Tolerantlıq və mədəniyyətlərarası dialoq Layihə

Tolerantlıq və mədəniyyətlərarası dialoq

Dövlətin tolerantlığa bu qədər həssas yanaşması təkcə keçmişə hörmətdən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir

Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında lider sayılır. Bu gün dünyanın müxtəlif ölkələrində fərqli dinlər, təriqətlər arasında ixtilaflar müşahidə olunsa da, fəxr ediləcək haldır ki, Azərbaycan müxtəlif dinlərə sitayiş edən insanların birgə yaşadığı, barmaqla sayılacaq qədər çox az sayda olan ölkələrdəndir. Ölkəmizdə bütün dinlər üçün ibadət evlərinin olması bunun bariz nümunəsidir. Müxtəlif dinlərə mənsub insanların münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması isə artıq Azərbaycanı bütün dünyaya tolerantlıq nümunəsi kimi tanıdıb. Doğurdan da, bu gün istənilən cəmiyyətdə sabitlik və təhlükəsizliyin mövcudluğunu şərtləndirən əsas amillərdən biri dini dözümlülük, müxtəlif dinə sitayiş edən insanların tolerantlıq şəraitində yaşaya bilməsi ilə birbaşa bağlıdır. Sözügedən amil həm də davamlı inkişafın möhkəm əsasını yaradan ən vacib faktorlardan biri kimi çıxış edir.
Bu tolerantlıq yerli və xarici medianın da diqqət mərkəzində saxlanılır. Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların mediaya birbaşa çıxışı var, medianın qapıları onların üzünə açıqdır. Həmin konfessiya rəhbərləri, din xadimləri maneəsiz yerli KİV-lərdə çıxışlar edirlər. Azərbaycan mediası ilə onlar arasında sıx əməkdaşlıq mövcuddur. Onların keçirdikləri hər bir tədbir yerli media tərəfindən işıqlandırılır.
Medianın özü də bu məsələyə isti yanaşır. Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Bu günün reallıqlarını düzgün dəyərləndirmək hər zaman keçilən yola nəzər salmağa, düzgün təhlillər aparmağa böyük zərurət yaradır. Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfesiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə Konstitusiyasının 48-ci "Vicdan azadlığı" maddəsində qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 2009-cu ilə keçirilən ümumxalq səsverməsində Konstitusiyanın bu maddəsinə belə bir əlavə də edildi ki, heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Ölkəmizin ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək bildirilir ki, Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meylləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. KİV-lə yanaşı Azərbaycanda dövlət qurumları və vətəndaş cəmiyyəti institutları tolerantlıq məsələsinə böyük önəm verir. Onların problemlərinin həllinə yardımçı olunur, konfessiyalar və bütövlükdə cəmiyyət üçün gözlənilən təhlükələrin qarşısının necə alınması yolları müzakirə edilərək mətbuata çıxarılır.
Məsələn, Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda ölkəmizdə din-dövlət münasibətlərindən, bu sahədə mövcud qanunvericilikdən geniş bəhs edilərək, bir daha bu reallıq qeyd oldundu ki, tolerantlıq mühitindən sui-istifadə halları mövcuddur və bu kimi məsələlərin həllində vahid mövqe ortaya qoyulmalıdır. Dünyanın müxtəlif ölkələrində din və milli zəmində baş verən qarşıdurmalar, münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları və dini təriqətlər Azərbaycana da ayaq açmış və onlar respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və təhrik etmək istəyənləri, şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsil simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir.
Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq, bu gün din pərdəsi altında göstərilən cəhdlərin ölkə üçün nə kimi problemlər yaratdığını ətraflı şəkildə təhlil etməyə böyük zərurət duyulduğunu daha dərindən dərk etmiş olarıq.
Azərbaycanda tolerant mühiti xarici mətbatda da əks olunur. Parisdə nəşr olunan "Grands reportages" jurnalında ötən il noyabrın 22-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində soydaşımız, tanınmış fotoqraf Reza Deqatinin Heydər Əliyev Fondunun təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan - tolerantlıq məkanı" fotosərgisi haqda məqalə dərc edilib.
"Reza-Tolerantlığa ehtiram" sərlövhəli məqalədə sərgi haqqında ətraflı məlumat verilib: "Sərgidə təqdim edilən fotolarda Azərbaycandakı mədəni müxtəliflik nümayiş olunur. Bu, fransız ictimaiyyətinin böyük marağına səbəb olub".
Yazıda bildirilir ki, Rezanın sərgi üçün Azərbaycanı seçməsi heç də təsadüf deyil: "O, çox yaxşı tanıdığı ölkəyə dəfələrlə səfər edib, müxtəlif dinə etiqad göstərən xalqların - xristianların, müsəlmanların, yəhudilərin Azərbaycanda qarşılıqlı hörmət və dostluq şəraitində yaşamaları Rezanın diqqətini çəkib. Nəticədə onda bu tolerantlıqdan bəhs edən fotosərgi təşkil etmək ideyası yaranıb".
Müəllif Azərbaycanda müxtəlif dillərə və dinlərə mənsub insanların bir-birinə hörmətlə yanaşdıqlarını, qarşılıqlı inam bəslədiklərini vurğulayır: "Azərbaycanda yaşayan xalqlar Ramazanı müsəlmanlarla, Pasxanı xristianlarla və Pessahı yəhudilərlə birlikdə bayram edirlər. Yəhudilərin sıx yaşadıqları Quba rayonundakı Qırmızı qəsəbədə onlar üçün yaradılan yüksək şərait Azərbaycanda tolerantlığın bariz nümunəsidir".
Məqalədə "Azərbaycan - tolerantlıq məkanı" sərgisinin ilk dəfə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının binasında, daha sonra Brüsseldə Avropa Parlamentinin mənzil-iqamətgahında və UNESCO-da nümayiş etdirildiyi qeyd olunur.
Diaspor Jurnalistləri Birliyi isə xarici KİV-lərdə Azərbaycan həqiqətlərinin təbliği işini davam etdirir. DJB təmsilçiləri Fuad Hüseynzdə və Rəşad Bədirlinin həmmüəllifliyi ilə "Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı" adlı növbəti məqalə Pakistanın dövlət qəzeti "Daily Parliament Times"da nəşr olunub.
Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biridir: "Qubada avropalılara, hətta Avropa Şurasının prezidentinə 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə, heyrətləniblər. Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib və tanınıb. Bunun bariz nümunəsi 2002 ilin mayında Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin Azərbaycana etdiyi tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar".
Yazıda bildirlir ki, Azərbaycan dövləti tərəfindən yalnız İslama aid deyil, digər dinlərə məxsus abidələr də bərpa edilib qorunur: "Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması qeyri-mümkündür. O da qeyd edilməlidir ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır".

Cavid