“Ermənistan xoşluqla işğalçılıq siyasətinə son qoymayacaq” Layihə

“Ermənistan xoşluqla işğalçılıq siyasətinə son qoymayacaq”

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 12-də Dağlıq Qarabağda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər. Həmsədrlər iyunun 19-da Bakıya gələcəklər.
Həmsədrlərin səfərinin münaqişənin həllinə ciddi töhfə verəcəyi ehtimalı olduqca azdır. Çünki əsas tezis kimi təmas xəttində atəşkəsə nəzarət mexanizmlərinin quraşdırılması məsələsi irəli sürülür, hansı ki, bu, Qarabağda erməni işğalının möhkəmləndirilməsi ilə nəticələnəcək. İrəvanda erməni rəhbərliyi ilə görüşdə məhz bu məsələlər müzakirə olunub. Bununla yanaşı, həmsədrlərin Xankədində qondarma "DQR"-in "bayrağı" altında əyləşərək, "prezident" Bako Saakyanla görüşməsi də onların mövqeyinin aydınlaşması baxımından çox şey deməkdir. Bütün hallarda regiona səfərin konkret nəticələri haqda iyunun 19-dan sonra danışmaq olar. Lakin rəsmi Bakı hələ ki, susur. Bakının susqunluğu isə Ermənistanda ciddi qorxulara səbəb olub.
Erməni siyasi şərhçi Naira Ayrumyan qorxu ilə iddia edir ki, Azərbaycanın B planının olması mümkündür.
"Bakının susqunluğu tufandan öncəki sakitliyə bənzəyir. Ola bilər ki, Azərbaycanın B planı mövcuddur. Türkiyə-Azərbaycan qoşunlarının Naxçıvanda Ermənistan sərhədinə yaxın ərazidə təlimlər keçirməsi də diqqət çəkir", - deyə o bildirib.
Siyasi şərhçi Azər Həsrət isə deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona bu səfəri də sıradan bir səfərdir. Onun sözlərinə görə, onların gəlib-getməsi necə ki, ötən illər ərzində heç nəyi dəyişməyib, bu dəfə də elə olacaq: "Çünki bu adamlar faktiki olaraq real heç nə edə bilmirlər. Onlar ümumiyyətlə, vəziyyətə təsir imkanlarına malik deyillər. Edə biləcəkləri tək şey turist kimi gəlib, kababdan yeyib öz ölkələrinə qayıtmaqdır. Bunun Azərbaycanda xalqına bir faydası varmı? Yaxud bu yolla münaqişə həll edilə bilərmi? Təbii ki, yox. Ona görə də bu səfərin hər hansı fayda verəcəyini düşünmürəm".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün əsas problem olaraq qalır. Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub və bunun nəticəsində 1 milyondan artıq vətəndaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Ona görə də, Azərbaycan dövlətinin siyasətinin əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması dayanır. Prezident İlham Əliyevin siyasətinin mahiyyətində də məhz bu faktor dayanır. Azərbaycan dövləti həyata keçirdiyi xarici siyasətdə torpaqlarımızın işğaldan azad olunması, münaqişənin həlli istiqamətində fəal siyasət həyata keçirir. Həm beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətdə, həm də ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlər konteksində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoyulması yönündə mühüm diplomatik addımlar atır. Məsələyə dünya təşkilatlarının münasibətinə gəlincə, reallıqlar göz önündədir".
Deputat onu da vurğulayıb ki, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul edilən qərarlarda Azərbaycanın ərazi bütövlüyü tanınır, münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanır: "Amma təəssüflər olsun ki, həmin qərarlar icra olunmur. İşğalçı Ermənistan öz adı ilə, yəni işğalçı kimi tanınmır və tərəflər barışığa çağırılır. Azərbaycan dövləti isə bu məsələdə öz prinsipial mövqeyini dəfələrlə bəyan edib ki, torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağıq. Azərbaycan problemin sülh yolu ilə, ədalətli həllinin tərəfdarıdır. Bu problemin həlli üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar fəal olmalıdırlar. İşğalçı Ermənistana qarşı beynəlxalq hüquq çərçivəsində addımlar atmalıdırlar".
Millət vəkilinin fikrincə, mövcud beynəlxalq təşkilatlar münaqişələrin həllində fəal iştirak edə bilərlər: "Amma təəssüflər olsun ki, ayrı-ayrı münaqişələrə fərqli münasibətlər göstərilir. Elə məsələ var ki, BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edən kimi dərhal icra olunmağa başlayır. Amma Dağlıq Qarabağ münaqişəsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də kağız üzərində qalıb. Bu fakt da dünyada ikili standartların göstəricisidir.
Azərbaycan dövlətinin mövqeyi də bundan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalı, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Digər beynəlxalq təşkilatlar- NATO, AŞPA və başqaları Dağlıq Qarabağ problemi haqqında sənədlər qəbul ediblər. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınır, münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanır, amma bununla belə işğalçı Ermənistana qarşı hər hansı tədbir görülmür, sanksiyalar tətbiq olunmur. İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən sənədlər qəbul edib".
S.Fətəliyeva Minsk qrupunun fəaliyyətinə də toxunub. Bildirib ki, NATO, Avropa İttifaqı və bir sıra təşkilatlar öz qərarlarında, bəyanatlarında münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu və Minsk qrupunun səylərini dəstəklədiklərini qeyd edirlər. Amma dediyiniz kimi, Minsk qrupunun fəaliyyəti isə göz önündədir. Minsk qrupunun həmsədrləri indiyə qədər münaqişənin həlli ilə əlaqədar müəyyən təkliflər təqdim ediblər. Hazırki danışıqlar isə Yenilənmiş Madrid Prinsipləri əsasında aparılır. Təəssüf ki, Ermənistan müxtəlif bəhanələrlə münaqişənin sülh yolu ilə həllini uzadır. Həmsədrlərin bəyanatları isə həmişə balanslaşdırılmış olur.
Yəni işğalçı tərəfə qarşı beynəlxalq hüquq çərçivəsində addımlar atılmır. Hətta bəzən biz onların bəyanatlarında Ermənistanın maraqlarına uyğun olan nüansları görürük ki, bu da haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən etirazla qarşılanır: "Həmsədrlər daha çox atəşkəsin pozulmaması və qarşılıqlı etimad mühitinin yaradılmasından danışırlar. Amma Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, 1 milyondan çox insanın öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi haqda fikirlərinə demək olar ki, rast gəlmirik. Yaxud, çox nadir hallarda bu haqda fikir bildirirlər. Münaqişənin həlli ilə bağlı proseslərin real mənzərəsi bundan ibarətdir. Hazırda həmsədrlər regionda səfərdədirlər. Əgər həmsədrlər həqiqətən də münaqişənin ədalətli həllini istəyirlərsə, beynəlxalq hüquq çərçivəsində addımlar atmalıdırlar. Əks halda Ermənistan xoşluqla işğalçılıq siyasətinə son qoymayacaq".
Yeri gəlmişkən, erməni mətbuatının yazdığına görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi xidmət zamanı sağlamlığını itirmiş erməni əsgər Artur Asanyanın anası Əsli Asanyan və onun həddi-buluğa çatmamış qızı Ermənistanda hökumət binasının önündə aclıq aksiyasına başlayıb.
Erməni əsgərin anası Müdafiə Nazirliyindən oğlunun müalicəsi üçün pul ödəməyi tələb edir. Artur Asanyan 23 ay sonra hərbi xidmətdən yararsız olaraq tərxis edilib.
Onun anası deyir ki, Müdafiə Nazirliyinə gedərək, oğlunun müalicə etdirilməsi üçün xahiş edib. Nazirlikdə bir general ona deyib ki, "sizin oğlunuz Qırmızı Xaçın xəstəxanasında yatır, yaşayacaq, lakin nə qədər yaşayacağını bilmirik".
"Mən orduya sağlam övladımı verdim, onu xəstələndirdilər. Mənə oğlumu qaytarın", - deyən Əsli Asanyan tələb edir.
Polislər qadına hökumət binasının önündə oturmamağa göstəriş veriblər. Qadın isə heç yerə getməyəcəyini bildirib: "Mən üç ay əvvəl hökumətə yazdım, cavab vermədilər. Nə qədər ki, mənim oğlumu sağaltmayacaqlar, heç bir yerə getməyəcək".
Asanyan ailəsi Gümrüdə yaşayır, o, paytaxta gəlmək üçün borc alıb. Ə.Asanyan deyir ki, onun kiçik oğlu qardaşının başına gətirilən oyunlardan sonra orduya getmək istəmir.

Cavid