Ermənilərin Qarabağda “erməni dövləti” yaratmaq istəyi necə iflasa uğradı? Layihə

Ermənilərin Qarabağda “erməni dövləti” yaratmaq istəyi necə iflasa uğradı?

3-cü yazı

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun tədqiqatında 1918-1920-ci illərdə Laçında baş vermiş hadisələr haqqında danışılır. Faktlardan aydın görünür ki, erməni məkrində həmişə çox fəal amansızlıq nümayiş etdirib, məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə edib: "Ümumiyyətlə, o dövrdə Gorus-Abdallar-Şuşa yolu Qarabağın taleyini həll edirdi. Erməni-daşnak silahlı dəstələrinin Zəngəzur torpaqlarında azərbaycanlılara qarşı həyata keçirdikləri qırğınların qarşısını almaq və onların Qarabağ istiqamətində hücumlarını dayandırmaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qoşun hissələri tərkibində 1919-cu ildə oktyabrın 30-da Zəngəzur Ekspedisiya Hərbi Dəstəsi yaradıldı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstənin tərkibində iki qrup var idi. Birinci dəstədən olan qrupa general-mayor Davud bəy Yadigezarov, sağ və sol dəstələrdən ibarət ikinci qrupa isə polkovnik Levestam başçılıq edirdi. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər.
Cavad bəy Şıxlınskinin rəhbərlik etdiyi Zəngəzur Ekspedisiya Hərbi Qüvvələrinin tabeliyində olan birinci dəstə Dığ kəndinə doğru şimaldan hərəkət edəcəkdi. Dəstənin rəisi general-mayor C.Şıxlınskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi və suvari bölmələri isə indiki Laçın rayonunun Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüş qabağı mövqe tutmalı idilər. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərlik etdiyi yerli özünümüdafiə dəstələrinə tapşırılmışdı. O dövrdə, Sultan bəy öz qoçaqlığı ilə tanınan bölgədə böyük nüfuza malik bir şəxs idi. O, Zəngəzur vilayətini erməni təcavüzündən qorumaq üçün bölgənin bütün kəndlərində özünümüdafiə dəstələri formalaşdıraraq onların gücündən məharətlə istifadə edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordu Komandanlığı planlaşdırmışdı ki, noyabırın 4-nə keçən gecə əraziyə yaxşı bələd olan Sultan bəyin yerli özünümüdafiə dəstələri Keçəldağ strateji yüksəkliyini tutub orada möhkəmlənməli, bundan sonra isə Milli Ordunun hərbi hissələri və bölmələri hücuma qoşulmalı idilər. Planlaşdırıldığı kimi, Zəngəzur Ekspedisiya Hərbi Dəstəsi oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindi şəhərindən Zəngəzura doğru hərəkətə başladı.
Zəngəzur torpaqlarından azərbaycanlıları sıxışdırıb qovmağa çalışan ermənilər, mövqelərini genişləndirməyə və gələcəkdə Laçın adlandırılacaq Gorus-Abdallar-Şuşa yolu üzərində nəzarəti tamamilə öz əllərinə almağa hazırlaşmışdılar. Ermənilərə, Gorus və Şuşa əraziləri arasında yerləşən bu koridor üzərində nəzarəti ələ keçirmək üçün Qarıqışlaq və Zarıslı kəndlərini işğal edib orada mövqe tutmaq lazım idi. Buna isə Azərbaycanın ordu qüvvələri və Sultan bəyin özünümüdafiə dəstələri çox ciddi şəkildə mane olurdular. Lakin bu yerli özünümüdafiə dəstələri yalnız yüngül atıcı silahlarla silahlandıqlarından ermənilərin nizami ordu qüvvələri ilə mövqe döyüşlərində çətinlik çəkirdilər. Bu dəstələr, bir çox hallarda erməni ordu qüvvələri ilə qarşı-qarşıya açıq döyüşə girmək gücündə deyildilər.
Erməni hərbi qüvvələrinin komandanlığı bölgədə yaranmış müvəqqəti sabitlikdən istifadə edərək öz hərbi qüvvələrini kompektləşdirməklə məşğul idilər. Çox qısa müddət ərzində erməni komandanlığı rus ordu bölmələrində xidmət keçmiş əsgər və zabitlərindən ibarət iki çevik alay təşkil etdilər. Hər birində döyüşçülərin sayı 400 nəfərdən ibarət olan bu alaylardan birinə rus ordusunun mayoru Mardi Ayvazyan komandanlıq edirdi. Bu şəxs Melik Şahnazaryanın etibarlı silahdaşlarından idi. O, eyni zamanda Melik Şahnazaryanla birlikdə Baltik Hərbi Hava Qüvvələrində xidmət keçmişdi. Bu alay indiki Laçın rayonunun
Minkənd, Kamallı, Çıraqlı, Əhmədli, Bozlu, Mirik kəndlərini ələ keçirərək, Qarıqışlaq kəndi istiqamətində hərəkət edib, Sadınlar və Sultanlar kəndlərində mövqe tutmuş Azərbaycanın Hərbi qüvvələrini mühasirəyə salaraq məhv edib, Abdallar kəndi üzərində nəzarəti ələ aldıqdan sonra Şuşa şəhəri üzərinə zəfər yürüşü etməli idi. Ermənilərin bu taktikası Sultanlar və Sadınlar kəndlərindəki Azərbaycan Milli Ordusunun hərbi hissələrinin hücumlarını zəiflətməyə və Keçəldağda mövqe tutmuş Sultan bəyin döyüşçülərinin Dığ üzərinə hücumunun əhəmiyyətini azaltmağa xidmət edirdi.
Ermənilərin ikinci alayına Qarabağda gizli şəkildə yaradılmış "müvəqqəti erməni hökumətinin" üzvü Eqiş İşxanyan komandanlıq edirdi. Bu alayın vəzifəsi isə Zəngəzurun Dığ kəndinə toplaşmış erməni silahlılarına birləşmək üçün, Şuşanın Daşaltı kəndindən Şuşa-Abdallar-Gorus şose yolu ilə indiki Laçın istiqamətində irəliləyərək Zarıslı kəndinin azərbaycanlı sakinlərini qovaraq, orada öz mövqelərini möhkəmləndirdikdən sonra, Abdallar kəndi istiqamətindəki yerli özünümüdafiə dəstələrinin müqavimətini qıraraq Qarıqışlaq kəndindən keçməklə Dığ kəndi istiqamətindəki ön mövqelərin birində yarləşən Mardi Ayvazyanın batalyonu ilə birləşərək Sultanlar kəndindəki Azərbaycan döyüşçüləri üzərlərinə hücuma keçməli idilər. Nəhayət, həlledici an gəlib çatdı, Azərbaycan tərəfinin həmləsi ilə döyüş başlandı. Dığ kəndi istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğurları ilə başladı. Döyüş əməliyyatı uğurla aparılırdı".
F.İsmayılovun araşdırmasında daha sonra vurğulanır ki, ermənilərin gözləmədiyi belə bir döyüş taktikası onları çaş-baş salmışdı. Erməni komandanlığı həyəcan içərisində idi. Ermənilər döyüşün tempini azaltmaq və Milli Ordunun diqqətini əsas hədəfdən yayındırmaq üçün Zəngəzurdakı türk kəndlərinin dinc əhalisinə divan tutmağa başladılar. Onlar bir gün ərzində Qarıqışlaq kəndi ətrafında 36 nəfər qadın, qoca və uşağı güllələdilər. Meyidləri bir neçə gün ərazidən çıxarmaq mümkün olmadı. Düşmənlərin əsas hədəfi olan Qarıqışlaq kəndi uğurunda şiddətli döyüşlər gedirdi. Tərəflərdən gah biri, gah da digəri üstünlüyü ələ alırdı. Bu döyüşdə yerli əhali xüsusi olaraq şücaət göstərirdi: "Qarıqışlaq kəndi uğurundakı döyüşlərində Mardi Ayvazyanın alayı ağır itkilər verirdi. Hərbi taktikadan o qədər də başı çıxmayan Sultan bəyin Mirik kəndindəki könüllüləri Fərman Ələkbər oğlunun rəhbərliyi ilə Mirik qalasının zirvəsində qərar tutaraq Mirik-Quşçu və Bozlu-Qarıqışlaq yollarına nəzarət edır, ermənilərin bu ərazidən Qarıqışlaq kəndi üzərinə yeriməsinə mane olur, hərdən də qəfil və sürətli hücumlar quraraq qısamüddətli döyüşlərlə erməniləri əsas hədəflərdən yayındırırdılar. Mirik kəndindən olan Fərman Ələkbər oğlu Sultan bəyin yaxın dostu və silahdaşı idi. Onun ermənilərə qarşı döyüşlərdə göstərdiyi igidliklər dillər əzbəri olmuşdu. Onu qarabaqara izləyib öldürmək istəyən bir erməni silahlı dəstə, Keçəldağdan Sultan bəyin görüşündən gələn Fərmanın dəstəsini Mirik kəndinin Göybulaq yaylağında qarşıladılar. Uzun müddət davam edən silahlı qarşıdurma Fərmanın qələbəsi ilə başa çatdı. Lakin döyüşdən sonra kəndə yola düşən Fərman yolda yapıncısının atının tərkindən düşüb döyüş meydanında qaldığını gördü. O, silahdaşları ilə yapıncısını axtarmağa getməyi özünə sığışdırmayaraq, döyüşçülərinə kəndə getmələrini əmr edib özü geriyə döyüş meydanına tək döndü. Onu burada mühasirəyə salaraq tutan ermənilər Gorus şəhərinə aparıb bir müddət orada saxladılar. Sonra xəbər yayıldı ki, ermənilər Fərmanın başını kəsərək Tiflisdə gizli şəraitdə yaşayan erməni general Andronikə hədiyyə ediblər. Deyilənə görə Andronik bu hadisənin sonunun heç də yaxşı nəticələnməyəcəyini bildirərək hətta kədərinii belə gizlətməyib. Ermənilərə qarşı döyüşlərdə Qarıqışlaqdan və ətraf kəndlərdən olan yerli əhali (Sultan bəyin könüllüləri) Azərbaycanın Milli ordusunun əsgərlərindən heç də geri qalmırdılar. Onlar hamılıqla qadın və uşaqlarını Artəpə (ər təpə) və Zeyvə istiqamətlərindəki dağların zirvələrində gizlədərək özləri öz torpqları uğurunda ermənilərə qarşı ölüm-dirim savaşına atılmışdılar. Hər dəfə düşmən üzərinə hücumlar ermənilərin xeyli sayda canlı qüvvələrinin itirilməsi ilə nəticələnirdi. Mardi Ayvazyanın alayı çətin duruma düşmüşdü, alayın tamamilə məhv olmaq təhlükəsi var idi. Bunu hiss edən erməni komandanlığı Qarıqışlaq uğurunda döyüşən Mardi Ayvazyanın alayını xilas etmək üçün Gorusdakı Hərbi hissələrdən 1250 nəfər döyüşçüsünü Sultanlar kəndindəki Azərbaycan ordu hissələrini mühasirəyə salmaq üçün Qarıqışlaq kəndi üzərinə yeritdi. Zəngəzur Ekspedisiya Hərbi Dəstəsinin və yerli döyüşçülərin diqqəti Qarıqışlaq və Dığ kəndləri üzərindəki ağır döyüşlərə cəlb edildiyindən, müdafiəsiz qalan Şuşa rayonunun Zarıslı kəndini asanlıqla ələ keçirən Eqiş İşxanyanın döyüşçüləri Şuşa-Abdallar-Gorus yolu ilə Qarıqışlaq kəndinə Mardi Ayvazyanın köməyinə tələsirdi.
Azərbaycanlıların döyüş əzmini qırmaq üçün Qarıqışlaq cəbhəsini canlı qüvvə və texnika ilə gücləndirən erməni komandanlığı eyni zamanda Zarıslıdan hərəkətə keçən erməni döyüşçülərinin yolunu səbirsizliklə gözləyirdi. Eqiş İşxanyanın hərbi dəstəsi yollarda azərbaycanlıların özünümüdafiə dəstələrinə böyük itkilər vermələrinə baxmayaraq Qarıqışlaq kəndi ətrafındakı Mardi Ayvazyanın bölmələri ilə birləşdirməyə nail oldu. Ermənilər bir gün bu qələbəni bayram etdilər.
Qarıqışlaq kəndi ətrafında hərbi təcrübəsi olmayan azərbaycanlı yerli könüllü dəstələrlə erməni nizami ordusunun bölmələri arasında gedən bu qeyri-bərabər döyüşdə Mardi Ayvazyanın və Eqişin döyüşçülərinin xeyli itki versələr də onlar Qarıqışlaq kəndini əliə keçirə bildilər. Döyüşlər başlayandan, bu hadisə ermənilərin azərbaycanlılar üzərində ilk böyük qələbəsi idi. Azərbaycanın ordu qüvvələri və Sultan bəyin partizanları, Qarıqışlaq kəndi ətrafında mühasirə həlqəsi yaratmağa başladılar. Sultan bəy Fərmanın faciəli ölümündən çox təsirləndiyini və bunun qisasını ermənilərdən alacağını bildirmişdi. Erməni döyüşçüləri azərbaycanlıların Qarıqışlaq ətrafındakı fəaliyyətlərindən, yəni mühasirəyə düşdüklərindən çox tez xəbər tutdular..."

Uğur