“ Minsk qrupunun üzvləri İrəvana təzyiq etməlidirlər” Layihə

“ Minsk qrupunun üzvləri İrəvana təzyiq etməlidirlər”

Zaur Məmmədov: " Bununla da Rusiya, ABŞ və Fransa zərər dəymiş beynəlxalq imiclərini düzəltmiş olardılar"

Azər Verdiyev: "Ermənilər hər çür təxribata əl atırlar"

Son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar prosesində hərəkətlilik hiss olunmur. Ermənistan qeyri konsturktiv mövqeyini davam etdirir. Bu mövqe hər il 24 aprel qondarma soyqırımı iddialarının ildönümündə daha da kəskinləşir. ATƏT-in Minsk qrupu faktiki olaraq münaqişənin həlli ilə məşğul olmur. Minsk qrupuna daxil olan ğlkə rəsmilərinin müəyyən vaxtlarda verdiyi bəyanatlar isə bəzən tərəf xarakteri daşıyır, bəzən siyasi çərçivəni aşır, əksər hallarda Azərbaycan ictimaiyyətində qıcıq yaradır.
Fransa prezidenti Fransua Olland uydurma "erməni soyqırımı"nın 102-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur: "Bu münaqişə hər il gənc insanların həyatına son qoyur. Son zamanlar münaqişə daha da kəskinləşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 ildən çox müddətdir ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur". Ölkəsinin danışıqlar prosesində cəlb olunduğunu xatırladan F. Ollandın sözlərinə görə, Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həllinin tapılmasına can atır.
Fransada baş tutmuş prezident seçkilərinin ilk turunun qalibi Emmanüel Makron mətbuata açıqlamasında "əgər mən prezident seçilsəm, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ciddi səy göstərəcəm", - deyə bildirib: "Bu gün bununla bağlı təfərrüata varmayacam. Lakin mənim burada olmağın artıq çox şeyi izah edir. Mən Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi səy göstərəcəm. Lakin siz də çox yaxşı anlayırsız ki, bunu təkbaşına həll etmək mümkün deyil".
Rusiya xarici işlər naziri Sergey Lavrov "biz ATƏT tərəfdən Dağlıq Qarabağ, Denstryanı münaqişələrin həllinə yardım etmək təşəbbüsünü görürük", - deyə vurğulayıb. O bildirib ki, ATƏT Qafqazda stabilliklə bağlı Cenevrə müzakirələrində aktiv iştirak edir: "Bütün bu sadalanan istiqamətlərdə həll uğrunda irəliləmənin qarısında ciddi maneələr mövcuddur. Lakin bütün əlaqədar tərəflər kompromislər üçün şərait yaratmaq niyyətindədir".
Onu da əlavə edək ki, may ayında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi gözlənilir. Politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü mütəmadi keçirilir. Onun sözlərinə görə, nazirlərin mayda gözlənilən görüşü də müntəzəm keçirilən görüşlərdən biridir: "Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial məsələlər üzrə ortaq məxrəcə gəlmək çətin məsələdir. Ermənistan tərəfi son aylar ərzində qeyri-adekvat bəyanatları ilə danışıqlar prosesini pozur. ATƏT-in Minsk qrupunun üzvləri BMT və digər beynəlxalq təşkilatların çıxardıqları qərarlar əsasında İrəvana təzyiq etməlidirlər. Bununla da Rusiya, ABŞ və Fransa zərər dəymiş beynəlxalq imiclərini düzəltmiş olardılar. Lakin, hal-hazırda beynəlxalq güclər tərəfindən Ermənistana təzyiq istisnadır".
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, davam edir: "Ancaq tarixə nzərə salsaq görərik ki, əslində münaqişənin tarixi 100 ildən də artıqdır. Münaqişə ilə bağlı rəsmi Bakı öz üzərinə götürdyü bütün öhdəlikləri edibdir. Lakin görünən odur ki, Ermənistan hər vəchlə status kvonu saxlamağa çalışır. Hesab edirəm ki, sülh prosesi ermənilərə sərf etmədiyindən hər hansı müsbət nəticəni gözləmək də absurddur. Ermənistanın Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatında katibliyi ələ alması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində mənfi istiqamətdə inkişafa səbəb ola bilər. Ermənistan hər bir halda bütün atdığı addımlarda aqresivdir. Və yeni status da hesab edirəm ki, bu aqresivliyin artması ilə nəticələnəcək".
Onun sözlərinə görə, dünya birliyi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi sönmüş münaqişədir: "Ümumiyyətlə, son 5 ildə bu münaqişəyə iyrənc soyuq münasibət bəslənilirdi. Lakin 2015-ci ilin avqust, 2016-c ilin aprel hadisələri bir daha onu sübut etdi ki, bu münaqişə sadəcə olaraq yatan təhlükəli vulkandır. Bu mənada hər gün uduzduqlarını daha yaxından hiss edən ermənilər müxtəlif təxriabtlar törədərək atəşkəsi pozmağa çalışırlar. Azərbaycan Türkiyə ilə təlimlər keçəcək. Türkiyə Azərbaycanın həm də hərbi tərəfdaşıdır. Hər iki qardaş ölkənin uzun illərdir ki, birgə hərbi təlimlərin keçilməsi ilə bağlı geniş təcrübəsi var. Bundan başqa Azərbaycan öz ərazisində hərbi təlimlər keçir. Cənab Prezidentin dediyi kimi əgər ermənilər narahatdırlarsa, qorxurlarsa o zaman torpaqlarımızdan çıxsınlar. Təxminən 10 il öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərin daha çox xidməti olacaqlarına dair iddialar var idi. Ancaq zaman keçdikcə aydın oldu ki, bu belə deyil. Hər bir vasitəçi ölkə münaqişəyə öz şəxsi maraqları prizmasından yanaşmağa başladı. Belə olan təqdirdə isə hər hansı nəticədən danışmağın da mənası qalmır. Prezident İlham Əliyev də hər zaman qeyd edir ki, biz sülh tərəfdarıyıq. Bəli, biz sülh tərəfdarıyıq və biz həm də münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıyıq. Bu yol ermənilərə sərf etmədiyindən hər çür təxribata əl atırlar".
Politoloq Ramiz Alıyev deyib ki, beynəlxalq təşkilatlar sərsəm anım günlərinə görə Ermənistana ciddi təsir etməlidir: "Xüsusən də ATƏT-in Minsk qrupunun həmsədr olan ölkələri. Çünki bu kimi addımları və iddiaları ilə həm Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur, həm də Türkiyə ilə arzuladıqları münasibətin üstündən xətt çəkmiş olurlar. Göründüyü kimi, ABŞ prezidenti Donald Tramp da digər sələfləri kimi soyqırım sözünü işlətmədi. Həqiqətə uyğun olmayan və qondarma bir soyqırımını dünyanın diqqətində saxlamağa cəhd etməklə Ermənistan yalnız özünə zərər vermiş olur, çünki onların hər zaman arzuladıqları Türkiyə ilə normal münasibətlərin bərpa olmasıdır. Ancaq Ermənistan tərəfi bu qondarma soyqırımı xülyasından əl çəkməsə, işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmasa, onların bu arzuları elə arzu olaraq qalacaq".
Hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun ümumən erməni yalanlarına göz yummasının da bir səbəbi var: "Bu da Ermənistanın mövcudluğunu təmin etmək, türk-müsəlman ölkəsi olan Azərbaycana qarşı təzyiq imkanlarını qüvvədə saxlamaqdır. Ümumiyyətlə ATƏT-in Minsk qrupunun fəaliyyətini təhlil etdikdə görərik ki, bu qurum Ermənistanın işğal faktını təsdiq edərək, ədalətli qərarın qəbuluna çalışmaq əvəzinə, mövcud vəziyyəti ört-bastır etməyə çalışır. Bu baxımdan Minsk qrupunun fəaliyyəti heç bir halda qənaətbəxş hesab oluna bilməz. Azərbaycan münaqişənin ədalətli həllində öhdəlik götürmüş bu qurumdan imtina etməlidir. Onların türk düşmənçiliyi göz qabağındadır".
Bütün bunlar isə Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi ehtimalını artırır. Hər zaman ölkəmizin yanında olan qardaş ölkə Türkiyə ilə hərbi əməkfaşlığı daha da sıxlaşdırmaq tendensiyası təsadüfi deyil.
Xatırladaq ki, mayın 1-dən 5-dək Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə təlimlər keçirəcək.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, mayın 1-dən başlayacaq təlimlər Azərbaycan silahlı qüvvələri üçün çox önəmlidir: "O nöqteyi-nəzərdən ki, bu günə qədər Azərbaycanla Türkiyə bir neçə dəfə birgə hərbi təlimlər keçirib, ancaq Türkiyədə baş verən son olaylardan sonra bu təlimlər bir qədər arxa plana keçmişdi. Bundan sonra bu təlimlərin davamı gələcək. Hesab edirəm ki, hər iki ölkə üçün bu, lazımi təlimlərdir. Türkiyə prezidenti mayın-3-də Rusiyaya səfər edəcək. Erməni mətbuatı təlimlə bu səfərin eyni vaxta düşməsini özünəməxsus şəkildə yozmağa başlayıb. Burada yozulası heç nə yoxdur. Azərbaycan-Türkiyə hərbi təlimləri çoxdan planlaşdırılmışdı. Ərdoğanın Rusiyaya səfəri Suriya və digər məsələlərlə bağlıdır. Bu səfərdə Dağlıq Qarabağla bağlı məsələlər də müzakirə olunacaq, ancaq müzakirələrdən heç bir nəticə əldə edilməyəcək. Çünki Dağlıq Qarabağ probleminin memarı, yaradıcısı və bu gün status-kvonun dəyişməməsinin əsas səbəbkarı Rusiyadır. Rusiyadan isə hər hansısa bir addım gözləməyin mənası yoxdur. Təlimlər bizim silahlı qüvvələrimiz üçün yeni bir məşqdir. Bundan əvvəl də Azərbaycan silahlı qüvvələri Türkiyənin iştirakı ilə həm gündüz, həm də gecə təlimləri icra etdi. Bundan əlavə, Azərbaycan silahlı qüvvələri həm Türkiydən, həm də digər ölkələrdən müəyyən silahlar, sursatlar əldə edib. Həmin silah-sursatlar təlimdə sınaqdan keçiriləcək. Bu təlimlər Azərbaycan silahlı qüvvələri üçün bilik və bacarıq əldə etmək üçün gözəl şansdır".

Əli