Milləti mübarizəyə səsləyən misralar Layihə

Milləti mübarizəyə səsləyən misralar

Bəxtiyar Vahabzadə: "Canımızda və tarixi yaddaşımızda yaşayan Vətən və Millət sevgisinə borcluyam"

Bu yazıda professor Qüdrət Əbdülsəlimzadənin xalq şairi Bəxtiyar Vahabzadə haqqında fikirləri təqdim olunur. Araşdırmaçı hesab edir ki, Bəxtiyar Vahabzadə kimi şairin geniş əhatəli yaradıcılığında əks olunmuş vətəndaş mövqeli ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi məsələləri onun dünyagörüşünü şərtləndirən amillər müstəvisində araşdırıb təhlil etmək həm asan, həm də çətindir.
Asandır ona görə ki, şair ana dilimizin vəziyyəti, insan hüquqlarının pozulması, haqq-ədalət, azadlıq, istiqlal, müstəqillik, milli irsimiz, tarixi mənşəyimiz, əhalinin yaşayış səviyyəsi, gələcək inkişaf yollarımız mövzularındakı qələmə aldıqlarında o qədər aydın, xalqının arzu-istəklərinə cavab verən bir mövqedən yazıb-yaradıb ki, onun hər misrasında, sətrində vətəndaş məsuliyyətli milli qeyrət sahibi qəlbinin bəzən incik, bəzən həyəcanlı, lakin həmişə səmimiyyətlə dolu titrək döyüntüləri eşidilməkdədir: "Onun əsl milli və bəşəri vətəndaş mövqeyi sərt və qətidir:

Tanınmaq istərəm mən öz səsimlə,
Bəsdir yaşadığım bir məhkum kimi.
Dünyanın gözünə yaxşı, pisimlə,
Görünmək istərəm olduğum kimi.
Nəyəmsə, mən oyam, qarayam, ya ağ,
Niyə özgəsinə küsənməliyəm?
Özüm olmalıyam, mən özüm ancaq
Özüm deyiləmsə, demək heç nəyəm.
Millət ona görə oyanmalı və özünə qayıtmalıdır ki:
Yetər, əsrlərlə çəkildin şişə,
Hərrac bazarında satıldı dərin.
Biz yaxşı bilirik: boynu həmişə
Pambıqla kəsilmiş əyilənlərin!

Q.Əbdülsəlimzadənin fikrincə, şairin düşüncə və axtarışlarının, elmi-nəzəri dünyagörüşünün qaynaqları ulu sələflərimizin - "Avesta" və "Dədə Qorqud" kimi abidələrindən, Nizami və Füzuli, M.F.Axundzadə və H.B.Zərdabi, C.Məmmədquluzadə və Ü.Hacıbəyli, Sabir və Hadi, Ə.Cavad və H.Cavid yaradıcılığından, Şərq və Qərb poeziyasının ən parlaq simalarından bəhrələnib: "Bəxtiyar yaradıcılığının kifayət qədər araşdırılıb tədqiq olunmuş sənətkarlıq və bədii məziyyətlərinə toxunmadan şairin əsərlərində öz əksini tapmış cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərinə ayıq münasibəti, onun əsl vətəndaşlıq müvqeyinin birmənalı ifadəsi kimi qiymətləndirilməlidir. Həmin aktual məsələlər sırasında Vətən, Millət, Vahid Azərbaycan, Dil, Azadlıq, Tarix, Mədəniyyət, Haqq-ədalət, Türk Birliyi onun yaradıcılığının bütün sahələrində - poeziyasında, dramaturgiyasında, publisistikasında qan yaddaşımızın pozulmaz naxışları kimi öz məntiqi ifadəsini tapıb.
Cəmiyyətdə və milli şüurda böyük əks-səda doğurmuş "Gülüstan" poemasında Azərbaycanın iki yerə bölünməsi, zaman-zaman torpaqlarımızın itirilməsi faciəsi, Qarabağ ağrısı, onun yaradıcılığında xüsusi bir yer tutur. "Eynəkli cənabla, təsbehli ağanın" 200 il bundan əvvəl qəsbkarlıqla imza atdıqları ədalətsiz müqaviləyə "bəs hanı həqiqət, bəs hanı qanun?" mövqeyindən yanaşan şair, bu milli faciəmizə vətəndaş mövqeyini cinayətkar əməl kimi qiymətləndirərək qəzəblə yazmışdı:

Necə ayırdınız dırnağı ətdən,
Ürəyi bədəndən, canı cəsəddən?
Siz nə yazırsınız, bayaqdan bəri
Bəs hanı bu yurdun öz sahibləri?

İtirilmiş torpaqlarımız, pozulmuş sərhədlərimiz, dağıdılmış yurd ocaqlarımız üçün millətimizi mübarizəyə səsləyən misralardır bunlar:

Qalx ayağa!
Vətən oğlu, maya tutmuş sənin qanın
Bu Torpaqdan, bu Vətəndən,
İmdad umur Vətən səndən.
Sinəmizlə od-alovu biz yarmasaq
İtirilmiş torpaqları qaytarmasaq
Vətən bizi bağışlamaz
Torpaq bizi bağışlamaz.

Ölkəsini və millətini həmişə azad, onun ana dilinin "qapılar arxasında daxmalar küncündə boynu bükük" deyil, uca məclislərdə səslənməyə layiq olduğunu xalqın milli şüuruna təlqin edən şair inamını belə ifadə etmişdi:

Azadlıq! Azadlıq! Ömrüm boyunca
Sənin acın oldum, möhtacın oldum.
Zaman dilmizi qıfılladıqca
Mən sənin daha çox leylacın oldum.

Araşdırmaçı şairin ulusal təəssübkeşliyinə diqqət çəkir: "Müxtəlif beynəlxalq dairələrin türk dünyasına, o cümlədən də Azərbaycana qarşı olan "ikili standart" siyasəti diplomatiyasına toxunaraq, "türkəm deyənlərin başı nələr çəkib" tarixi həqiqətini xatırladan şair, haqlı olaraq "tarix yaradan, lakin onu yazmağı başqalarının ixtiyarına buraxan" bir millətlə bağlı formalaşmış ədalətsiz münasibəti anlaya bilmədiyini yazıb:

Anlaya bilmirəm, niyə "türk" sözü
Kiminsə başına düşmüş daş olmuş.

Ona görə də, hələlik birləşib vahid türk dünyasının yaradılması yolundakı obyektiv-subyektiv xarakterli çətinliklərin aradan qaldırılması zəruriliyinə diqqəti cəlb edən müəllif, müasir inteqrasiya və qloballaşma dövründə milli, habelə iqtisadi təhlükəsizlik naminə vaxtilə Atatürkün dediyi sözü unutmamağa çağırır:

Atatürk düz demiş, vallah, düz demiş:
"Yoxdur türkün dostu özündən özgə".

Şairin milli mədəni irsimizə münasibəti ilə bağlı Q.Əbdülsəlimzadə bu fikirdədir: "Zamanın sınaqlarından çıxmış mütərəqqi adət-ənənələrimizə, ulu sələflərimizin böyük xidmətlərinə, xalqımızın sosial-iqtisadi və mənəvi-əxlaqi qayğılarına cəsarətli müdaxiləsi, qanlı Yanvar hadisələrindəki mövqeyi rəğbətlə qarşılanaraq, onu elin gizli düçüncələrinin aşkar tərcümanı kimi cəmiyyətə sevdirib. B.Vahabzadə yazır: "Məni yaşadan, qəlbimi yaşamaq eşqilə alovlandıran, istiqlal uğrunda mübarizəyə səsləyən, ulu əcdadlarımızdan keçib qanımızda, canımızda və tarixi yaddaşımızda yaşayan həmin bu Vətən və Millət sevgisinə borcluyam. İstiqlal mücahidi olan əqidə müəllimlərim - M.F.Axundzadə, H.B.Zərdabi, Mirzə Cəlil, H.Cavid, Əlibəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Əhməd bəy Ağaoğlu, S.Vurğun, R.Rza və uzun illər həmkarım, həmdərdim olan böyük alim Xudu Məmmədovun xatirələri önündə baş əyirəm".
Təkcə böyük sələflərimiz haqqında deyil, şairin öz müasirləri olmuş qələm dostları, həmkarları, dövlət xadimləri, elm və mədəniyyət xadimləri ilə bağlı yazılarında, rəylərində, müsahibələrindəki fikirlər o qədər zəngin, habelə rəngarəngdir ki, gözlərimiz önündə filosof şair, tədqiqatçı alim, ictimai xadim obrazı canlanır. O, bu istiqamətdəki yaradıcılığında "lirika və musiqi vurğunluğu" hüdudlarını aşaraq sərvətlərimizin talanması və ekologiya, tikinti və abadlıq, xaricdə yaşayan azərbaycanlılarla iş və Qarabağ münaqişəsi, milli ənənələrimiz və müxtəlif nəsillərin münasibətləri kimi məsələləri əsl vətəndaşlıq, vətənpərvərlik mövqelərindən qiymətləndirib. Xüsusilə onun Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy irsinə, fəaliyyətinə, şəxsiyyətinə hörmət və ehtiramla yanaşmaq mövqeyi, habelə bu nadir insanlara "heç bir ləkə yapışmaz" vəsiyyəti istər müasirlərimiz, istərsə də gələcək nəsillər tərəfindən unudulmamalıdır. Şairin "M.Ə.Rəsulzadənin xatirəsinə" şerində oxuyuruq:

Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da
Sən öz canını qoydun.
Borclu ikən Vətən sənə, Xalq sənə
Hər şey döndü tərsinə.
Bu torpaqdan verəmmədik
Bir məzarlıq yer sənə...

Bəzən özünə qarşı çevrilmiş ədalətsiz mövqe və haqsız iradlardan müdrikcəsinə ucada dayanmış şair, onu həmişə cəmiyyətdə gedən ictimai-siyasi hadisələrin əvvəllər olduğu kimi fəal iştirakçısı rolunda görmək istəyənlərə, hörmətlə, "heç kəsdən incimədən" belə münasibət bildirib".
Şair yazır: "Qələm əhlinin tüfəngi, silahı qələmdir... Sabir və Mirzə Cəlil qələmlə döyüşməkdən başqa daha neyləmişdilər... Yazıçı yalnız qələmlə döyüşməlidir və bunu sən də, mən də imkanımız daxilində edirik. Bəlkə mitinqlərdə qışqırmağı da vacib hesab edirsən? Bu 75 yaşlı xəstə ağsaqqala yaraşarmı?... Giley notları da var. Bunu da müəyyən dərəcədə qəbul edirəm. Günah nə səndədir, nə də məndə. Durum o qədər ağır, o qədər dözülməzdir ki, çaşmışıq. Buna görə də hamı günahı başqasında axtarır."

Q.Əbdülsəlimzadə: "Yaşadığı və hələ tam formalaşmadığı bazar münasibətləri iqtisadi sisteminin yaratdığı mürəkkəblikləri, insan psixologiyasındakı dəyişiklikləri, hər şeyin pulla ölçülüb-biçildiyini, ziddiyyətlərin gücləndiyini, hazırlıq meyllərinin artdığını, özünü başqalarından üstün tutmaq cəhdlərini, müharibə vəziyyətində olan bir ölkədəki "çalıb-oynamaq" ab-havasını, toylardakı "pul yağışı" ədalarını, hətta "bir dəliqanlının iki ədəd yüzlüyü şama tutub yandırmaq" nadanlığını sonsuz kədər, həm də qəzəb-nifrətlə tənqid edərək, özünün şahidi olduğu bir məclisdəki belə yekəxana hərəkət sahibinə üzbəüz demişdi: "... indi sən göyə pul səpələməklə nə demək istəyirdin? Pulun artıqdı? (demək istəyirdim ki, arpan artıq düşüb?)... Ayıb deyil? Bəs dünən Cəbrayıl, Füzuli rayonlarının əlimizdən getməsi səni incitmir... Sənin millətin yas içindədir, o yası niyə görmür, küçələrə tökülən qaçqınların halına ağlamırsan? Susdu... Mən də susdum və dərhal toyu tərk etdim. Onun "Mənə nə var?" şeiri milli biganəlik və laqeydlik dumanlığında yolunu azmışlara vurulan tərs bir sillədir:

Demə, daş yayınıb qardaşa dəydi,
Mən elə bildim ki, daş daşa dəydi.
Yurdum, o başına yıxılan kəsin
Ağrısı qəlbində gərək göynəsin.

Onun istər Bakıdakı, istərsə də Şəkidəki evi həmişə elin üzünə açıq olub, aşkar-gizli ictimai-siyasi, elmi-nəzəri, sosial-iqtisadi problemlərin sərbəst müzakirəsi ocağına çevrilmişdi. Müxtəlif təbəqələrin nümayəndələri onun yanına təkcə millət vəkili, nüfuzlu ictimai xadim kimi deyil, həm də insanları səbrlə dinləyib, onların qayğı və dərdlərinə şərik olan, başa düşən, şəxsi imkanları, eyni zamanda ictimai mövqeyi hesabına kömək etməyə çalışan ümid yeri kimi gəlirdilər. Nə qədər qəribə görünsə də, bəzən şairə, hətta xeyir-şər məsələləri, ailə-məişət problemləri, qohum-qonşuluq münasibətləriylə bağlı müraciətlər olub. Bəzilərinə yersiz görünən bu hallar onun vaxtını alsa da, gündəlik iş rejimini və yaradıcılıq planlarını pozsa da, heç vaxt inciməyib, özünün etiraf etdiyi kimi "cəmiyyətdəki əsl vəziyyət", el-obanın əhval-ruhiyyəsi, hakimiyyət-xalq münasibətləri barəsində daha dəqiq məlumatlar verməklə, gələcək mövzuların həyat reallıqları materiallarına çevriliblər".

Uğur