“Biz həlledici addımın atılacağı uyğun zamanı gözləyirik” Layihə

“Biz həlledici addımın atılacağı uyğun zamanı gözləyirik”

Sahib Alıyev: "Bu gözləmənin adı hərəkətsizlik deyil"

Üzeyir Cəfərov: "Yaxın zamanlarda işğalçı ölkə ilə bağlı bir sıra əməli addımların atılması gözləniləndir"

Ramiz Alıyev: "Azərbaycan ordusu çox qısa zamanda öz ərazi bütövlüyünü təmin etməyə qadirdir"

Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar nəticəsiz başa çatdığından yaxın perspektiv üçün sülh yolu ilə həll variantı mümkün görünmür. Ermənistanın qeyri konstruktiv mövqeyi danışıqların nəticə verməməsi üçün əsaslı rol oynayır. Bundan başqa İrəvan cəbhədə təxribatlar törətməklə ümumiyyətlə, danışıqları dalana dirəmək niyyətindədirlər. Amma Azərbaycan dövlətinin bu istiqamətdə konkret addımları heç bir güzəştin olmayacağı deməkdir və qarşı tərəf bunu bildiyindən bacardığı qədər danışıqlar prosesini pozmağa çalışır və bunula da status kvonu saxlamaq istəyir. Amma proseslər onu deməyə əsas verir ki, bu taktika axıra qədər davamlı olmayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında verdiyi mesajlar Azərbaycan torpaqlarının hər bir qarışını azad olunacağına işarədir.
Prezidentin çıxışı zamanı həmçinin Azərbaycanın hərbi potensialı, ordumuzun qüdrətinin daha da artırılması, yeni silah və texnikaların alınması barədə səsləndirdiyi fikirlər də əslində Ermənistan rəhbərliyinə bir xəbərdarlıq, eyni zamanda beynəlxalq aləmə vacib ismarıc idi: "Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir".
Millət vəkili Sahib Alıyev dövlət başçısının Nazirlər Kabinetinin iclasında çıxışı zamanı söylədiyi fikirlərə diqqət çəkərək qeyd edib ki, cənab Prezident çıxışı zamanı həm məsələnin həllinin indiyədək necə gecikdirildiyini, həm də bundan sonra necə tezləşdiriləcəyini faktlara dayanaraq söyləyib. Sahib Alıyevin qənaətincə, dövlət başçısı hərbi texnikanın alınmasından danışarkən onların ancaq bir ölkədən gətirilmədiyini və gətirilməyəcəyini elə-belə vurğulamırdı: "Bu ismarıcın hədəfi ilk növbədə onu Azərbaycana pulla satıb ermənilərə pulsuz ötürərək vəziyyəti nəzarət altında saxladıqlarını, yəni oyun oynadıqlarını düşünənlərdir. Onlara göstərilir ki, kimsə bizimlə oyun oynaya bilməz, biz heç kimin yox, öz oynumuzu oynayırıq və oynayacağıq. Azərbaycan hansı yolla olursa-olsun öz torpaqlarını geri qaytaracaq.
Düzdür, hələ gözləyirik. Amma ona görə gözləmirik ki, Ermənistandakı hərbi xuntanın ağıllanacağına və yaxud da erməni havadarlarının haçansa ədalətli davranacaqlarına ümid edirik. Xeyr. Biz həlledici addımın atılacağı uyğun zamanı gözləyirik. Bu gözləmənin adı hərəkətsizlik deyil. Əksinə dayanmadan hərkətdəyik. Düşmənin demək olar ki, hər gün itkilrlə üzləşməsi, diplomatik səylər, aparılan informasiya savaşı, alınan texnika və silahlar, yarım ildə daha iki hərbi zavodun istifadəyə verilməsi və sair faktları nəzərdə tuturam) və bu hərkətlər də həmən o həlledici zamanın tezliklə yetişməsinə yönəlib. Bu gözləmənin adı nə kimsəsə ümüid etmək, nə də kimdənsə çəkinmək də deyil. Bu gözləmənin adı strateji səbrdir".
Hərbi ekspert Üzeyir Cəfərov vurğulayıb ki, son vaxtlar Azərbaycanın uğurlarından bərk narahatçılıq keçirən ölkələrin əsas iş-güclərindən biri də Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasıdır: "Çünki, onlar son illər ölkəmizdə gedən xeyli sayda inkişafı və irəliləyişi görüb, sanki bir qısqanclıq, paxıllıq hissi yaşayırlar. Məhz ona görə də, onlar Qarabağ məsələsində həm tələsmirlər, həm də bu münaqişənin uzanmasına bəzi səylər göstərirlər. Bəli, mən də hesab edirəm ki, əgər bu süni yaradılmış münaqişə olmasaydı, indi biz bəlkə də dünyanın ən inkişaf etmiş nöqtələrindən biri olardıq. Ola bilsin ki, mənim bu fikirlərim kimlərəsə bir qədər pafoslu görünsün, amma düşünrəm ki, məhz Dağlıq Qarabağ münaqişəsi bizə bir çox işlərimizdə kifayət qədər maddi və mənəvi zərər vurdu". Onun sözlərinə görə, bədnam qonşularımız bu münaqişənin həllini uzatdıqca, öz himayadarlarından kifayət qədər maddi və digər resurslar əldə edir, bizim xarici və daxili siyasətimizin də inkişafına maneçilik törədirlər: "Bir qədər diqqət etsək, görərik ki, hətta münaqişənin olması belə bizə bir çox sahələrdə işlərimizi yetərincə irəliyə aparmağa tam mane ola bilməyib. Əksinə biz bir az da gücümüzü və qətiyyətimizi toparlayaraq dünyaya bəzi dəyərləri, önəmli qlobal məsələləri çatdırmağı bacarmışıq. Dünyanın indi-indi dərk etdiyi bir çox problemləri biz 90-cı illərin axırlarında artıq öz üzərimizdə hiss etmişdik. Ermənilərin ərazilərimizdə separatizmə, ayrı-seçkiliyə meyillik göstərməsi, iqtisadi sabotaj və digər qanunsuzluqlar onlara sonda Dağlıq Qarabağla bağlı müvəqqəti məqsədlərinə çatmağa imkan verdi. Azərbaycan prezidenti də davamlı olaraq bu münaqişəsnin tez bir zamanda həll olunmasının vacibliyini qeyd edir və Nazirlər Kabinetinin sonuncu iclasında da bu fikir bir daha vurğulandı və dünyaya mesaj ünvanlandı. Danışıqlar prosesində tez bir zamanda dinamika, irəliləyiş hiss olunmalıdır. 2017-ci ildə bir Qarabağla bağlı müəyyən əlavə bilgi və məlumatları dünaynın güc sahibi olan çevrələrinə çatdıra bilmişik. Çətin də olsa, onlar artıq hiss edirlər ki, kifayət qədər biz səbr və dözüm nümayiş etdirmişik. Azərbaycanın haqlı mövqeyi ilə bağlı artıq ən yüksək səviyyələrdə də fikirlər səslənir. Bunun özü onu deməyə əsas verir ki, biz "buzu sındırmağı" bacarmışıq. Hesab edirəm ki, yaxın zamanlarda işğalçı ölkə ilə bağlı bir sıra əməli addımların atılması gözləniləndir".
Politoloq Ramiz Alıyev isə diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı xüsusi ilə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqların predimenti olmayıb və heç bir zaman da olmaycaq:" Bu sözlər bir daha onu göstərir ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç bir zaman imkan verməz ki, onun ərazi bütövlüyü pozulsun və Azərbaycanın tarixi torpağı olan və dünyanın bütün beynəlxalq təşkilatlarının və dövlətlərinin Azərbaycanın ərazisi olaraq tanıdığı və təsdiq elədiyi Dağlıq Qarabağ və ətraf rayonlar hansısa bir işğalçı dövlətin ərazsi olsun ya da qondarma bir dövlət halında dünyaya təqdim edilsin".
Ramiz Alıyevin sözlərinə görə, həmin ərazilər Azərbaycanındır və cənab prezidentin də dediyi kimi, Azərbaycan dövləti Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verilməsi ilə orada yaşayan erməni vətandaşlarının da rahat şəkildə yaşamasına şərait yaradacaq: "Cənab prezident bir daha Azərbaycanın dünya ölkələri sırasında və beynəlxalq təşkilatların yanında artan nüfuzundan danışdı və bu da o deməkdir ki, Azərbaycan gücləndikcə Ermənistan dövləti həm nüfuz baxımından, həm də xalqının gözündən düşməkdə davam edir. 4 iyul tarixində Füzulidə ermənilər tərəfindən öldürülən Zəhra haqqında danışan prezident bir daha diqqətləri Ermənistanın müasir dövrün faşist ölkəsi olmasına yönəltdi və qeyd etdi ki, bir çox dövlətlər də bu məsələyə diqqət etdilər və gördülər ki, Ermənistan faşizmin müasir dövrdə olan ölkəsidir.
Prezidentin çıxışından bir daha aydın oldu ki, Azərbaycanın mövqeyi günü-gündən həm dünya ölkələri arasında, həm də beynəlxalq təşkilatların yanında artmaqdadır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olmamasının yeganə günahkarı Ermənistan dövlətidir və Azərbaycan tərəfi hələki bu məsələnin həllinin sülh yolu ilə olmasını istəyir və gözləyir. Ancaq Ermənistan ordusunun atəşkəsi pozması zamanı da göründüyü kimi Azərbaycan ordusu çox qısa zamanda öz ərazi bütövlüyünü təmin etməyə qadirdir bunu ötən ilin aprel döyüşləri birdaha göstərmiş oldu. Ona görə ki, Azərbaycanın həm güclü ordusu var, həm də güclü iqtisadiyyatı var həm də ən əsası xalqla hakimiyyətin bağıllığı son dərəcə qüvvətlidir və əhalinin dövlətinə böyük inamı vardır".

Əli