Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və təcavüzünün başlanması Layihə

Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və təcavüzünün başlanması

2-ci yazı

Professor Musa Qasımlının araşdırmasında bildirilir ki, 1980-ci illərin ortalarından etibarən Sovet İttifaqının daxilində baş verən mürəkkəb və ziddiyyətli proseslərdən istifadə edən Ermənistan SSR Azərbaycan SSR-in daxili işlərinə müdaxilə edərək coğrafi-siyasi, etnik-mədəni, tarixi baxımdan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı ilhaq etmək üçün əsassız iddialar irəli sürdü. SSRİ rəhbəri M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə "İnterkontinental" oteldə erməni nümayəndələri qarşısında etdiyi və 1987-ci il noyabrın 18-də "Humanite" qəzetində dərc edilmiş çıxışı gərginlik yaratdı. O, guya Dağlıq Qarabağın əlaqəsini nəzərə alaraq Ermənistana birləşdirilməsi barədə M.Qorbaçovun razılığını aldığını bildirdi: "1988-ci ilin fevral ayının əvvəllərində Ermənistandan bir qrup adam Moskvaya gedərək əsassız tələblərini irəli sürdülər. Fevralın 11-də isə Stepanakertdə mitinqlər və konstitusiya quruluşu əleyhinə hərəkətlər başladı. Dağlıq Qarabağ münaqişəsini Azərbaycan cəmiyyəti doğurmamışdı. Azərbaycan daim Dağlıq Qarabağ regionunun sosial-iqtisadi, mədəni inkişafına xüsusi diqqət yetirmişdi. Münaqişə Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi nəticəsində yarandı. Hələ 80-ci illərin ortalarından etibarən Ermənistanda bir çox müəssisə və kooperativlər respublika rəhbərlərinin himayəsi altında yarımleqal şəraitdə odlu silahlar, partlayıcı maddələr istehsal edərək Dağlıq Qarabağ regionuna göndərir, qanunsuz silahlı birləşmələri silah və sursatla, rabitə vasitələri, o cümlədən nəqliyyatla təmin edirdilər. Münaqişənin dərinləşməsinə SSRİ-nin dağılmasında maraqlı olan dövlətlərin milli münasibətləri qızışdırması da təsir etdi.
1988-ci il fevralın 18-də çıxış edən M.Qorbaçov SSRİ-də milli münasibətlər məsələsinə baxmağın vacibliyini söylədikdən sonra Ermənistan rəhbərləri daha da ruhlandılar. Ermənistanın bilavasitə müdaxiləsi ilə fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin iclası keçirildi. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlılar idi. Azərbaycanlı deputatlar yığıncağa buraxılmadılar. İclasda DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR ali sovetlərinə müraciət edildi. Bundan bir gün sonra, fevralın 21-də Sov.İKP MK "Dağlıq Qarabağda hadisələr haqqında" qərar qəbul etdi. Qərarda regionda milli-ərazi quruluşunun dəyişdirlməsi hərəkətlərinin və tələblərinin millətlərarası münasibətlərə ziyan vurduğu, konstitusiyaya zidd olduğu qeyd edilirdi. Azərbaycan KP MK bürosu fevralın 22-də həmin qərarı müzakirə edərək vəziyyəti normallaşdırmağı və vilayətin sosial-iqtisadi inkişafı üçün tədbirləri işləyib hazırlayaraq təqdim etməyi Dağlıq Qarabağ vilayət partiya komitəsinə tapşırdı.
Bu qərarlar yerinə yetirilməmiş Dağlıq Qarabağda ilk qan töküldü. DQMV Xalq Deputatları Sovetinin ayrılma haqqında qərarına etiraz edən dinc azərbaycanlılara fevralın 22-də Ağdam-Xankəndi şose yolu ətrafında yerləşən Əsgəran qəsəbəsi yaxınlığında silahlı şəxslərin atəş açması nəticəsində iki gənc öldürüldü. Onlar münaqişənin ilk qurbanları oldular".
Bu zaman Ermənistandan kütləvi surətdə qovulan azərbaycanlılar əsasən Bakı və Sumqayıt şəhərlərinə üz tuturdular: "Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Evsiz-eşiksiz qalan və yaşamaq hüququndan məhrum olan azərbaycanlılardan fərqli olaraq ermənilər Azərbaycanda sakitcə yaşayır və işləyirdilər. Əsgəranda iki nəfər azərbaycanlının öldürülməsi də əhalini hiddətləndirmişdi. Yaranmış gərgin vəziyyətdə 1988-ci il fevralın 26-28-də Sumqayıtda təxribat törədildi. İğtişaşlarda 32 nəfər öldü. Onlardan 24-ü erməni, 5-i azərbaycanlı idi. İstintaq materiallarından aydın olur ki, Sumqayıt hadisəsi əvvəlcədən müəyyən erməni qrupları tərəfindən hazırlanmışdı. Ermənilər qabaqcadan giriş qapılarında işarə qoyulmuş mənzillərə hücum etmişdilər. Öldürülən ermənilər qatı millətçi erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. Hadisələrdə şəhərin qeyri-yerli əhalisindən ibarət olan cinayətkar elementlər iştirak etmişdilər. Bu hadisələrin təşkilatçılarından biri ermənilərin qətli və qadınlarının zorlanmasında bilavasitə iştirak edən Eduard Qriqoryan idi. Onun qurbanlarının hamısı ermənilər idi. Sumqayıt hadisəsi Sov.İKP MK Siyasi bürosunun 1988-ci il 29 fevral tarixli iclasında müzakirə edildi. İclasa sədrlik edən M.Qorbaçov Yerevanda vərəqələrin yayıldığını, ermənilərdən mitinqləri dayandırmaq, silaha sarılmaq və türklərə qarşı hücuma keçmək çağırışları edildiyini, mitinqlərdə bütün çıxışlarda əsas mövzunun Qarabağ və onun Ermənistana birləşdirilməsi olduğunu dedi. O, Dağlıq Qarabağın yeni rəhbərinə Ermənistandan zəng edərək "Sizin üçün bütün Ermənistanı ayağa qaldırmışıq, bəs siz nəyi gözləyirsiniz?" dediklərini bildirdi. Daha sonra vurğuladı ki, Ermənistanda deyirlər, elə etmək lazımdır, Stepanakertdə mitinq ocağı sönməsin. M.Qorbaçov Stepankertdə onsuz da Ermənistandan gələn təlimat və əlaqə ilə hərəkət edildiyinin açıqaydın göründüyünü dedi".
Sumqayıt hadisəsi bir müddət sonra, mayın 7-də Azərbaycan KP MK-nın birinci katibi K.Bağırovun sədrliyi ilə MK bürosunun iclasında geniş müzakirə edildi. "Sumqayıt şəhərində vəziyyətin normallaşdırılması üzrə hökumət komissiyasının hesabatı haqqında", "1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində faciəvi hadisələrə gətirən səbəblər haqqında" qərarlar qəbul edildi. Prof. M.Qasımlının araşdırmasında bildirilir, Azərbaycan hakimiyyətinin vəziyyəti sabitləşdirmək səylərinə baxmayaraq, Ermənistandan millətçi şəxslər DQMV-ə gələrək vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılması üçün yüksək dairələrə müraciət etmək, Ermənistan SSR və DQMV-dən Moskvaya nümayəndə göndərmək məqsədilə kütləvi imza toplamaq kimi qızışdırıcılıq fəaliyyəti ilə məşğul olurdular.
Ermənistan və Azərbaycan arasında münaqişə Sov.İKP MK-da 1988-ci il martın 9-da keçirilən müşavirədə geniş müzakirə edildi, DQMV-dəki problemləri öyrənmək barədə qərar qəbul olundu. Müşavirədən irəli gələn vəzifələr martın 13-də Azərbaycan KP MK bürosunun iclasında müzakirə edildi, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı layihəsini hazırlamaq Vilayət Partiya Komitəsinə tapşırıldı, vəziyyəti normallaşdırmaq üçün təşkilati-siyasi tədbirlər planı təsdiq olundu.
Yaranmış vəziyyət Sov.İKP MK Siyasi bürosunun 1988-ci il martın 21-də keçirilən iclasında müzakirə edildi. M.Qorbaçov Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyanın Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsindən başqa heç bir siyasi qərar istəmədiyini vurğulayaraq hərəkətlərini qızışdırıcılıq kimi qiymətləndirdi. Erməni ekstremistlərinin planlarının Azərbaycan və erməni xalqlarının maraqlarına zidd olduğunu söyləməyin, Yerevandakı "Qarabağ" komitəsinin iç üzünü, şüarlarını, kimə xidmət etdiyini göstərməyin vacibliyi vurğulandı.
Qərarların qəbul edilməsinə baxmayaraq, Ermənistandan azərbaycanlıların qovulması və Azərbaycanın daxili işlərinə müdaxiləsi dayanmadı. Belə bir şəraitdə, 1988-ci il may ayında Azərbaycan KP MK-nın birinci katibi K.Bağırov vəzifəsindən azad edildi. Bu vəzifəyə Azərbaycandan kənarda yaşamış Ə.Vəzirov gətirildi. Ermənistanda isə vəzifəsindən azad edilmiş Karen Dəmirçiyanın əvəzinə Suren Arutunyan seçildi. Lakin böhran daha da dərinləşdi. Ermənistandan azərbaycanlıların qovulmaları dayanmadı. Qovulmanın motivləri aşağıdakılar idi: azərbaycanlı əhali ətrafında yaradılmış qeyri-sağlam mənəvi-psixoloji mühit; "Ermənistandan rədd olun" şüarları; silahla hədələnmələri və həyatları üçün təhlükənin olması; ticarət obyektlərində azərbaycanlılara xidmət edilməməsi və təhqir olunmaları; Ermənistanın partiya və sovet orqanlarının azərbaycanlıların şikayətlərinə baxmaması.
Ermənistan SSR Ali Soveti iyunun 15-də keçirilən iclasında DQMV Sovetinin yuxarıda göstərilən müraciətinə baxaraq DQMV-nin Ermənistan tərkibinə daxil olmasına razılıq verdi, vilayətin Ermənistan SSR-ə verilməsi barədə müsbət qərar qəbul etmək haqqında Bakı və Moskvaya müraciət etdi. Azərbaycan SSR Ali Soveti və onun Rəyasət Heyəti 1988-ci il iyunun 13 və 17-də qəbul etdiyi qərarlarda SSRİ konstitusiyasının 78-ci və Azərbaycan SSR konstitusiyasının 70-ci maddələrini əsas gətirərək DQMV-nin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsinin qəbuledilməz və qeyri-mümkün olduğunu bildirdi.
İyulun 12-də DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qərar qəbul etdi. Buna cavab olaraq iyulun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və Azərbaycan SSR konstitusiyalarına, eləcə də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qanununa əsaslanaraq DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair DQMV Xalq Deputatları Sovetinin bu qərarının qanunsuz və heç bir hüquqi qüvvəsi olmadığını bəyan edən qərar qəbul etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti iyulun 18-də Ermənistan SSR və Azərbaycan SSR ali sovetlərinin Dağlıq Qarabağ haqqında məsələ üzrə qərarları barədə qəbul etdiyi qərarda Ermənistan və Azərbaycan arasında konstitusiya əsasında müəyyənləşdirilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməzliyini bildirdi. Belə ki, SSRİ konstitusiyasının 78-ci maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi, müttəfiq respublikalar arasında sərhədlərin dəyişdirilməsi müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin ali orqanlarının təsdiqi nəticəsində mümkün ola bilərdi. Bu qərarların qəbul edilməsinə baxmayaraq, Ermənistan müdaxiləsini davam etdirir, DQMV-də müəssisələr işləmirdi. Qanlı toqquşmaların qarşısını almaq üçün 1988-ci il iyulun 28-də Dağlıq Qarabağda fövqəladə vəziyyət elan edildi.

Uğur