göstərən həmvətənlərimizlə görüşlər keçirir, onların daha sıx təşkilatlanmaları üçün söhbətlər aparır, bu hərəkatı daim nəzarətində saxlayaraq konkret nəticələrə nail olurdu.

“Ümummilli Liderin bu yöndə qəbul etdiyi qərarlar Dünya Azərbaycanlılarının milli birlik, mənəvi bütövlük, davamlı həmrəylik yoluna çıxmasını təmin etdi. Dünyanın ikili standartları ilə mübarizədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada öz sözünü ucadan deməsində dünya azərbaycanlılarının təşkilatlarının gücə çevrilməsi mötəbər bir platforma oldu. Ulu Öndərin müstəsna önəm verməsi ilə Dünya Azərbaycanlılarının ölkəmizdə təşkil edilən I qurultayı milli dövlətçilik ideologiyası kimi azərbaycançılığın diaspor fəaliyyəti üçün də ideya-nəzəri əsas olaraq qəbul edilməsi ilə əlamətdar oldu. Bundan sonra xaricdə yaşayan soydaşlarımızın Vətənlə sıx əlaqədə fəaliyyəti üçün geniş imkanlar yaradıldı. Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dönəmində də xaricdə yaşayan soydaşlarımızla bağlı strategiya uğurlu davam etdirilir. Prezidentliyinin ilk dövründə çoxşaxəli fəaliyyəti ilə 50 milyonluq Azərbaycan xalqının Prezidenti olduğu mesajını verən İlham Əliyev dövlətin diaspor siyasətini ən yüksək səviyyəyə çatdırdı. Birlik və zəfər rəmzinə çevrilmiş Şuşada keçirilən Dünya Azərbaycanlılarının sonucu qurultayında Prezident İlham Əliyevin açıqladığı növbəti məram bu gün Azərbaycan dövlətinin dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya dayaq durmaqla bağlı hədəfinin bəyan edilməsi oldu. Bu, həm də onu göstərir ki, Ümummilli Lider Heydər Əliyevin başladığı müqəddəs yolu bu gün Prezident İlham Əliyev ən yüksək zirvəyə gətirib çatdırıb”.

Millət vəkili diqqətə çatdırıb ki, bu gün dünya azərbaycanlıları qondarma erməni təbliğatına cavab vermək sahəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçiblər və bütövlükdə Türk dünyasının birliyinə yönəlik möhtəşəm prosesin vacib komponentinə çevriliblər: “Belə bir müsbət irəliləyişin başlıca dayaq nöqtəsi, heç şübhəsiz, Azərbaycan Prezidenti və onun yürütdüyü milli birlik siyasətdir. Prezidentin Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın milli haqlarının müdafiəsini açıq şəkildə müdafiə etməsi, qədim torpaqlarımız olan Qərbi Azərbaycanla bağlı mesajları onun dünya azərbaycanlılarının şəriksiz lideri mövqeyinin ən bariz nümunəsidir.

Azərbaycan Prezidentinin müxtəlif səbəblərdən Vətəndən kənarda yaşayan soydaşlarımızı hər zaman diqqətdə saxlaması ona böyük sevgi və etimad qazandırıb. Bu gün dövlətimizin məhz onun mükəmməl siyasəti nəticəsində regionda liderlik statusu qazanması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi bu rəğbətə qürur və inamı da əlavə edib.

Bir sözlə, ölkəmizdə Lider-Xalq birliyinin daim genişlənən çevrəsində qalib sərkərdə, mükəmməl siyasətçi Prezident İlham Əliyevlə 50 milyonluq bir xalqın mənəvi bütövləşməsi də yer alır. Bu mənada dünya azərbaycanlılarının həmrəyliyi təkcə dövlət bayramlarından biri kimi qeyd edilən 31 dekabr günü ilə bağlı deyil, möhtəşəm bir reallıq kimi daim həyatımızın önəmli bir parçasıdır.

Prezident İlham Əliyevin liderliyi ilə təqvimin bütün günlərində həmrəylik, milli birlik yolundayıq. Bu yolda bütün ürəklər eyni məramla döyünür. Birliyimiz böyüklüyümüzdür!”.

Əli