Rus çarizminin Azərbaycanda dini təfriqə yaratmaq cəhdi Layihə

Rus çarizminin Azərbaycanda dini təfriqə yaratmaq cəhdi

(əvvəli ötən sayımızda, III yazı)

Sakit Hüseynov yazır ki, Rus çarizminin Qafqazdakı müstəmləkəçilik siyasətində din amilindən istifadə etməsini Şeyxülislam Allahşükür Paşazadə aşağıdakı kimi şərh edib: "İranın və Türkiyənin müsəlman dövlətləri olduğunu nəzərə alan və onların Qafqaz müsəlmanlarına daha çox təsir göstərə biləcəyindən ehtiyat edən Rusiya hökuməti burada həm şiəliyin, həm də sünniliyin nüfuzunu müəyyən qədər məhdudlaşdırmaq siyasəti yeridirdi. Xristianlığın təbliğini gücləndirmək və bu məqsədlə Türkiyədən və İrandan minlərlə erməninin və Rusiyadan müxtəlif bidətçi təriqətlərin nümayəndələrinin Azərbaycana köçürülməsi, Qafqaz müsəlmanlarının Türkiyə, İran və Ərəb ölkələrindəki həmməzhəbləri ilə əlaqələrinin məhdudlaşdırılması, Məkkə, Mədinə, Məşhəd, Kərbəla, Nəcəf kimi müqəddəs yerlərə ziyarətlərin qarşısını almaq cəhdləri, müxtəlif islam mərkəzlərinin və müsəlman nüfuz sahiblərinin göstərişlərinin Qafqaz müsəlmanları üçün heç bir səlahiyyəti olmaması barədə rəsmi qərarlar, din xadimlərinin qonşu dövlətlərin nəfinə fəaliyyət göstərməkdə günahlandırıb Qafqazdan çıxarılması və s. bu siyasətin tərkib hissəsini təşkil edirdi."
Göründüyü kimi, azərbaycanlıların dini əqidəsinə və mənəvi-psixoloji dəyərlərinə təsir edərək onların ruslaşdırılması və getdikcə xristianlaşdırılması məsələsi XIX əsrin əvvəllərində rus çarizminin qarşısında duran ən vacib məqsədlərdən biri olub. Azərbaycanlıların "ruslaşdırılması" və "xristianlaşdırılması" məqsədi ilə çar hökuməti bu dövrdə Rusiyanın və Ukraynanın mərkəzi quberniyalarından Şimali Azərbaycana xeyli malokan, duxobor və s. təriqətlərdən olan ailələr köçürüb. Məsələn, təkcə 1833-1843-cü illərdə Rusiyadan Azərbaycana köçürülənlərin hesabına burada 20-yə qədər kənd yaranıb. Bu köçürmələrdən sonra Azərbaycan kəndlilərinin demoqrafik vəziyyətində, həyat tərzində, məişət sferasında müəyyən dəyişikliklər baş verdi ki, bu da yerli əhalinin mənəvi-psixoloji baxışlarında öz əksini tapmaya bilməzdi. Məsələn, yerli əhali Azərbaycana köçrülən ruslara – "hakimiyyət dairələrinə yaxın adamlar kimi" yanaşmağa başladılar. Gəlmələr isə yerli əhalini – "geri qalmış tatarlar" adlandırırdılar. Bəzən isə gəlmələrlə yerli əhali arasında milli məişət zəminində müəyyən münaqişələr yaranırdı. XIX əsr Avropanın müstəmləkəçi ölkələrindən, məsələn, Böyük Britaniya və Fransadan fərqli olaraq Çar Rusiyası müstəmləkə torpaqlarında yerli əhalinin dini əqidəsinə və 30 milli mənəvi dəyərlərinə hörmətlə yanaşmırdı. Belə ki, rus hakim dairələri Azərbaycanda öz müstəmləkəçilik qaydalarını möhkəmləndirmək üçün yerli əhalinin dini işlərinə qarışaraq ruhani rəhbərlərini istədikləri vaxt vəzifədən azad edir, onların yerinə özlərinə münasib adamları təyin edirdilər. Məsələn, 1816-cı ildən Qafqazdakı rus qoşunlarının Ali Baş Komandanı təyin edilmiş A.P.Yermolov 1822-ci ildə Tiflis axundu Tanrıverdini vəzifəsindən azad edərək İrana sürgün etdirib. Bu qərarı A.P.Yermolov onunla əsaslandırırdı ki, guya Axund Tanrıverdi xaricdən – islam ölkələrindən dəstək alıb Qafqaz müsəlmanlarını Rusiyaya qarşı milli azadlıq mübarizəsinə qaldırmağa cəhd göstərir. A.P.Yermolovun geniş əhali kütləsinə ünvanlanan "müraciətnamə"sində göstərilirdi ki, guya axund Tanrıverdi "Rusiyanın faydalı himayədarlığını qəbul etməyərək" o, "hökumət üçün zərərli olan xaricilərlə gizli əlaqələrin qurulmasını" dəstəkləyib. Azərbaycanlıların rusların ağalığına qarşı getdikcə artan narazılıqlarını aradan qaldırmaq, onları müstəmləkə qaydalarına tabe etdirmək üçün Rusiyanın hakim dairələri ən müxtəlif tədbirlərə əl atırdı. Onlar başa düşürdülər ki, hər bir xalqın milli-azadlıq mübarizəsində dini mənəvi amillər həlledici rol oynayır. Buna görə də öz müstəmləkəçilik planlarını genişləndirmək istəyən rus generalları xalqın dini-mənəvi dəyərlərinə təsir etmək üçün bütün vasitələrə əl atırdılar. Belə ki, çar hökuməti Qafqaz müsəlmanlarına vahid bir mərkəzdən rəhbərlik etmək üçün 1822-ci ildə "şeyxülislam" vəzifəsini yaratdı və bu vəzifəyə Salyan axundu Məhəmməd Əli təyin edildi. Bundan başqa, rus generalları Qafqazda islam dininin ayrı-ayrı məzhəbləri arasında düşmənçilik toxumu səpməyə çalışır və sünnilərlə şiələri bir-birinə qarşı qoymaqdan da çəkinmirdilər. Bu çirkin məqsədi həyata keçirmək üçün çarizm nümayəndələri şiə və sünni məzhəblərinin başçılarını ələ almağa və onların vasitəsilə dindarlara təsir etməyə çalışırdılar. 1828-ci ildə rus qoşunları Təbrizi tutduqdan sonra Rusiyanın Qafqazdakı canişini İ.F.Paskeviç Təbrizin mücdehidi, məhşur ilahiyyat alimi Ağa Mirfəttah Təbatəbainin Zaqafqaziyanın şiə əhalisinin rus imperatorunun "üzünə ağ olduğuna" görə onların "başına ağıl qoymaqdan ötrü" Tiflisə gəlməsinə nail olub. Ağa Mirfəttah Təbatəbai Tiflisə gəldiyinə görə, o, çar hökuməti tərəfindən "briliyantla bəzədilmiş qızıl medal" və birinci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilib. Bundan başqa, A.M.Təbatəbaiyə guya imperatora xidmət etdiyinə görə 2000 onluq (çervonets), Tiflisdə gözəl bağı olan xüsusi mülk və Şirvanda illik gəliri 5360 rubl olan 15 kənd verilib.
Qeyd edək ki, A.M.Təbatəbainin çar hökuməti tərəfindən Tiflisə gətirilməsinin bir tərəfdən Zaqafqaziya müsəlmanlarının çarizmə qarşı narazılığının aradan qaldırılmasında müəyyən təsiri olsa da, digər tərəfdən belə bir ilahiyyat aliminin Azərbaycanda, o cümlədən, bütöv Qafqazda İslam maarifçiliyinin genişlənməsi və yerli əhalinin dini səviyyəsinin yüksəlməsində müsbət rolu olub. 1832-ci ildə rus generalı Q.V.Rozen Zaqafqaziyanın sünni məzhəbli müsəlmanlarını "sakitləşdirmək", "hakimiyyətə tabe etdirmək", "onların azğın mənəviyyatını yumşaltmaq" və onları imperatora sədaqətlə xidmət etdirmək üçün yüksək ruhani nümayəndələrinə müfti dərəcəsi təyin etdi. Bu məqsədlə rus generalı Q.V.Rozen milliyyətcə tatar olan və çar hökumətinə böyük xidmətlər göstərmiş Tacəddin Mustafin Əfəndini Kazan şəhərindən Qafqaza müfti vəzifəsinə gətirtdi. Kapitan rütbəsi daşıyan Mustafin Əfəndi vaxtilə Şeyx Şamilin çar hökumətinə tabe olması üçün onunla danışıqlar aparıb. Qafqaza gəldikdən sonra Mustafin Əfəndi Zaqafqaziya müsəlmanlarına müraciət edərək deyib: "Ey müsəlman cəmiyyəti! Bizim kimi siz də hamıya qarşı lütfkar olan böyük imperatorun xeyirxahlığı himayəsində xoşbəxtliklərə çatacaqsınız... Bizim kimi siz də... böyük imperatora qəlbən xidmət etməklə, ona dualar oxumalısınız."
Həmin dövrdə çarizmin Azərbaycanda ruslaşdırma siyasətini xarakterizə edən Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" əsərində bu məsələdən bəhs edərək yazıb: "Çarizm, Azərbaycanı ruslaşdırmaq üçün iki cəbhədən gəliyordu. Bir tərəfdən xalqın hissiyyati-diniyyəsini idarə edən üləma və mollaları kəndi kontroluna tabe tutur, digər tərəfdən də milli tərbiyyəyə meydan verməyərək xəlqi rus məktəblərində (uşkol) oxumağa icbar ediyordu. Birinci məqsədin təmini üçün şiə və sünnilərə məxsus olmaq üzrə ayrı-ayrı iki idarəyi-ruhaniyyə təsis eləmiş, bütün molla və əfəndiləri bu idarə vasitəsilə kəndisinə tabe birər məmur kibi qullanmışdır. İkinci məqsədi təmin üçün də müəyyən ruslaşdırma proqramilə uşkollar (məktəblər) təsis edilmişdir."
Öz müstəmləkəçilik planlarını hər vasitə ilə möhkəmləndirməyə çalışan çar çinovnikləri xalqın dini-mənəvi dəyərlərinə, minillik əqidəsinə, milli adət-ənənələrinə ciddi təsir göstərməklə azərbaycanlıları ruslaşdırmaq planlarını həyata keçirə bilmirdilər. Əksinə, çarizmin yerlərdəki nümayəndələri xalqa qarşı nə qədər özbaşınalıq edirdilərsə, əhali arasında onlara qarşı narazılıq getdikcə artırdı. Belə ki, rus çinovniklərinin özbaşınalıqlarından cana doymuş xalq 1837- ci ildə üsyan etdi. Tarixə Quba üsyanı adı ilə daxil olmuş bu milli-azadlıq hərəkatı təxminən 16 min kəndlini və şəhərlini əhatə edib. Üsyan amansızcasına yatırıldı. Bu hadisədən sonra çar hökuməti Azərbaycandakı müstəmləkəçilik siyasətində müəyyən manevrlərə əl atdı. Yüksək müsəlman təbəqələrinin xalq arasında geniş nüfuza malik olduğunu görən çarizm onların cəmiyyətdəki mövqeyini hüquqi cəhətdən yüksəltmək üçün xüsusi bir komitə yaratdı. 1843-cü ildə yaradılan bu komitə – "yüksək müsəlman təbəqələrinin (bəy, xan, məlik, qazi və s.) hüquqlarını araşdıran xüsusi komitə" – adlandırıldı. Bu komitə yüksək təbəqələrin hüquqlarının əvvəlki illərə nisbətən yüksəlməsinə və həmin təbəqələrə müəyən imtiyazlar verilməsinə nail oldu. Bununla da çarizm xalqın milli-azadlıq hərəkatında yüksək təbəqələrin təsirini azaltmaq yolunda müəyyən addımlar atdı. Digər tərəfdən çar hökuməti hakim dairələrin istəyini yerinə yetirməyən, çarizmə qarşı genişlənən narazılığa qoşulan bəzi nüfuzlu dini rəhbərləri cəzalandırmağa başladı. Məsələn, müsəlmanlar arasında imperiya xofu yaratmaq üçün Şuşa qazisi Mirzə Əbdülqasım həbs edilib Metex qalasına salındı. Nuxa qazisi Abdal Lətif Əfəndi çar məmurları tərəfindən izlənildiyini hiss edib 1844-cü ildə Həcc ziyarəti məqsədilə Məkkəyə gedərək Azərbaycanı tərk etdi. Ümumiyyətlə, Şimali Azərbaycan işğal olunduqdan sonra əhali arasında böyük nüfuza malik olan Azərbaycan xanlarından Qarabağ xanı Mehdiqulu xan, Şirvan hakimi Mustafa xan, Bakı hakimi Hüseynqulu xan, Talış xanı Mir Həsən xan rus müstəmləkəçilərinin özbaşnalığına dözə bilməyərək İrana köçməyə məcbur olublar.
Cavid