İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə Layihə

İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə

15-ci yazı

Rus qoşunlarının İrəvan qalasına doğru hərəkət etdiyini eşidən Məhəmməd xan və qaynı Kəlbəli xan bərk təşvişə düşərək Abbas Mirzə ilə danışıqlara başlayır. Onlar vasitəçilik üçün sədrəzəm Mirzə Şəfiyə müraciət edirlər. Xanlar Abbas Mirzəyə hədiyyə göndərərək şah qoşununa müqavimət göstərdikləri üçün bağışlanmalarını və xanlığı rus qoşunundan müdafiə etməsini xahiş etdilər. Bu müraciətdən istifadə edən Abbas Mirzə qoşunu ilə İrəvan qalasına yaxın gələrək ondan üç mil aralıda düşərgə saldı. O, İrəvan xanının qüvvələrindən istifadə edərək Qəmərlidə mövqe tutmuş rus qoşununu darmadağın etmək qərarına gəlmişdi. Hətta Qacar komandanlığı plan da hazırlamışdı. Plana görə, Abbas Mirzənin qoşunu rusları ön tərəfdən mühasirəyə alan zaman Məhəmməd xan öz döyüşçüləri ilə arxadan hücuma keçməli idi. O, bu planı həyata keçirməklə rus qoşununun təslim olacağına ümid bəsləyirdi.
Lakin bu plan baş tutmadı. P.D.Sisianov şahzadənin planından vaxtında xəbər tutaraq müdafiə tədbirləri görə bildi. Onun əmrinə görə, rus qoşunu iki dəstəyə bölündü. Birinci dəstə ön tərəfdən hücuma keçməli, P.D.Sisianovun özünün başçılıq etdiyi ikinci dəstə isə gözləmə mövqeyi tutaraq arxadan hücum etməli idi. İyunun 30-da səhər tezdən rus qoşununun ön dəstəsi Zəngi çayını keçərək şahzadənin düşərgəsinə hücuma başladı.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, Qacar qoşunu yüksək dağ başında mövqe tutmuşdu. Lakin rus qoşunu onları buradan sıxışdırıb çıxara bildi. Arxadan isə irəvanlılar rusların süvari dəstəsinə qarşı hücuma keçdi. Əvvəlcə xanın süvariləri P.D.Sisianovun dəstəsini mühasirəyə alaraq sıxışdırdı. Bir anlıq rus qoşunu içərisində çaşqınlıq yarandı. Lakin vaxtında kömək alan rus qoşunu xanın süvarilərini çaşdıraraq onları qaçmağa məcbur etdi. Məğlub olan İrəvan döyüşçüləri geri çəkilərək yenidən qalaya sığındı. Abbas Mirzə isə düşərgəni tərk edərək Şərurda mövqe tutdu. Ələ keçirilən şahzadənin düşərgəsi isə rus qoşunu tərəfindən qarət olundu.
Qəmərli döyüşündə qələbə çalan rus qoşunu İrəvan qalasına doğru hərəkət etdi. Şah qoşununun məğlub olaraq geri çəkilməsi və rus qoşununun İrəvan qalasına yaxınlaşması Məhəmməd xanı çıxılmaz vəziyyətdə qoymuşdu. Meydanda tək qalan İrəvan xanı P.D.Sisianovla danışıqları yenidən bərpa etməyə məcbur oldu. O, iyulun 1-də baş komandana məktub göndərərək, çoxdan rus qoşununu qalada görmək istədiyini və onları təntənəli surətdə qarşılamağa vəziyyətin imkan vermədiyini bildirmişdi. Məhəmməd xan aman verilməsini və Rusiya dövlətinə sədaqətli olacağına and içirdi. Lakin P.D.Sisianov onun məktubuna əhəmiyyət verməyərək şərtsiz təslim olmasını bir daha tələb etdi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, 1804-cü il iyulun 2-də rus qoşunu səhər tezdən İrəvan qalasına yaxınlaşaraq onu mühasirəyə aldı. Qala rus artilleriyası tərəfindən atəşə tutulmağa başladı. Məhəmməd xan qalanın bombardıman edilməsinin qarşısını almaq üçün iyulun 3-də P.D.Sisianova arxiyepiskop Danil vasitəsilə daha bir məktub göndərdi. O isə xana əvvəlki şərtləri qəbul etmək əsasında bombardımanı dayandıracağına söz verdi. Cavab almaq üçün artilleriya atəşi müvəqqəti dayandırıldı. İyulun 4-də rus qoşununun düşərgəsinə gələn elçi baş komandana qalanın təhvil verilməsindən başqa, xanın bütün tələbləri yerinə yetirməyə hazır olduğunu bildirmişdi. Məhəmməd xanın bu cavabı P.D.Sisianovu qane etmədiyindən danışıqlar kəsildi. Beləliklə, İrəvan xanının rus qoşununun qalaya hücumunun qarşısını danışıqlar yolu ilə almaq cəhdi uğursuzluğa düçar oldu. Müvəqqəti dayandırılmış top atəşi iyulun 5-də yenidən davam etdirildi. Bütün günü qala bombardıman edildi. Lakin qala sakinləri arasında ölən və yaralanların sayı getdikcə çoxalsa da, irəvanlılar təslim olmaq niyyətində deyildi.
Qalanın müdafiəsinə Məhəmməd xan və onun qaynı Kəlbəli xan rəhbərlik edirdi. Onlar tərəfindən qala sakinləri ciddi nəzarət altında saxlanılırdı. Xanlar rus qoşununa rəğbət bəsləyən ermənilərin xəyanətinin qarşısını almaq üçün müəyyən tədbirlər görmüşdülər. Qala divarlarında xanların inandıqları yaxın adamlarının başçılığı ilə güclü nəzarətçi dəstələri yerləşdirilmişdi. Hər gecə öz adamlarını tanımaq üçün nəzarətçilərə xüsusi parol (məxfi söz-E.Q.) təyin edilmişdi. Bu parollar tez-tez dəyişdirilirdi.
Qalaya sığınmış irəvanlılar nəinki müdafiə olunurdu, eyni zamanda imkan düşdükcə hücuma keçirdilər. Belə ki, bir dəstə qala sakini xan bağında yerləşmiş rus qoşununun 9-cu yeger alayına qəflətən hücum etdi. Lakin daha yaxşı silahlanmış rus alayı bu hücumu dəf edərək, irəvanlıları geri çəkilməyə məcbur etmişdi. Bundan əlavə, qala sakinləri top atəşləri ilə də rus qoşunlarını tez-tez narahat edirdi.
Mühasirənin davam etdiyi bir vaxtda şah qoşununun yenidən hücuma keçməsi xəbəri gəldi. Abbas Mirzənin məğlub olaraq geri çəkildiyini eşidən Fətəli şah Qacar Xoy və Təbrizdən topladığı 15 minlik qoşunla onun köməyinə tələsdi. O, Gərni çayı sahilində düşərgə salmış şahzadənin qoşunu ilə birləşərək rus qoşununa qəflətən hücum etmək niyyətində idi.
Əlavə kömək alan şah qoşunu iyulun 15-də gecə saat 2-də yenidən hücuma keçdi. Bu xəbəri eşidən Məhəmməd xan İrəvan döyüşçüləri ilə qalanın şimal hissəsində yerləşən rus qoşununun düşərgəsinə basqın etdi. İrəvanlıların bu hücumu rus qoşunu üçün gözlənilməz oldu. Qeyd etmək lazımdır ki, qalanın bu hissəsinin rus qoşunu üçün böyük əhəmiyyəti vardı. Burada onlara məxsus xəzinə və ərzaq anbarları yerləşirdi. Əgər düşmən (irəvanlılar-E.Q.) oranı tutsaydı, Zəngi çayının sol sahilində yerləşən 9-cu yeger alayı ilə əlaqə kəsilərdi, bütün ərzaq anbarı və xəzinə düşmənin əlinə keçərdi. Təhlükənin qarşısını almaq üçün podpolkovnik Simonoviçin başçılığı ilə qafqaz qrenador alayı irəvanlılarla döyüşə girir. Tərəflər arasında dörd saat davam edən qanlı döyüş baş verdi. İrəvanlılar rus qoşununa qarşı mərdliklə vuruşurdular. Bunun şahidi olan P.D.Sisianov öz gündəliyində etiraf edirdi ki, "otuz nəfər irəvanlının qoruduğu daxmanı mühasirəyə alan podpolkovnik onları təslim olmağa çağırsa da, onlar ölməyi üstün tutdular". Nəhayət, daha yaxşı silahlanmış rus qoşunu irəvanlıları məğlub edərək geri çəkilməyə məcbur etdi. Bu əməliyyatda İrəvan qoşunu 400 nəfərə qədər itki vermişdi.
İrəvanlılar məğlub olaraq geri çəkilsə də, şah qoşunu ilə döyüş davam edirdi. Gecədən başlayan döyüş gündüz saat 1-də rus qoşununun qələbəsi ilə başa çatdı. Çoxlu itki verən Qacar qoşunu iki dəstəyə bölünərək geri çəkildi. Şahın başçılığı ilə olan dəstə Qəmərlidə, Abbas Mirzənin dəstəsi isə Gərni çayı sahilində düşərgə saldı. Bu döyüşdə rus qoşunundan 4 zabit, 58 sıravi əsgər ölmüş, 7 nəfər itkin düşmüş, 9 zabit və 108 sıravi əsgər isə yaralanmışdı. Şah qoşunundan ölənlərin sayı minə çatırdı. Onlardan 3-ü xan və 250-si isə məmur idi. Bundan başqa, rus qoşunu 3 bayraq və 2 falkonet qənimət götürmüşdü.
Başqa bir mənbədə isə rus qoşunundan 3 zabit və 120 sıravi əsgərin öldüyü, 6 zabit və 200-ə qədər əsgərin yaralandığı göstərilmişdi. Qacar qoşununun parçalanmasından istifadə edən rus komandanlığı onları ayrı-ayrılıqda məhv etmək qərarına gəlmişdi. P.D.Sisianovun planına əsasən, general-mayor Portnyagin kiçik bir dəstə ilə gecə qəflətən Abbas Mirzənin düşərgəsinə hücum edərək onun qoşununu darmadağın etməli idi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, bu plan baş tutmadı. Belə ki, iyulun 25-də gecə general mayor Portnyagin bir dəstə rus qoşunu ilə şahzadənin düşərgəsinə doğru hərəkət edərək, gözətçi məntəqələrini keçməklə düşərgəyə yaxınlaşdı. Lakin rus qoşunu tərəfinə keçmiş sabiq Xoy xanı Cəfərqulu xanın adamları ehtiyatsız hərəkət edərək atəş açdığından şahzadənin qoşunu bu hücumdan vaxtında xəbər tuta bildi. Həyacan siqnalı ilə şahın düşərgəsinə xəbər çatdırıldı. Nəticədə Portnyaginin dəstəsi mühasirəyə alındı. Tərəflər arasında döyüş başladı. Bu döyüşdə ruslar artilleriyaya çox ümid bəsləyirdi. Lakin ilk hücumda topçular şah qoşunu tərəfindən öldürüldü. Bir saat davam edən döyüşdə general mayor Portnyaginin dəstəsi böyük itki verərək geri qayıdır. P.D.Sisianov gündəliyində bu döyüşdə rus qoşunundan 4 nəfərin öldürüldüyü, 100 nəfərin isə yaralandığı göstərmişdi. Anonim gündəlikdə isə 50 nəfərin öldürüldüyü, 100 nəfərin yaralandığı qeyd olunmuşdu.
General-mayor Portnyaginin dəstəsi məğlub olmasına baxmayaraq, İrəvan qalasının mühasirəsi davam edirdi. Mühasirənin uzanması rus qoşununu acınacaqlı vəziyyətə salmışdı. Onların ərzaq ehtiyatı tükənmişdi. Rus komandanlığı gürcü knyazı Çavcavadzenin Qazax sultanlığından göndərəcəyi taxıla böyük ümid bəsləyirdi. Lakin gözlənilən taxıl ehtiyatı gəlib çıxmadı. Aclığın rus qoşununu çətin vəziyyətə saldığını başa düşən şah qoşunu bütün yolları nəzarətə götürmüşdü. Mirzə Adıgözəl bəy yazır ki, "İranlılar İrəvan şəhərinin yuxarısında ruslarla böyük bir müharibə etdilər. Lakin məqsədlərinə çatmadan tamamilə məyus oldular və düşərgə salıb oturdular. Onlar azuqə gətirən adamlara hücum etdilər. Rusiya qoşunu İrəvan şəhərini mühasirəyə aldı. Qızılbaşlar da onları araya aldılar. Qızılbaşlar gediş-gəliş yollarını elə kəsmişdi ki, Rusiya qoşununun çarəsi hər tərəfdən üzülmüşdü". İrəvan şəhərinin və Eçmiədzin kilsəsinin ətrafında yerləşən kəndlərin taxıl sahələri isə şah qoşunu tərəfindən yandırılmışdı. Rus qoşununu ərzaqla təmin etməyə söz vermiş ermənilərə olan ümid də boşa çıxmışdı. Eçmiədzin kilsəsində gizlədilmiş taxıl ehtiyatı da rus qoşununu aclıqdan xilas edə bilmədi. Aclıq o dərəcəyə çatmışdı ki, rus qoşununun içində narazılıq başlamışdı. Knyaz İ.Orbelianinin başçılığı ilə 300-ə qədər gürcü süvarisi rus qoşununu tərk edərək Tiflisə geri qayıtmağa səy göstərdi. Lakin yolda onlar Pirqulu xanın və Aleksandr Mirzənin başçılığı ilə 6 minlik şah qoşununun hücumuna məruz qaldı. Onlardan İ.Orbeliani və Baqration başda olmaqla 150 nəfər əsir düşmüş, 22 nəfər qaça bilmiş, qalanları isə öldürülmüşdü. Əsir düşənlərdən 20 nəfəri əsilzadə idi. Onların hamısı Təbrizə göndərilmişdi. İsti hava şəraitinin kəskin soyuqlarla əvəz olunması da rus əsgərləri arasında tif xəstəliyinin yayılmasına səbəb olmuşdu. Bu xəstəlikdən xeyli əsgər ölmüşdü.

Elçin Qaliboğlu