Ahıska türkləri Layihə

Ahıska türkləri

Ahıska türklərini Azərbaycanla bağlayan əlaqə və münasibətlər çoxsahəlidir


III yazı

Ahıska türkləri ilə Türkiyə türkləri arasında əlaqələr kəsildikdən sonra ziyalıları eyni türk kökündən olan ahıskalılara diqqəti daha da artırmışdı. Təsadüfi deyil ki, XX əsrin birinci yarısında Ahıskada Azərbaycan dilində məktəblər açılmışdı. Onu da qeyd edək ki, burada ahıskalılar və azərbaycanlılar Azərbaycan dilində təhsil alıblar. Ahıska bölgəsində hətta Azərbaycan dilində qəzet nəşr olunub, Dövlət Dram Teatrı fəaliyyət göstərib. Azərbaycan dilində orta məktəbi bitirən ahıskalılar Bakı şəhərindəki ali məktəblərdə təhsillərini davam etdiriblər. Adıgündə Gürcüstanın məşhur teatr xadimi azərbaycanlı İbrahim İsfahanlının quruluşunda "Altın qaya" pyesi tamaşaya qoyulmuşdu ki, bu da o dövrdə çox şöhrət qazanmış
tamaşalardan biri idi.
1957-1958-ci illərdə Gürcüstana köçmüş ahıskalılara qarşı isə təcavüzkar hərəkatlar gündən-günə artırdı. 1989-1990-cı illərdə onlara qarşı genişlənmiş təzyiqlər nəticəsində 1958-ci ildə Gürcüstana köçmüş ahıskalılara qarşı bəhanələr uydurularaq onların doğma torpaqda sıxışdırılmasına və buradan çıxarılmasına nail olunmuşdu. XX yüzilliyin 50-ci illərinin ortaları və ikinci yarısında Azərbaycan KP MK-nın birinci katibi olmuş İmam Mustafayev Orta Asiyadan və Qazaxıstandan Azərbaycana köçmək istəyən ahıskalılara dövlət yardımı ilə əlaqədar SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırdıqdan sonra köçürülmə prosesi başlayır. Qeyd etmək lazımdır ki, bütün köçürülən ahıskalılar azərbaycanlı kimi qeydiyyata alınıb, bütün sənədlərdə milliyyəti "azərbaycanlı" kimi göstərilib".
Ahıskalıların Azərbaycana deportasiyasından danışan araşdırmaçı Sevil Piriyeva bildirir: "Azərbaycan Nazırlər Sovetinin 17 iyun 1958-ci il tarixli 19.03 saylı qanun layihəsində Azərbaycan SSR Nazirlər Sovetinin qarşısına qoyulmuş vəzifəyə əsasən 1958-1960-cı illərdə Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan köçürülmüş SSRİ vətəndaşların, milliyyətçə azərbaycanlı olan insanların məskunlaşması haqqında bu qanun SSRİ Nazirlər Sovetində aidiyyati orqan və təşkilatlarda müzakirə olunmuşdu. Az.KP MK 4 iyul 1958-ci ildə SSRİ Nazirlər Sovetinin 1958-ci il 17 iyul tarixli 1903 saylı "Azərbaycan millətindən olan SSRİ vətəndaşlarının, Özbəkistan SSR-dən, Qırğızıstan SSR-dən, Qazaxıstan
SSR-dən 1958-1960-cı illərdə Azərbaycan SSRİ-yə köçürülməsi haqqında" sərəncamının reallaşdırılması tədbirlərini müzakirə ediblər. Təqdim olunan qanun layihəsi ilə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin büro üzvlərini tanış ediblər. Onlar etirazlarını bildirsələr belə, onun qəbul edilmiş hesab
olunması barədə qərar çıxarıb".
Məskunlaşdırma sosialist öhdəlikləri xarakteri daşıyırdı: "1957-ci ilin sentyabr ayından köçürülmə ilə əlaqədar təşkil olunmuş qurumlar köçkünlərin məskunlaşdırılması və onların işlə təmin edilməsi ilə bağlı qarşıya çıxan problemləri, aparatın tapşırığını icra edə bilməyiblər. Orta Asiyadan Azərbaycan Respublikasına ahıskalıların köçürülməsi ilə əlaqədar olaraq Azərbaycan
SSR Kənd Təsərrüfatı Nazirliyinin tərkibində, əhalinin işədüzəltmə bürosu nəzdində Didərginlərlə İş üzrə Komissiyanın açılması məqsədəmüvafiq olardı. Nəzərdə tutulmuş idarənin ştat cədvəlinin Azərbaycan SSR Nazirlər Sovetinin tərkibində olması məqsədəuyğun sayılırdı. Azərbaycan SSR Kənd Təsərrüfat Nazirliyi 1958-ci il iyunun 25-də xüsusi qərarla elan edirdi ki, köçürülmə ilə əlaqədar xərclər, ehtiyatda olan işçilərin işlə təmin olunması və əmək haqları İttifaq büdcəsi hesabından ayrılmalı idi. Əlavə olaraq bildirilirdi ki, köçürülmə və işədüzəltmə idarəsi Nazirlər Sovetinin nəzdində saxlanılır.
Azərbaycan KP MK Azərbaycan SSR Kür-Araz ovalığında yeni sovxozların yaradılması ilə əlaqədar və 31 oktyabr 1957-ci il SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan çoxlu sayda azərbaycanlıların Azərbaycan SSR-də məskunlaşdırılması ilə əlaqədar bildirirdi ki, köçürülməklə əlaqədar olan yeni və ağır məsuliyyətli iş Kənd Təsərrüfatı Nazirliyi qarşısında çətin öhdəliklər yaradır. Ona görə Kənd Təsərrüfatı Nazirliyi hesab edirdi ki, bu idarə Nazirlər Sovetinin nəzdinə keçirilsin. Ahıskalıların məskunlaşması, onların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından Azərbaycan SSR Nazirlər Sovetinin 24 iyul 1958-ci il qərarı daha əhəmiyyətli idi. Qazaxıstan SSR, Qırğızıstan SSR, Özbəkistan SSR-dən olan ahıskalıların Azərbaycanda məskunlaşdırılması haqda SSRİ Nazirlər Sovetinin 17 iyun 1958-ci il 1903 saylı sərəncamından irəli gələn öhdəlikləri rəhbərlik nəzərə alır:
1) Qərara uyğun olaraq, Azərbaycan SSR Nazirlər Soveti Qazaxıstan, Qırğızıstan, Özbəkistan SSR-dən 1958-1960-cı illərdə Azərbaycana könüllü köçürülən Azərbaycan vətəndaşlarına Kənd Təsərrüfatı Bankı kredit ayırsın;
2) Evlərin tikilməsi məqsədi ilə hər ailəyə 10 illik, faizsiz 10 000 manat pul ayrılsın. Pul 3 ildən sonra tədricən qaytarılsın;
3) Mənzillərin təmir edilməsi məqsədi ilə rayon xalq deputatları sovetinə 3000 manat pul ayrılması tapşırılsın. Pul 3 ildən sonra qaytarılsın;
4) Kolxoza daxil olan yeni məskunlaşanlar kolxoz vergilərindən azad edilsinlər. İribuynuzlu mal-qaranın əldə edilməsi məqsədi ilə 1500 manat həcmində hər ailəyə kredit verilsin. Kreditin qaytarılması 3 ildən sonra ödənilsin. Kolxozlarda məskunlaşan idarə heyətinə daxil olan köçkünlər üçün ayrılan kreditlər kolxoz
hesabından ödənilsin;
5) Azərbaycan SSR Nazirlər Soveti həyat şəraiti ağır olan hər ailəyə birdəfəlik 1000 manat ayrılmasına icazə versin.
Azərbaycan SSR Nazirlər Sovetinin yanında köçkünlərin işini təşkil etmək məqsədi ilə 26 nəfərdən ibarət Mərkəzi Aparat yaradılsın. Köçkünlərə nəzarət, işcilərin təşkili işədüzəltmə idarəsinə həvalə edilsin ki, 1958-ci ildə Özbəkistan SSR-dən könüllü köçürülmüş 2 mindən çox təsərrüfatı Azərbaycanın əsasən, Saatlı, Əli Bayramlı, Salyan, Sabirabad, Ağcəbədi, Yevlax, Zərdab və digər rayonlarında məskunlaşdırsınlar, hansı ki, orada kənd təsərrüfatı sahəsində işçi güvvəyə ehtiyac var".
1958-ci il etnosiyasi prosesdə Azərbaycana köçürülənlər əsasən özlərini azərbaycanlı kimi təqdim edənlər idi: "Beləliklə, 25-27 min ahıskalı azərbaycanlı kimi Azərbaycana köçürüldü, onların milli kimliyi başqalaşdı və azərbaycanlı kimi də qeydiyyata alındılar. Öz azadlıqları və hüquqlarının müdafiəsi uğrunda apardıqları ardıcıl mübarizə nəticəsində, 9 yanvar 1976-cı ildə SSRİ hökumətinin verdiyi fərmanla Ahıska türkləri formal olaraq SSRİ-nin istənilən rayonunda
yaşamaq icazəsini aldılar. 1958-ci ildə Orta Asiya respublikalarından və Qazaxıstandan köçürülən ahıskalıların böyük bir qismi təxminən 25-27 minə qədəri azərbaycanlı kimi qeydiyyata alınıb. Öz vətənlərinə qayıtmaq uğrunda apardıqları ardıcıl mübarizə rəsmi dairələri ahıskalılar haqqında ədalətli qərar qəbul etməyə vadar etdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar 1976-cı il fərmanına əsasən ahıskalılar da digər sovet vətəndaşları kimi, SSRİ-in istənilən ərazisində yaşamaq hüququ aldılar. Gürcüstan Respublikasının rəhbərləri isə Ahıska türklərindən tələb edirdilər ki, onlar o halda öz tarixi vətənlərinə geri dönə bilərlər ki, adlarından, soyadlarından, eləcə də dinlərindən imtina etmiş olsunlar. Doğma yurdlarından uzun müddət ayrı düşmüş, vətən həsrətinə dözə bilməyən ahıskalıların 1211 nəfəri (186 ailə) tarixi vətəni Ahıska torpaqlarına qayıtması üçün qoyulan şərtləri məcbur qəbul etdilər. Gürcüstana qayıdaraq yenidən tarixi Ahıska torpaqlarında məskunlaşdılar. Bununla da əhalinin kiçik bir hissəsi ahıskalıların mənşəyinə şübhə salan şərtləri məcbur qəbul etmiş oldular".
Xalqın adət-ənənəsini nəzərə alaraq Ahıskada kompakt yaşayan əhalini Azərbaycanda da eyni prinsipə uyğun məskunlaşdırırdılar: "Digər tərəfdən köçkünlərə hörmət, ehtiram əlaməti olaraq Azərbaycandakı məskunlaşma
yerlərinə Ahıskadakı yaşayış məntəqəsinin adları verilirdi. Məskunlaşma yerlərində əhalinin mənzil və digər kommunal ehtiyaclarının təminatına çalışılırdı. Bu, Azərbaycan hökumətinin və azərbaycanlıların ahıskalılara göstərdiyi xüsusi qayğısının əlaməti demək idi. Ahıska türklərinin Azərbaycanda məskunlaşması onların tarixi-mədəni, etnik dəyərlərinə hörmətdən əlavə, həm də Azərbaycanla daha yaxın tarixi-mədəni təmasda olmasında yeni mərhələ oldu. Beləliklə, Azərbaycanda ahıskalıların yerli xalqla ünsiyyəti üçün etnososial mühitin formalaşmasına yeni şərait yaranmış oldu.
1989-cu il Fərqanə hadisəsilərinə qədər ahıskalılar keçmiş SSRİ-nin yalnız 3 respublikasında yaşayırdılar. Hazırda ahıskalılar keçmiş SSRİ-nin demək olar ki, 9
respublikasında yaşayırlar. Fərqanə hadisələrindən əvvəl Özbəkistanda 170 mindən çox Ahıska türkü yaşayırdı. Həmin hadisələr zamanı bir neçə gün ərzində Fərqanədə və digər yaşayış ərazilərində 80 nəfərə qədər ahıskalı gənc yerli ekstremist qüvvələr tərəfindən öldürüldü. Süni şəkildə yaradılmış etnik münaqişə nəticəsində bütün varidatlarından, habelə yaşayış evlərindən məhrum olmuş ahıskalılar Rusiyanın müxtəlif ərazilərinə səpələnmiş oldular. Həmin dövrdə məlum olmuşdu ki, SSRİ Nazirlər Sovetinin qərarı ilə Rusiyanın xam torpaqlarının
istifadəsi üçün Orta Asiya respublikalarından işçi qüvvəsi tələb olunur. Lakin qərarın icrası gecikdirildiyindən Ahıska türklərini həmin ərazilərə zorla köçürdülər. Nəticədə 110 minə qədər Ahıska türkü məcburiyyət üzündən həmin bölgələrdə məskunlaşmalı oldular.
Ahıska türklərini Azərbaycanla bağlayan əlaqə və münasibətləri çoxsahəlidir. Məhz etnodil əlaqələrin və tarixi münasibətlərin mövcudluğu səbəbindən 1956-cı ildən sonra Ahıska türkləri Azərbaycana köçərək öz qan qardaşları ilə birgə yaşamağa üstünlük vermiş oldular. SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 aprel 1956-cı il tarixli fərmanına əsasən Ahıska türklərinin, Krım tatarlarının və sürgünə məruz qalmış digər türk xalqların üzərinə qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı. Həmin qərarda, həmçinin 30 may 1968-ci il qərarının ikinci hissəsində göstərilirdi ki, Ahıska türkləri və sürgün edilmiş başqa xalqlara qoyulmuş məhdudiyyətlər aradan götürülsün, başqa sovet vətəndaşları kimi, onlar da bütün hüquqlardan, imtiyazlardan istifadə etsinlər.


Uğur