Ermənistan Azərbaycan ərazilərində ekoloji təhlükə yaradır Layihə

Ermənistan Azərbaycan ərazilərində ekoloji təhlükə yaradır

Hazırda erməni işğalı altında olan Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində tikilib. Ümumi sututumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarındandır. Sərsəng su anbarı hazırda Tərtər rayonunun erməni işğalında olan (keçmiş Ağdərə rayonu) ərazisində qalıb və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İşğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 mln. kub m. olan digər su anbarları da qalıb.
Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurub. Hazırda su anbarına və onun qurğularına 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı tərəfində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin hazırladığı "Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilib" adlı qətnamə layihəsi erməni lobbisinin ciddi maneələrinə baxmayaraq, qurumun büro iclasında müzakirə olunub və məruzəçi təyin edilməsi ilə əlaqədar sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinə yönləndirilməsi barədə təklif büro tərəfindən yekdilliklə qəbul edilib. Bu qərar həmin gün büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqlənib. Sərsəng su anbarı ilə bağlı 13468 saylı sənədi 11 ölkənin 27 deputatı imzalayıb. Sənəddə bildirilir ki, Assambleya problemin vacibliyini nəzərə alaraq bu məsələ ilə ciddi şəkildə məşğul olmalı, bununla əlaqədar tezliklə xüsusi ölçü götürməli, beynəlxalq ictimaiyyətə çağırış səsləndirmək üçün qətnamə layihəsi qəbul etməlidir.
Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyevin araşdırmasında vurğulanır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri mövcuddur və bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu millətə məxsus xüsusiyyətləri əks etdirir: "Bu bir həqiqətdir ki, tarixən Ermənistan dinc şəraitdə belə, Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürüdüb və bu siyasətini gercəkləşdirməyə çalışıb. Aparılan müşahidələr və təhlillər göstərir ki, Ermənistan hər hansı bir dövlətin ərazisini işğal etmək, özündə saxlamaq gücünə malik deyil, burada Ermənistanı idarə edən böyük bir qüvvə var. Bunun nəticəsidir ki, beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə ediblər və mərhələli şəkildə azərbaycanlıların həm deportasiya olunmasına, həm də kütləvi qırğınına nail olublar. Sərsəng su anbarına ermənilərin qanunsuz müdaxiləsi baş vermiş cinayətlərin bir hissəsidir, məsələyə daha geniş aspektdən baxanda tarixin ən böyük və acı həqiqətlərini sadəcə müşahidə etmək mümkün olur. Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq hüququn ümumi qəbul olunmuş güc tətbiq etməmək və güclə hədələməmək, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və insan hüquq və azadlıqlarının müdafiəsi prinsiplərinin pozulmasına səbəb olub. Aydındır ki, güc tətbiqi və təcavüz beynəlxalq cinayətdir. Bir tərəfdən, Ermənistan məhz təcavüz cinayətinə görə məsuliyyətə cəlb olunmalıdır. Digər tərəfdən isə təcavüz və işğaldan sonra ərazidə baş vermiş dağıntılara, dinc mülki əhalinin kütləvi qırğınına və ekoloji təhlükəyə görə məsuliyyətə cəlb olunmalıdır. Bu, Ermənistanın Azərbaycan ərazilərinə təcavüzünün faciəvi nəticələrindən biridir. İşğal nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu, yenə cəmi uzunluğu 3984 m olan 160 körpü, 14,5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik trafosu, 2 min km qaz boru xətti, 160 su deposu, 34-dən çox qaz dağıtım stansiyası erməni işğalçılar tərəfindən dağıdılıb. Bu kimi əməllər, insan hüquq və azadlıqlarının ümumbəşəri dəyər kimi qorunduğu, güc tətbiq etməmək və güclə hədələməmək prinsipinin, ərazi bütövlüyü prinsipinin beynəlxalq səviyyədə təbliğ olunduğu, beynəlxalq cinayətlərin bütün növlərinə qarşı dövlətlərin birgə əməkdaşlıq etdiyi bir zamanda, müasir beynəlxalq hüququn zamanında baş verir. Necə ki, biz bunu yaxın keçmişdə Yuqoslaviyada baş verən hadisələrdə müşahidə etdik, Yuqoslaviya tribunalı tərəfindən serb siyasi rəhbərlər və hərbi qulluqçular Bosniya müsəlmanlarına qarşı amansız siyasətinə və mədəni mülkiyyətin, tarixi-mədəni mülkiyyətin dağıdılmasına görə məsuliyyətə cəlb olundular və mühakimə edildilər. Bu hal anoloji olaraq Ermənistan siyasi və hərbi rəhbərliyinə də şamil olunmalıdır. Təəəsüf ki, Ermənistan siyasi və hərbi birləşmələri işğal altında olan Azərbaycan ərazilərini dağıtmaqla kifayətlənmir, sözün əsl mənasında ekoloji terror törədir, əhali üçün qorxulu, ekoloji bir təhlükə yaradır".
Araşdırmaçı bu qənaətdədir ki, Ermənistan bilərəkdən, şüurlu şəkildə ekoloji təhlükə yaradan siyasətini davam etdirir. Məhz bu cür ekoloji təhlükə işğal altında olan Sərsəng su anbarı ətrafında mövcuddur və olduqca aktualdır: "Ölkəmiz üçün strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı 25 ildən artıqdır ki, işğal altındadır. Həmin rayonların əhalisinin böyük bir hissəsi Tərtər çayının suyundan içməli su kimi istifadə edirdi. Bu ərazidə yaşayan əhali Ermənistan işğalından sonra içməli suya möhtac qalıb. Ermənistan həm insanları içməli sudan məhrum edib, eyni zamanda su mənbələri həddindən artıq çirklənmələrə məruz qalıb. Göründüyü kimi Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal etməklə və işğal altında olan əraziləri hərbi zərurət olmadan dağıtmaqla həm də müharibə cinayətləri törədiblər.
Bu gün Sərsəng su anbarı baxımsızlıq və xidmət göstərilməməsi səbəbindən qəza vəziyyətinə düşüb. İstismar müddətini başa vuran qurğular və su bəndinin hər an sıradan çıxma təhlükəsi yaranıb. Bu isə o deməkdir ki, sözügedən anbarda suyun həcminin kəskin artması ilə işğal olunmuş Azərbaycan əraziləri ilə qonşu rayonlarda ekoloji fəlakət qaçılmazdır. Digər tərəfdən, Sərsəngin suyunun ermənilər tərəfindən lazımsız yerlərə axıdılması cəbhəyanı rayonların iqtisadiyyatına ciddi zərər vurur. Məhz texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza bölgədə yaşayan mülki əhalinin kütləvi məhvinə, humanitar fəlakətə, ekoloji və bioloji böhrana səbəb ola bilər.
İstər dinc, istərsə də müharibə dövründə yaşıllıqların məhv olması, çaylar, göllər və su anbarlarının radioaktiv maddələrlə çirkləndirilməsi insanların sağlamlığına ciddi zərər vurur və ekoloji təhlükəsizliyə birbaşa qəsd kimi dəyərləndirilir. İki dövlət arasında silahlı münaqişənin baş verməsi ətraf mühiti dəyişikliyə uğratmağa, çirkləndirməyə və dağıntılara məruz qoymağa heç bir halda əsas ola bilməz. Özündə müharibə dövründə təbii mühitin qorunması ilə bağlı normalar ehtiva edən bir sıra beynəlxalq-hüquqi aktlar mövcuddur".
Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasını, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarını, Cenevrə Konvensiyalarına I Əlavə Protokolu, ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyasını, məhz müharibə dövründə ətraf mühitin mühafizəsi ilə bağlı normaları özündə ehtiva edir. Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası iştirakçı dövlətlərin məhz ətraf mühiti dəyişikliyə uğradaraq hərbi vasitələrdən istifadə etməsinə görə məsuliyyət məsələlərini diqqətə çatdırır: "Cenevrə Konvensiyalarına əlavə olunan I Protokolun 55-ci maddəsində göstərilir ki, hərbi əməliyyatlar zamanı təbii mühitin geniş, davamlı və ciddi ziyandan mühafizəsinə qayğı göstərilir. Belə mühafizəyə təbii mühitə ziyan vurmaq məqsədi güdən və ya ziyan vuracağı və nəticədə əhalinin sağlamlığına və ya sağ qalmasına ziyan vuracağı gözlənilən hərbi üsul və vasitələrdən istifadənin qadağan edilməsi daxildir. Təbii mühitə ziyan vurmağın qisas vasitəsinə çevrilməsi qadağandır. 56-cı maddədə isə deyilir ki, tərkibində beton və torpaq bəndlərdən ibarət obyektlərə hücum olarsa və bu hücum nəticəsində ağır itkilər olarsa, dinc mülki əhali qırğına məruz qalarsa, belə hücumlar qadağan olunur. İşğal altında olan Sərsəng su anbarı bunun əyani nümunəsidir. Göründüyü kimi, konvensiyaların müharibə cinayətlərinə aid olan bütün müddəaları Ermənistanın işğal altında olan ərazilərdə törətdiyi əməllərə şamil olunur və müharibə cinayətləri onların bütün əməllərinin tərkibində özünü biruzə verir.
Ermənistanın Sərsəng su anbarını işğal altında saxlaması ümmilikdə Azərbaycana 310 milyondan artıq zərər dəyib. Bununla bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) dəfələrlə təşəbbüslə çıxış edib və məslənin ciddiliyini beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Nəhayət, AVCİYA-nın təşkilatçılığı ilə 26 yanvar 2016-cı ildə AŞPA tərəfindən "2085 (2016) saylı qətnamə qəbul edilib. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı təsdiqlənməklə Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilir, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu vurğulanır və Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun törədə biləcəyi humanitar fəlakətin nəticələrinə görə birbaşa Ermənistan dövlətinin məsuliyyət daşıdığı bildirilir. İnanmaq istərdik ki, AŞPA-nın bu qətnaməsi davamlı olacaq, digər beynəlxalq təşkilatlar da Ermənistanı işğalçı dövlət kimi tanıyacaq və Ermənistanın siyasi və hərbi rəhbərliyi beynəlxalq cinayət məsuliyyətinə cəlb olunacaq".

Uğur