18 iyun Azərbaycanda insan hüquqları günüdür Layihə

18 iyun Azərbaycanda insan hüquqları günüdür

Vətəndaşlarının hüquqlarının qorunması sahəsində KİV-lərin böyük rolu var

Bütövlükdə vətəndaşların və ayrı-ayrılıqda fərdlərin hüquqlarının qorunması qloballaşma prosesinin əsas prioritet istiqamətlərindən biri hesab olunur. Bu nöqteyi-nəzərdən yanaşdıqda ilkin olaraq sənaye, nəqliyyat və rabitə sahəsində texnoloji inqilab əsasında müasir qlobal maliyyə-iqtisadi və informasiya məkanının dinamik formalaşması prosesi başa düşülür. Qlobal problemlər sosial inkişaf zəminində yaranan ziddiyyətlər, insan fəaliyyətinin ətraf mühitə təsirinin kəskin artması, ölkə və regionların qeyri-bərabər sosial-iqtisadi və texnoloji inkişafı kimi amillərin təsiri fonunda formalaşır. Qlobal problemlərin həlli beynəlxalq əməkdaşlığın yaradılmasını və eyni zamanda, humanitar, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində onların real tətbiqinin təmin olunmasını tələb edir. Qloballaşma şəraitində insan hüquq və azadlıqlarının təmin olunması müasir beynəlxalq münasibətlərdə həlli vacib olan ən aktual problemlərdən biri hesab olunur. Belə ki, son illərdə dünyada baş verən hadisələr bu fikri bir daha sübüt edir. Beynəlxalq münasibətlərdə son bir neçə ildə baş verən hadisələrə nəzər yetirdikdə terror aktları, vətəndaş müharibələri, inqilablar, cinayətlər, illərlə davam edən ərazi və ya etnik münaqişələr, bütün bəşəriyyəti hədəfə alan nüvə silahının istehsalı kimi xoşagəlməz və dünyanın hər bir sakini üçün hədə olan hadisələrin nə qədər sürətlə yayıldığının şahidi oluruq. Təbii ki, belə bir şəraitdə ilk və həll edilməsi ən vacib məsələ pozulmuş hüquqların bərpa edilməsi və əsas insan hüquq və azadlıqlarına qarşı yönələn bütün aktların qarşısının alınmasıdır. İnsan hüquqları anlayışı ilkin olaraq insanların siyasi, hüquqi və sosial hüquqlarının dövlət tərəfindən qorunması ideyasına əsaslanır. BMT-nin 1948-ci ildə qəbul olunmuş İnsan Hüquqları Bəyannaməsi bütün bəşəriyyəti yaşamaq, şəxsi azadlıq və təhlükəsizlik, işgəncələrə məruz qalmamaq və ya kölə olmamaq azadlığı, təsadüfi həbs və ya sürgündən müdafiə olunmaq, qanun qarşısında bərabərlik və məruz qaldığı pozuntulardan müdafiə üçün hüquqi vasitələrindən istifadə, ədalətli məhkəmə araşdırması, düşüncə, fikir, ifadə, hərəkət və dinc toplaşmaq azadlığı, cəmiyyətin siyasi və mədəni həyatında iştirak etmək, ödənişli iş, azad iş seçimi və işsizlikdən müdafiə, təhsil almaq, sosial təminat, ailə sağlamlığı və rifahı üçün lazımi həyat səviyyəsinə malik olmaq hüququ ilə təmin edir. 1948-ci il 10 dekabrda BMT Baş Assambleyasının qəbul etdiyi "İnsan hüquqları və əsas azadlıqlarının qorunmasına dair Konvensiya" və 3 sentyabr 1953-cü ildə qüvvəyə minən Avropa Şurasının İnsan Hüquqlarına dair Avropa Konvensiyasına əsasən hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəsin yaşamaq hüququ əlindən alına bilməz, heç kəs işgəncəyə və ya qeyri-insani rəftara məruz qala bilməz, heç kəs məcburi əməyə cəlb oluna bilməz. Hər kəsin azad şəkildə fəaliyyət göstərmək və toxunulmazlıq hüququ var. Bütün bu hüquqlar yalnız sülh şəraitində deyil, həm də müharibə dövründə və etnik münaqişələr zamanı da toxunulmazdır. Belə ki, insan hüquq və azadlıqları heç bir halda və heç bir şərtlə məhdudlaşdırıla bilməz.
Məlum olduğu kimi, hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan hüquqları aylığı" keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir. Bu ay çərçivəsində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur. Aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.
Onu da qeyd edək ki, Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.
Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.
2001-ci il dekabrın 28-də isə Milli Məclis "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb.
Prezidentin 2006-cı il dekabrın 28-də imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib. Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum imzalanıb.
Hüquqşünas Kamran Məmmədovun sözlərinə görə, insan haqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalar, eləcə də Azərbaycan daxilində qəbul edilən qanunların hamısı insanın söz azadlığına, fikir plüralizminə xidmət edir: "Bu ona verilən hüquqdur. Bu hüquqdan onun istifadəsinə isə dövlət təminat verir. Hər bir Azərbaycan vətəndaşının konstitusiya çərçivəsində hüquqları qorunmalıdır və qorunur. Onun seçmək və seçilmək, etiraz etmək, KİV-də və istənilən tribunalarda öz fikrini azad şəkildə cəmiyyətə çatdırmaq hüququ bu sənədlərlə tənzimlənir".
Bəs insan hüquqları KİV-də necə qorunur? Zamanımızda qloballaşma prosesi dayanmadan gedir, cəmiyyət həyatında belə demək olarsa, informasiyanın yeri və rolu daha da artıb. Əslində, müasir dünyamızda informasiya ən bahalı məhsuldur. Onu da qeyd etməyə dəyər ki, informasiyanın siyasi gedişata və münasibətlərə, beynəlxalq, eləcə də bir ölkənin daxilində formalaşan ictimai rəyə təsir imkanları haqda saatlarla danışmaq olar. Daha bir ciddi nüans isə ondan ibarətdir ki, hər hansı bir dövlətin məqsədə yönələn informasiya siyasəti onun müəyyənləşdirdiyi ideloji xəttin həyata keçirilməsinə istiqamətlənib. İnformasiya cəmiyyətində yaşayan əhalinin böyük hissəsi, kütlələr belə demək mümkünsə, çağdaş informasiya texnologiyalarından yararlanmaqla informasiyanın özünün və onun əsasının, yəni biliyin istehsalı, saxlanması, müəyyən müddətə qorunması, emalı və ötürülməsi ilə məşğul olur. Fərəhli haldır ki, son zamanlarda Azərbaycanda informasiya texnologiyalarının kütləviləşərək yeni kamilləşmə erasına qədəm basması naminə nəzərəçarpacaq, əhəmiyyətli addımlar atılıb, bu addımlar isə məhz dövlətin bu sahəyə ciddi qayğısı və diqqəti sayəsində mümkün olub. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardıan kənarda qalmayıb. Təkcə o faktı qabartmağa dəyər ki, artıq respublika əhalisinin 70 faizə yaxını internet istifadəçisidir və bu rəqəm ilbəil artmaqdadır. Əslində müasir dünyəvi qanunlara riayət olunan Azərbaycanda elektron demokratiya yüksək səviyyədə təmin edilir və ölkəmiz inkişaf etmiş ölkələrdə olduğu kimi internetin məhdudlaşdırılması ilə bağlı heç bir tədbir həyata keçirmir.
Sevindiricidir ki, bu gün ölkədə ən yeni texnologiya - 4 G tətbiq edilir. Dövlət internet mediasının inkişafını, internetdə fikir və söz azadlığını, sosial şəbəkələrin genişlənməsini dəstəkləyir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsersiyasında da internetin imkanlarından daha geniş yararlanmaq, qabaqcıl texnologiyaları daim Azərbaycana gətirməyi davam etdirmək kimi mühüm hədəflər müəyyənləşdirilib.
"Gündəlik Bakı" qəzetinin əməkdaşı Anar Rasim oğlunun fikrincə, Azərbaycan mediasında insan haqlarına dəyər verilir: "Düzdür, bəzən bizdə deyirlər ki, mediada insan haqları pozulur və s. Mən şəxsən bu fikirlərlə razı deyiləm. Çünki istənilən qəzetin, internet resursun qapısı açıqdır. İstənilən şəxs burada öz fikrini deyə bilər. Bu insan haqqının tanınması və ona dəyər verilməsi deməkdir. Bundan başqa KİV-lər də insan haqlarına, hüquqlarına geniş yer ayırır. Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması sahəsində KİV-lərin böyük rolu var. İstər yazılı, istər mirtual media bu sahədə vətəndaşlara böyük dəstək durur, onların pozulmuş hüquqlarının bərpasını gündəmə gətirir və s. Bundan başqa bəzi mətbuat orqanlarında insanların hüquqi cəhətdən maarifləndirilməsi istiqamətində də yazılar dərc edilir".
İnsan hüquqları bəşəriyyətin indiyədək nail olduğu ən yüksək dəyərdir. 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində insan hüquq və azadlıqlarının heç bir dövlətin daxili işi olmadığı, ümumbəşəri səciyyə daşıdığı əksini tapmış, dövlətlərin bu sahədə nə kimi işlər görməli olduqları miqyas da göstərilib. Beləliklə - əsas insan haqları - yaşamaq, azadlıq, bərabərlik, mülkiyyət və təhlükəsiz yaşamaq hüquqları demokratik dövlətlərin qarşısında duran başlıca məqsəd sayılıb. Bu hüquqlar eyni zamanda çeşidli iqtisadi-siyasi, dini sistemləri, ideologiyaları birləşdirən əsas meyar sayılır. Ayrılıqda götürülən ölkələr qanunvericiliyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əksini tarmış mütərəqqi prinsirlərə uyğunlaşdırmaqla fundamental insan hüquq və azadlıqlarının maksimum təminatına şərait yaratmağa can atır. Bütün bu sadaladıqlarım informasiya cəmiyyətinin bünövrəsi, əsasları kimi də qəbul edilir. Çünki çağdaş durumda bəşər qarşısındakı mühüm və aktual problemlərdən başlıcası qlobal informasiya cəmiyyəti kontekstində məhz insan hüquqlarının qorunmasıdır. Məntiqlə düşünsək, onda belə deməyə əsasımız olar ki, sözügedən informasiya cəmiyyəti formalaşıb özünü günbəgün daha çox təsdiq etdikcə insan hüquqlarının keyfiyyətli təmini üçün geniş spektrli imkanlar açılır. Ona görə ki, informasiya cəmiyyətinin əsas qayəsi əslində sosial mənsubiyyətindən asılı olmayaraq insanların istədikləri vaxtda informasiya tələbatlarını ödəyə bilməsi, digər yöndən onların nə düşündüklərini heç bir maneə olmadan ictimaiyyətə yetirmək üçün vasitə və imkanlar yaratmaqdır. Media və Təhsil İnnovasiyaları Mərkəzinin sədri Səidə Quliyevi isə bildirib ki, KİVDF və QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən elən edilən bütün müsabiqələrdə insan haqlarının qorunması mövzularına böyük üstünlük verilir: "İldə bir neçə dəfə elan olunan bu kimi müsabiqələrdə onlarla qəzet, QHT insan haqlarının qorunmasıyla bağlı əhali arasında maarifləndirmə işləri aparırlar. Qəzetlərimizin səhifələrində, QHT-lərin təşkil etdikləri dəyirmi masalarda Azərbaycanda insan haqlarının qorunması sahəsində ictimaiyyətə bilgilər verilir. Sevindirici haldır ki, vətəndaş cəmiyyəti institutları ilə KİV-lər arasında bu məsələdə də əlaqələndirilmiş formada iş aparılır. Azərbaycanda insan haqları bütün sahələrdə qorunur. Milliyyətindən, dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşlarımızın hüquqları konstitusiya çərçivəsində bərabər şəkildə qorunur. Bu geniş bir mövzudur, amma söhbət ancaq mediadan gedirsə təşkilat kimi apardığımız monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, bu sahədə KİV böyük işlərə imza atıb. Elə QHT-lər də".
Onu da qeyd edək ki, informasiya cəmiyyətinin fundamental əsasları 1948-ci ildə qəbul edilmiş və barəsində artıq söz açdığımız "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"nin 19-cu maddəsində öz əksini belə tarıb: "Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir, bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı, istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir".
Bütün deyilən amil və imkanları insanlara internet və onun infrastrukturu mükəmməl surətdə yarada bilir. Öncə internetdən yalnız informasiya mübadiləsi kimi, ünsiyyət qurmaq kimi istifadə edirdiksə, indi onun fəaliyyət sferasının genişlənməsi bizlərə daha çox imkan və vasitələr yaradır, bu isə internet vasitəsilə insan haqq və hüquqlarının qorunmasında mühüm rol oynayır. İKT inkişafı ilə bahəm həm də vətəndaş cəmiyyəti formalaşır, inkişaf edərək özünü təsdiqə doğru addım atır. Məhz internet insanlara ünsiyyət, informasiya axtarışı, fikirlərini ifadə etmək azadlığı, başqa vacib insan hüquqlarının reallaşması kimi misilsiz imkanlar açdı. Onu da qeyd edək ki, ölkə Konstitusiyasının üçdə bir hissəsi insan hüquqları barəsindədir. Çünki dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının, azadlıqlarının, öz vətəndaşları üçün firavan və layiqli həyat səviyyəsinin təmin edilməsidir. Həmçinin bizim əsas qanunumuzda insan və vətəndaş huüqüqları və azadlıqları Azərbaycan Resrublikasının tərəfdar olduğu, imza atdığı beynəlxalq müqavilələrə uyğundur. Müstəqil Azərbaycan Resrublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təmin edilməsini də önə çəkib. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquqi islahatları və insan haqlarının qorunması prinsirinin real həyatda tətbiqini zəruri edib. Əsas qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək istəyinin ifadəsidir. Onu da vurğulayaq ki, əslində internet təkcə və sadəcə informasiya mühiti deyil, o həm də insanın özünü ifadə vasitəsidir. Əgər, etiraf etsək, internet artıq çoxdan həyatımızda insanların fərqli, çeşidli baxışlarını ifadə edən bir vasitədir. Onunla insanlar bir-birindən seçilib fərqlənən fikirlərini, hiss və duyğularını, baxış və dünyagörüşlərini öz şəxsi bloqlarında yaradır, müxtəlif maraq dairələrinin ifadəçisinə çevrilirlər. Onu da qeyd etmək istəyirik ki, internet yarandığı gündən indiyə kimi informasiya mənbələri haker hücumlarına məruz qalır ki, bu da informasiya cəmiyyətinin formalaşmasına, inkişafına, eləcə də insan hüquqlarının hifz olunmasına müəyyən dərəcədə mənfi təsir göstərir. Çünki texnologiyalar və müdafiə sistemləri inkişaf etdikcə kibercinayətkarlar hücum taktikalarını müasirləşdirir, modernləşdirir və beləliklə də bir sıra hallarda öz məqsədlərinə çata da bilirlər. Bu səbəblərdən bütün dünyanın kibercinayətkarlığa qarşı mübarizə aparmasına baxmayaraq, hələ də əsaslı bir nəticə ortada yoxdur. Nəzərə almaq lazımdır ki, informasiya cəmiyyətində insan hüquqlarının kobud şəkildə pozulduğu virtual məkanlar vardır ki, onların da sırasında bir sıra sosial internet şəbəkələri mövcuddur.
Bəllidir ki, insan hüquqları və internet idarəçiliyi bir-biri ilə qırılmaz surətdə əlaqəlidir. Çünki internet və insan hüquqları bir-birini qarşılıqlı surətdə tamamlayır, onları ayrılıqda təsəvvür belə etmək çətindir. Bu fikirlər ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçə məxsusdur. Xanım həmçinin 2012-ci il iyulun 6-da BMT İnsan Hüquqları Şurasının internetdə söz azadlığı ilə bağlı qəbul etdiyi xüsusi qətnaməni internetdə azadlığın müdafiəsi üzrə beynəlxalq səylərdə mühüm addım adlandırıb. Deyib ki, bəzi dövlətlər internetin filtrasiyasını, ictimai maraqların, milli təhlükəsizliyin qorunması, terrorizmə qarşı mübarizə məqsədilə saytların bloka alınmasını həyata keçirir. Lakin çox zaman bu tədbirlərdən tənqidi səslərin boğulması üçün də istifadə edilir. "İnternet virtual məkan deyil. Bu, həyatımızın mühüm hissəsidir. Odur ki, insan hüquq və azadlığını off-line və on-line rejimə bölmək olmaz. Bu gün Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyət qənaətbəxşdir və hökumətin "açıq qapılar" siyasəti xarici aləmdə də bəyənilir".
Oxucu.info saytının rəhbəri Məhərrəm Ağalaroğlu bildirib ki, internet mediasının inkişafı və çoxalması elə insan haqlarının qorunması deməkdir: "Bəzi radikal fikirli insanlar, elə xarici dövlətlər, hansısa beynəlxalq təşkilatlar Azərbaycanda insan haqlarının pozulmasını önə çəkirlər. Məntiqə sığmayan və heç bir dəlili, sübut gətirmədən ölkəmizdə insan hüquqlarını pozulmasını deyirlər, xüsusən də KİV-də. Amma sizi inandırım ki, bu fikirli inasanlar bir dəfə də olsun Azərbaycan mediası ilə bağlı monitorinq aparmayıblar. Orada gedən yazılarla tanış olmayıblar. Tanış olsaydılar belə bir fikirdə olmazdılar. İnternet portallarının, informasiya agentliklərinin, qəzet və jurnalların çoxalması Azərbaycanda insan haqlarının qorunmasıdır. Bu insan öz haqqından istədiyi formada istifadə edir, dövlət isə ona heç bir maneə yaratmır. İstənilən mediada tənqid görmək mümkündür, hətta hakimiyyətin əleyhinə çox vaxt sübuta yetirilməyən, faktlara söykənməyən materiallar da dərc edilir. Eyni zamanda Azərbaycanda hüquqları pozulan insanların problemləri gündəmə gətirilir. Onların porblemlərinin həlli ilə bağlı müvafiq dövlət orqanları qarşısında məsələlər qaldırılır. Bu Azərbaycanda medianın inkişafını, dövlət qurumları ilə əlaqələrini sübut edir. Azərbaycanda istənilən şəxs istənilən qəzet və yaxud da internet portalının tribunasından öz fikrini deyirsə, bu insan haqlarının qorunmasına verilən dəyər deyilmi?"
Beynəlxalq ekspertlər, analitiklər hesab edirlər ki, internetin insan azadlığına birbaşa və bilavasitə aidiyyatı vardır. Terrorizm, ekstremizm və uşaq parnoqrafiyasına qarşı mübarizə insan haqlarının pozulması ilə eyni müstəvidə həyata keçirilə bilməz. Eyni zamanda analitiklər belə hesab edirlər ki, son 5 ildə Azərbaycanda internet ciddi inkişaf yoluna qədəm qoyub, yəni sosial media hamının üzünə açıqdır, siyasi və ideoloji senzuradan isə danışmağa belə dəyməz. Söz açılmışkən, ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Resrublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın əhəmiyyətini vurğulamaq lazımdır. Məhz bu proqram əsasında Azərbaycanda "İnsan hüquqları aylığı" çərçivəsində bir sıra silsilə tədbirlər baş tutub. Bu ona görədir ki, insan hüquqlarının qorunması müasir dünyada ən aktual məsələlər sırasında özünə yer edib və bu istiqamətdə ölkə qanunvericiliyində nəzərdə tutulan və qanunla tənzimlənən proseslər, beynəlxalq təcrübədən irəli gələn nüanslar da var.
İnsanlar gündəlik olaraq müntəzəm surətdə internetdən istifadə edirlər və bəzən onlara elə gəlir ki, internet mütləqdir, azad məkandır, amma onun meydana gəlməsi ilə ortaya çıxan yeni davranış qaydalarını da unutmaq lazım deyil. Ümumiyyətlə, internetdə söz, fikir azadlığı əsas müzakirə mövzusu olduğu kimi, insan hüquq və azadlıqlarının qorunması da əsas və aktualdır.
Ən yaxın gələcəkdə isə Azərbaycanda informasiya cəmiyyətinin əsası olan internetin tam sərbəst olması qarşıya məqsəd kimi qoyulub, dövlət səviyyəsində bu istiqamətdə mühüm işlər görülür. Çünki ölkədə informasiya bolluğu, internet vasitəsilə fərdi bilgilərin toxunulmaz olması, insan hüquq və azadlığının, eləcə də söz azadlığının daim təmin edilməsi zamanın aktual reallıqlarındandır.

Cavid