Yusif Vəzir Çəmənzəminlinin millət dərdi Layihə

Yusif Vəzir Çəmənzəminlinin millət dərdi

O yazırdı: "Millət addım atdıqca ayaqlarının izi mətbuatda qalır"

Özünəməxsus dəst-xətti olan yazıçı-publisist, araşdırmaçı Yusif Vəzir Çəmənzəminlinin məqalələri həmişə ədəbi-elmi ictimaiyyətin ciddi marağına səbəb olub. Bu yaxınlarda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəlalə Hümmətli görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan "Millət" qəzetində dərc edilmiş, indiyədək haqqında məlumat olmayan 30-a yaxın məqaləsini aşkar edib. "Yusif Vəzirov", "Y." imzaları ilə çap edilən bu məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq kəsb edir. Yusif Vəzirin ictimai-siyasi, ədəbi-tənqidi görüşlərini, elmi-nəzəri mülahizələrini özündə əks etdirən məqalələri onun həyat və yaradıcılığını hərtərəfli tədqiq etmək baxımından böyük əhəmiyyətə malikdir: "1914-cü ildə "İqbal" qəzetində çap olunan "Nicat" qiraətxanəsi" adlı məqaləsində dövri mətbuatda nəşr olunan qəzet və jurnalların gələcək oxucular üçün kitabxanalarda qorunub saxlanmasının əhəmiyyətindən bəhs edən Yusif Vəzir Çəmənzəminli yazırdı: "Millət addım atdıqca ayaqlarının izi mətbuatda qalır".
Bu mənada millətinin ən öndə gedən maarifçi vətənpərvər ziyalılarından olan Yusif Vəzir Çəmənzəminlinin irəliyə doğru atdığı hər addımının izini ilk növbədə bu görkəmli ədibin yaşadığı dövrdə nəşr edilən mətbuat səhifələrində axtarmalıyıq. Elə ilk addımı ilə mətbuat aləmində istər-istəməz səs salan Yusif Vəzirin "Molla Nəsrəddin" jurnalının 1907-ci il 2 oktyabr tarixli 37-ci sayında "müdiri-möhtərəm" müraciəti ilə başlanan, Qarabağdakı pir və ocaqları tənqid edən ilk məqaləsinin çapı müəllifin həyatı üçün ciddi təhlükəyə çevrilir. Açıq imza ilə "Bakı Realnı Şkola"sının altıncı sinif şagirdi Miryusif Vəzirov" imzası ilə çap edilən bu məqalədən sonra hədə dolu məktublar alan, ölümlə hədələnən gənc Yusif narahat günlər yaşayır. Hələ çap edilən ilk yazılarından qətiyyətli və mübariz mövqeyi ilə tanınan gənc Yusifin ədəbi və publisistik fəaliyyəti üçün "Səda" qəzeti daha geniş imkanlar verir; 1909-cu ildən başlayaraq "Səda" qəzetində "Məişətimizdən bir şəkil" sərlövhəli hekayələri və "Hədərən-pədərən" sərlövhəli felyetonları dərc edilir. Kiyev İmperator Universitetinin hüquq fakültəsində təhsil aldığı illərdə də Yusif Vəzir Azərbaycan mətbuatı ilə əlaqəni kəsmir, "Səda", "Sədayi-həqq" ("Səda" qəzeti sonralar "Sədai-həqq" adı ilə nəşr edilib), "İqbal" və s. qəzetlərdə "student Yusif bəy Vəzirov", "Kiyev Darülfünununun studenti Yusif bəy Vəzirov" imzalı məktubları, məqalələri ilə çıxış edir. Kiyevdə Müsəlman Tələbə Cəmiyyətinin xeyriyyə və mədəni-maarif işlərində fəal iştirakı ilə fərqlənən tələbə Yusif Vəzirov 1911-ci ildə "Səda" qəzeti vasitəsilə "Kiyevdə Heyəti-Nəşriyyat təşkili" haqqında həmvətənlərinə bir xoş səda çatdırır. Məqaləsində əsas məqsədin tələbələrimizin ana dilinə rəğbətlənməsi olduğunu söyləyən Y.Vəzir yalnız ədəbiyyata dair deyil, həm də siyasi, tibbi, tarixi, iqtisadi məsələlərdən bəhs edəcək kitabların nəşr edilməsinin eyni zamanda "camaatımıza da böyük xidmət olduğunu" vurğulayır. Az sonra "Sədai-həqq" qəzetində Yusif Vəzirin "Biz kimik?" adlı bir məqaləsi çap olunur. "Biz kimik?" - bu suala cavab axtarmağın hər bir millətpərvər şəxs üçün vacib məsələlərdən biri olduğunu söyləyən gənc ədib yazırdı: "Biz hansı qövmə, hansı millətə mənsubuq? Keçmişimiz nə təhər imiş? Hazırımız nəyin nəticəsi olub? Bu suallara cavab axtarmaq üçün tarixə müraciət etməlidir. Heyf ki, tariximiz yoxdur". Keçmişimizi öyrənərək gələcəyimizə yollar açmaq üçün tariximizə dair məlumatlar toplamağın vacibliyini, "tarixin millətimizə nə qədər mənfəətli olmağını nəzərə alan" gənc publisist Kiyev Müsəlman Tələbələrinin Nəşriyyat Heyəti adından "ərbabi-qələmimizdən Azərbaycan türklərinin tarixini yazmağı rica edir".
Ş.Hümmətlinin ictimaiyyətə təqdim etdiyi Y.V.Çəmənzəminlinin "Biz kimik?" məqaləsində aşağıdakı məqamlar diqəti çəkir: "Biz hansı qövmə, hansı millətə mənsubuq? Keçmişimiz nə təhər imiş? Hazırımız nəyin nəticəsi olub? Bu suallara cavab axtarmaq üçün tarixə müraciət edilməlidir. Heyf ki, tariximiz də yoxdur. Azərbaycan məmləkətində məskun neçə milyon nüfusdan ibarət bir qövm hansı millətə mənsub olduğunu bilmir. Özümüzə məxsus az-çox ədəbiyyatımız, teatromuz, musiqimiz olub, bir dil ilə danışıb, məlum adət və ayinlərə malikik. Deməli, əlahiddə bir millət olmağımıza şübhə yoxdur. Pəs, bizə tarix lazımdır ki, keçmişimizi öyrənib gələcəyimizə yollar açaq. Bu barədə hər bir əhli-qələm çalışmalıdır ki, tariximizə dair məlumat toplansın.
Tarixin millətimizə nə qədər mənfəəti olmağını nəzərə alıb, Kiyev Müsəlman Studentlərinin Nəşriyyat Heyəti ərbabi-qələmimizdən Azərbaycan türklərinin tarixini yazmağı rica edir. Tarix müxtəsər və sadəcə, türk dilində olmalıdır. Onu heyət təb etdirməyi öhdəsinə götürür və bundan əlavə tarix müəllifinə bir mükafat da verməyi vəd edir".
Tərbiyə mövzusunda onun qənaətləri maraqlıdır: "Əcnəbilərdə tərbiyəyə dair hədsiz-hesabsız kitablar yazılıb və yazılmaqdadır. Gündə bu barədə yeni bir fikir, yeni bir təsəvvür ortaya çıxır. Bizlərdəsə bircə risalə də yazılmayıb. Tamam camaatımız arasında düzgün tərbiyəyə az-az rast gəlmək olar. Hazırda balalarımıza verilən tərbiyəni zənnimizcə, üç qismə ayırmaq olar. Bu qisimlərin bir-birilə təfavütü varsa da, doğru bir məsləkə qulluq etmirlər. Əvvəlinci qisim tərbiyə ən qədim halında durub qalmaqdadır. Uşaqlar doğular-doğulmaz bərk-bərk bələk ilə sarınıb, bağlanarlar. Gündə bir çöpçüyə, ocağa (pirə), boyaqçı küpünün başına apararlar; nadan duaçıların qələmindən keçər, dərvişlər osunlarlar... və ilax. Bunları quru topraqların üstə buraxarlar. Əllərinə keçəni yeyərlər. Toz-toprağa bulaşarlar. Çirk ol qədər basar ki, üfunətdən yanlarına düşmək mümkün olmaz. Paltarları gec-gec dəyişilər, yuyundurulmazlar. Ağız-burunları milçək yığnağı olar. Bunların başları keçəl, qarınları şişik, təmiz hava görməyib, rəngləri sarı olar. Mənəvi tərbiyələrinə gəldikdə, bu daha da pis. Dili uşağın söz tutar-tutmaz valideynin təhrikilə başlar ətrafdakılara söyməyə...
Böylə tərbiyənin nəticəsi üç cür olar. Ol uşaqlar böyüyüb oğru, əyri, quldur, yolkəsən, adamöldürən olarlar, min evlər yıxarlar, müsəlmana əcnəbilər arasında "vəhşi" ləqəbi qazandırarlar və axırda özləri də hədər yerə tələf olub gedərlər. Əvvəlinci qisim tərbiyə alanlar bir az tərəqqi etsələr, nadan molla, müftəxor seyid, dərviş, duayazan və falçı kimi axmaq şeylər olur, daraşarlar millətin canına və başlarlar onun olub-qalan qanını sormağa. Bunlar əcnəbilər arasında camaatımıza "geridəqalmış" adı qazanarlar.
Bir də bu tərbiyədən əmələ gələn xəsis hacılar, mütəəssib kərbəlayılar, riyakar mömün və müridlər olar ki, bəsirət gözləri bağlı mollanın ətəyindən tutub uçurumlara tərəf gedirlər. Bunlar köhnə məsləkdə ola-ola hamını murdar, napak sayıb, özlərinin "düz və Allah bəndəsi" olduqlarına fəxr edirlər. Bunlar da əcnəbilərdən millətə "mütəəssib" rütbəsini alarlar. Bu qisim tərbiyənin insanın bünövrəsinə atdığı köklər ol qədər dərin olur ki, insan ondan qəbir evinədək aralana bilmir. Çoxları hökumət məktəblərinə girirlər, tərbiyəli ailələrdə ömrünü keçirir, arif məscislərinə düşürsə də, aldığı tərbiyənin təsirindən xilas ola bilmir. Danosçu məmurlar, ruslaşmış "ariflər" həmin bu tərbiyənin meyvələridirlər. Ali məktəbdə oxuyan bir xeyli müsəlman qurtaran kimi ya millətin namusunu satar, ya da ki, yalandan camaata qarışıb "millətpərəstlik" edib, camaatın ciblərini kəsirlər. Çoxları təkyə edirlər, mərsiyəxana pul verirlər və möminləri "feyziyab" etdirib, öz sənətlərinə rəvac vermək üçün camaata xoş gəlmək istəyirlər. Bu həriflər də köhnə tərbiyənin toxumlarını ürəklərində bəsləməkdədirlər".
Çəmənzəminli "İkinci qisim tərbiyə"yə aşağıdakıları aid edir: "Bu tərbiyə köhnənin təbiiliyindən və həqiqi tərbiyənin sağlamlığından uzaqdır. Bunda düz və sabit bir şey yoxdur. Özü də əqidə nəticəsi olmayıb, məhz modaya tabe olmaqdan irəli gəlir... Böylə tərbiyə almış uşaqlar ilə köhnələrin təfavütü ondadır ki, bunlar öz dilindən savayı rusca da danışmaq bilirlər. Yoxsa ayrı şeydə onlardan irəli getməyiblər. Bunlar zahirdə işıqlı və təmiz gözə dəysələr də, batində qulluqçu əxlaqlı, aşpaz ədəbli, nökər və mehtər tinətli bir şeylərdirlər. Bunların bir qüsuru da budur ki, ana dillərini danışmağa utanarlar, eyib hesab edərlər".
"Üçüncü qisim tərbiyə" isə budur: "Böylə tərbiyə almış uşaqlar bilmərrə milliyyətdən uzaq saxlanırlar. Bunlar ana dillərini bilmirlər, milli adətlərindən xəbərləri yoxdur. Böylə tərbiyənin səbəbi ya valideynin yarımçıqlığı, ya da ki, əlacsızlığıdır. Yarımçıq ata öylə güman edir ki, övladı öz ana dilini itirib, əcnəbi dili öyrənsə, tərbiyəsi bitib qurtarır. Halbuki əsl tərbiyə dildən ibarət deyil, bəlkə uşağın əxlaqını düzəldib, ruhani aləmini təkamülə çıxartmaqdadır. Doğruçu tərbiyə gərək əql və zəkaya vüsət versin, nəinki uşağın ürəyində öz milliyyətinə qarşı düşmənçilik toxumu əksin. Əlacsızlığa gəldikdə, bu da ariflərimizin əcnəbi qızlarla evlənmələrindən irəli gəlir. Arif əql dairəsi geniş, məlumatlı bir şəxs olduğundan avam müsəlman qızlarını özünə ömür yoldaşı seçməyini rəva bilmir. Bu dərddən elmli əcnəbi qızlarını vətən qızlarına tərcih edir. Əcnəbi qızları islamiyyəti qəbul edirlərsə də, türklüyü qəbul etmirlər. Çünki tərbiyələrinin, böyüdükləri mühitin və təlim aldıqları dövlətin dinlərini dəyişsələr də, milliyyətlərindən çıxa bilməzlər - firəng qızı firəngliyində, nemsə qızı nemsəlikdə əbədi qalırlar. Odur ki, doğduğu balalar da bizim millətdən olmayıb, anasının getdiyi yol ilə gedir: tərbiyə ana əlində olur, o da balasını öz dili ilə danışdırıb, öz ruhu ilə bəsləyir.
Üç qisim tərbiyədən bəhs edib, batil olmaqların da isbata yetirdik. İmdi də bunların səbəblərindən və o səbəbləri yox etməyə dair bir neçə söz deyəcəyəm. Əsl tərbiyə ev tərbiyəsindən ibarətdir. Ev tərbiyəsi yaxşı olarsa, uşaq tərbiyəli olar. Böyük firəng mütəfəkkiri Monteskyo deyir ki, mən qədim müəllimlərimdən bir o qədər məlumat almamışdım ki, mənə süd verən dayədən aldım. Deməli, uşaq beş-altı yaşınadək öyrənməyə və görüb-götürməyə müqtədir və müsəddəd olan qədər sonralar ola bilməz. Ancaq asudə, milli vəzifəsini düşünmüş və kamil arvadlar bizə tərbiyəli övladlar yetirməyə qadir ola biləcəklər. Ona görə bu yolda çalışmalıyıq".

Uğur