“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” Layihə

“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri”

Azərbaycan kinosunun dünəni və bu günü arasındakı ötən 120 il

Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanmışdır. Kino yaradıcılığı işinin uğurlu təşkili sayəsində ölkə kinematoqrafiyası sonralar öz imkanlarını getdikcə daha da artırmış, əldə etdiyi nailiyyətlərlə Azərbaycanın zəngin mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Peşəkar kadrlar tərəfindən yüksək sənətkarlıqla yaradılaraq Azərbaycan kinosu tarixində xüsusi yer tutan ekran əsərləri əsas etibarilə həmin dövrün məhsuludur.
Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan kinosuna olan diqqətin təzahürüdür.
1990-cı illərdə müəyyən çətinliklərlə qarşılaşmış Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə kino ənənələrimizi qorumaqla yanaşı, öz potensialını gerçəkləşdirməsi, həmçinin modernləşdirilməsi və dünya kino sənayesinə daha sürətli inteqrasiya etməklə səmərəli fəaliyyət göstərə bilməsi istiqamətində bir sıra zəruri addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2008-ci il 4 avqust tarixli Sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir.
Dünya kinomatoqrafiyası tarixində özünəməxsus yeri olan Azərbaycan kinosu 02 avqust 2018-ci ildə özünü 120 yaşını qeyd edəcək. 120 il əvvəl Aleksandr Mişonun çəkdiyi sənədli kadrlarla başlayan kino tariximiz ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət idi. Keçən 120 ilə nəzər salsaq bu tarixi yolu üç dövrə aid etmək olar. Belə ki, 1898-1920, 1920-1991, 1991 və bu günə qədərki dövrdür.
Birinci dövrü sənədli xronikal filmlərin çəkilişi və ilk bədii filmin çəkilişi kimi xarakterizə etmək olar. Kino sənayesinin həmin vaxtlardakı texniki imkanları daxilində çəkilən xronikal filmlər ölkəmizin sənayesinin nümayişinə həsr olunurdusa, 1915-ci ildə İbrahim bəy Musabəyovun romanı əsasında çəkilən "Neft və milyonlar səltənətində" bədii filmi yeni bir incəsənət üslubunun yarandığını göstərdi. Həmin dövrdə səssiz kinonun imkanları daxilində yeni bir incəsənət nümunəsi xalqa nümayiş etdirildi. Bu sənət əsəri Azərbaycan bədii filminin təməl daşı və şah əsəri oldu.
1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 1918-1920-ci illərdə ilk respublikanın müvəffəqiyyətlərini göstərən sənədli xronikal filmlər bu gün tarixi bir əsərdirlər.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təbliğat və təşviqat işində mühüm rol oynayan kinomatoqrafın bütün imnkanlarından istifadə etmək üçün 1923-cü ildə Azərbaycan
Foto-Kino İdarəsi (AFKİ) təsis olundu və 1924-cü ildə AFKİ ikiseriyalı "Qız qalası əfsanəsi" adlı bədii filmi ekranlara çıxardı.
Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya Vsevolod Pudovkin, Nikolay Şengelaya, Mixail Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Aleksandr Qalperin, İvan Frolov, Dmitri Feldman, Leonid Kosmatov, Yevgeni Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.
Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı 1920-ci illərdə Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah", "Vulkan üzərində ev", "Hacı Qara" kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.
1920-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920-ci ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü", "Suraxanı neft mədənlərində yanğın", "Nəriman Nərimanovun dəfni", "Frunzenin iştirakilə Qızıl Ordunun manevri" və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.
1930-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi. 1935-ci ildə Azərfilmin Moskvanın Mejraypromfilm kinostudiyası ilə birqə yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı.
İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" kinonovellaları, Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi", vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə", müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" bədii filmləri çəkilmişdir.
İkinci dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları və operatorları cəbhə xəttinə gedərək əsgələrin qəhrəmanlığını lentə çəkirdilər. 1944-cü ildə Bakı kinostudiyası Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən "Xəzərilər" tammetrajlı sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar rejissor Hüseyn Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı sənədli filmini yaratdı. Həmin ildə Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı.
1950-ci illərin əvvəllərində Bakı kinostudiyasının əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız "Fətəli xan" və "Bakının işıqları" bədii filmləri çəkilmişdir. Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı. 1970-ci illərin bəzi filmlərində, İkinci dünya müharibəsi mövzusu əksini tapmışdır: "Bizim Cəbiş müəllim", "Bakıda küləklər əsir", "Tütək səsi" və "Şərikli çörək"
filmində müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur. Həmin dövrün filmlərində, həm də mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tuturdu. 1970-80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir. Mosfilm kinostudiyası ilə birgə yaradılmış Nəriman Nərimanovun fəaliyyətindən bəhs edən "Ulduzlar sönmür" filmi bu baxımdan diqqətəlayiqdir. Səməd Vurğunun "Komsomol poeması"nın motivləri üzrə çəkilmiş "Yeddi oğul istərəm..." filmi 1920-ci illərin komsomolçularına həsr olunmuşdur. "Nəsimi" filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır. "Dədə Qorqud" filmi poetikliyi ilə fərqlənir. "Babək" filmində IX əsr sərkərdə Babəkin başçılığı ilə Xilafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. "Nizami" filmində Nizami Gəncəvinin, "Qəm pəncərəsi" filmində isə Cəlil Məmmədquluzadənin obrazı canlandırılmışdır.
Həmin dövrdə Azərbaycanfilm kinostudiyasında ildə təqribən 7 bədii film, 20 sənədli və elmi-kütləvi film istehsal olunurdu. 7-ci və 21-ci Ümumittifaq kinofestivalları (1974, 1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı Bakıda keçirilmişdir.
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. Bu dövrdə Azərbaycan kinematoqrafında çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən az olmuşdur
2007-ci ilin fevralın 23-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzalamışdır.
2013-cü ildə Bakıda Mədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatının 6-cı təqdimetmə mərasimində "Dolu" filmin yaradıcı heyətinə "Zirvə" mükafatı verilib. 2014-cü ildə Elçin Musaoğlunun "Nabat" filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında 3 mükafata layiq görülüb. 2015-ci ildə "Yaddaş" Sənədli Filmlər Studiyası tərəfindən "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən III hissə – 15 sənədli film təhvil verilib.
Ümid edirik ki, dövlətimizin qayğısı nəticəsində Azərbaycan kinomatoqrafçılarının yeni nailiyyətlərinin şahidi olacağıq və Azərbaycan Kinosunun şöhrəti yenidən dünya ekranlarında əks olunacaq.
Xəyalə Süleymanqızı
"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"