Dan yerindən əsən yellərin səsi Layihə

Dan yerindən əsən yellərin səsi

Mikayıl Müşviqin 106 yaşına...

Həyatdan nakam getmiş istedadlı şair Mikayıl Müşviqin anadan olmasından 106 il ötür. O, 1908-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Əslən Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı dərəcəli məktəbdə oxumuş, Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdı. Bakının orta məktəblərində 7 il müəllimlik etmişdi. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdu (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Mikayıl Müşviq bədii tərcümə ilə də ciddi məşğul olub. 6 il evli olub: 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub. Kitab çap olunan kimi oxucular arasında böyük maraqla qarşılanmışdı. Kitabın son genişləndirilmiş nəşri isə 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb.
Mikayıl Müşviq 1938-ci il yanvarın 6-da güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, məktəbə, küçəyə və meydana adı verilib. Onun "Yenə o bağ olaydı", "Oxu, tar" və başqa şeirləri populyardır. Öldürülənə kimi Mikayıl Müşviqin 10 kitabı çap olunmuşdu.
"Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar! Xalqın qəddar düşməni Ruhulla Axundov nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdır". Bu, 1937-ci il iyunun 3-də Azərbaycan K(b)P XIII qurultayında M.C.Bağırovun çıxışındandır. Bu çıxışdan sonra Azərbaycanda yaradıcı insanların repressiyası daha da kütləvi xarakter aldı. Bu repressiyaların ilk qurbanlarından biri isə istedadlı gənc şair Mikayıl Müşviq idi.
Mikayıl Müşviqin ölümü imperiyaya gərək idimi? O, doğrudanmı
imperiyaya qarşı çıxırdı? Əslində belə deyildi. Ümumiyyətlə, Müşviqin istedadı, özünəməxsusluğu, fitrətən xalq ruhunu sevməsi, şeirlərinə bu tipli mövzuları gətirməsi zamanın ruhuna yad idi. Müşviqlərə qarşı kin o qədər güclü oldu ki, onların Sovetlərə verəcəyi xeyrə belə inanmadılar. Məqsəd onları məhv etmək idi, etdilər də.
Şirin xanım Kərimbəyli Şadiman Müşviq haqqında fikirlərini belə bölüşür: "Bəxtinə 29 il ömür düşən Müşfiq anadan şair doğulmuşdu. Bunu onun məhəbbət dolu şeirlərinin axıcılığı da bizlərə diqtə edir. Cəsədləri Xəzərin qorxulu fırtınalarına yem olan faciə qəhrəmanlarından biri də yəqin ki, Müşfiqdir... Həyatının baharında cismi yox edilib, ruhu incidilən Müşfiq!.. Nə idi bu istedadlı şairimizin günahı?!. Hətta ona qəbiri də çox gördülər... Bu nurun işığından gözləri qamaşanlar öz alayarımçıq bacarıqlarından qorxdular, qorxdular ki, Müşfiq sağ olsa, onlar Müşfiqin yanında çox solğun, üzgün, cılız, aciz görünəcəklər. Elə ona görə də şeirləri ilə könülləri ovsunlayan, ürəkləri riqqətə gətirən şairi susdurdular. Onlar təkcə Müşfiqin özünə yox, həyat işığı görməmiş neçə-neçə şeirlərinin də qətlinə fərman verdilər. Onlar ədəbiyyatımızı, kitab rəfini bəzəyəcək Müşfiqin doğulmamış əsərlərinə həsrət qoydular. Onlar ən nəhayət, mənəviyyatımıza zərbə vurdular - Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi şairləri məhv etməklə... Bu gün pula-vara hərislər, beşgünlük ailə həyatı quranlar, doğulan uşaqların həyatını faciə dolu ömürlə qol-boyun edənlər Mikayıl Müşfiq şeirlərindən bəhrələnsəydilər, sevginin ucalığını, həyatın şirin olduğu qədər də acı olduğunu dərk edərdilər. Çünki Müşfiqin şeirlərində yüksək həyat eşqi, sevginin yenilməzliyi, möhtəşəmliyi insan ürəyində məhrəmanə hisslər bəsləyir. Onu nəinki öz sevdiyinə kəc baxmağa, əksinə, adamı bu ilahi hissə sadiq qalmağa səsləyir. Cismən onu məhv etdilər, həyatının çiçəkləndiyi vaxda onu sevməyə, sevilməyə həsrət qoydular. Onu gülüzlü yarından ayırdılar, ona "vətən xaini", "xalq düşməni" damğası vurdular. Onun şair ruhunun qarşısında tələ qurdular, bir səd kimi durdular. Fəqət mənən onu həyatdan apara bilmədilər".
1937-ci ildə isə xalqın ürəyini parçaladılar. Bu dəfə zərbə daha çox ədəbiyyat adamlarına dəydi. İmperiya əlindən gələn etdi ki, xalqın ruhunu tamamilə sarsıtsın. Ədəbiyyat mahiyyətcə əbədiliyi ifadə edir. Ümumən sənət görünənin arxasındakı görünməzlikdən soraq verir. Zaman-zaman məşhur sənət əsərləri məhz zamanı aşdığına, əbədiliyi bu və ya digər səviyyədə təsdiq etdiyinə görə mövcud olub, bu gün də yaşayır. 30-cu illərdən başlayaraq Moskva ədəbiyyat adamları arasında özünə carçılar axtarmağa başladı. Bu ideyaya tabe olmayanların məhvi planını məharətlə hazırladı və həyata keçirdi. 1937-ci il yaradıcı adamların ürəyində və ağlında elə dəhşətli xof yaratdı ki, bu gün də həmin xof ürəklərdən çıxmayıb. Hə qədər acı səslənsə də, bu, gerçəklikdir. 37-ci il repressiyaları zamanı biri-birlərini satanlar, xəyanətlər selində insanların halsızlığı, imperiyanın mütləq hakimliyi bütün aydınlığı ilə göründü, bilindi. Mikayıl Müşviqlərin Məmməd Rahimlər tərəfindən basqılara məruz qalması, müxtəlif adlarla çağırılması, bunun ictimaiyyətə hay-küylə təqdim edilməsi onların həbsi üçün imkan yaratmış oldu. Ədəbiyyat adamlarının 1937-c ilin oktyabrında başlanan kütləvi həbsləri dəhşətli xofun yeni, daha qanlı mərhələsi oldu.
Yazıçılar İttifaqının 60-a yaxın üzvünün 27 nəfəri represiyaya məruz qaldı. Sovet imperiyası daha da azmanlaşdıqca məhvini yaradırdı, ancaq anlayırdı ki, yerində saymaq daha pis ölümdür. Bütün imperiyaların axırı yoxdur, ancaq imperiyalar çökərkən balaca sayılan, yüzillər boyunca qanı sorulan xalqların üstünə yıxılanda vəziyyət daha da acınacaqlı olur. Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların müstəqilliyinə hər mənada qadağalar qoyulması onların yaradıcılıqlarına, hər şeydən əvvəl isə psixikalarına olduqca mənfi təsir edib. Sovet dövründə yazıçının nəzarət altında saxlanması şübhəsiz, onun idraki-bədii keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə etməsinə ciddi əngəl törədirdi. Repressiya dövründə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli simaları məhv edildi.
Professor Bədirxan Əhmədov bildirir ki, 30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır: "Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi həbsi və məhvi ilə nəticələnmişdi. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar Stalin və Beriyanın repressiya "sunamisi" bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltəraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu. Hər hansı bir hadisəyə qiymət verərkən siyasi-ideoloji deyil, tarixi, mənəvi kontekstdən çıxış etmək lazımdır. Həmin dövrün mətbuatında çap olunan yazıların (repressiya zamanı, eləcə də, əvvəl və sonra) hamısına ucdantutma istintaq üçün xammal materialı kimi baxmaq və bu yöndən təhlil etmək obyektiv nəticəyə gəlməyə imkan verir. Repressiya ilə bağlı istintaq işləri ilə tanış olarkən məlum olur ki, istintaqçıların iddia etdiyi kimi Sovet hakimiyyətini yıxmaq üçün heç bir iş, hərəkət mövcud olmayıb. Müstəntiqlər onlara verilən siyahı üzrə insanları həbs ediblər və istintaq zamanı çəkilən adları onlar ya özləri yazıb, ya da ağır cəza tədbirlərindən sonra boyunlarına qoyublar. Terroru ayrı-ayrı adamlar deyil, zor və terror aparatı dövlət özü edib. "Vahid türk-tatar dövləti"nin yaradılması, yaxud Azərbaycanın SSRİ-dən ayrılmasına təşəbbüs (halbuki bağlanmış müqavilədə buna formal olaraq icazə verilirdi) ilə bağlı iddiaları tarixi sənədlər təsdiq etmir. Ümumiyyətlə, Azərbaycanı SSRİ-dən ayırmaq, silahlı üsyana hazırlaşmaq, təxribat və terror hazırlamaq və s. onlarla ittihamların heç biri başqa mənbələrdə yazılı sənədlərlə təsdiq olunmur və yalnız kiminsə şifahi, ya yazılı "xəbərçiliyinə" (bu isə təşkil edilirdi) əsaslanırdı. Silahlı üsyana hazırlaşmaq, SSRİ-dən ayrılmaq kimi siyasi aksiyalar siyasi təkilatlanmanı zəruri edirdi; ancaq birpartiyalı sistemdə bunu etmək mümkün deyildi, başqa bir partiyanın yaradılmasına isə nə əvvəlki, nə də bir il əvvəl qəbul olunan və daha da irticalaşmış SSRİ Konstitusiyası imkan vermirdi. İstintaq sənədlərinin əksəriyyətində insanların böyük bir qismi Mərkəzdə Stalinə, yerlərdə (Azərbaycanda M.C.Bağırov) I katiblərə olunan sui-qəsdlərdə iştirakına görə günahlandırılırdı. Buna baxmayaraq istintaq zamanı dindirmələr, demək olar, bu aspektdə gedir və repressiya karuselinin tipik əsasını təşkil edirdi. O ki qaldı şair və yazıçılara, xalq içərisində məşhur olan sənətkarlara, onlarla da eyni metodla istintaq aparılıb, saxta ittihamlarla günahlandırılıblar. Yuxarıda qeyd etdiyimiz repressiya faktları on minlərlə istintaq işini özündə ehtiva edir".
İndi poeziyaya yeni nəfəs gətirmək çətinləşib. Ancaq əgər Mikayıl Müşviq elə bir çətin vaxtda poeziyaya yeni söz, yeni nəfəs gətirməyi bacardısa, deməli, bu imkan həmişə mümkündür. Ancaq o imkanı bizə zaman verməyəcək, zamandan üstünlüyümüz verəcək.

Uğur