Ermənilərə kömək üçün Rusiyadan silah daşınırdı.... Layihə

Ermənilərə kömək üçün Rusiyadan silah daşınırdı....

5-ci yazı

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun sözlərinə görə, Qarabağın və ona bitişik ətraf rayonların döyüş bölgələrində Azərbaycan tərəfinin üstünlükləri Moskvanı razı sala bilməzdi. 1992-ci ilin sentyabr ayında P.Qraçov bütün gücü ilə cəbhə xəttində Azərbaycan tərəfinin irəliləməsini dayandırmaq üçün fəaliyyətə keçmişdi. Moskva konfiktin həlli yolunu Ermənistanı silahlandırmaqda görürdü. Ermənistan yalnız güc yolu ilə Dağlıq Qarabağa nəzarəti əlində saxlaya bilərdi. Erməni ordusunun silahlandırılması məsələsində Ermənistan prezidenti Ter-Petrosyanın Rusiya prezidenti Boris Yeltsinlə yaxın dostluq münasibətləri də mühüm rol oynadı. İndi Ter-Petrosyan özü şəxsən təsdiq edir ki, o dövr üçün Ermənistana bütün silah və sursat Yeltsinin şəxsi imzası ilə göndərilirdi.
1992-1996-cü illərdə hər il üçün bir milyard dollar həcmində Rusiyadan Ermənistana hava you ilə çox böyük partiyalarla hərbi yüklər daşınırdı. Bu silahlar rusiyanın Mozdokdakı hərbi bazalarından, "Antonov-124" və "Ruslan" tipli ağır yükgötürmə qabiliyyətinə malik təyyarələri ilə həyata keçirilirdi. Bu yüklərin İrəvana daşınmasına nəzarəti Kolesnikov həyata keçirirdi. Təkcə 1992-ci ilin iyul- avqust aylarında Rusiyadan Ermənistana 84 ədəd T-72 tankı, 50 ədəd BMP-2 zirehli texnikası, 350 min əl qumbarası, partladıcı maddələr, atıcı silahlar,
tank və artileriya maşınlarının ehtiyat hissələri, yanacaq və s. göndərilmişdi.
Azərbaycan ordusu müvəffəqiyyətlə irəliləyərək Qarabağın şimalında erməni işğalı altına düşmüş ərazilərin üçdə birini artıq azad etmişdilər. Laçın polku və polis qüvvələrimiz Ermənistan istiqamətindən Laçın koridoruna daxil olmuş hərbi ekspedisiya korpusunun bölmələrini Laçın koridoru adlandırılan ərazilərdə xeyli geriyə - Ermənistanın içərilərindəki əsas bazalarına tərəf sıxışdırmışdı. Bu isə sözsüz ki, erməni təcavüzkarlarının tamamilə Qarabağdan qovulub çıxarılacağını deməyə əsas verirdi. Bunu həm Rusiyada və həm də Azərbaycanda yaxşı başa düşürdülər. Sentyabr, oktyabr aylarında Laçın şəhəri ətrafında döyüşçülərimizlə, Ermənistan Ordusunun qoşunları arasında qanlı mübarizə gedirdi. Azərbaycan ordusunun döyüşçüləri Qubadlı – Laçın istiqamətindəki sərhədyanı kəndlərin çoxunu demək olar ki, öz nəzarətlərində saxlayırdılar. Laçının Güləbird kəndi burada rayon mərkəzi rolunu oynayırdı. Bu cinahdan hərbi bölmələrimiz yavaş–yavaş ancaq inamla irəliləyərək, Laçın şəhərinə tərəf Ağanus kəndi də daxil olmaqla daha dörd kəndi azad etdilər.
Hərbi kəşfiyyatçılarımız artıq Laçın şəhərinə nəzarət edirdilər. Azərbaycanın Hərbi kəşfiyyatı Gorus–Laçın–Şuşa yolu ilə Ermənistandan Qarabağa hərbi sursatı və texnikanın aparılmasına dair məxfi məlumata malik idilər. Ərazidəki Azərbaycanın hərbi qüvvələri, erməniləriinn Gorus–Laçın–Şuşa yolu ilə yükdaşımalarının qarşısını almaq üçün əməliyyat planı hazırlığına başladılar. Bu əməliyyat planı oktyabr ayının əvvəllərində baş tutdu. Belə ki, Ermənistanın Artaşat rayonunun hərbi komissarı, podpolkovnik Xanzaryan öz maşın karvanı ilə Laçın koridorunda tutuldu, xeyli silah-sursat müsadirə edildi. Komissarın səhra çantasının içərisindən Artaşat rayonundan Qarabağa səfərbər edilib aparılan 218 nəfər döyüşçünün adlı siyahsı və onlara məxsus silahların №-ni əks etdirən sənədlər çıxdı. Bundan başqa onun sənədlərinin içərisində Gorus–Laçın–Şuşa yolunun müxtəlif hissələrində Azərbaycan döyüşçülərinin döyüş mövqeləri və artilleriya qurğularının yerlərini əks etdirən kəşfiyyat xarakterli xəritələr aşkarlanmışdı. Lakin Laçının şimalındakı bir çox yüksəkliklərin hələlik düşmən əlində olması Laçın şəhərini azad etmək növbəti hücum əməliyyatlarını çətinləşdirirdi.
…Laçın Polkunun 4-cü əlahəddə taqımı Kirov yaşayış məntəqəsindən Camışobası yüksəkliyinə qalxaraq Gorus-Laçın-Şuşa şose yolunu tamamilə nəzarətə götürdü. Qarabağdakı Ermənistanın hərbi bölmələrinin faktiki olaraq Ermənistandakı Rusiyanın Hərbi Bazaları ilə əlaqələri tamam kəsilmişdi. Döyüşçülərimiz cəsarətlə irəliləyərək Şuşanın 5-6 kilometrliyində mövqe tutdular. Gorus-Laçın-Şuşa yolunun böyük bir hissəsi faktiki olaraq Azərbaycan döyüşçülərinin nəzarəti altına keçmişdi. Ermənilər artıq Xankəninini tərk edərək Ermənistanın Gorus rayonu istiqamətində köç edirdilər.
Ərazilərimizin sərt relyefi ordu bölmələrinin maşın və texnikasının cinahlarda hərəkətlərini mümkünsüz edirdi. Minamyotlar, artileriya silahları və digər hərbi sursatlar əllə və ya heyvanlarla daşınırdı. Sag cinahdan hücuma keçən Laçın polisinin döyüşçüləri Ermənistanla Azərbaycan sərhədləri boyu bir çox kəndləri, o cümlədən Hoçaz kəndini və Hoçaz yüksəkliyini erməni işğalından azad edərək, elə bu yüksəklikdəcə mövqe tutmuşdular.
Azərbaycan döyüşçülərinin müvəffəqiyyətlə nəticələnən əməliyyatları Rusiya və Ermənistan diplomatiyasının aktivləşməsinə səbəb oldu. Belə ki, bu hadisələrdən təşvişə düşən Ermənistan prezidenti Rusiyaya müraciət edərək Azərbaycan tərəfdən döyüşlərin dayandırılmasını tələb etməyi xahiş etdi. 19 Sentyabr 1992-ci il tarixdə Rusiyanın müdafiə naziri P.Qraçov Soçidə üç Cənubi Qafqaz respublikalarının və Abxaziyanın nümayəndələri ilə birlikdə görüş təşkil etdi. Görüşdə regionların stabilliyinin qorunması və Erməniistanla Azərbaycan arasında atəşin dayandırılması barədə məsələ müzakirə olunaraq iki ölkə arasında razılıq əldə edildi. Bu görüşün davamı 24-25 sentyabrda Moskvada baş tutdu, Soçidə əldə edilmiş razılıq burada daha da möhkəmləndirildi. Eyni zamanda "Laçın koridoru"nun statusuna baxıldı, nəzərə alındı ki, Azərbaycan və Ermənistan prezidentlərinin gələcək görüşlərinin birində "Laçın koridoru" Ermənistana güzəşt edilsin və bunun əvəzində Ermənistan Mehri və Qafan rayonları ərazilərindən Azərbaycana yol verərək Naxçıvanın blokadasını aradan qaldırsın. Bütün bunlar inandırıcı görünsə də Ermənistanı məğlubiyyətdən xilas etmək üçün Rusiyanın aldadıcı manevrləri idi. Rusiyanın xahişi ilə yüksək səviyyədə atəşkəs haqqında məsələ müzakirə olunaraq razılıq əldə edilsə də, erməni tərəfi nəinki atəşkəsi dayandırmaq haqqında götürdüyü öhdəliyə əməl etmədi, eyni zamanda öz hərbi bölmələrini komplektləşdirərək, cəbhə bölgələrində Rusiyanın hesabına silahlı qüvvələrinin sayını ikiqat artırırdı.
Sentyabr ayının 20-də, yəni Soçi razılaşmasının ertəsi günü Ermənistanın hərbi hava qüvvələrinə məxsus vertolyotları Gorus rayonundan qalxaraq Laçın rayonunun Hoçaz kəndindəki Laçının polis bölməsinin mövqelərini bombardıman etdilər. 21 Sentyabr 1992-ci il tarixdən isə erməni tərəfi Mİ-24 hərbi vertolyotları ilə fasiləsiz olaraq Hoçazdakı mövqelərimizi atəşə tutdular. Ermənilərin bu hücumları 30 Sentyabr 1992-ci il tarixə qədər davam etdi.
F.İsmayılovun araşdırmasında daha sonra vurğulanır ki, "22 sentyabr 1992-ci ildə ermənilər Laçın rayonunun işğal altında olan Mazutlu kəndindən artileriya silahlarından və tanklardan bizim mövqelərimizi atəşə tutdular. Sentyabrın 23-dən isə erməni artileriyası artıq Fərəcan kəndini atəşə tuturdu. Ermənilərin Laçının cənub hissələrinə hücumlarının məqsədi, bizim döyüşçülərin diqqətini Laçının şimalından olan hücumlardan yayındırmaq idi. Ermənistan tərəfi isə əksinə, "Laçın koridoru" danışıqları ərəfəsində Qarabağ cəbhəsinə əlavə hərbi qüvvələr yeridirdilər. Bundan əlavə Ermənistanın Gorus rayonundan Laçın istiqamətinə xeyli sayda zirehli texnika, artileriya qurğuları, o cümlədən 60 tank yerləşdirildi. Kəşfiyyatçılarımızın məlumatına əsasən Laçın şəhərinin içərisində 15 erməni tankı keşik çəkirdi. Oktyabr ayında Ermənistan tərəfinin Laçının ətraflarına və qonşu rayonların ərazilərinə yeni hərbi qüvvələrin hücumları başlandı. Belə ki, 1992-ci il oktyabrın 1-də Ermənistanın Mehri və Qafan istiqamətlərindən, Qubadlı rayonunun bütün əraziləri, Zəngilan rayonunun isə 30 kilometrlik hissəsi ermənilərin genişmiqyaslı atəşlərinə məruz qaldı. Bu hadisədən bir gün sonra isə Ermənistanın silahlıları Azərbaycanın dövlət sərhədlərini bir neçə yerdən keçərək Zəngilan rayonunun Kolluqışlaq, Sarallı və Yuxarı Yeməzli kəndlərinə hücum etdilər.
Bu hücumlar zamanı Zəngilan rayonundan 5 nəfər öldürüldü, 16 nəfər yaralandı, 2 nəfər isə girov götürüldü. Öldürülənlərin meyidləri isə bir gün sonra öldürüldükləri ərazidən tapılmışdı. Bütün bunlar Laçın-Şuşa yolu uğurunda aparılan döyüşlərlə paralel baş verdiyindən hadisələr bütün cəbhə boyu hücum taktikasından imtina edən döyüşçülərimizə öz mənfi təsirini edir və bu vəziyyət getdikcə daha təhlükəli xarakter alırdı. Ermənistanın Xənəzək və Xoznavar yaşayış məntəqələrindən Ermənistan Müdafiə Nazirliyinin motoatıcı bölmələri, erməni tanklarının müşayəti ilə Hoçaz kəndindəki mövqelərimizi atəşə tuturdular. Oktyabrın 2-də və 3-də sərhədyanı kəndlərin hamısı atəşə tutulurdu. Ermənistanın Xənəzək, Xoznavar və Bayundur yaşayış məntəqələrindən Laçının şimal hissəsinə yeni hərbi qüvvələr yeridildi. Bu isə Laçının şimal istiqamətdə yeni qanlı döyüşlərin başlanacağından xəbər verirdi".
Laçının şimal qrupumuna qarşı Ermənistanın Xənəzək və Xoznavar yaşayış məntəqələrindən cinah zərbələri endirilirdi. Bunun da nəticəsində Laçın şəhəri ətrafındakı mövqelərini tərk edən döyüşçülərimiz geriyə çəkilərək Laçının 8-10 kilometrliyində Hoçaz və Tığik kəndlərində özlərinə mövqe tutdular. Ermənistanın Silahlı Qüvvələri Qarabağ istiqamətindən deyil, Azərbaycanın dövlət sərhədlərini keçərək Laçın şəhərini ikinci dəfə işğal etdilər.Azərbaycanın ordu bölmələri tərəfindən bundan sonrakı döyüşlərin heç birində Laçın şəhərinin yenidən azad olunması mümkün olmadı. Laçın rayonunun şimal istiqamətində 60-a yaxın kənd Kəlbəcər rayonunun işğalına qədər Azərbaycan ordu bölmələrinin nəzarəti altında qaldı. Bu müharibədə 264 nəfər insan şəhid və 65 nəfər girov götürüldü. 338 nəfər əlil oldu. 1071 nəfər uşaq yetim qaldı. Döyüşlərdə göstərdikləri şücaətə görə 5 nəfər Laçınlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Uğur