Dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu Layihə

Dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu

Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.
Millət vəkili Rövşən Rzayevin fikrincə, azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində nisbətən yeni yaranan anlayışdır. Bununla belə, son illər alim və tədqiqatçılar, ictimai xadim və yazarlar tərəfindən bu mövzuda bir sıra dəyərli məqalələr, monoqrafiya və dərsliklər yazılmış, azərbaycançılığın əsasları, mahiyyəti və konseptual tərəfləri şərh edilmişdir. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə qeyd edir ki, "Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır". Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır: "Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığının ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır".
Azərbaycançılıq məfhumunun təhlil etmək, onun mahiyyətini dərk etmək, tərkib elementlərini səciyyələndirmək metodoloji cəhətdən çətindir. Bu da təbiidir. Çünki ictimai elmlərdə əksər kateqoriya və anlayışların dəqiq çərçivələrini aşkar etmək çətindir. Neotomizmin yaradıcısı, fransız filosofu J.Mariten qeyd edirdi ki, "müasir tarixin faciəsi əsas anlayışların sistematik ümumiləşdirməsindədir".
İslam nəzəriyyəçiləri də etiraf edirlər ki, İslam dinində əsas anlayışlar fərqli şərh olunurlar, lakin ümumi fəlsəfə kimi təqdim edilir. İctimai elmlərin əsas vəzifəsi sosial reallıq haqqında sistemləşmiş bilik yaratmaqdır. Avstriyalı sosioloq A.Şyus nəzəriyyəsində göstərir ki, "ictimai elmlərdə bir anlayışa vahid yanaşma yoxdur, bu tədqiqatlarda ən əsası elmi məntiqdən çıxış edərkən obyektivliyə doğru getməkdir". Ona görə azərbaycançılığın mahiyyətinin açıqlanmasında vahid yanaşma olmasa da, elmi məntiqə əsaslanaraq onun tərkib elementlərini müəyyənləşdirməyə cəhd etmək olar.
Hər bir halda politoloji, sosioloji, hətta etimoloji cəhətdən azərbaycançılıq termininə müxtəlif yanaşmalar mövcud olsa da, onun əsas fəlsəfəsi dəyişməzdir. Azərbaycançılıq – özündə "vətəndaşlıq", "vətənpərvərlik", "loyallıq", habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir. Beləliklə, Azərbaycançılıq milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik, loyallıq və vətəndaş məsuliyyətini formalaşdıran, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
R.Rzayev onu da qeyd edir ki, Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Digər tərəfdən, bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir.
Azərbaycançılıq nisbətən yeni ideologiya olsa da, uzun müddət hüquqi dövlət və demokratik rejimin formalaşmasında rol oynayan, azad xalqları birləşdirən, hüquq elmində kifayət qədər təhlil olunan konstitusionalizmin elementlərini cəmləşdirir. Konstitusionalizmin əsas elementlərinə bunları aid etmək olar: demokratik və hüquqi rejim, insan hüquqlarının aliliyi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti, yerli özünüidarə və s. Təbiidir ki, konstitusionalizm ideologiyasının hakimiyyət strukturunda, vətəndaş cəmiyyəti institutlarında dərk edilməsi konstitusiya münasibətlərinin sabit inkişafı ilə bağlıdır. Konstitusionalizmin çox lakonik və əhatəli tərifini macar professoru A.Şayo vermişdir: "konstitusionalizm – ictimai sabitlik məqsədi ilə hakimiyyətin məhdudlaşdırılması prosesidir".
Bu ideologiyanın əsas məqsədi hakimiyyətin şəffaf və effektiv hüquq çərçivəsində idarəçiliyini təmin etməkdir. Ona görə hüquqi cəmiyyətdə konstitusionalizmin mahiyyəti və Əsas Qanunun fəlsəfəsi aydın təsəvvür olunmalıdır. Cəmiyyətin hər bir üzvü, xüsusilə dövlət qulluqçuları konstitusionalizmin məqsəd və vəzifələrini dərk edərək onları gündəlik fəaliyyətində rəhbər tutmalıdır. Belə olan halda hakimiyyət sistemi, dövlət idarəçiliyi institutları Konstitusiya əsasında sabit fəaliyyət göstərir və cəmiyyətdə ali dəyər olan insan hüquqlarının təminatına real imkan yaradırlar.
Azrərbaycançılığın və konstitusionalizmin məqsədlərində böyük oxşarlıq var. Hər ikisi ideoloji funksiyalarına görə fərdlə dövlət arasında ədalətli bərabərhüquqlu münasibətlər və dəyərlər sistemi yaradır, habelə demokratik və hüquqi dövlətdə idarəçiliyin effektiv təşkilinə xidmət edir. Azrərbaycançılıqla konstitusionalizmin oxşarlığını aşağıdakı fikirlə ifadə etmək olar: azərbaycançılıq ideologiyası hüquqi və demokratik Azərbaycan dövlətini möhkəmləndirməyə, müstəqil Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxarmağa xidmət edir.
Konstitusionalizm də dövlət quruculuğunda analoji məqsədləri güdür. Bu iki ideologiyaların fərqli xüsusiyyətləri də var. Təsir etdikləri obyektlərin predmeti eyni olsa da, öz əhatə dairəsinə görə konstitusionalizm qlobal xarakter, azərbaycanşılıq isə konkret bir xalqı birləşdirən lokal xarakter daşıyır. Azərbaycançılığı neokonservatizmlə də müqayisə edirlər. Neokonservativizm nisbətən yeni ideoloji cərəyandır və Qərbin sivil dəyərlərini təbliğ edir. Neokonservativizmin banisi Leo Ştraus olsa da bu nəzəriyyənin müasir əsasları ətraflı şəkildə Vilyam Kristal və Robert Kaqan tərəfindən 1996-cı ildə şərh edilmişdir.
Neokonservativizmin tərəfdarları hesab edirlər ki, demokratiyanı, bazar iqtisadiyyatını və söz azadlığını cəmiyyətə imperativ şəkildə çatdırmaq lazımdır. Azərbaycançılıq sivil cəmiyyət quruluşunu inkar etmir, əksinə, bunun üçün dəyərlər sistemini yaradır. Beləliklə, azərbaycançılığın müəyyən hallarda neokonservativizm xarakterli imperativ olması, digər hallarda isə qloballaşma baxımından konstitusionalizmin vahid dəyərlər sisteminə inteqrasiyası vacibdir.
Hər bir xalq inkişafa doğru gedir. Bu inkişaf vahid prinsiplərə əsaslanır. Düzdür, sivilizasiya baxımından xalqların inkişaf yolları bir qədər fərqlidir. Məsələn, Şərq sivilizasiyasının adət-ənənələri Qərb sivilizasiyasının dəyərlərindən fərqlidir. Lakin insanlar universal dəyərlərin daşıyıcılarıdırlar. Hər bir kəs arzulayır ki, o yaşadığı cəmiyyətdə hüquqi bərabərlik, hakimiyyətin ədalətliyi, azad bazar iqtisadiyyatı, söz və vicdan azadlığı, işgəncələrə məruz qalmamaq, şəxsi toxunulmazlıq, ədalət mühakiməsi və s. təmin olunsun. Bu dəyərlər insan hüquqları üzrə beynəlxalq standartlarda universallaşıb. Onların təminatı üçün demokratik rejim və hüquqi dövlət quruculuğu tələb olunur.
Hərçənd müəyyən tarixi zaman və şəraitdə hətta Avropada demokratiyanın tənqidçiləri, bu idarəçilik rejiminin mənfi fəsadlarını müşahidə edənlər olub. Məsələn, Uunston Çörçill II Dünya müharibəsindən sonra çıxışların birində qeyd etmişdir ki, "Demokratiya – idarəetmə formasının ən pisidir, ancaq digər formalar ondan da pisdir". Zaman göstərdi ki, demokratik rejim və hüquqi dövlət xalqların rifahının artmasına, qlobal konstitusionalizm ideyası isə ədalətli cəmiyyət quruluşuna aparan inkişaf yoludur. Ona görə Azərbaycanda dövlət quruculuğu prosesində konstitusionalizm, azərbaycançılıq ideologiyalarının dəyərləri üstün tutulur.
Millət vəkili onu da vurğulayıb ki, müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik hissi daha çox vətəndaşlıq, loyallıq və tolerantlıq hissləri ilə əvəz olunur. Müəyyən hallarda isə sənayeləşmə, demokratikləşmə, məlumat mübadiləsi dairəsinin genişlənməsi və s. qloballaşma prosesləri etno-milli mənsubiyyətə təsir edərək münaqişələrə də səbəb olur. Bunu nəzərə alan bır sıra təhlilçilər qloballaşmanın milli ideologiya ilə ziddiyyət təşkil etdiyini önə çəkir, onları antaqonist dəyərlər sistemi kimi xarakterizə edirlər. Məhz ona görə çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir.
Cavid
(Davamı var)