“Qloballaşma elmi-texniki tərəqqinin sürətli inkişafına səbəb olsa da...” Layihə

“Qloballaşma elmi-texniki tərəqqinin sürətli inkişafına səbəb olsa da...”

Vaqif Cəlilov: "Bu prosesin tarixi-mədəni irsə müəyyən təhlükə meylləri də özünü büruzə verir"

"Müasir dövrün qloballaşma prosesləri bəzi siyasətçiləri vahid dünya mədəniyyətinin təşəkkülü, xalqların qovuşaraq "superetnos" yaradacağı barədə konsepsiyalar irəli sürməyə sövq edib. Digər mütəxəssislər isə əksinə, sivilizasiyaların toqquşması, Şərq və Qərb mədəniyyətlərinin dialoqunun qeyri-mümkünlüyünü iddia edirlər. Milli-mənəvi dəyərlərimizin təminatçısı olan Prezident İlham Əliyev hər iki ifrat konsepsiyanın təhlükəsini nəzərə alaraq bildirib ki, indiki şəraitdə xalqımızın milli "Mən"inin və mental dəyərlərinin qorunması son dərəcə aktual məsələlərdən biridir. Çünki qloballaşma elmi-texniki tərəqqinin sürətli inkişafına səbəb olsa da, bu prosesin tarixi-mədəni irsə müəyyən təhlükə meylləri də özünü büruzə verir. Belə mərhələdə xalqların milli-mənəvi mədəniyyətinin assimlyasiyaya məruz qalması istisna deyil".
Bu fikirləri ilahiyyatçı Vaqif Cəliloğlu öz yazısında qeyd edib. O bildirib ki, bu gün dünyada təqribən 200-yə yaxın dövlət və 8 mindən artıq xalq var: "Lakin hər bir mədəniyyət başqa mədəniyyətdən öz genotipi və inkişaf məntiqinə görə fərqləndiyi üçün xalqlar da özəl keyfiyyətlərinə, xüsusən sosial-iqtisadi, siyasi, müasirlik, milli-mənəvi və digər dəyərlərinə görə bir-birindən fərqlənir. Bu baxımdan hər bir xalq kimi azərbaycanlıların da vahid amal ətrafında birləşdiyi məxsusi keyfiyyətləri var. Bu, ilk növbədə, xalqımızın zəngin mədəniyyəti, özünəməxsus milli-mənəvi dəyərləri və adət-ənənələridir. Qeyd edək ki, həmin dəyərlərlə dünyada özünü tanıdan xalqımız başqa xalqların mədəniyyətinə, adət-ənənələrinə, dininə hörmətlə yanaşıb, onlarla qarşılıqlı mübadilədə olub. Elə həm tarixi, həm də xüsusən müasir Azərbaycanın tolerantlıq, dözümlülük məkanı olmasının səbəblərindən biri də budur desək, məncə yanılmarıq.
Vurğulayaq ki, milli-mənəvi dəyərlər və müasirliyin vəhdətdə olmasının vacibliyini mərhum Prezident Heydər Əliyev çox yığcam və aydın ifadə edib. Belə ki, keçən əsrin sonlarında cənab Heydər Əliyev "Azərbaycanın inkişaf yolu hayanadır" sualını belə cavablandırmışdı: "Azərbaycanın inkişaf yolu Qərbədir". "Məgər Günəş Qərbdən çıxır" sualına isə, ümummilli lider müdrüklüklə belə cavab verdi: "Bizim üzümüz Qərbədir ki, yenidən Şərqdən doğaq". Bu bəlağət və fəsahətli sözlərdə həqiqətən böyük məna və hikmət var. Həm də şərqliliyindən fəxr duyan ulu öndər həmin ifadə ilə Şərqlə Qərbin, böyük sivilizasiyaların qovşağında yerləşən ölkəmizin Şərqin dəyərlərini, zəngin mədəniyyətini, xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi irsini müasir dövrdə yüksək inkişafa nail olan Qərbin elm və texnologiyası, demokratik dəyərləri ilə uzlaşdırmaqla inkişafın alternativsiz istiqamətini göstərirdi. Həmin səbəbdən mərhum Prezident Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirərkən xalqımızın keçdiyi keşməkeşli tarixi yolu, milli-mənəvi dəyərləri və müasirliyi xüsusilə nəzərə almışdı. Bu baxımdan hesab edirik ki, "Milli-mənəvi dəyərlər və müasirlik" mövzusunu bilavasitə Azərbaycan dövlətinin təməl prinsipləri kontekstində təhlil etmək daha dolğun və doğru olardı".
O əlavə edib ki, Azərbaycan dövlətinin təməl prinsiplərinin ilki dövlətçilikdir: "Xalq üçün birinci onun dövlətidir. Milli dövlət yoxsa, müstəqil ölkə, azad xalq, ərazi bütövlüyü də olmaz. Bu zaman milli-mənəvi dəyərlər aşınar, azad fikir, azad ibadət yox olar, cəmiyyət yalançı və yabançı "dəyərləri" təlqin edər və nəticədə xalq özgə süvarisinin üzəngisindən öpməyə vadar edilər...
Təməl prinsiplərin ikincisi qanunun aliliyidir. Dövlətin yaşaması üçün qanunun aliliyi olmalıdır. Əgər qanun yoxdursa və ya o işləmirsə, inkişafdan, talerantlıqdan, vətəndaş həmrəyliyindən, milli-mənəvi dəyərlərin qanunla qorunmasından, digər xalqlarla bərabərhüquqlu münasibətdən danışmağa dəyməz və nəticədə dövlət çökər... Üçüncü prinsip azərbaycançılıqdır. Məşhur "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözünün müəllifi mərhum Heydər Əliyev azərbaycançılıq dedikdə xalqımızın həm də öz dininə, milli-mənəvi dəyərlərinə söykənməklə bərabər, ümumbəşəri dəyərləri də qəbul edib, onlardan yararlanmasını nəzərdə tuturdu. Təməl prinsiplərin dördüncüsü varislik, yaradıcı təkamüldür. Bu, hakimiyyətin ideoloji, siyasi, iqtisadi, mədəni baxımdan gələcək nəslə ötürülməsidir. Xalqın özünəməxsusluğunu, milli-mənəvi dəyərlərini qorumadan, həmin dəyərlərə söykənmədən və onları müasirliklə zənginləşdirib gələcək nəslə ötürmədən ölkənin uzunmüddətli milli-mədəni inkişafına nail olmaq qeyri-mümkündür. Növbəti prinsiplər vətəndaş həmrəyliyi, sosial ədalət, ölkənin idarəçiliyində xalqın iştirakı və demokratiyadır. Bu prinsipləri qoruyub inkişaf etdirmək də yalnız kimliyimizi ortaya qoymaqla mümkündür. Qeyd edək ki, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi, gələcək nəslə ötürülməsi ilə "çayxana" və "maqdonalds" (Şərq-Qərb) mədəniyyətlərinin birgə yaşamasını təmin edən müasirliyin vəhdəti Azərbaycan dövlətinin təməl prinsiplərinin hamısında öz əksini tapdığı üçün bu, dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir".

Onun fikrincə, milli-mənəvi dəyərlərimizin müasirlik ilə uzlaşdırılmasının nəticəsi olaraq paytaxtımız artıq dünya ictimaiyyəti tərəfindən multikulturalizm, dözümlülük, tolerantlıq, humanitar mərkəz kimi tanınır: "Azərbaycan muğamının UNESCO-da təmsil olunması, mətbəximiz, ornament və xalçalarımız, milli rəqs və geyimlərimiz, xalq mahnılarımız, Azıx mağarası, Qobustan, İçərişəhər və digər tarixi abidələrimiz maddi-mənəvi dəyərlər kimi bu gün təkcə bizim yox, həm də ümumbəşərin malı olub. Ailə institutumuz, ictimai nəqliyyatda "yaşlılara, uşaqlı qadınlara, əlillərə yer verin" müraciəti, əhdə peymanlığımız, qonaqpərvərliyimiz, sözümüzün möhürdən üstünlüyü, sülhsevərliyimiz və digər mənəvi keyfiyyətlərimiz ölkəmizə gələn xarici vətəndaşlarda təəccüb doğuran xoş xatirələr yaşadır. Milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə qarşılıqlı zənginləşdirilməsində xaricdə yaşayan həmvətənlərimizin də rolu az deyil. Dinini, dilini, mental dəyərlərini saxlayıb öz övladlarına ötürən həmvətənlərimiz əslində həmin ölkələrdə doğma Azərbaycanımızın bir parçasını yaşadır, ölkəmiz haqqında fikir formalaşdırır.
Milli-mənəvi dəyərlərimizin müasirliklə həmahəng olmasını dünya ictimaiyyətinə dəfələrlə çatdıran cənab İlham Əliyev Asiya İnkişaf Bankı Sədrlər Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısındakı çıxışında deyib: "Azərbaycan Şərqlə Qərb arasında yerləşdiyi üçün multikultural dəyərlərdən bəhrələnib. Biz multikultural tarix və ənənəmizlə fəxr edirik. Azərbaycanın tolerant ölkə kimi inkişafına sadiqik. Bizim səylərimizlə artıq Azərbaycan dünyada multikulturalizm mərkəzi hesab olunur.
Məlumdur ki, mənəviyyatımızın aparıcı dəyərlərindən biri də İslam dinidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, ölkəmiz sekulyar (hər hansı dini inancın dövlət idarəsinə təsir etməməsi) dövlətdir. Lakin din cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin əsası olduğu üçün, ölkəmizdə dünyavilik elementləri yalnız Konstitusiya ilə deyil, həm də din ilə qorunur. Həmin səbəbdən Azərbaycanda əsrlər boyu yaşayan xalqların ümumi mənəviyyat, adət-ənənə və həyat tərzi sayəsində vahid "azərbaycanlı" adı altında təşəkkül tapmasında İslam dininin əhəmiyyətli rolu olub. İslamın tolerant, sülhsevər, humanist din olmasından fəxr duyan mərhum Prezident Heydər Əliyev mötəbər beynəlxalq kürsülərdən bəyan edirdi: "Biz azərbaycanlılar İslam dini ilə fəxr edirik, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik... Heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik". Ulu öndərin hər sahədə siyasətini uğurla inkişaf etdirən cənab İlham Əliyev bir müsəlman kimi həm də milli-mənəvi dəyərlərimizin ayrılmaz atributu olan İslam dininə sadiqliyini bütün dünyaya sübut edib. Prezidentin bu il ailə üzvləri ilə birlikdə müqəddəs Kəbəni ziyarət etməsi, müxtəlif dinlərin nümayəndələri ilə mütəmadi görüşləri, regionda ən böyük məscidin inşası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin möhkəmləndirilməsi və s. işlər bunun əyani sübutudur. Ümumiyyətlə, ölkə Prezidentinin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Bu baxımdan ölkə başçısının xalqlararası və mədəniyyətlərarası, o cümlədən dinlərarası dialoqu inkişaf etdirməsi, ona dəstək verməsi tamamilə təbii və təqdir ediləndir.
Milli-mənəvi dəyərlərin müasirliklə həmahəng səsləndiyi respublikamıza rəsmi səfərə gələn xarici dövlət rəhbərləri, paytaxtımızda keçirilən çoxsaylı beynəlxalq ictimai-siyasi-humanitar tədbirlərin iştirakçıları, qonaq və turistlər öz ölkələrinə Azərbaycan haqqında xoş təəssüratla qayıdıblar. Qeyd edək ki, bu dəyərlərin nümayişi hər birimizin geyimindən tutmuş, danışığına, hərəkətinə qədər diqqətçəkən olduğu üçün, əcnəbilər də məhz gördükləri nisbətdə ölkəmiz, xalqımız haqqında fikir yürüdürlər. Bu çox vacib bir məsələdir. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən bəzi dairələr ölkəmizdəki hərtərəfli inkişafı görmək istəmir. Gözləri və qulaqlarını qapayan bu dairələr ərazimizə, mətbəximizə, musiqimizə, tarixi abidələrimizə təcavüz edən və monoetnik bir cəmiyyət yaradan işğalçı Ermənistanı boykot etmək əvəzinə, əksinə, Bakı-2015 tədbirinin beynəlxalq əhəmiyyətini kiçildir, bu idman bayramını boykot etməyə təşəbbüs göstərirlər. Halbuki, işğaldan fərqli olaraq I Avropa Oyunları yalnız idman bayramı yox, həm də dünya ölkə və xalqlarını birləşdirən sülhməramlı beynəlxalq tədbirdir.
Ölkəmizə ikili standartdan yanaşan dairələrə cavab vermək üçün yaxşı fürsət olan bu tədbir həm də ictimai-siyasi hadisə kimi xalqımızın maddi-mənəvi dəyərlərinin, kimliyinin, sosial-iqtisadi göstəricilərinin, müasir dünyaya inteqrasiyasının sərgisidir. Fəxrlə qeyd edək ki, bu dəyərlərin rəsmi beynəlxalq təqdimatları dövlətimiz tərəfindən həmişə yüksək səviyyədə keçirilib. Lakin məsələnin bir də qeyri-rəsmi tərəfi var. Bu, hər bir Azərbaycan vətəndaşının ölkəmiz haqqında əcnəbilərdə formalaşdırdığı təəssüratın necəliyidir. Unutmyaq ki, Bakı-2015 yekunlaşdıqdan sonra məkrli dairələrin yalnız "ictimaiyyətin" fikirlərini ifadə edəcəyi istisna edilmir...
Göründüyü kimi, xalqımızın əsrlər boyu formalaşdırıb bizə əmanət etdiyi milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi, ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi bir xalq olaraq mövcudluğumuzun təminatçısıdır. Bu təminatın davamlı olması üçün milli-mənəvi dəyərlərimiz kimliyimizin ünvanı, müasirlik isə kimliyimizin sükanı olmalıdır".