Azərbaycanda din və məzhəblərin fəlsəfi mahiyyəti Layihə

Azərbaycanda din və məzhəblərin fəlsəfi mahiyyəti

(əvvəli ötən sayımızda, VI yazı)

Zaman keçdikcə xüsusi mülkiyyətə münasibət məsələsində bu ideoloji cərəyanlar arasında haçalanma kəskinləşirdi. İstiqamətlərdən hər birinin Azərbaycanın dövlət quruculuğu haqqında öz mövqeyi var idi. Xüsusi mülkiyyətə münasibət Azərbaycan Xalq Cümhuriyyətinin ideologiyasını təmsil edən liberal milli burjua-demokratik təmayüllü mütəfəkkirlərin dünyagörüşünü, sosial-fəlsəfi baxışlarını radikal marksist-bolşevik təmayülündən ayırır və zaman keçdikcə onların qarşıdurmasını kəskinləşdirirdi. Azərbaycanın fəlsəfi və ictimai fikri mürəkkəb təkamül yolu keçirdi.
Ziddiyyətli sosial-siyasi proseslər milli ziyalıların dünyagörüşünü dəyişirdi. Məsələn, ölkədə ideoloji mübarizənin müəyyən mərhələsində görkəmli mütəfəkkir Nəriman Nərimanov və b. liberal Maarifçilikdən marksizm cəbhəsinə keçiblər. Liberal cərəyanın nümayəndələri Əhməd bəy Ağaoğlu (Ağayev), Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və b. idi. Ə.Ağaoğlu (1868–1939) türk və müsəlman xalqlarının sosial problemlərinin həllini maarifdə görürdü. Sosial fəlsəfədə C.Əfqaninin ideya xəttini davam etdirən Ə.Ağaoğlunun əsərləri Azərbaycan, Türkiyə, Rusiya, Fransa və İngiltərədə çap edilib. Şərqdə və Avropada fəlsəfə, din və bütövlükdə mədəniyyət problemlərini tədqiq edən Ə.Ağaoğlu yeni dövrdə Budda-brahman və İslam mədəni dəyərlərinin Qərb mədəni dəyərlərindən təsirlənməsinin və bu mədəni dəyərlərin sintezinin Şərq aləmi üçün zəruriliyindən yazırdı. Onun "Üç mədəniyyət", "Dövlət və fərd", "İslama görə və islamda qadın", "Sərbəst insanlar ölkəsində" və b. əsərlərində fəlsəfə, sosiologiya, din və etika məsələləri araşdırılır, sosial fəlsəfənin və mədəniyyətşünaslığın elmdə mübahisə doğuran "mədəniyyət", "dil", "din", "millət" və s. kateqoriyalarının tərifi verilir. Ə.Ağaoğlu dinə ehtiramla yanaşmağa və ondan cəmiyyətin maariflənməsi üçün istifadə etməyə çağırır, lakin dinin dövlətdən ayrılmasını tövsiyə edirdi.
Şərq ölkələri, Rusiya və Avropada təhsil almış riyaziyyatçı, həkim, dilçi, rəssam və filosof Ə.Hüseynzadə (1864–1940) XX əsr türk-İslam Şərqinin və Azərbaycan Xalq Cümhuriyyətinin ideologiyasının fəlsəfi əsaslarının yaradıcılarından olub. "Milli Azərbaycan", "İslam bölgəsi miqyasında intibah" və "Turan" konsepsiyalarına görə çar hakimiyyəti tərəfindən təqibə məruz qalan Ə.Hüseynzadə Türkiyəyə mühacirət edib. O, türk xalqlarının inkişafında Şərq-Qərb mədəni sintezinə böyük əhəmiyyət vermiş, türkçülüyün, islamçılığın və avropalaşmanın labüdlüyündən çıxış edərək İslam aləminin aktual vəzifəsini maariflənmə yolu ilə dünya sivilizasiyasına daxil olmaqda görüb. Ə.Hüseynzadə bütün dinlərin humanist ideyalı olduğunu vurğulayır və dinlərə hörmətlə yanaşırdı. Sosial inqilablara zidd olan Ə.Hüseynzadə cəmiyyətin inkişafında yaşıl işığı maarifin simvolu, "qırmızı zülməti" isə inqilabın simvolu kimi qəbul edirdi.
Ə.Hüseynzadə bədii-fəlsəfi etik əsərlərində ("Atlanmaq siyasəti" və "Füyuzat") mücərrəd formada türkçülük, türk mədəniyyəti, bəşəriyyətin səadəti və bu səadətin bünövrəsi qismində fəlsəfi kateqoriya kimi məhəbbətdən bəhs edir. O, bütün xalqların xoşbəxtliyini maarif, ittihad və hürriyyətdə görür, Azərbaycana qarşı erməni millətçiliyinin ekspansiyasından bəhs edərkən şovinizm və beynəlmiləlçilik anlayışlarının məzmununu açıqlayırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli ideoloqlarından biri və rəhbəri M.Ə.Rəsulzadə (1884–1955) əsasən Maarifçiliyin və demokratik ideoloji cərəyanların təmsilçisi, mütəfəkkir, ədəbiyyatçı və siyasi xadim idi. Onun fəaliyyətinin əsas qayəsi "Millətlərə istiqlal, insanlara hürriyyət" şüarında əksini tapmışdır. M.Ə.Rəsulzadə elə ilk əsərləri ilə millilik və istiqlal carçısı kimi tanındı. O, milli müstəqil Azərbaycan ideyası və dövlət konsepsiyasının banilərindəndir. M.Ə. Rəsulzadənin bu konsepsiyadan bəhrələnən nəzəri irsi, əsasən "Azərbaycan Cümhuriyyəti", "Əsrimizin Səyavuşu", "Milli həmrəylik", "İstiqlal məfkurəsi və gənclik", "Çağdaş Azərbaycan ədəbiyyatı", "Azərbaycan şairi Nizami", "Çağdaş Azərbaycan tarixi" əsərlərində açıqlanıb. Onun fikrincə, milli şüur və milli özünüdərk milli istiqlala aparan yoldur. O, Rusiya, İran və Türkiyə ilə ilhaqa getməyin əleyhinə olmuş, azad azərbaycançılıq ideyasına üstünlük verib.
M.Ə.Rəsulzadə "kültür", "milli kültür", "mədəni yaşayış", "millilik", "milli dil" kateqorial anlamlarını, sosial fəlsəfənin və kulturologiyanın mühüm nəzəri problemlərini araşdırıb. "Əsrimizin Səyavuşu" əsərində M.Ə.Rəsulzadə milli istiqlal ideyası əsasında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarının mülkiyyətindən, cinsindən, mənşəyindən, məsləkindən və s. asılı olmayaraq bərabərhüquqlu olduğunu qeyd edir. Lakin o bu hüquq bərabərliyini xüsusi mülkiyyətə aid etmir. M.Ə.Rəsulzadə həmin əsərdə yazırdı: "Azərbaycanlılar düşünürdülər ki, mülkiyyəti tamamilə ortadan qaldırmaq indiki vəziyyətdə insanlarda şəxsi təşəbbüs qüvvətini zorakı olaraq ortadan qaldırır. Bu qüvvət olmadıqca dünya nə düzələr, nə də gözəlləşər. Sosial həyat irəliləmədən düşər, insanlar bəsit bir ibtidailiyə doğru dönərlər, dünyanın nizamı pozular".
XX əsrin əvvəlində Azərbaycanda liberal milli-demokratik məfkurə ilə yanaşı, radikal, demokratik və marksizm prinsiplərini əks etdirən ideyalar, əsasən mülkədar-burjua təmayüllü dövri mətbuatda, "Molla Nəsrəddin" jurnalında, "Hümmət" və s. qəzetlərdə yayılırdı. Dilə, milli mədəniyyətə, təhsil və maarifə, qadın probleminə, xarici, xüsusilə rus, erməni ekspansiyasına münasibətdə bu ideya cərəyanlarının ümumi və ya oxşar cəhətlərinə baxmayaraq xüsusi mülkiyyət, onun yenidən bölünməsi, zəhmətkeşlərin mülkiyyət hüquqlarının real təminatı, onların parlament və hakimiyyət strukturlarında iştirakı və s. sosial-sinfi maraqlarla bağlı problemlərin izahında ciddi ziddiyyətlər mövcud idi. Əgər birinci cərəyan milləti və bütövlükdə milli maraqları, millətin türk-İslam bölgəsi ilə əlaqələrini, hürriyyət naminə ittihad ideyalarını ön plana çəkirdisə, radikal cərəyanlar millətin tərkibindəki sinif və silklərin qarşılıqlı münasibətindən, fəhlə, kəndli, kapitalist və mülkədarların cəmiyyətdə sosial vəziyyətindən, fanatik din xadimlərindən, xalqın adından çıxış edərək onun mənafeyini tapdalayan və satan milli siyasətçilərdən bəhs edir və millətin maariflənməsi üçün bütün həqiqətləri xalqın başa düşəcəyi dildə çatdırmağa çalışırdı.
Həmin dövrdə Azərbaycan Romantizm fəlsəfəsi də təşəkkül və inkişaf mərhələsini keçirirdi. Bu fəlsəfə Azərbaycan Maarifçiliyi kimi dövrdən və şəraitdən doğan özünəməxsusluqlarla yanaşı, Qərb Romantizm fəlsəfəsi ilə tipoloji oxşarlığa malik bir sıra cəhətlərlə səciyyələnirdi. Qərb, Şərq, o cümlədən Azərbaycan Romantizminə xas cəhətlər Maarifçilik fəlsəfəsinə inamın itirilməsi, ənənəvi mistik panteist fəlsəfəyə qayıdış və bu mövqedən dinə və cəmiyyətə nəzər, dünyaya, insana və vətənə təzadlı münasibət, milli dilə, milli mənəvi-mədəni dəyərlərə, etnikliyi təsdiqləyən, onun yaşamasını şərtləndirən amillərə münasibət, xoşbəxt utopik cəmiyyətə inam və s. universal sosio-mədəni fenomen olan Romantizmin keyfiyyət cəhətləri idi. Azərbaycanda Maarifçilik kontekstində yaranan Romantizm fəlsəfəsi əvvəlcə dünyəvi Maarifçiliyə, onun işıqlı ideallarının reallaşmasına, sonra isə sosializmin "xoşbəxt cəmiyyətinə" inamı itirərək mistik maarifə, qnostik mərifətə üz tutur, mistik eşq fəlsəfəsinə, İblisin insanda daimiliyi (Hüseyn Cavid) və "hər şeyin rəng olması" (Səməd Mənsur) qənaətinə gəlib.
Romantizm fəlsəfəsinə məxsus cəhətlər Azərbaycanda həmin cərəyanı təmsil edən fəlsəfi poeziyanın nümayəndələri Məhəmməd Hadinin (1879–1920) utopik bərabərlik cəmiyyətindən bəhs edən "Aləmi-müsavatdan məktublar", "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" və s. əsərlərində, Abbas Səhhətin, H.Cavidin, Abdulla Şaiqin fəlsəfi-ədəbi irsində əksini tapmışdır.
XX əsrin mütəfəkkirləri arasında həkim, ədib, dövlət xadimi N.Nərimanovun (1870–1925) xüsusi yeri vardır. Əvvəl Maarifçiliyin, 1905–1907-ci illərdən sonra marksist-leninçi fəlsəfənin mövqeyinə keçən, 1917-ci ildən isə ardıcıl marksist-filosof olan N.Nərimanov məqalələrində və marksist fəlsəfəsinə dair "Kommunizmin idraki yolu" monoqrafiyasında (Azərbaycan və rus dillərində əlyazması şəklindədir) dialektik və tarixi materializmin əsaslarını şərh etmiş, fəlsəfi terminologiyanın Azərbaycan dilində müvafiq anlamlarını verib. O, elmi biliklərin yayılması, dinin dövlətdən ayrılması ideyalarını əsaslandırmış, "sənət sənət üçün" konsepsiyasına tənqidi yanaşmışdır. Demokratiya və humanizmin təbliğatçısı, ardıcıl beynəlmiləlçi olan N.Nərimanov öz nəzəri irsində milli qırğın və milli bərabərsizliyi kəskin tənqid edib. Müəyyən dövr marksizmin, xüsusən "bütün məzlumların və bəşəriyyətin müəllimi hesab etdiyi" Leninin irsinin Şərq üçün əhəmiyyətli olacağı fikri N.Nərimanovun ictimai görüşlərində xüsusi yer tuturdu. Sovet hakimiyyətinin real siyasəti N.Nərimanovun bu hakimiyyətə və onun rəhbərlərinə inamını tam itirir və o, oğluna yazdığı məktublarında V.İ.Lenin, İ.V.Stalin diktaturasının xalqa və beynəlmiləlçiliyə vurduğu ziyana və terror siyasətinə açıq etirazını bildirir. Marksizm nəzəriyyəsi ilə proletar diktaturası siyasəti arasında ziddiyyəti cəsarətlə açıqlayan N.Nərimanov "Ucqarlarda inqilabımızın tarixinə dair" əsərində sovet hökumətinin Şərqi və Azərbaycanı "başdan-başa qarət etməsi, insanları kütləvi surətdə güllələməsi" haqda yazırdı.
1920-ci ildə Azərbaycanda sosial-siyasi həyat və ictimai fikirdəki fərqli prioritetlər, onların ictimai şüurda əksi, millətin siyasi və mənəvi baxımdan parçalanmasına, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna, ideoloji həyatda getdikcə marksizmin kök salmasına və yeni sosial quruluşun qələbəsinə gətirib çıxartdı. Yeni hakimiyyət dövründə terror və siyasi repressiyalar vasitəsilə millətin mövcud rejimə siyasi və ideoloji müxalifəti, xüsusən ziyalıları müntəzəm olaraq məhv edilirdi. Marksist-leninçi ideologiyanın hakim ideologiyaya çevrilməsi üçün geniş imkanlar yarandı. Məqsədyönlü və ardıcıl siyasi və ideoloji təbliğat yolu ilə yeganə hakim dünyagörüşünə çevrilən marksist-leninçi fəlsəfə sovet hakimiyyəti illərində özünəməxsus təkamül dövrünü keçdi. Bu dövrdə Azərbaycanın proletar diktaturası və marksizm fəlsəfəsinə müxalif mütəfəkkirlərin bir qismi siyasi repressiya qurbanı oldu, digər hissəsi isə mühacirət edərək xaricdə siyasətlə bərabər fəlsəfə sahəsində də öz fəaliyyətlərini davam etdirdilər.

Cavid