Tolerantlıq nədir? Layihə

Tolerantlıq nədir?

Azərbaycanda tolerantlığın formalaşmasında dini icmaların liderlərinin də konstruktiv mövqeyi əhəmiyyətlidir

III yazı

Müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində qeyri-hökümət təşkilatları, habelə beynəlxalq qurumlar da müəyyən rol oynayır. Belə ki, 22 iyun 2004-cü il tarixdə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində "Cənubi Qafqazda tolerantlığın formalaşmasında islamın rolu" mövzusunda seminar keçirilmişdi. Fridrix Nauman Fondunun (Almaniya), "Vətəndaş cəmiyyəti uğrunda" müstəqil məsləhətçi mərkəz (Azərbaycan), Münaqişələr və danışıqlar üzrə beynəlxalq mərkəz (Gürcüstan) və Amerikanın Yəhudi Komitəsi (ABŞ) ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan, ABŞ, Almaniya və Gürcüstandan olan müxtəlif dini konfessiyaların nümayəndələri, siyasətçilər, tarixçilər və ekspertlər iştirak ediblər.
Seminarda çıxış edən Almaniyanın səfiri Klaus Qrevlix Azərbaycandakı unikal din-dövlət münasibətləri modelini qeyd etmişdir. Bu model çərçivəsində dini icmaların nümayəndələri təkcə qonşuluqla kifayətlənmir, fəaliyyətlərini də əlaqələndirirlər. "Bu gün Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri hamı, bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq ixrac etməsi mümkündür. Bu sizin sərvətinizdir",- deyə, səfir qeyd edib.
"İslam sivilizasiyası Qafqazda" mövzusunda beynəlxalq simpoziumda Azərbaycan Prezidenti Heydər Əliyev deyib: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar".
Onu da qeyd edək ki, ölkədə formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Bu əsas qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, həmin günlərin qeyri-iş günü kimi qeyd edilməsi, müxtəlif dini konfessiyaların bayramlarının ölkə başçısı tərəfindən təbrik edilməsi, Sovet dövründə müxtəlif məqsədlər üçün istifadə edilən, yaxud qapısı kilidli olan məbədlərin açılması dini tolerantlığa dövlət tərəfindən verilən töhfələrdir. Misal olaraq bəzi məqamları qeyd edək. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verildi. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 2001-ci il tarixdə kilsəyə baş kafedral kilsə statusu verdi. İşin maraqlı tərəfi isə kilsəni müsəlman olan azərbaycanlı iş adamının öz hesabına bərpa etdirməsi idi. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda katolik Müqəddəs Məryəm kilsəsi tikildi. Rum patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycanda rəsmi səfərdə olarkən ölkəmizdəki tolerantlıq haqqında bunları demişdi: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".
Prezidentin ehtiyat fondundan müxtəlif məscidlərin yenidən qurulması, bərpa və təmir işləri üçün vəsait ayrılır. Bundan başqa, Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində yenidən qurulan ibadət evlərini də burada xüsusi olaraq qeyd etmək lazımdır.
Hazırda ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestanlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ci gün adventistləri, Molokan ruhani xristianları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan olan krişnaçılar, bəhalər və sair dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahatlıqla yerinə yetirirlər. Ölkəmizdə onlarla qeyri-islam təmayüllü məbədlər fəaliyyət göstərir. Hətta xüsusi olaraq Qubada yəhudilərə məxsus olan "Krasnaya sloboda" qəsəbəsini də qeyd etmək lazımdır. Qeyd edək ki, Qubadakı Krasnaya Slobada qəsəbəsi təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.
Azərbaycanda tolerantlığın formalaşmasında dini icmaların liderlərinin də konstruktiv mövqeyi əhəmiyyət kəsb edir. Azərbaycanda Roma Katolik Kilsəsinin Ordinarisi (Başçısı) monsenyor Vladimir Fekete Roma Katolik Kilsəsinin hər bir insanın - milliyyətindən, irqindən və dini mənsubiyyətindən asılı olmayaraq - həyatını, azadlığını, həmçinin etiqad azadlığını yüksək dərəcədə dəyərləndirdiyini deyir. "İnsanın azadlığı, onun iradəsinin azadlığı ona Allah tərəfindən verilib. Katolik Kilsəsi hər bir insana Allahın sevimli bəndəsi kimi baxır". Onun sözlərinə görə, Azərbaycan xalqı öz təbii dini tolerantlığı ilə seçilir. "Bu xalqda Allaha, dinə, müqəddəs yerlərə, ibadətə xüsusi sevgi var. Tolerantlıq Azərbaycanda həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasətidir. Ona görə, dinlər arasında, dindar insanlar arasında olan münasibətlər Azərbaycanda yüksək səviyyədədir və nümunəvidir".
Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata da Azərbaycanda pravoslav kilsəsinin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmadığını söyləyir. Onun sözlərinə görə, Azərbaycanda öz dini mərasimlərini rahat şəkildə həyata keçirirlər, azad şəkildə ibadətlərini edirlər. O hətta Bakının mərkəzində belə tədbir keçirmək istəyəndə buna qarşı maneçilik olmadığını vurğulayır.
Azərbaycanda yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov da Azərbaycanın tolerant bir ölkə olduğunu deyir. Onun fikrincə, Azərbaycandakı dini tollerantlıq çoxlarını təəccübləndirir: "Tolerantlıq Azərbaycan xalqının tarixi sərvətidir. Yüzillər ərzində Azərbaycanda dini məzmunda qarşıdurma qeydə alınmayıb", - deyən İxiilov hesab edir ki, buna səbəb dini icmaların qardaşlıq ailəsində yaşaması, dövlət-din münasibətlərinin şəffaflığıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın fikrincə, zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi sanki cəmiyyətlərdəki etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Hazırda dünya miqyasında dini ayrı-seçkilik güclənməkdə, hətta bəzən dini zəmində qarşıdurmalara gətirib çıxarmaqdadır. Belə neqativ halların Vətənimizə sirayət etməməsi və ölkəmizdə dini müxtəlifliyin vəhdəti üçün cəmiyyətdə tolerantlığın hakim mövqe tutması labüddür.
Tolerantlıq - dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Lakin onu da xüsusi vurğulamalıyıq ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması mühüm nailiyyətdir. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.
Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuş və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdiriblər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışmışlar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz deyil, həm də qardaşlığımızın və vəhdətimizin simvoludur.

Cavid

Yazı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" layihəsi çərçivəsində dərc olunur