Azərbaycanda multikulturalizm Layihə

Azərbaycanda multikulturalizm

Multikulturalizm - eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünya görüşü və ona uyğun olan siyasətdir.
O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.
Avropa və bəzi qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər. Bu vəzifənin həlli üçün bütün dünyada "Homo sapiens" tipli insandan "Homo culturalies" tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir. Olsun ki, Azərbaycan multikulturalizm ənənəvi siyasətinin çox yaxşı modelidir.
Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.
Qeyd edək ki, Azərbaycanın humanitar sahədə keçirdiyi beynəlxalq tədbirlər həmin toplantıların iştirakçıları tərəfindən yüksək dəyərləndirilir. Respublikamızın gündəlik həyatı sülh, sabitlik və qarşılıqlı anlaşma ilə yaşanan ölkələrdən biri olması belə mötəbər tədbirlərin keçirilməsi üçün böyük zəmin yaradıb, çünki bir sıra ölkələrdə müşahidə edilən millətlərarası və dini münaqişələrin artan gərginliyi fonunda Azərbaycan öz sabitliyini qoruyub saxlayır. Bu gün Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir. UNESCO tərəfindən qəbul edilən "Tolerantlıq prinsipləri bəyannaməsi"ndə qeyd edilir ki, tolerantlıq dünya mədəniyyətinin zəngin müxtəlifliyinə, özünüifadə formalarına və insan fərdiliyinin təzahür üsullarına hörmət edilməsini, onların qəbul olunmasını və düzgün anlaşılmasını ifadə edir. Ona bilik, açıqlıq, ünsiyyət və fikir, vicdan, etiqad azadlığı imkan yaradır. Tolerantlıq müxtəliflikdə harmoniyadır. O, təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Tolerantlıq sülhün əldə olunmasına, müharibənin sülh mədəniyyəti ilə əvəzlənməsinə kömək edən məziyyətdir, güzəşt, yumşaqlıq və ya görməməzlik deyildir, insanın universal hüquqlarının, əsas azadlıqlarının tanınması əsasında formalaşan fəal münasibətdir. Tolerantlıq insan hüquqlarının, plüralizmin, demokratiya və hüquq qaydalarının təsdiq edilməsinə köməketmə öhdəliyi olmaqla yanaşı, doqmatizmdən, həqiqətin mütləqləşdirilməsindən imtina olunmasını ifadə edən, insan hüquqlarına dair beynəlxalq hüquqi aktlarda müəyyən olunmuş normaları təsdiq edən anlayışdır.
Müstəqil Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün şəraitin təmin edilməsi və yaradılmasıdır. Respublikada multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur. Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Avropada yaransa da, Azərbaycan mühitində artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib. Bakıda "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda qeyd olunmuşdur ki, müasir dünya ictimaiyyətinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilib. Ölkəmiz bütün dinlərin, mədəniyyətlərin, fərqli baxışların bir ailə kimi yaşadığı tolerantlıq məkanıdır. Bu gün dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir. Tarixən tolerant ölkə olan Azərbaycanda müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər və digər dinlərə etiqad edən insanlar da yaşayırlar. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Qürurverici haldır ki, bir sıra dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar. İndi dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir. Yeri gəlmişkən, 2013-cü ildə 70-dən çox ölkədən 800-ə yaxın tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı laureatlarının toplaşdığı III Bakı Beynəlxalq Humanitar Forumunda qeyd olunmuşdur ki, bu sahədə məsələlərin müzakirəsi üçün Bakıda mütəmadi olaraq unikal tribuna, platforma imkanı yaradılır və multikulturalizm nümunəsi olan Azərbaycan ziyalılarının mülahizələri də böyük marağa səbəb olub. Ümumiyyətlə, ölkəmizdə keçirilmiş çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və digər aktual problemlər geniş müzakirə olunmuşdur. Bütün bunların nəticəsi olaraq, Azərbaycan dövləti ölkədəki dini ibadət azadlığından və multikulturalist mühitindən sui-istifadə etməyə cəhd edən müxtəlif təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti və barışmaz mövqe nümayiş etdirir.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi tərəfindən hazırlanan "Azərbaycanda multikulturalizm və dünyəviliyin ortaq dəyərləri" sərhlövhəli məqalə İsveçrənin rusdilli "Наша Газета" xəbər saytında işıq üzü görüb (http://www.nashagazeta.ch/news/politica/18755). Şuranın mətbuat xidmətindən verilən məlumata görə, məqalədə Mərkəzin beynəlxalq əlaqələr üzrə direktor müavini Daniel Varner və layihə koordinatoru xanım Lidia Amberqin 14-17 dekabr 2014-cü il tarixlərində Bakıya etdikləri səfər və keçirdikləri görüşlər haqqında təəsüratları əksini tapıb.
Məqalədə Şura haqqında ümumi məlumat verilib və qurumun Azərbaycanda QHT sektorunun inkişafında mühüm rol oynadığı qeyd olunub. Təşkilat nümayəndələri öncə Cənubi Qafqazda ən qabaqcıl təhsil ocaqlarından olan ADA Universtetini ziyarət edərək tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Daha sonra Şura əməkdaşlarının yardımı ilə D.Varner və xanım L.Amberq Bakıda yerləşən müxtəlif dini qurumları ziyarət ediblər. Katolik kilsəsinin keşişi Vladimir Fekita 2002-ci ildə mərhum Roma papası II Pavelin Azərbaycana baş tutan səfəri haqqında məlumat verib. V.Fekita qeyd edib ki, o, Katolik kilsəsinin keşişi olaraq hər cür qayğı ilə əhatə olunub və müsəlman, yəhudi icmalarındakı həmkarları ilə daim görüşür və gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparır.
D.Varner və L.Amberq məqalədə 2003-cü ildən fəaliyyət göstərən aşkinaz yəhudilərin sinaqoqunda onların Bakı icmasının rəhbəri Qennadi Zelmanoviçlə keçirdikləri görüş haqqında da fikirlərini bildiriblər. Q.Zelmanoviç ölkəmizdə tolerantlıq və dinlərarası münasibətlərin yüksək səviyyədə olmasını xüsusi qeyd edib.
Məqalədə ölkəmizdə ümumilikdə 30 minə yaxın yəhudinin yaşadığı barədə məlumat verilir və hər iki qonağın səfər zamanı 2011-ci ildən fəaliyyət göstərən dağ yəhudilərinin sinaqoqunda olduğu qeyd olunub.
D.Varner və L.Amberq Təzəpir məscidinin axundu Hacı Fayiz Nağızadə ilə görüş haqqında da təəssüratlarını bildirərək ondan ölkə müsəlmanlarına dair statistik məlumatlar aldıqlarını qeyd ediblər.
Azərbaycanda Bakı İslam Universitetinin fəaliyyət göstərdiyini bildirən Hacı Fayiz ölkəmizdə dinin dövlətdən ayrı olduğunu, müsəlmanlar və digər konfessiyaların nümayəndələri arasında yaxın münasibətlərin mövcudluğunu vurğulayıb.
D.Varner səfəri zamanı bir daha Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirib və məqaləni- "Lakin bundan da vacib odur ki, dünyada baş verənlərə baxmayaraq, ölkədə multikulturalizm və dünyəvilik kimi dəyərlərə böyük önəm verilir"- fikri ilə bitirib.

Cavid