“Hakobyanın bu addımı beynəlxalq hüququn prinsiplərinə zidddir” Layihə

“Hakobyanın bu addımı beynəlxalq hüququn prinsiplərinə zidddir”

Sona Əliyeva: "Səfərin kökündə işğalçı ölkənin daxilindəki qeyri-stabil vəziyyət dayanır"


Elnur Soltanov: "Ermənistan tərəfi bu cür addımlarla hazırkı prosesi legitimləşdirməyə çalışır"


Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakobyanın bir qrup rusiyalı qadını işğal altında Dağlıq Qarabağa aparması müzakirə mövzusu olaraq qalır. Qeyd edək ki, Hakobyan Dağlıq Qarabağda erməni və azərbaycanlı silahlı qüvvələrinin hərbi hissələrinin təmas xətti yaxınlığında Qarabağ münaqişəsi tərəflərinə "sülh çağırışı" ilə müraciət edib. Onun "sülh çağırışı"na Azərbaycanda verilən reaksiyalar birmənalıdır. Ekspertlər hesab edirlər ki, başqa dövlətin ərazisini işğal edənlərin sülhdən danışması sadəcə gülüncdür.
Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakobyan ilə birgə Dağlıq Qarabağa səfər etmiş bir qrup rusiyalı qadının adını "arzu olunmayan şəxslər siyahısına" sala bilər. Anna Hakobyan Dağlıq Qarabağda erməni və azərbaycanlı silahlı qüvvələri hərbi hissələrinin təmas xətti yaxınlığında Qarabağ münaqişəsi tərəflərinə sülh çağırışı ilə müraciət edib.
Anna Hakobyanın "Qadınlar sülh naminə" təşəbbüsünə Rusiyadan ictimai-siyasi xadimlər, yazıçılar, həkimlər və başqa tanınmış şəxslər də qoşulublar.
Tədbirdə Rusiya qadınları da nitqlə çıxış ediblər. Anna Hakobyan onları Azərbaycana baş çəkib, "təmas xəttinin qarşı tərəfində də" sülh müraciəti ilə çıxış etməyə çağırıb.
Azərbaycan XİN isə yaydığı məlumatda deyib ki, "sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər."
Nazirlik, həmçinin Azərbaycanın işğal edilmiş ərazilərinə "qanunsuz səfər edən" əcnəbi vətəndaşlarla bağlı araşdırma aparıldığını bildirib.
"...onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəkdir", XİN bildirib.
Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərlərini verir. ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu həmin vaxtdan etibarən münaqişəni həll etməyə çalışır.
Millət vəkili Sona Əliyeva deyib ki, ümumilikdə götürsək Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının bir qrup rusiyalı yazıçıları, incəsənət adamlarını Dağlıq Qarabağa aparmasında heç bir sülhməramlı və xoşməramlı missiya yoxdur: "Bu mümkünsüzdür. Çünki onlar beynəlxalq hüququn Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etdiyi, işğal olunmuş torpaqlarına rəsmi Bakının icazəsi olmadan gediblər. Təbii ki, Anna Hakobyanın bu addımı Azərbaycanın hüquq sisteminə, eləcə də beynəlxalq hüququn prinsiplərinə zidd bir addımdır".
Millət vəkilinin sözlərinə görə, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın "sülh çağırışı" adı altında bir qrup rusiyalı qadınlarla Dağlıq Qarabağa səfərinin kökündə işğalçı ölkənin daxilindəki qeyri-stabil vəziyyət dayanır". Millət vəkili hesab edir ki, Anna Hakobyan bu cür səfərlər təşkil etməklə diqqəti ölkədəki böhran vəziyyətindən yayındıraraq, ictimai fikri Dağlıq Qarabağ məsələsinə yönəltmək istəyir: "Bu səfərlə Ermənistanda getdikcə vüsət alan siyasi qarşıdurmalar fonunda yaranan ictimai gərginliyin episentrini başqa istiqamətə yönəltməyə çalışırlar. Eyni zamanda, bu cür səfərlərlə baş nazir və onun həyat yoldaşının ictimai fəaliyyətinə aktiv fon verməyə cəhd göstərirlər. Yəni, bu səfərin əsas qayəsi məhz bu nüanslara hesablanıb. Bununla da populizmdən istifadə edərək narahat erməni xalqı qarşısında vaxt qazanmağa çalışırlar. Səfərin digər məqsədlərindən biri də Paşinyanın növbədənkənar parlament seçkiləri ilə bağlı irəli sürdüyü fikrə dəstək qazanmaq, məqsədinə çatmaq və daxili hakimiyyəti möhkəmləndirmək istəyi durur. Guya bunlar "sülh" və "barışıq" obrazı yaratmaqla xalqın fikrini ağır sosial vəziyyətdən, baş verən böhran durumundan başqa istiqamətə yönəldə biləcəklər. Təbii ki, bu ziddiyətli, qərarsız və təcrübəsiz Ermənistan rəhbərliyinin növbəti yanlış addımıdır. Ona görə ki, Paşinyan o qədər daxili vəziyyətdə gedən problemlərə köklənib ki, xarici siyasətdə beynəlxalq hüquq normalarını pozacaq qədər kobud səhvlər buraxır. Təbii ki, Dağlıq Qarabağa bu kimi səfərlərin təşkili beynəlxalq arenada hazırkı Ermənistan rəhbərliyinin, Paşinyanın əleyhinə işləyəcək. Hakobyanın Dağlıq Qarabağa icazəsiz səfər təşkil etməsi sülh danışıqları prosesinə də zərbədir".
Millət vəkili Sona Əliyeva bildirib ki, onsuz da hazırkı Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlar Azərbaycan ərazisidir. Yəni, burada məqsəd "DQR"-in tanıdılması yox, işğalçı ölkədəki gərginliyin istiqamətini başqa səmtə çəkmək amili, gedişi dayanır: "Ölkə başçısı cənab İlham Əliyev 9 oktyabrda keçirilən müşavirədə bildiridi ki, bizim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişməzdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı olduğu kimi qalır. Biz ancaq və ancaq münaqişənin sülh yolu ilə nizamlanması yönündə addımlar atırıq. Onu da qeyd edim ki, Azərbaycandan fərqli olaraq hazırkı Ermənistan rəhbərliyi bir-birinə zidd bəyanatlar verməklə məşğuldur. Baxın, bir müddət əvvəl Paşinyan münaqişənin həlli ilə bağlı bir-birinin ardınca ziddiyətli bəyanatlar verirdi. Sonradan real vəziyyəti başa düşüb Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını danışıqlar masasında məsələni müzakirə etmək istəyini ifadə etdi. Bu Azərbaycanın xarici siyasətinin növbəti uğuru idi. Artıq yenidən Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində danışıqlar aparacaq. İlkin olaraq iki ölkənin xarici işlər nazirləri bir araya gələcək. Artıq ilk görüş olub. Dekabr ayında ikinci görüşün baş tutacağı gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının Dağlıq Qarabağa səfər təşkil təşkil etməklə dekabra qədər vaxt qazanmağa çalışırlar. Bu da həmin müddətə qədər ölkədə mövcud olan nisbi sakitliyi qoruyub saxlamaqdan ibarətdir. Yəni, rusiyalı qadınlardan ibarət bir qrup ictimaiyyət nümayəndələrinin işğal olunmuş ərazilərə səfərinin təşkili də məhz Ermənistandakı daxili gərginlikdən fikri yayındırmağa hesablanıb".

Politoloq Elnur Soltanov isə diqqətə çatdırıb ki, erməni tərəfi bu cür addımlarla hazırkı prosesi legitimləşdirməyə çalışır. Yəni, qarşı tərəf de-fakto müstəvisində olan hadisəni de-yure formatına gətirməyə can atır: "İstər yazıçıların, istər öz cəmiyyətlərində hörməti olan və dünya miqyasında hörmətli şəxslərin Dağlıq Qarabağa səfərlərinin təşkili də məhz buna hesablanıb. Türklər buna "oldu, bitdi" deyirlər. Azərbaycan dilində bunun tərcüməsi "fakt qarşısında qoymaq"dır. Bütün bunlar işğal faktının ermənilər tərəfindən normallaşdırılması addımlarıdır. İşğalçı dövlətin baxışından nəzər saldıqda bu rasional davranışdır. Əlbəttə, onlar buna gedəcək və bundan sonra da bu cür addımların davamını gətirməyə çalışacaqlar".
Politoloqun fikrincə, Azərbaycan isə bundan əks istiqamətdə istifadə etməlidir. Yəni, düşmənə göstərməlidir ki, siz öz səhvinizi başqalarına qəbul etdirərək, əslində o səhvin əxlaqi boyutunu bir az da kiçildirsiniz: "Bir sözlə, insan öldürməyin, oğurluğun başqaları tərəfindən xoş qarşılanması nə deməkdirsə, bu da odur. Məhz işğal olunan ərazilərə başqalarının səfərini təşkil etməyin başqa adı yoxdur. İçərisində işğal faktı olan, cinayət elementlərinin, zorakılığın sıyrıqları açıq-aydın görünən, yüz minlərlə insanların öz ata-baba torpaqlarından məcburi köçkün salınmasına səbəb olan, suveren bir dövlətin işğalı ilə nəticələnən bir cinayətə kimlərisə ortaq etməkdir. Beynəlxalq hüquq nöqteyi-nəzərdən bu cür addımlar cinayətdir. Dağlıq Qarabağa qanunsuz səfərlər həm də insanlığa qarşı törədilmiş cinayətləri legitimləşdirməkdir. Bu səfərlə bağlı mövqe sərgiləmək tərəf tutmaq məsələsi deyil, bizə qarşı gəlirlər deyə biz də onlara qarşı getməliyik anlamından qaynaqlanmır. Bu cür səfərlər məsələni əxlaqi cəhətdən bir az da geriyə atır. Doğrudan da əxlaq, hüquq və legitimlik prinsiplərinə əks getdikləri üçün Azərbaycan bundan ermənilərin özlərinə qarşı istifadə etməlidir".
Elnur Soltanov bildirib ki, ermənilərin bu istiqamətdə hər bir addımı üzlərinə vurularaq, onların özlərinə qarşı istifadə olunmalıdır: "Onsuz da Dağlıq Qarabağa icazəsiz gedən insanlar, xarici vətəndaşlar Azərbaycan tərəfindən "persona non qrata" elan edilir. Qara siyahıya salınır. Onlar hər dəfə işğal olunmuş ərazilərə səfərlər təşkil etdikcə beynəlxalq aləmdə adlarını çəkib utandırmaq lazımdır. Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan gedən insanları işğalçılığın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Buna fokslanmaq lazımdır. Bu cür səfərlərə sərt reaksiyalar verməklə, təssüflənməklə kifayətlənməməliyik. İşğal olunmuş ərazilərə qanunsuz səfərlər təşkil edənlərə qarşı əməli addımlar atılmalıdır. Onların tətbiq etdiyi silahları, prosedurları işğalçının özünə qarşı çevirmək lazımdır".


Əli